11. 065 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bu kəlimələri gündəlik həyatda çox işlədirik. İslam nə deməkdir? Kimlərə dindar, mömin deyilir? Dəyanət sözünün mənası haqda açıqlama verə bilərsinizmi?

İslam “silm, səlamət” sözündən törəyib, “qulun Allaha təslim olması, Onun əmrlərinə boyun əyməsi, təhlükəsiz yola daxil olaraq əmin-amanlığa doğru getməsi, hər kəsə, hətta hər şeyə əmin-amanlıq duyğusu aşılaması, əlindən, dilindən heç kimin narahat olmaması” mənalarını bildirir.

İslam dini ilahi bəyanlara istinad edən və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) tərəfindən təbliğ və təmsil edilib yaşanan və yaşadılan səmavi dinin adıdır.

İslam dini etiqadi (inanc əsasları), əməli (ibadətlər, müaməlat və üqubat) və əxlaqi hökmlərdən ibarətdir. Məhz din İslamın bütün hökmləri, şöbə və fəsilləri ilə həyata can verməsinin ilahi ünvanıdır. Beləliklə, dini sadəcə inancdan ibarət görənlər aldanmış sayılırlar.

İslamın təməli və başlanğıcı iman və izandır (anlama). Yəni Üluhiyyət həqiqətinə şübhəsiz inanıb könülü Haqqa bağlamaqdır. Zirvəsi də mükəlləfiyyətlərini, Onu görürmüş kimi və Onun tərəfindən görüldüyünü hiss edərək böyük həssaslıqla yerinə yetirmək (ehsan) və etdiyi/edəcəyi hər işini Allahın razı qalacağı şəkildə həyata keçirməyə çalışmaqdır (ixlas). Bu, İslam həqiqətinin icmali ifadəsidir.

Dəyanət – dini həyat tərzinə çevirib yaşamaq deməkdir. Müslim, Müsəlman İslamın əmrlərinə təslim olan, boyun əyən, əmin-amanlığı təmsil edən insan deməkdir. Bu adı Qurani-Kərimdə Allah-Təala vermişdir:  “Bundan əvvəl də, bu Quranda da sizə Müsəlman adını verən Odur”. (“Həcc” surəsi, 22/78) Demək, Müsəlmana “İslamçı” demək doğru deyil.

Mömin əmin, etibarlı və güvənilən, Allaha inanıb Onu təsdiq edən, vicdanən etiraf edən və qəlbən anlayan insan deməkdir. Xüsusi mənası ilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gətirdiyi dinə inanıb, təsdiq edən kimsədir. Mömin ilə Müslim sözləri aralarında nüans fərqlilikləri olmaqla yanaşı, bir-birinin yerində istifadə edilir.

Bu məfhumları bir az açıqlayaq: mömin – sağlam fikirli, bəsirət və fərasəti, vəhy ilə nurlanmış təmiz ağlı, əngin və obyektiv anlayışı, sağlam və geniş fikri, mükəlləfiyyətlərində həssas və məsuliyyətli olması, pisliklərə qarşı əzm və müqavimət göstərməsi, ömrü boyu zirvələrə can atması və zirvələri hədəf seçməsi, hər vaxt canlı saxlaya bildiyi hissi, şüuru və iradəsi, hər şeyin mahiyyətinə nüfuz edə bilmə xüsusundakı sezmələri və hadisələri şərh etməkdəki dərin idrakı, Allaha etimad edib güvənməsi və insanlar arasında etibarlı insan kimi tanınması, Haqqı könüldən təsdiq edib hər vaxt Ona qarşı vəfalı qala bilməsi, əmanətə xəyanət etməməsi və hər kəsin onu etibarlı insan kimi xatırlaması, xatırlanıb ümum cəmiyyət tərəfindən qəbul edilməsi, hər yerdə Haqqın yad edilməsinə vəsilə olması və yanına yaxınlaşanları halı ilə, dili ilə Ona istiqamətləndirməsi baxımından “mütləq zikr kamalına məsrufdur”* əsasına görə təsdiq, izan (bəsirət) və təmsil qəhrəmanıdır.

Dindar İslam dinini inanc, əməl və əxlaq olmaqla, bütün şöbə və qollarına inanaraq yaşayan, təmsil edən insana deyilir. Belə bir insana “dinçi” demək yanlışdır.

İmansız əməl nifaq (münafiqlik, ikiüzlülük), əməlsiz iman da fisqdir (fasiqlikdir). Nifaq gizli küfrdür, bağışlanması çətin məsələdir, fisq, ya da fücur (günah işləmək) tövbə, istiğfar və yenidən Haqqa yönəlməklə  hər vaxt bağışlanması ehtimal daxilindədir. Beləliklə, bir kimsə əməl etməsə də, dinə inansa, əhəmiyyətsiz yanaşmasa, onu inkar etməsə, həmin insan haqqında müsbət düşünmək və ona “kafirlik” damğası vurmamaq lazımdır. Əksinə, bir kimsə əməl etməməklə yanaşı, Müsəlman olduğuna görə inananları təhqir etsə, əlbəttə ki, onun barəsində eyni şeyləri düşünmək mümkün deyil.

Allah həm bu dünyada, həm də axirətdə insanı həqiqi və daimi rahatlığa, əzabsız ləzzətə aparan bir yol xəritəsini Peyğəmbərimizin (əleyhissalatu vəssalam) təbliğ və təmsili ilə bəşəriyyətə lütf etmişdir. İslam bu bənzərsiz lütfün, ehsanın adıdır. Bu dində sağlam ağıl və müstəqim düşüncələrə görə, bəşər övladının arzu, istək və ümidləri ilə bağlı hər hansı bir boşluğun olmaması ilə yanaşı, ilahi qanunlar və onların izahında da heç bir ziddiyyətə rast gəlinmir. Bundan başqa, üxrəvi səadət, Haqqın rizası və Allahı görə biləcəyimiz vədləri ilə o, mahiyyətlərimiz, qabiliyyətlərimiz, əməllərimiz və təmayüllərimizə görə planlanmış müstəsna ilahi sistemdir.

 

* Bir məfhumdan bəhs edildikdə orada konkret dərəcə bildirilməyibsə, ən mükəmməl olan nəzərdə tutulmuş sayılır. Məs: Müsəlman deyildikdə kamil müsəlman nəzərdə tutulur. və s. (tərc.)

”  Müsəlmanın Yol Xəritəsi” adlı kitabdan iqtibas olunmuşdur




Şərh yaz