Aylıq namaz vaxtları
13. 926 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Musiqiyə qulaq asmaq günahdır? Musiqi alətlərində ifa ilə bağlı nə deyə bilərsiniz?

İslam istər inanc və ibadət əsasları, istərsə də hüquq və əxlaq qaydaları baxımından insanın yaradılışına uyğundur. Halal dairə insana kifayətdir. Allah-Təalanın dünya və axirət səadəti üçün göndərdiyi İslamiyyət ehtiyacların təmin edilməsinə əhəmiyyət verir.

İnsanın yemək, içmək kimi cismani ehtiyaclarını təmin eləməsi mübah (edilməsi və edilməməsi  şəriətə görə caiz olan şeylər), bəzən də vacibdir. Bu düsturu əsas götürərək deyə bilərik ki, insanın mənəvi, incəsənət və estetik ehtiyaclarının təmin edilməsi məşru və mübah olmalıdır.

Musiqi mətnlərin səs və ton ahəngi ilə ifasından ibarət bir sənətdir. Qurani-Kərimdə musiqi kəlməsi keçməmiş, əvəzinə “təqanni” sözü işlədilmişdir.

Musiqi haqda hökm verərkən məsələnin mahiyyətinə baxmaq lazımdır. Musiqi mahiyyətcə haram deyildir, televizor və radio da həmçinin. Əgər bunları haram saysaq, tarix boyu İslam ölkələrində, xüsusən də, Osmanlının təkyə və mədrəsələrində müsəlmanların haram işlə məşğul olduğunu iddia etmiş olarıq. Məşhur İslam alimlərindən birinin dediyi kimi, bəşəri arzuları və şəhvət hissini körükləyən musiqi haramdır.

Qərb dünyasında musiqi daha çox inkişaf edib. Hətta Qərb sənətçiləri icad etdikləri klassik musiqi ilə sözdən istifadə etmədən bəzi əsərləri mükəmməl ifa edirlər. Bu əsərlərə qulaq asanlar göz yaşlarını saxlaya bilmirlər. Alvarlı Efe həzrətləri “Dörd gözəllər” türküsü ifa olunanda oturub hıçqıra-hıçqıra ağlayarmış. “Nə üçün ağlayırsan?” – deyə soruşanlara “Çahar yari-güzini[1]anladır. Dörd gözəl – Əbu Bəkir, Ömər, Osman və Əlidir (r.anhum)”, – cavabını vermişdir. Hər kəs məsələyə bu şəkildə yanaşmaya bilər.

Musiqinin mənası faydalı olmalıdır

Hansı musiqi növü olur-olsun fərqi yoxdur, musiqidə önəmli olan mənanın güclü olmasıdır. Dolayısilə, mahnı və ya şərqinin ifası zamanı bir tərəfdən insani hislər cuşa gəlməli, digər tərəfdən də musiqinin mətnindəki məna insanı düşündürməlidir. Bir “ayrılıq” nəğməsi iki sevgilinin ayrılığını deyil, İlahi degahdan ayrı qalmağı xatırlatmalıdır. Yəni mahnıda mövzu, səs, musiqi bir-birini tamamlamasa, onu dinləyən insanların hiss dünyasındakı boşluqları doldura bilməz. Belə ki, bəzi əsərlərdə söz ahəngə, məzmun ritmə uyğun gəlmir. Halbuki, musiqidə mütləq mahnının ahəng bütövlüyünü təmin edən, dərin məzmunlu sözlər olmalı və bir-birini tamamlamalıdır. Oradan-buradan götürülmüş misralarla bu cür məna bütövlüyünü əldə etmək mümkün deyil.

Musiqi də bir yol, bir sənət və ehtiyacdır. XX əsrin İslam alimi əsərlərində bildirir ki, radioda musiqinin payı beşdə birdir. Bunu digər mənalarla yanaşı, “toplumun ən azı beşdə biri musiqi dinləyir” kimi də anlamaq olar. Halbuki, müasir dövrdə cəmiyyətin onda doqquzu musiqi ilə nəfəs alır. Elə isə bir ehtiyac kimi xarakterizə etdiyimiz və cəmiyyət həyatına ciddi təsir edən bu sahəyə öz prinsiplərimiz çərçivəsində yanaşmalı və bunu qətiyyən ehmal etməməliyik. Bunun üçün də daşıdığı məna, aşıladığı fikir, oyatdığı təəssürat baxımından zəngin əsərləri dinləməli və musiqiyə sadəcə əyləncə kimi baxmamalıyıq.

Bu məsələnin meyarına gəlincə, dinlədiyiniz bir əsər sizdə Quran oxumaq, Quran dinləmək arzusunu coşdurursa, Allaha vüslət hissini cuşa gətirirsə və eyni zamanda yanlış mənalar aşılamırsa, o əsər gözəldir. Qeybət dolu, ədəbə, əxlaqa uymayan, şəhvət hislərini körükləyən, insanı ümidsizlik bataqlığına sürükləyən əsərlərə gəlincə, onların caiz olduğunu demək mümkün deyil.

Mahnının sözlərinə fikir vermək lazımdır

Bəzi mahnılar Allaha, axirətə, qədərə imanla heç bir aidiyyəti olmayan sözlərlə doludur. Məsələn, “bir gəlin gənc yaşda ölüb”, “kimsə çovğunda itib”, “dağın başında bir uşağı canavar öldürüb” və s… Və bu cür ifadələr xalq mahnılarında çoxdur. Belə hadisələrdən ötrü göz yaşı tökərək ağı demiş, dastanlar yazmışıq. Hər dəfə fəlakət baş verəndə ağılar desək, Allahı şikayət etmiş olarıq. Əslində, bu duyğu insanın zəifliyindən, Allaha, axirətə, qəza-qədərə imanın möhkəm olmamasından qaynaqlanır. Halbuki, bu zəif cəhətləri imanın gücü ilə yox etmək lazımdır. İnsanı qədərə üsyana sövq edən mahnıları dinləmək də, oxumaq da haramdır.

 “Zalım qədər” kimi ifadələri ilə Allahın hökmünə üsyan edən, qədərə etiraz edən mahnıları yazan, musiqisini bəstələyən, oxuyan və dinləyən günah qazanır. Məhrəm məsələlərin mahnılarda ədəbsizcəsinə ifa edilməsi cəmiyyətdə ciddi fəsadlar açır..

Quran musiqisi

Qurani-Kərimin oxunması məsələsinə “Türkiyədə, Misirdə, Səudiyyə Ərəbistanında və ya başqa bir yerdə Quran daha gözəl oxunur” kimi düşüncələrlə yanaşmaq doğru deyil. Doğru olan Quranın məzmununu qavramaq və səsləndirməyi bacarmaqdır. Quranın da özünəməxsus musiqisi, ahəngi var. Əsas məsələ hər bir kəlməni mənasına uyğun səsləndirməkdir. Quranda kafirin danışığı təkəbbürlü tonla verilir. Məsələn, Həzrət Yusifin qarşısında danışan Züleyxanın “Di gəlsənə!” sözünü oxuyarkən gözlər önündə nazlana-nazlana, şux bir əda ilə danışan qadın surəti gəlir. Bu fitnəkar təklifə iltifat göstərməyib ondan qaçan Həzrət Yusif isə olduqca qətiyyətli, ürpərti içərisində və gur səsli insan kimi canlanır. Quranda buna bənzər yüzlərlə misal var.

Azan  musiqisi

Azan insan fitrətinin musiqi ehtiyacını qarşılayan təbii ünsürlərdən biridir. Peyğəmbərimizin azan oxumağa gələn Bilala: “Bilal, azanla bizi rahatlat”,  – deyə buyurmasından aydın olur ki, azan ruha rahatlıq gətirir.

Hətta azanın hər namaz vaxtında fərqli məqamlarda oxunması Osmanlıdan bəri ənənəyə çevrilmişdir. Sübh azanı Səba məqamı, günorta azanı Rast, ikindi azanı Hicaz ilə, axşam azanı Evc ya da Segah, gecə azanı Üşşaq, yaxud Bayatı məqamları ilə oxunur. Azanın hər vaxt namazında bir məqamla oxunması hər halda musiqinin insan təbiətinə təsiri ilə bağlıdır. Məşhur İslam mütəfəkkiri Fərabi Səba məqamının insana qüvvət və cəsarət verdiyini söyləyir. Dəfn mərasimlərində oxunan salalar (Peyğəmbərimizi mədh etmək üçün azandan əvvəl oxunan nətlər) Hüseyni məqamında olur. Bu məqam yaxşılıq hislərini coşdurur, insanı təfəkkürə, İlahinin hikmətini düşünməyə sövq edir. Göründüyü kimi, azanın musiqisi insanı namaza çağırmaqla yanaşı, eyni zamanda onun əhval-ruhiyyəsinə də müsbət təsir edir.

Nəticə

Musiqi İslam alimləri tərəfindən dəfələrlə müzakirə edilən, haqqında yaxşı və pis sözlər deyilən mövzulardandır. Musiqinin lehinə və əleyhinə göstərilən səbəblərə baxıb belə bir nəticəyə gəlmək olur ki, musiqi qəti şəkildə qadağan edilməmiş, əksinə, mübah sayılmışdır. Həqiqətən də  Qurani-Kərimdə və Sünnədə musiqiyə qulaq asmağın haram olduğuna və musiqi dinləyənlərin günah qazanacağına dair heç bir dəlil yoxdur. Ancaq digər mübah əməllər kimi, musiqinin də harama vasitə edilməsinə icazə verilməmişdir. Sözlərində üsyan, küfr, yaxud da ədəbsiz şeylər olan musiqinin ifa edilməsi və dinlənilməsi qətiyyən düzgün deyil. Bununla yanaşı istər əvvəlki dövrlərdə, istərsə də müasir çağımızda musiqiyə bir seçim, ya da təqva məsələsi kimi yanaşanlar da olub. Musiqiyə qulaq asmağı əyləncə hesab edənləri anlayışla qarşılamalıyıq.


[1] Dörd seçilmiş dost.

 



Açar sözləri

musiqi musiqi dinləmək

Şərh yaz