- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Kimlər fitrə verməlidir?

Sual: Fitrə vermək kimlərə vacibdir?

Cavab: Fitrənin vacibliyi üçün lazımi şərtlər bunlardır: İlk növbədə fitrə verməklə məsul olan şəxs müsəlman olmalıdır. İkinci şərti bir şəxsin fitrə sədəqəsi ilə məsul olması üçün imkanlı olmalıdır. Belə ki, hənəfilərə görə fitrə sədəqəsinin vacibliyi üçün insanın ramazan bayramının birinci günü təməl ehtiyaclarından başqa nisab miqdarı mala sahib olmalıdır. Zəkat nisabından fərqli olaraq, sahib olunan malın “artan” (name) olması və üstündən bir ilin keçməsinə ehtiyac yoxdur. Təməl ehtiyaclar ev, paltar, ev əşyası, minik, silah, qulluqçu, ailənin bir illik xərcləri və borclarıdır. Nisab miqdarı iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl (80 qr qızıl), yaxud da bunların qiymətinə bərabər olan bir maldır. Şafei, maliki və hənbəlilərə görə isə, fitrə sədəqəsinin vacibliyi üçün varlı olmaq meyarı olan nisaba malik olmaq şərt deyil.
Təməl ehtiyaclardan başqa bayram günü və gecəsinə kifayət edəcək miqdarda azuqəyə sahib olmaq kifayətdir. Üçüncüsü; bir şəxsin özündən başqa birinin fitrə sədəqəsini verməklə məsul olması üçün, o şəxsin qəyyumu və ya ona baxmaqla məsul olmalıdır. Dördüncü şərt fitrə sədəqəsinin vaxtı məsələsidir. Belə ki, hənəfilərə görə fitrə sədəqəsi Ramazan bayramının 1-ci günü dan yerinin ağarması ilə vacib olur. Hənəfilərdən başqa üç məzhəb imamına görə, fitrə ramazan ayının son axşamı günəşin batmasından etibarən vacib olur.  Fəqihlər fitrənin bayram günü dan yeri ağardıqdan sonra və namaz qılınmazdan əvvəl verilməsinin müstəhəb olduğunda həmrəydir. Qeyd etmək lazımdır ki, bir üzr səbəbilə oruc tuta bilməyən müsəlman da imkanı olduğu təqdirdə fitrədən məsuldur. Xəstə, yolçu və çox yaşlı insanlar kimi.

Yuxarıdakı şərtlərə baxılacaq olursa həmən hərkəs özü və ailə üzvləri adına fitrə verməlidir. Hər nə qədər bayram günü səhər tezdən verilməsi müstəhab olsa da, ethtiyac sahiblərinin də bayram hazırlıqlarını nəzərə alaraq qabaqcadan verilməsi daha yaxşı olardı.

Dr. Anar Qurbanov