Aylıq namaz vaxtları
3. 034 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Hicri təqvim haqqında nə deyə bilərsiniz?

Hicri-qəməri təqvim Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrət ilə (16 (23) iyul 622-ci ildə) başlamışdır. Hicri təqvimdə günlər ayın sferalarına (dairəvi hərəkətinə) görə təyin edilir.

Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Ayın yerin ətrafında (orbitində) tam dövrə vurmasına qədər keçən müddət bir ay, on iki ay isə bir il olaraq hesablanır. Hicri aylar bunlardır: Məhərrəm, Səfər, Rəbiüləvvəl, Rəbiülaxir, Cəmadiyaləvvəl, Cəmadiyalaxir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə və Zilhiccə. Ayın orbitində tam dövrə vurması bəzən 29, bəzən də 30 gün olur. Buna görə də hicri aylar bəzən 29, bəzən də 30 gün olur. Bu il hicri təqvimlə 1437-ci ildir.

Sual: Miladi təqvimlə hicri təqvimin fərqi nədir?

Miladi təqvim yerin günəş ətrafında bir illik dövrünə görə hesablanır. Hicri aylar hər ayın Yer ətrafında dönməsinə görə tənzimlənir. Ay təqvimində bir il 354 gündür. Miladi təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır. Buna görə də hicri təqvimlə miladi təqvim arasında təxminən on gün fərq yaranır. Bu fərqə görə Ramazan ayı ilin bütün fəsillərinə düşür. 36 il oruc tutan insan ilin bütün günlərində oruc tutmuş sayılır. Miladi təqvimdə isə aylar və günlər sabitdir.

Sual: Hicri təqvim necə ortaya çıxdı?

İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Hz. Peyğəmbərin (s.ə.s) beşinci nəsildən ulu babası Qüsayy ibn Kilabın vəfat ili, daha sonra isə “Fil döyüşünün” baş verdiyi il ərəblərin tarix başlanğıcı  hesab edilirdi. Sonrakı illəri “Fil ilindən bir il sonra”, “Fil ilindən iki il sonra” və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar ficar savaşının, vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvim başlanğıcı kimi dəyərləndirirdilər.

Ancaq bütün bunlar insanlar arasında qarışıqlıq yaradırdı. Hz. Ömərin (r.a) xilafəti dövründə bu qarışıqlığı aradan qaldırmaq üçün mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu dövrlərdə ortaya çıxan bəzi hadisələr də bunun vacibliyini göstərirdi. Yəmən valisi Yala ibn Ümeyyə Hz. Ömərə (r.a) gün, ay və ili məlum olmayan bir məktub göndərir. Bəsrə valisi Əbu Musa əl-Əşariyə (r.a) ili yazılmayan sadəcə Şaban ayı qeyd edilən bir sənəd gətirilir. Bu sənəddə nəzərdə tutulan şaban ayının həmin ilə, yoxsa gələcək ilə aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca ixtilaf ortaya çıxır. Bu kimi hadisələr təqvimə olan ehtiyacı ortaya çıxardı. Səhabələr bu haqda öz aralarında məşvərət elədilər. Başlanğıc olaraq İran, Yunan və başqa ölkələrin təqvimlərini əsas götürmək haqqında təkliflər irəli sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Hz.Əli (r.a) təqvimin hicrətin başlanğıcından hesablanması təklifini irəli sürdü. Onun bu fikri çox bəyənildi. Peyğəmbərimiz (s.ə.s) Məkkədən Mədinəyə Rəbiüləvvəl ayında hicrət etmişdi. Ancaq qəməri il Məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, hicri təqvimini başlanğıcı 23 iyul 622-ci il olaraq qəbul edildi. 

Sual: Hicri təqvimin başlanğıcını yeni il kimi qeyd etmək olar?

İslamda hansı günlərin bayram sayıldığı məlumdur. Hicri təqvimin yeni il olaraq qeyd edilməsi Quran və Sünnədə yoxdur. Çünki Peyğəmbərimizin (s.ə.s) dövründə hələ hicri təqvim qəbul olunmamışdı. İnanan insanın üzərinə düşən vəzifə ilin sadəcə müəyyən günlərində yox bütün günlərində Allahın rizasına aparan əməllər işləməyə, Onun razılığını qazanmağa çalışmaqdır. Yəni Allahın rizasına yaxınlaşdığımız hər gün bizim üçün sevindirici olmalıdır. Hicri təqvimin başlanğıcını təbrik eləmək olar. Müsəlmanların Ramazan və Qurban bayramı xaricində qeyd edəcəkləri başqa heç bir bayram yoxdur.

Sual: Məhərrəm ayı və aşura günü nə deməkdir?

Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.[1] Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.[2]

Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.

Sual: Aşura günü baş verən hadisələr hansılardır?

  1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
  2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
  3. Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
  4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
  5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
  6. Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
  7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
  8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
  9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
  10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)

Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.

Sual: Aşura günü oruc tutmaq olar?

Onu qeyd edək ki, Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz (s.ə.s) də Məkkədə olarkən özü bu orucu tutmuşdur.[3] Daha sonra Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz (s.ə.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.[4] Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s) insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın.”[5]

Sual: Məhərrəm ayının neçənci günləri oruc tutmaq olar?

Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır”.[6] Həmçinin Rəsulullah (s.ə.s) “Ümidvaram ki, Aşura günü tutulan oruc əvvəlki ildə işlənən günahlara kəffarə olar.”[7] hədisi ilə  ümmətini aşura orucuna təşviq etmişdir.

İbn Abbasdan (r.a) Rəsulullahın (s.ə.s) Məhərrəm ayının neçənci günü oruc tutduğunu soruşulduqda o, onuncu,[8] başqa bir rəvayətdə isə doqquzuncu[9] cavabını vermişdir.

Rəsulullah (s.ə.s) möminlərə yəhudi və xristianlara bənzəməmək üçün sadəcə Aşura günü yox Məhərrəm ayının 9-cu və ya 11-ci günü yaxud ən azı iki gün oruc tutmağı tövsiyə etmişdir.[10]

Sual: Aşura günü oruc tutmağın hökmü nədir?

Məhərrəm ayının 9-10-cu və ya 10-11-ci günü oruc tutmaq sünnədir. Təkcə 10-cü gün oruc tutmaq məkruhdur.


[1] Bax: Bəqərə surəsi, 2/194-217; Maidə surəsi, 5/2, 97; Tövbə surəsi, 9/5.
[2] Buxari, Məğazi 77; Tövhid 24; Bədul-xəlq 2; Müslim, Qəsamə 29.
[3] Buxari, Savm 69; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 244.
[4] Buxari, Ənbiya, 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, I, 291, 310, 336, 340.
[5] Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.
[6] Müslim, Siyam 202-203; Nəsai, Qiyamul-leyl 6.
[7] Tirmizi, Savm 48.
[8] Tirmizi, Savm 50.
[9] Müslim, Siyam 132.
[10] Müslim, Siyam 133; Əbu Davud, Siyam 65; Tirmizi, Savm 50; Əhməd ibn Hənbəl, Müsnəd, I, 240.



Bənzər məqalələr

Hz. Hüseyn və Kərbəla hadisəsi

Allah Rəsulu (s.ə.s) bir dəfə Hz. Həsən və Hz. Hüseyn haqqında üç dəfə ard-arda: “Bunlar mənim oğullarım və qızımın oğullarıdır.” “Allahım, mən onları sevirəm, Sən də onları sev! Onları sevəni də sev!”, − buyurmuşdur.

Aşura günü baş verən hadisələr

Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı-məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır…


Şərh yaz

*