11. 802 dəfə oxunub ,   1 şərh   Çap et

Namaz qılarkən sağ əli sol əlin üzərinə qoymaq Rəsulullahın (s.ə.s) sünnəsidir. Hənəfi, Şafei və Hənbəli məzhəblərinə görə namazda iftitah təkbirinin ardınca əlləri bağlamaq sünnədir. Maliki məzhəbinə görə isə, namazda qiyamda ikən əlləri açıq saxlamaq sünnə sayılır. Cəfəri məzhəbinə görə də namazda əllər bağlanılmır, yanlara salınaraq namaz qılınır.

Əllərin namazda bağlanılması ilə əlaqəli səhih hədislər mövcuddur. Onlardan bəziləri bunlardır:

Hz. Əli (r.a) belə demişdir: “Sağ əlin sol əlin üstünə qoyularaq göbəyin altında bağlanması sünnədəndir.[1] Burada sünnə deyərkən Rəsulullahın (s.ə.s) sünnəsi nəzərdə tutulur. 

Qəbisə İbn Hulbun (r.a) atasının belə dediyini xəbər verir: “Rəsulullah (s.ə.s) bizə imamlıq edər və namazda sağ əli ilə sol əlini tutardı.[2]

Səhl İbn Səd (r.a) isə nəql edir ki, “İnsanlar namaz qılarkən sağ əllərini sol əllərinin üstündə qoymaqla əmr olundular.”[3]

Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu bildirir: “Biz nəbilər sahur yeməyini təxir etmək (gecikdirərək imsaqa yaxın vaxtda yeməklə), günəş batan kimi iftar etmək və namaz qılarkən sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunduq![4]

Ələrin bağlanma şəklinə gəlincə isə, hənəfi və hənbəlilərə görə, kişilər əllərini göbək altından, qadınlar isə sinə üstündən bağlayırlar. Sağ əlin içi sol əlin üstünə qoyulur. Baş barmaq ilə balaca barmaq biləyin üzərində halqavari bağlanır. Qadınlar isə sağ əli sol əlin üstünə qoymaqla biləyi halqavari tutmadan əllərini sinələrinin üstündə tuturlar.

Şafeilərə görə, iki əlin qadınlarda sinə üstünə, kişilərdə isə göbək üstündə tutulması müstəhəbdir.

Malikilərə görə, namazda iki əlin yanlara salınması məndubdur. Lakin nafilə namazlarda əllərin sinə üstündə bağlanması caizdir. Fərz namazlarda əl bağlamaq məkruhdur. Ancaq əl bağlamaq sünnə olduğuna görə, edilsə məkruh sayılmır.[5]

Bundan əlavə günümüzdə yaşayan sünnəyə də nəzər salmalıyıq. Həcc zamanı İslamın beşiyi sayılan Məkkədəki Məscidul-Harama dünyanın müxtəlif yerlərindən dilləri, rəngləri, millətləri fərqli 5-6 milyon insan gəlir. Orada namaz qılanların 95%-inin əli bağlı namaz qıldığının şahidi oluruq. Bu da namazda əllərin bağlanmasına aid dəlillərdən sayılır. Yəni dünyanın müxtəlif yerlərindən gələn, bir-birini tanımayan bu qədər insan doğru olmayan bir məsələdə həmrəy ola bilməz.

Əliaçıq namaz qılanlara da “niyə əliaçıq namaz qılırsan?” demək doğru deyil. Çünki, namaz qılarkən əlləri bağlamaq sünnədir, namazın fərzlərindən deyil. Əliaçıq və ya bağlı namaz qılmaq namazı batil etmir. Ancaq bizlər Rəsulullahın (s.ə.s) “Namazı mən necə qılıram siz də elə qılın[6] hədisinə əsasən namazda əllərimizi bağlamaqla Onun (s.ə.s) sünnəsinə əməl etmiş olarıq.


[1]Əbu Davud, Səlat, 118; Əhməd ibn Hənbəl, I, 110.
[2]Buxari, İstisqa, 19; Müslim, Cihad, 86; Nəsai, İftitah, 9; İbn Macə, İqamə, 3.
[3]Buxari, Azan, 87, Səlat, 88; Müslim, Səlat, 55; Tirmizi, Məvaqit, 103, 104.
[4]İbn Hibban əl-Məvarid 1770, 885, Təbərani Mucəmul-Əvsat 1905, 4261, Təbərani Mucəmul-Kəbir 10851, 11485.
[5]Züheyli, İslam fıkhı Ansiklopedisi,, I, 687, 688.
[6]Buxari, Əzan, 18.



Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


1 şərh yazılıb
  1. sabrina , 11/07/2016 tarixində, saat 18:07

    Allah razi olsun

Şərh yaz