- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Mənəvi xəstəlik – sui-zənn

Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?

Bir çox dini ədəbiyyatda fərdə və cəmiyyətə aid müxtəlif mənəvi xəstəliklərdən bəhs olunur və bunların həlli yolları göstərilir. Məsələn, bir İslam alimi müsəlmanların yaşadığı ərazilərdə ixtilaf, cəhalət və kasıblıq xəstəliklərinin olduğunu bildirir. Deyir ki, sadalanan xəstəliklər həllini tapmadığı müddətcə İslam dünyası başqalarından asılı vəziyyətdə qalmağa davam edəcək. Təbii ki, bu deyilənləri daha çox ictimai mənəvi xəstəlik adlandırmaq olar.

Əslində isə hər şey fərdlərlə başlayır. Bu nöqteyi-nəzərdən fərdin mənəvi kamilləşməsi çox əhəmiyyətlidir. Fərdlərin mənəviyyatı sağlam olarsa, cəmiyyət də sağlam olar. Fərdlərinin mənəviyyatı sağlam olmayan cəmiyyətin normal olması bir az çətin məsələdir.

Sui-zənn də həm fərdin, həm də cəmiyyətin mənəviyyatına zərər vuran mənəvi xəstəliklərdən biridir. Sui-zənn başqaları haqda pis fikirləşmək və düşünməkdir. Sui-zənn qəlbi və ağılı xəstə, məzacı pozulmuş insanların mübtəla olduğu bir mərəzdir. O, toplumun maddi və mənəvi həyatına qəsd edən şeytani hiylədir.

Ümidsizlik xəstəliyi

Sui-zənnin müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri ümidsizlikdir. Ümidsizlik bütün gözəlliklərin görülməsinə ən böyük maneədir. Ümidsizlik girdabına düşən insanın qurtuluşu çox çətindir. İslam aləmi və müsəlmanlar haqqındakı bədbin düşünənlər nəticədə əllərindən heç nə gəlməyəcəyinə inanmağa başlayırlar. Beləcə ümidsizlik toxumları cücərir. Ümidsizlik isə insanın qol-qanadını qırır, motivasiyasını zəiflədir və məhv edir. Bu cür xəstəliyə mübtəla olanlar təkcə özlərinə yox, ətrafındakılara da zərər verirlər. Belə ki, ümidsizlik girdabında boğulan və ya bədbin düşüncələrin əsirinə çevrilən bir insanda əvvəlcə dəyərsizlik hissi özünü göstərir. Bu hissdən qurtulmaq üçün özünü haqlı çıxarmaq cəhdləri başlayır. Və insan ətrafındakıları öz bədbin fikirlərinə inandırmaq üçün əlindən gələni edir. Təbii ki, bütün bunlar fərqində olmayaraq baş verir. Özü kimi düşünən və ya fikirlərini təsdiqləyən birini (insanlar) tapdıqda isə rahat olur… Bu proses dövri şəkildə təkrarlanaraq davam edir.  

Bəli, Ümidsizlik uca amallara çatmağa da ən böyük maneədir. Türk şairi Mehmet Akif bunu bir şeirində çox gözəl ifadə edib:

Ümidsizlik elə bataqlıqdır ki, düşsən boğularsan.

Ümidə sarıl bərk-bərk, seyr et, nə olursan!

Əzmiylə, ümidiylə yaşayar yaşayanlar;

Məyus olan ruhunu, vicdanını bağlar.

Sui-zənnin səbəblərindən biri də təkəbbür və ya lovğalıqdır. İnsan özünü başqalarından üstün görməsi, böyük tutması əvvəlcə daxildə başlayır. Özü haqda reallığa uyğun olmayan şeylər fikirləşir. Bu getdikcə böyüyür və lovğalığa çevrilir. Beləcə şəxsin daxilində baş qaldıran şeytana xas xüsusiyyətlərdən sayılan təkəbbür və lovğalıq təkcə onun özü üçün yox, ətrafı üçün də zərərli hala gəlir.  

Sui-zənndən uzaq durun

Allah-Təala sui-zənnin çirkinliyi ilə bağlı: “Ey iman gətirənlər! Çox zənnə-gümana düşməkdən çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın.”[1] buyurmuş, möminlərin birlik və həmrəyliyinə təhlükə törədən sui-zəndən uzaq olmağı əmr etmişdir. Buna görə də möminlər sui-zənndən uzaq durmalı əvəzində insanlara hüsnü-zənn bəsləməli, onlar haqda gözəl fikirlərdə olmalıdırlar. Mömin mənfi davranışlarını gördüyü insanlar haqda belə sui-zənn etməməlidir. Həmin kəslərə qarşı çox ehtiyatlı davranmalı, onlara çox da etibar etməməlidir.

İsra surəsində Uca Allah belə buyurur: “Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.”[2] Ayədə sui-zənnin nəticəsinə diqqət çəkilir ki, bu möminlər üçün çox önəmlidir. Sui-zənn də məhz bir insan haqda dəqiq məlumata əsaslanmayan təxmin və qənaətlərin məcmusudur. Uca Allah ayədə açıq-aşkar bəyan edir ki, bilmədiyin bir şeyin ardınca getmə. Yəni insan öz qənaət və ehtimallarını “həqiqət” kimi qəbul edərək insanları onunla qiymətləndirə bilməz.

Bundan əlavə, mömin hər eşitdiyinə inanmamalı, ayədə bildirildiyi kimi gələn məlumatın mənbəyini və doğruluğunu ətraflı araşdırmalıdır. Bununla əlaqəli bir hədisində belə buyurur: “Hər eşitdiyini danışmaq insana günah olaraq kifayətdir.”[3]

Mömin eşitdiklərinə qarşı göstərdiyi həssaslığı gördüklərinə qarşı da göstərməlidir. Hər gördüyü hadisə haqda dərhal hökm verməməli, gördüklərinin doğruluğunu araşdırmalıdır.

Ayədə qulaq və gözdən sonra ürəkdən bəhs olunur. Onun da etdiklərindən məsuliyyət daşıyacağı bildirilir. Bəli, əsası olmayan məlumatlardan qulaq, göz və ürək məsuldur. Allah axirətdən bunların hər birindən hesab soruşacaq və onlar da insanın ya lehində, ya da ki, əleyhində şahidlik edəcəklər.[4]

Bütün deyilənlərdən hərəkətlə bu qənaətə gəlmək olar ki, zənn və təxminlərlə hərəkət etmək çox böyük məsuliyyətdir.

Qruplar arasında sui-zənn

Sui-zənn fərdi xəstəlik olsa da tədricən ictimai xəstəliyə də çevrilə bilər. Bir insanın başqaları haqda bədbin fikirdə olması, onların davranışlarından mənfi nəticələr çıxarması, özünü onlardan üstün görməsi fərdi sui-zənn sayılır. Bir qrup insanın başqa bir qrup haqda eyni şeyləri etməsi sui-zənnin daha çox insan arasında yayılmasını göstərir. Şəxsi mənfəətlər, mənəm-mənəmlik, mənsubiyyət düşüncəsi ilə daha da möhkəmlənər və qrup təkəbbürünə çevrilir. Bunun verəcəyi zərər isə fərdin verəcəyi zərərdən daha böyükdür. Çünki qrupların bir-birinə sui-zənni cəmiyyətə daha çox zərər verir.

İslama xidmət edən möminlər bu xüsusda daha diqqətli olmalı, qrup sui-zənni xəstəliyindən özlərini qorumalıdırlar. Özləri kimi dinə xidmət edənlərin fəaliyyətlərini təqdir etməli, onlara qarşı sui-zənn bəsləməməlidirlər. İnsanın öz mənsub olduğu idealın eşqi ilə yaşaması başqalarına düşmənlik etməsini gərəkdirmir. Bəli, insan idealının, məsləyinin, peşəsinin vurğunu ola bilər. Ancaq bu ona özü kimi olmayan və düşünməyənləri tənqid etmək, onları lağa qoymaq haqqını vermir. Bu dinlərin prinsiplərinə də ziddir.

Əfsuslar olsun ki, sui-zənn dövrümüzdə ən çox yayılan xəstəliklərdəndir. Bəzi insanlar bu xəstəliyə mübtəla olduqlarını açıq-aşkar bildirsələr də, bəziləri bunu gizləməyi bacarırlar. Qayələri İslamı təbliğ etmək olan möminlər də bu cür vəziyyətlərlə qarşılaşa bilərlər. Ola bilər ki, kimlərsə, onlar haqda sui-zənn edir və fəaliyyətlərini görməzlikdən gəlir. Belələrinə eynilə cavab vermək mömin əxlaqına yaraşmaz.

Dini təbliğ üçün görülən işləri kəmiyyətə görə qiymətləndirmək doğru deyil. Çünki Allah dərgahına hansı əməlin daha xeyirli olduğunu heç kim deyə bilməz. Yadda saxlamaq lazımdır ki, səmimiyyətlə edilən zərrə qədər əməl, səmimiyyətsiz edilən tonlarla əməldən daha üstündür.

Bu nöqteyi-nəzərdən edilən heç bir xeyirli əməl kiçik görülməməlidir. Allah yolunda, insanlığa xidmət üçün çalışan hər kəsə ancaq hüsnü-zənn bəslənməlidir.

Mömin qəlbində sui-zənn xəstəliyinin əmələ gəlməməsi üçün daima mübarizə aparmalı, hiss və düşüncələrini hüsnü-zənnə öyrətməlidir. Rəsulullah (s.a.s.) bir hədisində hüsnü-zənnin ən gözəl ibadətlərdən biri olduğunu bildirmişdir.[5]

Ən böyük cihad

Bəli, mömin başqaları haqda gözəl düşünəndə savab qazanır. Çünki belə etməklə daxilindəki cismani və nəfsani istəklərini onu yanlış istiqamətləndirməsinə icazə vermir. Həmişə onlarla mübarizə aparır. İradəsinin haqqını verərək mənfi hiss və düşüncələrinə nəzarət edir və diqqətini başqalarının mənfi düşüncələrinə yönəltmir. Yəni özü ilə daim mübarizədə olur və iradəsi ilə qalib gəlir. Bir mənada özü ilə cihad edir. Rəsulullah (s.a.s.) düşmənlə mübarizəni kiçik cihad, insanın özü ilə mübarizəsini isə böyük cihad adlandırmışdır. Düşmənlə edilən cihadın müəyyən vaxtı var. İnsanın özü ilə apardığı daxili mübarizə isə mütəmadidir…

İnsanın daxildə mübarizə aparmalı olduğu mənəvi düşmənlərdən biri də sui-zənndir. Sui-zənnə bir çox şey səbəb ola bilər. İnsanın yaşadığı xoşagəlməz hadisələr, gördüyü nöqsanlar, məruz qaldığı əziyyətlər və s. ondakı sui-zənn hislərini alovlandıra bilər. Həmin hislər közərməyə başlayan kimi dərhal tədbir görmək lazımdır. Müxtəlif üsullarla onu söndürmək lazımdır ki, alov sahibinə və başqalarına zərər verməsin…

Sui-zənndən qurtulmaq bir mənada insanın öz acizliyini qəbul etməsindən asılır. Rəsulullahın (s.a.s.) belə bir duası var: “Allahım! Məni öz gözümdə kiçik göstər. İnsanların nəzərində isə (peyğəmbərlik yönündən) böyük göstər.”[6] O, özünü nə qədər kiçik görsə, əslində böyükdür. Bu gün möminlər də Onun kimi deməyə çalışmalıdırlar: “Allahım! Məni özümə kiçik göstər. İxlas və səmimiyyətimi, dinimə xidmət şövqümü, xeyirxahlıq fəaliyyətlərimi artır.”

İnsan özünü gündə əlli dəfə hesaba çəksə, başqalarının nöqsanlarını görməyə vaxtı qalmaz və onlar haqda sui-zənn etməz. Onun yaxşı insan olub-olmamağını isə başqaları qiymətləndirməlidir. İnsanın özü haqda yüksək gözləntilərinin olması da mənəvi xəstəlikdir. Başqalarının mənfi davranışları qarşısında öz günahlarını düşünən insan sui-zənndən qurtular. İnsan öz nöqsanlarını görməz, onları düzəltməyə çalışmazsa, ömür boyu səhv axtarar və əsla həqiqi səhv edəni tapa bilməz.

[1] Hucurat surəsi, 49/12.
[2] İsra surəsi, 17/36.
[3] Əbu Davud, Ədəb, 80.
[4] Bax: Fussilət surəsi, 41/21.
[5] Əbu Davud, Ədəb, 88.
[6] Bazzar, əl-Müsnəd 10/315; Deyləmi, əl-Müsned 1/473.