- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Merac gecəsi

Rəcəb ayının iyirmi yeddinci gecəsi Merac gecəsi adlanır. Bu gecə Uca Allah sonuncu peyğəmbəri Hz. Muhammədi (s.ə.s) bir möcüzə olaraq Məkkədən Qüdsdəki Məscidi-Əqsaya, oradan da meraca yüksəltmişdir. Bu hadisə hicrətdən bir il yarım əvvəl meydana gəlmişdir.
İsra və Merac nədir?
İsra və Merac Quran və səhih hədislərlə təsdiq olunan böyük bir möcüzədir. “İsra” sözü lüğəvi mənasına görə, “gecə vaxtı edilən səfər” deməkdir. Allah-Təalanın qulu Məhəmmədi (s.ə.s) gecənin bir vaxtı Məkkədə Məscidül-Haramdan Qüdsdəki Məscidül-Əqsaya aparması və təkrar eyni yerə gətirməsidir.
“Merac” isə yüksəlmək və ya hündür yerlərə çıxmaq üçün istifadə edilən bir alətin adı olub istilahi mənasına görə, Rəsulullahın gecənin bir vaxtı Məscidül-Əqsadan Sidrətül-Müntəhaya, oradan da yenidən eyni məkana gətirilməsi hadisəsini ifadə edir.
Bu səyahətə Allah Rəsulu (s.ə.s) ruh və bədəni ilə birlikdə getmiş, Cəbraili də arxada qoyaraq fövqəladə iltifatlarla qarşılanmasına baxmayaraq, “möminin meracı” sayılan namaz hədiyyəsi ilə geriyə – ümmətinin yanına qayıtmışdır.
Bu möcüzəvi hadisə həm Quranda, həm də səhih hədislərdə təsdiqini tapır. Çünki bu, imani bir məsələdir və iman gözü ilə baxmadan dərk etmək çətindir. Qurani-Kərimin ayələri buna dəlildir: “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissalamı) bir gecə (Məkkədəki) Məscidül-Haramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra,  17/1) “Batmaqda olan ulduza and olsun ki, Sizin yoldaşınız Məhəmməd nə haqq yoldan sapmış, nə də azmışdır! O, istədiyini də (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. Onu (Məhəmməd əleyhissalama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissalama öz həqiqi şəklində) göründü. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi. Sonra (Cəbrail Məhəmməd əleyhissalama) yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki qaşın arası qədər, bəlkə, ondan da yaxın oldu. Bu şəkildə bəndəsinə vəhy etdi. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. İndi siz Onun gördükləri haqda onunla mübahisə edirsiniz?! And olsun ki, onu bir dəfə də görmüşdü: Sidrətül-Müntəhanın yanında. Məva cənnəti də onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü). And olsun ki, (Peyğəmbər) öz Rəbbinin qüdrət ni­şanələrindən (möcüzələrindən) ən böyüyünü gördü” (Nəcm, 53/1-18).
Merac hadisəsi necə baş verib?
Bir gecə Peyğəmbərimiz (s.ə.s) əmisi Əbu Talibin qızı Ümmü Haninin evində ikən evin tavanı açıldı, Cəbrail içəri endi. Görünür, bu səfərki gəliş əvvəlkilərdən fərqli idi. Yanında əvvəlki peyğəmbərlərin də mindiyi uzunqulaqdan bir az böyük, qatırdan da bir az kiçik “Buraq” adlı bir minik var idi. Bir dəvət var idi Rəbbin dərgahından, Cəbrail də dəvət edilən qüdsi qonağı aparmaq məqsədi ilə gəlmişdi.
Buraq hər sıçrayışda ayağını üfüqdə görünən ən son nöqtəyə tuşlayır, məsafələri ildırım sürəti ilə qət edirdi. Miniyin üstünə minməsi ilə Məscidül-Əqsaya gəlib çatması bir oldu. Burağı əvvəlki peyğəmbərlərin bağladığı yerə bağlayıb namaz qılmaq üçün məscidə tərəf getdi.
Həmin dövrdə Məscidi-Əqsadan başqa məscid yox idi. Buna görə də İsra hadisəsində bu məscidin adından istifadə olunmuşdur. Rəsulullah (s.ə.s) özü bu haqda “Burağa mindim, Beytul-məqdisə çatdım” buyurmuşdur. Məscidi-Əqsanı Davud (ə.s) tikmişdir. Bu məscid və onun ətrafı peyğəmbərlərin vəhy aldığı, ibadət etdiyi, axar sulu, meyvəli və müqəddəs yer sayılmışdır.
Allahın Sevgili Peyğəmbəri (s.ə.s) səflərin önündə yerini aldı. Peyğəmbərlər Onun arxasında səf bağladılar. Namazdan sonra qarşısına üç kasa qoyuldu. Birində süd, digərində su və o birisində də şərab var idi. Allah Rəsulu birini seçməli idi! O, (s.ə.s) tərəddüd etmədən içində süd olan kasanı götürdü. Onun südü seçməsindən həyəcanlanan Cəbrail belə dedi:
− Sən bununla hidayəti seçdin və ümmətin də hidayət yolunda olacaqdır!
Bu seçim Rəsulullahın gerçəkliyi düzgün qiymətləndirdiyini göstərir və insan fitrəti ilə üst-üstə düşürdü. Bu əsnada orada əks-səda verən səs də eyni şeyləri söyləyirdi:
− Əgər su seçilsəydi, ümməti də, özü də boğulardı. Şərab seçilsəydi, ümməti də, özü də yolunu azardı. Südü seçdiyinə görə, ümməti də, özü də daima hidayət yolunda olacaq!
Cəbrail Onu Məscidül-Əqsadan götürüb səmaların o tayına səyahətə apardı. Cəbrail ilk səmanın qapı toxmağına toxunanda içəridən bir səs gəldi. Səmanın gözətçisi soruşdu:
− Sən kimsən?
− Cəbrail!
− Yanında kim var?
− Məhəmməd!
− O peyğəmbər?
− Bəli, o peyğəmbər!
Səmanın qapısı açıldı, dünya səması arxada qaldı. Artıq Peyğəmbərimizin (s.ə.s) qarşısında insanlığın atası Həzrət Adəm (ə.) dayanmışdı. Əvvəlcə salam və xoşgəldinlə təbrik etdi Rəsulullahı. Xeyir-dua dilədi.
Artıq hər bir səma qapısında eyni mənzərə və bir peyğəmbərlə qarşılaşır, hamısından da xeyir-dua alır və təbriklərini eşidirdi. İkinci səmada əmi uşaqları olan Həzrət Yəhya və Həzrət İsa, üçüncü səmada Həzrət Yusif, dördüncü səmada Həzrət İdris, beşinci səmada Həzrət Harun, altıncı səmada Həzrət Musa və yeddinci səmada da Həzrət İbrahimlə üz-üzə gəldi. Bu peyğəmbərlərin hər biri peyğəmbərlik səmasının möhürü olan Allah Rəsulunu xeyir-dualarla qarşılayıb təbrik etdilər. Bu səyahət zamanı Allah Rəsulu (s.ə.s) Həzrət Musanın ağladığını görüb Cəbraildən səbəbini soruşdu. Eyni sualı Həzrət Musanın özündən soruşanda bu cavabı aldı:
− Çünki bu gənc məndən sonra peyğəmbər göndərildi, amma Onun ümmətindən Cənnətə girənlərin sayı mənim ümmətimdən Cənnətə girənlərdən daha çoxdur.
Bu səyahət əsnasında Allah Rəsulu (s.ə.s) Cənnət və Cəhənnəmə aid mənzərələrə də şahid oldu, dünyada işlənən əməllərin hansı cəza və ya mükafatları alacağını ümmətinə danışdı.
Sonra önünə Sidrətül-Müntəha çıxdı. Sözlərin təsvir etməkdə aciz qaldığı bir mənzərə ilə qarşılaşmışdı. Sanki bütün rəng çalarları orada cəm olmuşdu. Bu qüdsi məkan eyni zamanda, imkanla vücub arası idi. Artıq Peyğəmbərimizin (s.ə.) yanında Cəbrail də yox idi. Çünki imkan (yaradılmış varlıqlar) aləmi artıq arxada qalmışdı. Bura xüsusi məqam, məxsusi qonaq otağı idi və insanlığın xəlq edilməsindən o günədək heç bir Allah bəndəsi iltifat görüb bu yerə gətirilməmişdi. Yəni Həzrət Məhəmməd (s.ə.s) bu xüsusi məqamın ilk və tək, həm də son müsafiri idi. Çünki O (s.ə.s), Peyğəmbərlik Silsiləsinin son halqası, Nübüvvət Divanının möhürü idi.
Allah Rəsulu (s.ə.s) qədər (tale) qələminin mürəkkəbinə şahid oldu, tale sətirləri yazılarkən qələmdən çıxan səsi eşitdi. Orada “Qabə qavseyni əv ədna sirri təzahür edirdi! Allah Rəsulu yaxınlaşdı, yaxınlaşdı və addım atmağa bir yer qalmayanda məkanı laməkan oldu.
Hər şey nura qərq olmuş, bir nur abidəsinə dönən Allah Rəsulu da Rəhmanın Nuruna tamaşa edirdi. Həzrət İbrahimi dostluğu, Həzrət Musanı da kəlamı ilə mükafatlandıran Uca Mövla peyğəmbərlik səmasının son qızıl həlqəsi olan Sevgili Rəsulunu da röyətlə şərəfləndirdi və Onun Haqq qatında yerini bütün məxluqata göstərmiş oldu.
Orada vəhy vasitəsiz gəlirdi. Ən əhəmiyyətli ibadət olan və möminin meracı sayılan namaz da məhz belə bir şəraitdə bəyan edildi.
“Merac gecəsində Hz. Peyğəmbərə namaz əlli vaxt fərz qılınmış, sonra azaldılaraq beş vaxta endirilmiş, ardından belə əmr olunmuşdur: “Ey Məhəmməd! Mənim dərgahımda söz dəyişməz. Bu beş vaxt namaza sənin üçün əlli vaxt namaz savabı vardır.”
Nəhayət, Peyğəmbərimiz (s.a.s.) gecənin bir anında çıxdığı bu uzun səfəri başa vurdu, bu qədər hadisəni qısa vaxta sığışdırıb geri qayıtdı. Merac gecəsi Hz. Peyğəmbər (s.ə.s) yeddi qat göylərə yüksələrək Allahla danışmışdır. Bu gecə beş vaxt namaz fərz qılınmış, Bəqərə surəsinin son iki ayəsi bu gecə endirilimişdir. Bunlardan əlavə həmin gecə ümmətdən Allaha şərik qoşmayanların cənnətə girəcəyi müjdəsi də verilmişdir.
Xülasə, üç ayların – Rəcəb, Şaban və Ramazanın özünəməxsus gözəlliyi var. Rəsulullah (s.ə.s) üç aylar haqqında belə dua etdiyi bildirilir: “Allahım Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizləri Ramazana qovuşdur”. Unutmayaq! Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.