2. 082 dəfə oxunub ,   0 şərh   Çap et

Xoşgörü, xoş rəftarlıq, müsaməhə, insanların xəta və qüsurlarını görməzlikdək gəlmək müsəlmana xas sifətlərdir. Hər müsəlmanda bu cəhət olmalıdır. Xoşgörü ürəkləri yumşaldan bir ünsürdür; inandığı həqiqətləri başqalarına da təbliğ etmə ancaq onunla mümkündür. Amma hər şeyin bir həddi-hüdudu olduğu kimi xoşgörünün də bir çərçivəsi olmalıdır. Kimlərə və nə qədər, xoşgörülü davranmalıyıq bunlar hamısı sual doğurur.

Allah Rəsulu (s.ə.s.) özünə qarşı olan hər növ kobud rəftarı səbirlə, anlayışla qarşılayırdı. Ancaq başqa bir insanın haqqı və ya dinin əsaslarına hücumdan söhbət getdiyi zaman kükrəmiş aslana çevrilər və o haqq yerini tutana qədər və ya o bəla dəf edilinə qədər rahatlıq tapmazdı.

Fikrimizi əsaslandırmaq üçün Onun (s.ə.s.) həyatından bəzi sərlövhələrə nəzər salaq. Uhud döyüşündə əmrə itaətdəki incəliyi başa düşə bilməmiş və müvəqqəti də olsa intizamsızlığa səbəb olmuş səhabələrə bir kəlmə belə deməmiş və onlara sərt davranmamışdı… Yaxasından tutub haqq istəyənə təbəssümlə baxıb yanındakılara “buna haqqını verin” demişdi ki, bunlar onun anlayışının genişliyini göstərən ibrətamiz mənzərələr arasından sadəcə bir-iki nümunədir. Məkkə fəthində elan etdiyi ümumi əfv isə müasir insanın xəyal edə bilməyəcəyi qədər dərin və ağlasığmazdır. Bəli, Allah Rəsulunun xoşgörü üfqü bu qədər geniş idi.

İfk hadisəsində, namusu göylərdəki mələkləri belə qibtəyə sövq edəcək qədər təmiz və pak olan anamız… Həzrəti Aişəyə (r.a.) iftira atan, iffətinə ləkə yaxmaq istəyən münafiqlərin fəndinə aldanmış bir neçə safdil müslüman da çıxmışdı. Onlar haqqında hədd cəzası (yəni namuslu bir qadına zina etdi deyə iftira atanlara dəlil-sübut gətirməsə yüz dəyənək vurulur.(Nur surəsi, 24/4 )) tətbiq oması üçün ayə enməsinə baxmayaraq Rasulullah (s.ə.v.) onları bağışlamışdı.

İftiraçıların hiyləsinə aldananlardan biri də Mistahdı. Halbuki Həzrəti Əbu Bəkr (r.a.) onun ailəsinə maddi dəstək olur və hər cür yardımı əsirgəmirdi. İftira hadisəsinə aldananlar arasında onun da adı çəkilincə Həzrəti Əbu Bəkir (r.a.) bir daha əsla Mistaha kömək etməyəcəyini elan etdi. Fəqət dərhal vəhy gəldi. Ayə belə deyirdi: “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur, 24/22)

Mistaha bir daha yardım etməyəcəyinə and içən Həzrəti Əbu Bəkir (r.a.) bu ilahi hökm qarşısında sözünü geri götürmüş, and kəffarəsini ödəmiş və sanki heç bir şey olmamış kimi Mistahı himayəyə davam etmişdir…

Allah Rəsulu və səhabələrin həyatında möminlərin öz başlarına gələ biləcək mənfiliklərə qarşı necə rəftar ediləcəyini göstərən nümunələr çoxdur. Həqiqətən onlar çox çətin sınaqların öhdəsindən müvəffəqiyyətlə gəlmişlər. Dinin şanının ucalmasını arzulayan və bunu özünə vəzifə bilən insanlara əməlləri ilə onlar ən gözəl ibrət nümunələridir.

Günümüzdə də dini təbliğ etməyə çalışan kimsələr də xoş rəftarlıqla və səmimi davranaraq insanların vicdanlarına nüfuz edərək həqiqəti deyəcək və qəlbləri fəth edəcəklər. Kobudluq, sərtlik heç bir dövrdə faydalı olmadığı kimi, onun müasir dövrdə də faydalı olacağı düşünülə bilməz. Allah bilir, anlayışlı olma və isti münasibət soyuqluğu aradan qaldıracaqdır. Peyğəmbəri öldürmək üçün yola çıxan Öməri (r.a.) diz üstə çökdürən; könlünü imana açan Allah Rəsulunun (s.ə.s.) anlayışı deyil mi?!

Cənabi-Haqq (c.c.) da dinin həqiqətlərini başqalrına anlatmaq istəyənlərdən bunu istəyir və tələb edir. O, Fironun hidayətə gəlməyəcəyini əzəli elmində bildiyi halda, Həzrəti Musa və Harunu (ə.s.) onun yanına göndərərkən Firona qarşı mülayim dillə danışmalarını əmr edir və “Onunla şirin dillə danışın. Bəlkə, o, ağlını başına toplayar və ya qorxar,” (Taha, 20/44) deyə buyurur.

Bəli, biz bizə qarşı kobud münasibət bəsləyib, düşmənçilik edənlərə bir möminə yaraşan şəkildə anlayışlı, xoşgörülü və nəzakətli davranmalıyıq. Öz üslubumuzu qorumalıyıq. Quranın bizə öyrətdiyi əxlaq anlayışı belə olmağımızı, belə davranmağımızı tələb edir. “Onlar (möminlər) ki, qeyri-ciddi bir söhbətlə qarşılaşdıqları zaman oradan üz çevirib gedərlər.” (Fürqan, 25/72)

Bir möminin şəxsi planında daima qulağına sırğa edəcəyi vacib düstur və prinsip Rəbbimizin bu ifadələri olmalıdır: “Əgər əfv edər, xətalarını üzünə vurmaz,anlayışla qarşılar və bağışlarsanız, bilin ki, Allah (c.c.) Ğafurdur, Rəhimdir.” (Təğabün, 64/14)

Cənabı-Haqqı (c.c.) özünə qarşı Ğafur və Rəhim görmək istəyən Onun bu əxlaqı ilə yaşamalı, əxlaqlanmalı və anlayış göstərməyi xarakterinin ayrılmaz parçası halına gətirməlidir.

Anlayışlı insan həyatın hər mərhələsində qazanar və heç bir zaman uduzmaz. Bu gününü yaşayarkən eyni zamanda sabahı düşünmək ancaq anlayış göstərən insanlara məxsus bir ilahi nemət və hikmət zinətidir.. buna nail olanlar da gələcəyin yeganə mirasçılarıdırlar. Sözlərimizi yenə bir ayə ilə tamamlayaq:

(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə bir də baxarsan yaxın bir dost olar. (Fussilət, 41/33-34)

Bu yazı “Əsrimizin doğurduğu tərəddüdlər” kitabından iqtibas edilmişdir.




Bənzər məqalələr

Sülhdə xeyir var

Qloballaşan dünyada “Sülhdə xeyir var.” ayəsini necə başa düşməliyik?

Tolerantlıq nədir?

Tolerantlıq fransızca kəlmədir və mənası “dözümlü olmaq, səbir eləmək, yaxşı qarşılamaq” deməkdir.


Şərh yaz