Aylıq namaz vaxtları
350 dəfə oxunub ,   1 şərh   Çap et

Dua və zikrin əhəmiyyəti

Namazlardan sonrakı təsbihat və dualar, namaza daxil olmasalar da məqbul ibadətlərdən sayılmışdır və müstəhəbdir. Allah Rəsulu özü də namazdan sonra dua və təsbihat etmiş və bunu ümmətinə tövsiyə etmişdir.

“Allah Rəsulu (s.ə.s.) namazı qurtarıb salam verəndən sonra üç dəfə “əstəğfirullah” deyə tövbə edər və bu duanı oxuyardı: “Allahummə əntəs-sələm və minkəs-sələm təbəraktə yə zəl-cələli vəl ikram.” (Allahım! Sənin əsmai-hüsnandan biri də Salamdır. Sən nicat və əmin-amanlıq mənbəyisən. Ey Cəlal və Kərəm sahibi Rəbbim! Sən necə də Ucasan, necə Mütəalsan (Alisən))”.[1] “Əstağfirullah” sözünün mənası “Ey Rəbbim səndən məni əfv edib bağışlamanı istəyirəm” deməkdir.

Başqa bir hədisdə belə buyurulmuşdur: “Kim hər namazın sonunda otuz üç dəfə “Sübhənallah”, otuz üç dəfə “Əlhəmdulillah”, otuz üç dəfə də “Allahu əkbər” deyib: “Allahdan başqa heç bir ilah yoxdur. Yalnız O vardır. Şəriki də yoxdur. Mülk Onundur; Həmd də ona məxsusdur; O hər şeyə qadirdir” duası ilə yüzə tamamlayarsa, günahları dənizin köpüyü qədər olsa belə bağışlanar”.[2]

Əbu Zərr (r.a) Peyğəmbərimizə: “Ya Rəsulallah! Varlılar Cənnətin dərəcələrini, əbədi nemətləri qazandılar. Çünki onlar da bizim kimi namaz qılır, bizim kimi cihad edir, mallarının artığını sədəqə verirlər. Bizimsə malımız yoxdur ki, Allah yolunda sədəqə verək,” – dedi. Bunun cavabında Peyğəmbərimiz (s.ə.s): “Ey Əbu Zərr! Sənə bir şey öyrədəcəyəm, əgər onu etsən, səndən öndə olanlara çatarsan, səndən arxada olanlar da sənə çata bilməz. Amma onlar da eyni şeyi etsələr, həmin savabı qazanarlar,” – buyurdu. Sonra isə: “Hər namazın ardından 33 dəfə “Sübhənallah”, 33 dəfə “Əlhəmdulilləh”, 33 dəfə “Allahu Əkbər”, sonra da “Allahdan başqa heç bir ilah yoxdur. Yalnız O vardır. Şəriki də yoxdur. Mülk Onundur; Həmd də ona məxsusdur; O hər şeyə qadirdir” (lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh, ləhul mulku və ləhul hamdu və huvə alə kulli şeyin qadir),” deməmi söylədi.[3]

Dua və zikrdən hasil olan savab

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) bir qüdsi hədisdə Uca Allahın belə buyurduğunu bildirmişdir:

“Mənim qulumla müamilə (davranış) və rəftarım onun Mənim haqqımda zənnindən (düşüncəsindən) asılıdır. Məni xatırlayıb zikr edərsə, onunla bərabər olaram. Əgər Məni ürəyində və ya təklikdə xatırlayıb anarsa, Mən də onu bu şəkildə yad edərəm. Əgər Məni bir topluluq (camaat) arasında xatırlayıb zikr edərsə, Mən də onu daha xeyirli bir topluluq (camaat) içində yad edərəm”.[4]

“Allah Rəsulu (s.ə.s.): “Müfərridlər irəli keçdi,” – buyurdu. Səhabələr: “Müfərridlər nə deməkdir, ey Allahın Rəsulu?” – deyə soruşdular. “Allahı zikr etməyi sevən kişi və qadınlar,” – buyurdu.[5]

Həzrət Peyğəmbər (s.ə.s) hələ dünyada ikən cənnət havasını tənəffüs etmək istəyən qəlblərə, zikr məclislərinə qatılmağı tövsiyə etmişdir. O bir gün əshabına:

– Cənnət bağçalarına getdiyiniz zaman oradan layiqincə istifadə edin, – buyurdu.

Bundan sonra əshab:

– Cənnət bağçası deməklə nəyi nəzərdə tutursunuz dedilər.

Həzrət Peyğəmbər (s.ə.s):

– Zikr məclislərini, – dedi.[6]

Namazdan sonra oxunan zikrlərin fəziləti

Bir İslam mütəfəkkiri “Subhənəllah”, “Əlhəmdulilləh” və “Allahu Əkbər” kəlmələrinin həm namazda, həm də namazdan sonra edilən təsbehatda mühüm yer tutduğunu vurğulayaraq belə deyir: “Namazın mənası Allah-Təalanı təsbeh, Ona təzim və şükür etməkdir. Yəni cəlalı qarşısında həm sözlə, həm əməllə “Subhənəllah” deyib Onu bütün nöqsanlardan xali bilmək, kamalı qarşısında dillə və əməllə “Allahu Əkbər” deyib təzim etmək, cəmalı qarşısında qəlblə, dillə və vücudla “Əlhəmdulilləh” deyib şükür etməkdir.

Deməli, təsbeh, təkbir və həmd bir mənada namazın özəyidir, mayasıdır. Ona görə də bu üç xüsus namazın hərəkət və zikrlərinə hopub. Namazın mənasını qüvvətləndirmək üçün namazdan sonra zikr məqsədilə bu mübarək kəlmələr otuz üç dəfə təkrar edilir. Namazın mənası bu qısa xülasələrlə möhkəmlənir.

Böyük mütəfəkkir namazlardan sonra oxunan təsbeh, salavat və duaları bir yerə toplayıb sistemləşdirmişdir. Bu təsbehata hədislərdə sübh və axşam namazlarından sonra tövsiyə edilən istiazə (Allaha sığınma) duaları, hər namazdan sonra oxunması böyük savab olan “İsmi-əzəm” duaları daxil edilmişdir.

Hər namazdan sonra təsbehat eləmək insanın mənəvi aləmini nurlandırar, aydınladar, qəlbi nəfs və şeytanın hücumlarından qoruyar.

Böyük mütəfəkkir məktublarının birində “Namazdan sonrakı təsbehatlar təriqəti-Muhəmmədiyyə  və vəlayəti-Əhmədiyyənin  virdidir . Ona görə də çox əhəmiyyətlidir” deyərək təsbehatın önəmini vurğuladıqdan sonra bu təsbehatın peyğəmbərliyə aid böyük vəlayətin xüsusi zikri olduğunu bildirmişdir.

Fərz namazların ardınca oxunan dualardan biri haqqında aşağıdakı hədisdə belə buyurulub: Muaz ibn Cəbəl (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) əlimdən tutub belə buyurdu:

“Ey Muaz! Vallah, səni səmimi olaraq sevirəm və sənə hər bir fərz namazın axırında “Allahım, Səni zikr etmək, Sənə şükür edə və Sənin hüzuruna ən gözəl ibadətlərlə gələ bilmək üçün mənə kömək et” duasını etməyi məsləhət görürəm”.[7]

Təshibatda nələrə diqqət etməli?

Namazın mənası Cənab Allahı təsbeh, təzim və şükür etməkdir. Namazın bütün hərəkətlərində, oxunan dua və zikrlərdə təsbeh, təzim və şükür var. Bu dua və zikrlər çox əhəmiyyətli olduğu üçün namazdan sonra da otuz üç dəfə təkrarlanır. Bu say əhəmiyyətlidir. Ona görə də çalışmaq lazımdır ki, oxunan zikrlər bu saydan nə az, nə də çox olsun. Həmçinin bu zikrlər tək-tək “subhənəllah, subhənəllah” deyərək edilməlidir. Sürətli şəkildə “sub, sub” deyərək yarı-yarımçıq şəkildə etmək doğru deyil. Hər bir kəlimə və hərfin məxrəcini düzgün çıxararaq demək lazımdır.

Bəzən səhv etməmək, bəzən də tələsdiyimizə görə namazdan sonrakı təsbihatı sürətlə oxuyuruq. Sürətlə oxunan dua və zikirlər anlaşılmaz olur. Buna görə də təsbihatı tələsmədən, tək-tək oxunmaq məsləhətdir. “Allahummə əcirnə minən-nər” (Ey Rəbbim bizi cəhənnəm əzabında qoru!) dualarında “amin” deyəcək qədər nəfəs almaq lazımdır. Təsbihatı əzbərdən oxuyanın səhv oxuma ehtimalı varsa, kitabdan oxuya bilər. Ərəb əlifbasını bilməyənlər üçün latın hərfləri ilə yazılan təsbihatı oxuya bilərlər. Ancaq ərəbcə oxumaq daha fəzilətlidir.

Müəzzinin rəhbərliyi ilə təsbihat etmək

Namazdan sonra təsbihatı təkbaşına və ya camaatla etmək olar. Ancaq təsbihatın camaatla birlikdə edilməsi, keçmişdən bəri davam edən ənənədir. Birlikdə təsbihat etmək, insanda namazdan sonra təsbihat etmə vərdişini formalaşdırır. Üstəlik insanın bəzi mənəvi duyğularının inkişaf etməsinə səbəb olur.

Əslində müəzzinin əzan və qamət oxumaqdan başqa vəzifəsi yoxdur. Namazdan sonrakı zikrlərin müəzzinin ucadan oxuması və cəm halda təsbihat etmək Osmanlı dövründən qalan bir adətdir. Ancaq bu adət İslamın ümumi prinsiplərinə zidd olmadığı üçün mötəbər sayılmış və qəbul edilmişdir. Haqqında qəti dəlil və sübut olmayan bu kimi məsələlərdə hər kəsin üslubuna hörmətlə yanaşmaq, ixtilaf çıxmasına zəmin hazırlamamaq da hər bir müsəlmanın vəzifəsi olmalıdır.

Uca Allahı zikr etmək Quranın əmridir

Quran ayələrində zikr və Allahı xatırlama ilə bağlı ayələrə nəzər yetirəndə görmək olar ki, Allahı anmaq və onu zikr etmək yalnız namazdan ibarət deyil. Namazdakı hal və vəziyyətin namaz xaricində də davam etməsi üçün sıra dua və zikrlərin oxunması tövsiyə olunmuşdur.

Quran ayələrində Uca Allahın axirətdə bağışlanma və böyük mükafat vəd etdiyi bəzi əməllərdən bəhs olunur. Bunlardan biri də, Allahı çox zikr etməkdir. Ayədə belə buyurulur: “Allahı çox zikr edən kişilər və çox zikr edən qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[8]

Bu ayəyə görə həm qəlb, həm də dil ilə Allahı xatırlayaraq unutmayan möminlərin kiçik günahları bağışlanacaq, etdikləri ibadətlərə görə də təsəvvür edə bilmədikləri əcr və mükafat veriləcəkdir.

Əslində biz insanlar layiqilə Allahı zikr edə bilməsək də, hər zaman daha da gözəl şəkildə Onu zikr etməyə çalışmalı, buna cəhd etməliyik. Belə etsən Uca Allah da öz şanına uyğun şəkildə bizi xatırlayar, imdad və yardımını bizdən əsirgəməz. Uca Yaradanın nemətlərinə qarşı qəlblə və dil ilə, yaxud da bədənlə və bütün əzalarımızla şükür etməli, əmrlərinə boyun əyməliyik. İnkar və üsyan edərək verdiyi nemətlərə nankorluq etməməliyik. Sadalanan bu həqiqətlər Quran ayəsində bu cür bəyan edilmişdir: “Siz Məni zikr edin ki, Mən də sizi yada salım! Mənə şükür edin, əsla nankorluq etməyin!”[9]

Bir ayədə də belə buyurulur: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis və tənzih edin!”[10] Yenə, “Allahı zikr etmək”, Ona qəlbən bağlanmaq, həmişə onun nəzarəti altında yaşamaq deməkdir. Sadəcə dil və dodaqlar ilə Allahın adını təkrarlamaq bizdən istənilən əsl zikr deyil. Həmçinin “Allahı zikr edib xatırlamağ”ın mənası dərindir. Bu məna sadəcə namazla məhdud deyil. Allahla əlaqə dil ilə səsli və səssiz qurula bilər. Həmçinin ayədə buyurulan “səhər-axşam” ifadələri bütün vaxtlara aiddir. Yəni insan günün istənilən vaxtı Allahı zikr edə bilər.

Uca Allahı anmaq, Onun əzəmət və ucalığı qarşısında bəndənin acizliyini ərz etməsi ən böyük fəzilət və üstünlükdür. Bu həqiqət də bir Quran ayəsində belə xəbər verilmişdir: “Allahı zikr etmək, şübhəsiz ki, ən böyük fəzilətdir!”[11]

Bütün vaxtlarda oxunan dua və zikrlər

Fərz namazların ardınca oxunan dua və ziklərdən əlavə, istənilən vaxt oxunması tövsiyə edilən dua və ziklər var. Həmin zikrlərdən bəziləri bunlardır:

“İki kəlmə vardır, dildə rahat, tərəzidə savabı çox ağır və Rahmənə sevimlidir: bunlar “Subhanallahi və bihamdihi subhanallahil-azim”  cümlələridir”.[12]

“Hər kim on dəfə “Lə ilahə illallah vahdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir (Allahdan başqa ilah yoxdur, yalnız O, vardır. Onun tayı-bərabəri və şəriki yoxdur. O, mülkün həqiqi sahibidir və əzəldən əbədədək bütün həmdlər Ona məxsusdur. O (c.c.), hər şeyə qadirdir)” zikrini oxuyarsa, Həzrəti İsmailin (ə.s.) nəslindən dörd nəfəri azad etmiş kimi əcir və mükafat əldə edər”.[13]

Zikr məclisinə enən mələklər

“Uca Allahın o qədər mələyi arasında yalnız zikr məclislərini müəyyən etmək üçün gəzib-dolaşan səyyar mələkləri var. Onlar belə bir məclisə rast gələndə oraya axın edər və həmin insanlarla birlikdə oturarlar. O qədər mələk gəlir ki, nə məclis əhli arasında, nə də səmaya qədər bircə boşluq belə qalmır, qanadları ilə bir-birilərini əhatə edirlər. Məclis sona çatıb dağılışanda onlar da səmaya aləmlərin Rəbbinin hüzuruna yüksəlirlər. Hər şeyin əslini bilən Allah-Təala:

– Haradan gəlirsiniz? – deyə onlardan soruşur. Onlar da:

– Sənin bəzi möhtərəm qullarının yanından gəlirik. Onlar “Subhanallah” deyə Səni təsbeh edir, “Allahu Əkbər” deyə Sənə təzim edir, “Lə iləhə illəllah” təhlilləri ilə tövhidi hayqırır, “Əlhamdulilləh” zikrləri ilə də əzəldən əbədə bütün həmdlərin Sənə layiq olduğunu elan edir və əzəmətin qarşısında baş əyərək, Sənin gücünün hər şeyə yetdiyini dərk edərək və bu düşüncə ilə əl açaraq Sənə yalvarırlar.

(Uca Allahla mələklərin mükaliməsi belə davam edir:)

– Məndən nə istəyirlər?

– Cənnətini.

– Bəs, Cənnətimi görüblərmi?

– Xeyr, ya Rəbb, görməyiblər.

– Əgər onu görsəydilər, nə edərdilər?

– Səndən aman diləyib yaxınlığını istəyərdilər.

– Niyə Məndən aman diləyirlər?

– Cəhənnəmindən ötrü, ya Rəbbi.

– Yaxşı, onlar Cəhənnəmi görüblər?

– Xeyr, görməyiblər.

– Görsəydilər, nə edərdilər?

– Əfvinə nail olmağa çalışardılar.

(Bu mükalimədən) sonra hər şeyin sahibi olan Allah (c.c.) belə fərman edir: “Mən onları bağışladım. Dilədiklərini verdim. Aman dilədikləri məsələdə də onları himayəmə götürdüm”.

Bundan sonra mələklər öyrənmək niyyəti ilə sual verirlər:

– Ya Rəbbi, içi-çölü günahlarla dolu filankəs də onların arasında idi ki, məqsədi zikr əhlinə qatılmaq deyildi, oradan keçərkən elə-belə gəlmişdi.

Allah hikmətini belə izah edir: “Mən o adamı da bağışladım. Çünki onlar elə bir topluluqdur ki, onların arasında olan qismətsiz və bədbəxt  olmaz”.[14]

Camaatla zikr etmək haqqında bir hədis və izahı

Camaatla zikr etməklə bağlı Darimidə keçən belə bir hədis var. Amr ibn Yəhya babasından nəql edir: “Biz səhər namazından əvvəl Abdullah ibn Məsudun qapısının ağzında oturmuşduq. Məscidə bərabər getmək üçün onun evdən çıxmağını gözləyirdik. Bu vaxt Əbu Musa əl-Əşari yanımıza gələrək “Əbu Aburrahman hələ evindən çıxmayıb?” − deyə soruşdu. Ona, “Xeyr, çıxana qədər bizimlə oturub gözləyə bilərsən” − dedik. Sonra Abdullah ibn Məsud evdən çıxdı və biz onun ətrafına toplaşdıq. Əbu Musa ona dedi: “Ey Əbu Əbdurrəhman, məsciddə bilmədiyim bir şey gördüm və əlhamdulillah bu gördüyümü xeyir zənn edirəm.” Abdullah ibn Məsud: “Nə gördün?” − deyə soruşdu. O da, “Gedək, sən də görəcəksən” – deyərək davam etdi “məsciddə halqalar şəklində oturmuş namazı gözləyən bir qrup gördüm, hər halqada əllərində daşlar olan bir nəfər vardı. Həmin şəxs “yüz dəfə təkbir gətirin” – deyir, camaat da təkbir gətirirdilər, “yüz dəfə lə iləhə illəllah deyin”, “yüz dəfə təsbeh edin” deyir onlar onun dediklərini edirdilər.” Abdullah ibn Məsud: “yaxşı, bəs sən onlara nə dedin?” − deyə soruşdu? Əbu Musa da: “Onlara heç nə demədim, sənin fikrini öyrənmək üçün bura gəldim”, − deyə cavab verdi. Abdullah ibn Məsud: “Onlara günahlarını saymağı əmr etmədinmi? Yaxşılıqlarının unudulmayacağını söyləmədinmi?” − dedi. Sonra birlikdə məscidə gedib bu halqalardan birinin başında dayandıq. Abdullah ibn Məsud halqadakılara belə dedi: “Siz nə edirsiniz?”. Camaat: “Ey Əbu Əbdurrəhman! Bu daşlarla oxuduğumuz təkbir və zikrlərimizi sayırıq”, –dedilər. İbn Məsud: “günahlarınızı sayın, mən sizə zəmanət verirəm ki, etdiyiniz yaxşılıqlardan heç nə əksilməyəcək. Əfsus ümməti-Muhamməd! Nə tez həlak oldunuz! Baxın! Onlar Rəsulullahın (s.ə.s) səhabələridir. Onlar hələ yanımızdadır və əyinlərindəki libasları hələ köhnəlməyib. Nəfsim qüdrət əlində olana and olsun ki, siz ya Muhammədin dinindən daha yaxşı bir dindəsiz, ya da dəlalət qapısını açmaqdasız.” – dedi. Halqada olan insanlar da “Vallah ey Əbu Əbdurrəhman biz xeyirdən başqa bir şey etmək niyyətində deyildik”, − dedilər. İbn Məsud: “Bir çox insan var ki, xeyir istəyir amma ona müvəffəq ola bilmir. Rəsulullah (s.ə.s) bir qövmdən bəhs etdi ki, onlar Quran oxuyacaqlar amma oxuduqları boğazlarından aşağı keçməyəcək. Allaha and olsun ki, bəlkə də onların çoxu sizlərdəndir. Lakin mən bunu bilmirəm” − dedi və dönüb getdi. Amr ibn Sələmə deyir ki: “O halqadakıları, Xaricilərlə baş verən Nəhrəvan döyüşü günü Xaricilərin tərəfində bizə qarşı qılınc qaldırarkən gördük”.[15]

Bu hədisdəki dialoqa diqqətlə nəzər yetirsək görərik ki, əslində bu hədisdə camaatla birgə zikr etməyin doğru olmadığına toxunulmur. Çünki burada başqa məqamlar var. Bu rəvayətdə Abdullah ibn Məsud cəm halda edilən zikri yox, məhz zikr edənləri tənqid etmişdir. Çünki bu formada zikr oxumağı doğru hesab etməsəydi, onlarla açıq danışar və “belə zikr etməyin”, “belə zikr etmək Allah Rəsulunun dövründə yox idi”, “sizin etdiyiniz bidətdir” kimi sözlərlə fikrini bildirərdi. Tənqidin zikr haqqında yox, zikr edənlərə aid olduğunu hədisin sonundakı ifadədən də anlaya bilərik: “Bəzi Quran oxuyanların oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək, bəlkə onların çoxu sizlərdəndir.” Heç kim bu ifadədən “Quran oxumayın” mənasını çıxarmaz. Burda Quran oxuyanların oxunuş tərzləri tənqid edilir və deyilir ki: “Oxuyarkən şüurlu, qəlbinizdə hiss edərək oxuyun. Zikri də belə edin”. Bunu doğru anlamaq lazımdır.

Bu rəvayət haqqında belə də düşünə bilərik: İbni Məsud kimi bir səhabə, Rəsulullahın (s.ə.s) xaricilər haqqında dediklərini bilirdi. Məsciddəkiləri görəndə onların xaricilərdən olduğunu başa düşmüşdü. Doğrudur, o zaman onlara xarici deyilməsə də, onların əlamətləri məlum idi. Buna görə də İbni Məsud, onlarla belə danışdı: “Təsbeh və zikrləri yox, bu zamana qədər ümməti-Muhammədə (s.ə.s) qarşı işlədiyiniz günahlarınızı sayın”. Bəlkə də bununla ordakılara “günahlarınızdan istiğfar edin” demək istəmişdi. Çünki tarixdən məlumdur ki, xəvariclər ümmət içərisində həddindən artıq böyük günahlar işlədilər, bir çox insanı öldürdülər. Həmişə də özlərini haqlı gördülər. Bu qədər günah işlərkən bir tərəfdən də, çox Quran oxuyur və namazlarını da həssaslıqla qılırdılar. Elə buna görə də, İbn Məsud həzrətləri bu davranışı ilə onları şüurlu olmağa, təqvaya dəvət edirdi.

 

[1] Müslim, Məsacid, 135.

[2] Müslim, Məsacid, 27.

[3] Əbu Davud, Səlat, 359; Buxari, Dəavat,18.

[4] Buxari, Tövhid 15; Müslim, Zikr, 2.

[5] Müslim, Zikr, 4.

[6] Tirmizi, Dəavat, 82.

[7] Əbu Davud, Vitr, 26; Nəsai, Səhv, 60.

[8] Əhzab surəsi, 33/35.

[9] Bəqərə surəsi, 2/152.

[10] Əhzab surəsi, 33/41-42.

[11] Ənkəbut surəsi, 29/45.

[12] Buxari, Dəavat 65; Müslim, Zikr 31.

[13] Buxari, Dəavat 64; Müslim, Zikr 30.

[14] Müslim, Zikr, 25.

[15] Darimi, Sünən 204; Müsnədus-Səhabə.




Bənzər məqalələr

Qəlb və ruhun zinəti əvradu-əzkar

Allahın rizasını qazanmaq məqsədilə əvvəlcədən müəyyən edilib mütəmadi işlənən əmələ (ibadətə), və ya edilən zikrə vird deyilir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Duanın əhəmiyyəti

Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir.


1 şərh yazılıb
  1. Arif , 20/11/2017 tarixində, saat 16:11

    Çox sağ olun vacib məlumat idi

Şərh yaz

*