1. 228 dəfə oxunub ,   0 şərh   Çap et

İqtisad (qənaət) həddi aşmamaq, ifrata varmamaq, ehtiyacdan az və ya çox xərcləməkdən qaçınmaq, mötədil olmaq və orta yolla hərəkət etmək mənalarına gəlir.

İqtisadın (qənaət) əksi israfdır. İsraf isə neməti lazımsız yerə xərcləmək, istehlakda ifratçılıq, həddən artıq yemək, içmək və Allah-taalanın lütf etdiyi nemətləri boş yerə sərf etmək deməkdir.

İzzətə vəsilə… zillətə səbəb…

İslamiyyət həm yemə-içmə, geyim-kecim, maşın, ev və əşya kimi maddi ehtiyacların təminində, həm də İlahi ehsan kimi verilən hər cür ruzidən istifadədə ifratçılıqdan çəkinməyi və orta yoldan ayrılmamağı əmr etmiş, bədxərclik xəstəliyindən, dəbdəbə hərisliyindən və lüks həyat həvəsindən qaynaqlanan hər cür israfı qadağan etmişdir.

İqtisad (qənaət) hər şeydən əvvəl mənəvi şükürdür, çünki qənaətkar insan Həqiqi Munim olan Allaha, dolayısilə Onun verdiyi nemətlərə ehtiramla yanaşar, bu nemətlərin mənbəyində dayanan İlahi mərhəməti daha yaxşı dərk edər, Həqiqi Rəzzaqı tanımaqdan doğan ülvi duyğular sayəsində nemətlərdən daha çox ləzzət alar, bəxş edilən o qiymətli hədiyyələri hədər etməkdən qaçınar, onlardan ehtiyac çərçivəsində istifadə edər. Beləcə, həm, bir mənada, mütəmadi pəhriz saxlayıb mötədil həyat sürdüyü üçün sağlam olar, həm Allah-taalanın verdiyinə qənaət edərək onları düzgün istifadə etdiyinə görə başqalarının əlinə baxma zillətindən qurtulub izzətini qoruyar, həm də bu mənəvi şükürə bir mükafat olaraq bərəkət gətirən qənaət sayəsində bol nemətlərə qovuşar.

İsraf isə nemətlərə və onları verənə hörmətsizlik olduğu kimi, qənaətsizlik, hərislik və zillət kimi mərəzlərin də mənbəyidir. Çünki bədxərc adam Allahın verdiyinə və alın təri ilə əldə etdiyinə qane olmaz, daha çoxunu istəyər, şükür deyil, daim şikayət edər, halal ruzini az görər, zəhməti az qazancı çox olanın – halal-haram olmasına baxmadan – dalınca düşər, hətta o yolda izzət və şərəfini də ayaq altına atar. Beləliklə, iqtisad (qənaət) nemətin artmasına və mütəmadiliyinə, izzətli həyata mühüm bir vəsilə olduğu kimi, israf da bərəkətin kəsilməsinə və zillətə aparan mühüm bir səbəbidir.

Şeytana qardaşlıq

Qənaət edən insan Allahın xoşnudluğuna və dostluğuna layiq bəxtiyar bir quldur, bədxərc isə bu yolda ancaq İblisə dost, şeytanlara qardaşdır. Necə ki “Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver, ama qətiyyən sağa-sola sovurma. Çünkü bədxərclər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur” (“İsra” surəsi, 17/26-27) məallı ayə bu həqiqətdən bəhs edir.

Bəli, Qurani-Kərim sağa-sola sovurmağı qadağan edərək bədxərcliyi şeytani xüsusiyyət kimi təsvir edir. Bədxərclik az və ya çox xərcləmə ilə deyil, hara xərcləməklə bağlıdır. Bu baxımdan sağa-sola sovurmaq ifadəsi ilə “yanlış yerlərə xərcləmək” nəzərdə tutulur. İslam alimlərinə görə bir insan bütün malını-mülkünü Allah yolunda infak etsə də, bu, bədxərclik sayılmaz, ancaq qeyri-məşru bir işə xərclədiyi bir qəpik “sağa-sola sovurmaq” olar.

O qədər neməti görməməzliyə vurmaq şükür əvəzinə həmişə şikayət edən, payına düşənə razı olmayıb böyük bir hərisliklə daha çox istəyən və bütün ilahi ehsanlardan sui-istifadə edərək həddini aşan şeytan kimi, bədxərc insan da nankorluq etdiyinə görə verilən nemətləri kiçik görər, onlara şükür etmək əvəzinə, şikayət edər, qiymətini bilmədiyi nemətləri qeyri-məşru və faydasız işlərdə rahatca göyə sovurar, dolayısilə neməti inkar etməkdə, nankorluqda, həddi aşmaqda və israfçılıqda İblisə yoldaş, şeytanlara qardaş olar.

Orta yol

Halbuki, İslam bədxərcliklə xəsislik arasında orta yolu göstərmiş, nemətin qədrini bilərək ona şükür etməyin zəruriliyini ortaya qoymuş və şükrün mahiyyətini: “bəxş edilən duyğu, düşüncə və orqanlardan yaradılış məqsədinə uyğun istifadə etmək”, şəklində izah etmişdir. Beləliklə, inanan insanlar bir tərəfdən neməti ora-bura səpələməkdən çəkinməli, digər tərəfdən də heç vaxt xəsislik etməməli, israfdan qaçınmalı, amma Haqq yolunda infak etməyə də can atmalı və ona bəxş edilən bütün nemətləri Allah-taalanın rizasını qazqanmaq üçün bir vasitə kimi dəyərləndirməlidir.

Qurani-Kərim də məhz bu “orta yol”a və müstəqim istiqamətə işarə etmiş və “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa, həm qınanarsan, həm də peşman olarsan” (“İsra” surəsi, 17/29) buyurmuşdur. Üstəlik “Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”(“Furqan” surəsi, 25/67) deyərək mötəbər qulların bu vacib xarakterini vurğulamışdır.

Mövzunun başında da qeyd edildiyi kimi, israf anlayışını təkcə yemək-içmək, mal-mülk və maddi imkan kimi başa düşməmək lazımdır. İsrafın çərçivəsini daha geniş götürmək və maddi-mənəvi hər cür nemətin yaradılış məqsədinə zidd istifadə olunmasına, hədər edilməsinə bədxərclik kimi baxmaq əhəmiyyətlidir. Dolayısilə, geyim-kecimdə, mənzildə və evin döşənməsində yol verilən bədxərcliklə yanaşı, zaman, səhhət və s. nemətlərin qədrini bilməmək də israf sayılır.

Xülasə

  • İslamiyyət həm yemə-içmə, geyim-kecim, maşın, ev və əşya kimi maddi ehtiyacların təminində, həm də İlahi ehsan kimi verilən hər cür ruzidən istifadədə ifratçılıqdan çəkinməyi və orta yoldan ayrılmamağı əmr etmişdir.
  • İnsan Allah-taalanın verdiyinə qənaət edərək onları düzgün istifadə etdiyinə görə başqalarının əlinə baxma zillətindən qurtulub izzətini qoruyar, həm də bu mənəvi şükürə bir mükafat olaraq bərəkət gətirən qənaət sayəsində bol nemətlərə qovuşar.
  • İslam bədxərcliklə xəsislik arasında orta yolu göstərmiş, nemətin qədrini bilərək ona şükür etməyin zəruriliyini vurğulamışdır.



Şərh yaz