- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Məqami-Mahmud nədir?

Sual: Peyğəmbərimizə (s.ə.s) Məqami-Mahmudun verilməsindən bəhs edilir. Məqami-Mahmud nədir? 

Cavab: “Məqami-Mahmud” uca məqamdır, orada Rəsulullahın şəfaəti ilə bütün insanlar dərhal hesaba çəkilib uzun müddət gözləməkdən xilas olacaq və əbədi rahatlığa qovuşacaqlar. “Məqami-Mahmud” məqami-şəfaət şəklində də tərif edilmişdir. İslam alimləri yekdil rəyinə görə, “Beləcə Rəbbinin səni Məqami-Mahmuda yüksəldəcəyini ümid edə bilərsən![1] ayəsində keçən “Məqami-Mahmud” ifadəsi ilə şəfaət məqamı nəzərdə tutulur. Belə ki, Rəsulullah (s.ə.s) bu ayə haqqında: “Bu məqamda ümmətimə şəfaət edəcəyəm,[2] – buyurmuşdur. Ayənin quruluşu da bu mənanı ifadə edir. Çünki insan ancaq o zaman öyülmüş olur ki, onu kimsə mədh etsin. Buna əsasən ayədə keçən “Məqami-Mahmud” elə bir məqamdır ki, Rəsulullah (s.ə.s) orada insanlara yaxşılıq edəcək, insanlar da (bu yaxşılığa görə) Onu mədh edirlər. Bu yaxşılıq Rəsulullahın dini təbliğ və təlimi ola bilməz. Çünki bu, onsuz da, mövcuddur. “Beləcə Rəbbininn səni Məqami-Mahmuda yüksəldəcəyini ümid edə bilərsən!” ayəsi isə, əslində, ümid verməkdir. Çünki bir insana malik olduğu şeyi vəd etməklə onu ümidləndirmək olmaz. Beləliklə, bu yaxşılıq insanlara sonda çatmalıdır ki, o da Rəsulullahın Uca Allahın hüzurunda ümmətinə şəfaətçi olmasıdır.

Allah Rəsulunun (s.ə.s) şəfaəti ilə bağlı hədis kitablarında bir çox hədis var. Bunlardan birini verməklə kifayətlənəcəyik. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qiyamət günü insanlar camaat-camaat gələcək. Hər ümmət öz peyğəmbərinə: “Bizə şəfaətçi ol! Bizə şəfaətçi ol!” – deyəcək. Axırda şəfaətçi olmaq mənə həvalə ediləcək. “Məqami-Mahmud məhz budur[3].


[1] İsra, 17/79.

[2] Əhməd ibn Hənbəl, II, 441, 528.

[3] Buxari, Təfsir, 17/11.