- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Müştəriyə fürsət vermək

 “Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

(Əbu Davud, Büyu, 52; İbn Macə, Ticarət, 26)

Alış-veriş qurtarandan sonra satıcı və ya alıcı peşman olub sövdələşməni pozmaq istədiyi təqdirdə qarşı tərəf buna razılıq vermək və müsbət yanaşmaqla savab qazanmış olur. Belə bir müamiləyə İslam fiqhində “iqalə” adı verilir.

İqalə əsasən sövdələşməni pozmaq istəyən tərəfi rahatlatmaq üçün qoyulmuşdur. Belə ki, bəzən alış-verişdən peşman olur, aldığımız şeyi bəyənmirik. Belə hallarda  alınan  əşyanı geri qaytarmaq imkanı yoxdursa, insanın ürəyi rahat olmur. Bu vaxt satıcı yaxşı münasibət göstərib malını qaytarıb alar, sövdələşmənin pozulmasına etiraz etməzsə, həm müştərinin çətinliyini aradan qaldırmış, həm də savab qazanaraq günahlardan  təmizlənmə imkanı əldə etmiş olar. Belə ki, Peyğəmbərimiz başqa bir hədisində: “Kim peşman olan bir insanın sövdələşməni pozmaq istəyini qəbul etsə, Allah da qiyamət günü onun çətinliyini aradan qaldırar”, (Müsnədi-şihab, I, 278; İbn Hibban, Səhih, XI, 405) – buyurur.

Peşman olub geri qaytardığı malı təkrar ala bilər ki, buna da dində “iqalənin iqaləsi” deyilir.

İnsanların könlünü almaq Allahın dərgahında çox şərəfli və uca əməl sayılır. Həyatın hər sahəsində olduğu kimi, ticarətdə də bu prinsip əsasında hərəkət etmək və mal satmaqdan çox könülləri fəth etmək lazımdır. Satıcı aldığı malı geri qaytarmaq istəyən müştərisinin təklifini müsbət qarşılamalı, müştəri də əşyanı bir zərər vermədən geri qaytarmalıdır.

Sözlərimizi Yunus Əmrənin bu nəfis dördlükləri ilə bitirək:

Ağ saqqallı bir qoca, heç bilməz ki, hal necə?

Boşa getməsin həccə, bir könül yıxar isə.

Könül Çələbin (Allah) taxtı, Çələb könülə baxdı.

İki dünya bədbəxti, kim könül yıxar isə.

Bircə könül yıxdınsa, qıldığın namaz deyil,

Yetmiş iki millət də üzünü yumaz deyil.

Yol odur doğru vara, göz odur Haqqı görə.

Ər odur yerdə dura, üstdən baxan göz deyil.