1. 219 dəfə oxunub ,   0 şərh   Çap et

 (camaatla namaz qılarkən bir üzr səbəbiylə imamdan geri qalan şəxs qaldığı yerdən namazını tamamlamasının hökmü haqqında)

İmamla bərabər namaza başlamasına baxmayaraq namazın bütün rükətlərini və ya bir hissəsini imamla bərabər qıla bilməyən şəxsə lahiq deyilir. İmamla bərabər namaza başladığı halda yuxu, narahatlıq, xəyala dalma, dəstəmazın pozulması kimi səbəblərə görə namazın hamısını və ya bəzi rükətlərini imamla birlikdə qıla bilməyən şəxs qılmadığı rükətləri qəza edərək namazını tamamlayar. Üzrlü səbəbə görə camaat namazını tərk etmək məcburiyyətində qalan şəxs bu səbəb ortadan qalxdıqda danışmadan, dünya işləri ilə məşğul olmadan və əgər dəstəmazı pozulubsa, ən qısa yolla dəstəmaz alaraq qaldığı yerdən namaza davam edər.

Lahiqin hökmü: qılmadığı rükətlərdə başdan ayağa imama uyan müqtədi kimi hərəkət edər. Yəni qıla bilmədiyi rükətləri tamamlayarkən imama uyan şəxs kimi Quran oxumaz, əgər sonradan qıldığı rükətlərdə səhvləri olsa belə səhv səcdəsi etməz. Qıldığı namazın fərzliyi də dəyişməz. Səfəri olduğu təqdirdə bu əsnada digər insanlar kimi niyyət edərsə qıldığı namazı dörd rükət qılar. Lahiq maneə ortadan qalxdıqda mümkündürsə, qılmadığı rükətləri və rüknləri qəza edər sonra imama uyaraq onunla birlikdə salam verər. Məsələn: imama uyan şəxsi birinci rükətin qiyamında yuxu tutsa imamın səcdəyə getdiyi vaxt ayılsa, dərhal rükuya sonra səcdəyə gedərək imama çatar. Lahiq imama çatmayacağını anlayarsa, dərhal imama tabe olar. Çatmadığı rükət və ya rüknləri imam namazdan çıxandan sonra qəza edər. Məsələn, imama uyan şəxs dördüncü rükətdə olarkən burnu qanayarsa, cərgədən ayrılaraq namaza zidd bir hərəkət etmədən dərhal dəstəmaz alaraq imama tabe olar. İmam salam veribsə, bu dördüncü rükəti öz başına heç bir şey oxumadan, imamın arxasındaymış kimi tamamlayar. Çünki lahiq hökmən imamın arxasında namazını qılmış sayılar. İmama uyanın dəstəmazı üçüncü rükətdə pozulsa, dəstəmaz aldıqdan sonra dördüncü rükətdə imama çatsa, öncə qiraətsiz olaraq üçüncü rükəti qılar. Sonra imama uyar, onunla dördüncü rükəti qılaraq salam verər. Fəqət imama bu şəkildə çatmayacağını anlayarsa, dərhal imama tabe olar, imam salam verəndən sonra qalxaraq üçüncü rükəti qiraətsiz olaraq qılar. İmam səhv səcdəsi edəcək olsa, lahiq hələ namazını tamamlamayıbsa imamla bərabər bu səcdələri etməz. Gözləyər, namazını tamamladıqdan sonra səhv səcdələri yerinə yetirər. Ayrıca imama birinci rükətdə çatmayan şəxs, çatmadığı rükətlər baxımından məsbuq (sonradan camaata yetişərək imama tabe olan şəxs) olduğu kimi, çatdığı rükətlərdən birində ortaya bir mane çıxarsa lahiq sayılar. Belə vəziyyətlərdə məsbuq və lahiqin hökmü eyni şəxsdə birləşər. Əskik rükət və ya rüknləri tamamlayarkən məsbuq və lahiq hökmlərini gözləyər.

Camaat namazının savabından məhrum olmamaq üçün lahiqin hökmlərini yerinə yetirməyin faydaları ilə yanaşı, yuxarıdakı xüsusiyyətlərə diqqət etməyin bəzi çətinlikləri də vardır. Buna görə belə vəziyyətdə olan şəxsin namazı yenidən qılması daha uyğundur.




Şərh yaz