1. 551 dəfə oxunub ,   0 şərh   Çap et

İmama birinci rükətin rükusundan qalxdıqdan sonra, hətta  son rükətin qaidəi-axırında yəni son oturuşunda belə olsa camaata daxil olub imama uyan şəxsə məsbuq deyilir. Rüküdan qalxdıqdan sonra imama uyan şəxs səcdələri imamla birlikdə yerinə yetirər, lakin o rükət qılınmış sayılmaz. Məsbuqun hökmü: çatmadığı rükətləri qəzaya başlayan kimsə təkbaşına namaz qılan şəxs kimi namazını tamamlamağa davam edər. İmam salam verdikdən sonra, “Allahu Əkbər” deyə təkbir gətirərək ayağa qalxar. Öncə sübhanəkəyi oxuyar, ardından əuzu-bismillahı çəkərək Fatihə və zəmmi-surəyi oxumağa davam edər. Çünki bu şəxs qiraət baxımından namazın ilk rükətini qəza edir. Qiraəti tərk edərsə, namazı fasid olar, çünki qiraət namazın fərzlərindən biridir.

Sübhanəkə duasını oxumağın yeri: əgər qılınan namaz günorta və ikindi namazı kimi gizli oxunan namazdırsa, hansı rükətdə imama uymasına baxmadan, iftitah təkbirini gətirdikdən sonra oxunar. Əgər səsli namazdırsa(səhər, axşam, yatsı, cümə və təraveh namazları) imam qiraətdə ikən çatıbsa, sübhanəkəni oxumadan imamın qiraətini dinləyər, sübhanəkəni özü qəza edəcəyi rükət üçün ayağa qalxanda oxuyar və qiraətdən öncə əuzu-bismillah çəkər.

Məsbuqla bağlı misallar

1. Səhər namazının ikinci rükətində imama uyan məsbuq, təkbir alaraq susar. İmamla bərabər son oturuşda yalnız təhiyyatı oxuduqdan sonra (yəni salli-barik salavatlarını və duaları oxumaz), imamın salam verməsini gözləyər. İmam salam verdikdən sonra isə ayağa qalxaraq qılmadığı birinci rükəti qılmağa başlayar. Sübhanəkə və əuzu-bismillahdan sonra “Fatihə” surəsini və zəmmi surəyi ( müstəqil bir surə və yaxud hər hansısa bir surədən ən az üç ayə olmaq şərtiylə Quran oxumaq ) oxuyar, rüku və səcdələri edər, təhiyyat, salli-barik və Rabbənə duaları oxuyaraq salam verər.

2. Axşam namazının iknci rükətində imama uyan da, birinci rükət üçün yuxarıdakı kimi hərəkət edər.

Axşam namazının son rükətində imama uyan şəxs sübhanəkəni oxuyar, imamla bərabər o rükəti qılaraq təşəhhüddə oturar sonra ayağa qalxaraq sübhanəkə və əuzu-bismillah çəkər, “Fatihə” surəsini və bir miqdar Qurandan oxuduqdan sonra rüku və səcdələri yerinə yetirər. Yalnız təhiyyat oxuyaraq “Allahu Əkbər” deyib ayağa qalxar, bəsmələ çəkib, “Fatihə” surəsini və bir miqdar Quran oxuduqdan sonra rüku və səcdələri və son oturuşu edərək salamla namazdan çıxar. Belə vəziyyətdə üç dəfə təşəhhüddə oturmuş olar. Bununla bərabər məsbuq ikinci rükətin sonunda çaşaraq oturmadan ayağa qalxarsa, səhv səcdəsi etməz. Çünki bu rükət birinci rükət hökmündədir.

3. Dörd rükətli bir namazın son rükətində imama uyan şəxs imam birlikdə ilə təşəhhüddə oturar, sadəcə təhiyyat oxuyaraq imamın salam verməsini gözləyər. İmam salam verincə qalxar, sübhanəkəyi, əuzu-bismillahı, Fatihə surəsini və bir miqdar Qurandan oxuyar, rüku və səcdələrdən yerinə yetirər, ardınca sadəcə təhiyyatı oxuyaraq ayağa qalxar. Yenidən bismillah ilə Fatihəni və bir miqdar Quran oxuyub rüku və səcdələrə gedər. Oturmadan qalxar, sadəcə bismillah və Fatihə ilə bir rükət qılar. Son oturuşu (qaidəi-axır) edər. Təhiyyatdan sonra salli-barik və Rəbbənə atinə dualarını da oxuyaraq salam verər.

4. Dörd rükətli namazın üçüncü rükətində imama uyan özünün birinci oturuşunu imamın son oturuşu ilə birgə edər. Yalnız təhiyyatı oxuyar, imam salam verdikdən sonra qalxaraq sübhanəkə, əuzu-bismillah, Fatihə və bir miqdar Qurandan oxuyar, rüku və səcdələrdən sonra qalxar, yalnız bismillah və Fatihə ilə bir miqdar Quran oxuyaraq yenə rüku və səcdələrə gedər, son oturuşda təhiyyat, salli-barik və Rabbənə dualarını oxuyaraq namazını tamamlayar.

5. Dörd rükətli namazın ikinci rükətində imama uyan şəxs üç rükəti imamla birgə qıldıqdan sonra ayağa qalxaraq sübhanəkə, əuzu-bismillah, fatihə və bir miqdar Quran oxuduqdan sonra rüku və səcdələr edər. Son oturuşu da edərək namazı tamamlayar.

İmama ilk rükətin rükusunda yetişən müdrik sayılır. Fəqət imama birinci rükətin rükusundan sonra yetişən şəxs o rükəti qaçırdığı üçün məsbuq sayılır. Çatmadığı rükudan sonra səcdələri imama uyaraq etsə belə hökm dəyişməz, imam salam verdikdən sonra yenidən bu rükəti qəza etməsi lazımdır.

Məsbuqun imam salam verməsini gözləmdən ayağa qalxaraq namazını tamamlaya biləcəyi hallar

Təşəhhüd miqdarı oturduqdan sonra, imam salam vermədən əvvəl, məsbuqun çatmadığı rükətləri qılmaq üçün ayağa qalxması məkruhdur. Ancaq dəstəmazının pozulma təhlükəsi, günəşin doğması, namaz vaxtının çıxması kimi vəziyyətlərdə məsbuq imamım salam verməsini gözləmədən, qalxaraq namazı tamamlaya bilər. Ancaq ən azından təhiyyat oxunacaq miqdar qədər oturaraq gözləmək lazımdır.

İmama, birinci rükəti qaçıraraq sonrakı rükətlərdə uyan şəxs qaçırdığı rükətləri qəza etmək üçün qalxarkən neçə rükəti qaçırdığını unudan şəxs özü ilə bərabər sonradan imama uyan məsbuqun qıldığı qədər namaz qılar.

Əbu Hənifəyə görə, bir şəxs qurban bayramında bayram namazına gec qalıb, ikinci rükətdə imama uyarsa təşriq təkbirlərini imam ilə birlikdə alar, daha sonra ayağa qalxıb qaçırdığı rükətləri tamamlayar.  Başqa bir görüşə görə təkbaşına namaz qılan şəxs bu təşrik təkbirləri ilə məsul deyildir. Bayram namazlarında istisna olaraq məsbuq, təkbaşına namaz qılan şəxs kimi deyil, imama uyan kəs kimi hərəkət edər.

İmam daha salam vermədən məsbuq, tahiyyatı oxuyub bitirmiş olsa, bir görüşə görə kəlimeyi-şəhadəti təkrar edər, başqa bir görüşə görə isə sakit durar. Bu mövzuda doğru olan məsbuqun təhiyyatı yavaş-yavaş oxumasıdır.

Vaxt darlığından imamın salam verməsini gözləmədən, ayağa qalxaraq namazını imam salam vermədən öncə tamamlayan kimsənin namazı səhih olar, pozulmaz.

İmam səhvən beşinci rükətə qalxsa və məsbuq da ona tabe olaraq qiyama qalxsarsa, əgər imam dördüncü rükətdə təhiyyat üçün oturmuşsa, məsbuqun namazı bu qiyamla fasid olar. Fəqət imam dördüncü rükətdə oturmamış və beşinci rükətdə də səcdəyə getməyibsə məsbuqun namazı pozulmaz.[1]

 


[1].      İbnul-Hümam, Fəthul-qədir, I, 277; İbn Abidin, e.a.ə., I, 555-560; Zeyləi, Təbyinul-Həqaiq, III, 137; Fətaval-Hindiyyə, Bulaq, 1310/1892, I, 119; Züheyli, e.a.ə., II, 209, Bilmən, e.a.ə., 183.

 



Açar sözləri

imama tabe olmaq

Şərh yaz