Aylıq namaz vaxtları
1. 845 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bu gün ictimai fəlakətə çevrilən intihar hadisələrinə İslam nə cür yanaşır? İnsanın həm dünyasını, həm də axirətini fəlakətə sürükləyən intiharın səbəb və amilləri nələrdir?

Cavab: Qurani-Kərimdə intihar barədə konkret ayə olmasa da, insan öldürməklə bağlı verilən hökmü intihara da şamil edə bilərik. Çünki cana qıymaq cinayət olduğu kimi, bir insanın öz canına qəsd etməsi də bir cinayətdir.

Uca Allah (cəllə cəlaluhu): “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.” (“Maidə” surəsi, 5/32) buyuraraq bir cana qıymağı bütün insanları öldürməyə bərabər tutur.

Digər tərəfdən bir insanın qorumaqla mükəlləf olduğu beş əsasdan biri də öz nəfsidir (canıdır). Hətta demək olar, (Şatibinin də “Müvafiqət” əsərində müəyyən bir sistemə saldığı kimi) bütün hüquq sistemi “üsuli-xəmsə” adlanan nəfs, din, mal, ağıl və nəslin hifzi əsasında qurulmuşdur. Üstəlik bu əsasların ilk sırasında nəfsin hifzi dayanır. Odur ki insan dinini, vətənin sərhədlərini, ismət və namusunu, azadlığını, malını qoruduğu kimi canını da qorumaqla mükəlləfdir. Canın qorunması o qədər mühüm, o qədər vacibdir ki, müəyyən hallarda canın müdafiəsi üçün qarşı tərəfin canına müdaxilə etməyə belə icazə verilmişdir.

Can Allahın insana verdiyi mühüm bir əmanətdir. Yəni necə ki iman, diyanət, dinə xidmət əmanətdir, bütün bu dəyərlərin daşıyıcısı sayılan can da bir əmanətdir. Çünki həyat olmasa, bunların heç biri mümkün deyildir. Odur ki, bir insanın öz iradəsi ilə özünə qıyması nəfsə aid bəzi əmanətləri daşımaqla mükəlləf olan canı öldürmək deməkdir.

İnsan eynilə bir əsgər kimi dünyaya gəlir, əlinə “silah” verilir və bir vəzifə tapşırılır. Odur ki, insan gərək “Gəl!” dəvəti gələnə qədər səbir etsin. Necə ki əsgər komandir tərxis haqqında sənədə qol çəkmədən bölüyündən çıxıb getsə, fərari sayılır, eləcə də Həyatın Sahibi tərxis sənədini imzalamamış həyatından imtina edən insan da fərari sayılır və bütün əməlləri puç olur. Nəinki intihar etmək, çətinliklərə dözməyib Cənabi Allahdan ölüm istəmək belə günahdır. Çünki bu istək Allah-taalanın qəzavü-qədərinə üsyandır. Buna görə də, dilindən bu kimi sözlər çıxan adam dərhal bir kənara çəkilib başını yerə qoymalı, “Allahım məni bağışla. Çünki Sənə qarşı cinayət işlədim” deməlidir. Əgər bu hərəkət günahdırsa, dünya əsgərliyindən tərxis almağı gözləmədən tərxisə müdaxilə etməyə cəhd göstərmək də Allaha qarşı böyük hörmətsizlikdir. Çünki bu məsələdə hökm haqqı Ona aiddir. Dünyaya gətirən də, axirətə göndərən də Odur. Heç bir bəşərə bu məsələdə müdaxilə hüququ verilməmişdir.

İnsan nəfsini, dinini və malını qoruyarkən həyatını itirə bilər. Bu cür hadisələrdə zahirən insanın müdaxiləsi görünsə də, əslində bu, Cənabi Allahın əmri ilə axirətə köçməyin adı və ünvanıdır. Zira bir hədis-şərifdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Kim malı uğrunda öldürülsə, şəhiddir, kim dini uğrunda öldürülsə, şəhiddir, kim nəfsi (canı) uğrunda öldürülsə, şəhiddir və kim ailəsi uğrunda öldürülsə, o da şəhiddir.” (Tirmizi, Diyət 22; Nəsayi, Təhrimud-dəm 23) Dolayısilə, bu kimi hallarda ölmək bir mənada Onun tərxisə qol qoyması deməkdir.

Bəzi fiqh alimləri intihar edən insanı mürtəd kimi götürərək cənazə namazının qılınmaması barədə hökm vermişlər. Ancaq müvəqqəti ağlını itirən bir insanın belə bir vəziyyətdə intihara cəhd göstərmə ehtimalı da var. Belə insan ümumiyyətlə nə etdiyini dərk etmir. Odur ki, intihar edən insanın hansı səbəbdən canına qəsd etdiyini və məsələnin mahiyyətini bilmədiyimizə görə, belə insanlar haqqında hüsnü-zənn edərək dinin əmr etdiyi şəkildə dəfn etməli, cənazə namazını qılıb onlar barədə gözəl şahidlik etməliyik ki, bunda heç bir qəbahət görmürəm.

Bəzən elə olur ki, şiddətli ağrılar insanı intihara sürükləyir. Belə ki, Peyğəmbərimizin dövründə də belə bir hadisə baş vermişdir. Uhud döyüşündə ağır yaralanan Quzman bu ağrıya dözə bilməyib qılıncının iti ucunu sinəsinə dayayaraq var-gücüylə özünü üstünə salıb intihar edir. Bu hadisədən xəbər alan Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhissalatu vəssalam) “O, odda yanacaq!” buyurur. Təsəvvür edin ki, Peyğəmbər önündə vuruşan, yaralanan, az qala şəhid olan bir insanın bütün əməlləri ağrıya tab gətirə bilməyib özünü öldürdüyünə görə hədər gedir. Bəli, o, Allahın qərarını gözləmədən özü haqqında özü qərar vermiş, tərxis sənədini götürüb vaxtından əvvəl doldurmuş, axırda da cəhənnəmlik olmuşdur.

Halbuki inanan insan belə hallarda dişini sıxıb səbr etməlidir. İnsan nə olur-olsun Allah “Gəl!” deyənə qədər dözməli və Cənabi Allahın muradı ilə ruhunu təslim etməlidir. Başqa sözlə, insan öləndə belə İlahinin muradını nəzərə almalıdır. Qurani-Kərimdə keçən: “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman müsəlman kimi ölün!” (“Ali-İmran” surəsi, 3/102) məallı ayə intiharın yasaq olduğuna da işarə edir. Çünki Allaha təslim olmayan insan intihar yolunu seçir. Halbuki ayədə buyurulur ki: “Başqa cür deyil, yalnız Allaha təslim olaraq (Müəlman kimi) ölün”. Üstəlik, bir insan öz canına qıymaqla bütün keçmişini puç edir ki, bu da təhlükəli bir əməllə ölmək deməkdir.

Dəhşətli cinayət kamikadze

İlk dəfə Qərbdə, daha sonra, təəssüflər olsun ki, bəzi müsəlman ölkələrində ortaya çıxan və adına kamikadze deyilən bir intihar üsulu da var ki, hadisəni törədənlər bunu “dəyərli intihar” kimi xarakterizə edib onun bir “missiya”ya xidmət etdiyini göstərməyə çalışırlar. Başqa sözlə, öz ideologiyası uğrunda bu cür intihara əl atanlar onun dəyərli olduğunu irəli sürür və bununla dinini, diyanətini qorumağı fikirləşirlər. Halbuki məsələnin həqiqətinə baxanda, bu canlı bombaların yuxarıda bəhs etdiyimiz intihardan heç bir fərqi yoxdur. Hətta bu cür intiharlar daha böyük bir cinayətdir. Çünki insanlıqla əlaqəsi olmayan və dinin ruhundan bixəbər bu qafil canilər intihar edərək həm özlərini Cəhənnəmə atır, həm də məsum insanların ölümünə səbəb olurlar. Dolayısilə, onlar təkcə özlərinə görə deyil, uşaq, qadın, kişi, müsəlman, qeyri-müsəlman – qanını tökdüyü bütün insanlara görə Allaha hesab verəcəklər. Çünki İslamda istər sülh, istərsə də müharibə şəraitinin öz qanun və prinsipləri var. Nə kiminsə sülh şəraitində özbaşına müharibə elan edib insan öldürməyə, nə də müharibə meydanında qarşı cəbhənin uşaq, qadın və yaşlılarına silah çəkməyə haqqı var.

Məsələyə hansı cəhətdən yanaşılır-yanşılsın, kamikadze və bu kimi terror aktlarını müsəlmanlıqla izah etmək mümkün deyil. Peyğəmbərimiz bir hədisi-şərifində buyurur: “Qul mömin ola-ola zina etməz, mömin ola-ola içki içməz, mömin ola-ola oğurluq etməz, mömin ola-ola insan öldürməz” (Nəsayi, Qasamə 48, 49). Bu hədisdən belə bir nəticə çıxır ki, qatil bir cana qıyanda əslində möminlikdən çıxmış olur. Başqa sözlə, bu günahları işləyən insan o anda halı, fikirləri və niyyətinə görə “müsəlman” deyildir. Bəli, həmin cinayət anında o insanın surətini böyüdüb baxsanız, qarşınıza müsəlmana bənzəməyən və islami çərçivəyə sığmayan bir canlı görərsiniz. Bir də təkrar edək: canlı bomba olub günahsız insanların qanını tökən adam hansı ölkəyə və hansı cəmiyyətə mənsub olur-olsun, bu cinayətin müsəlmanlıqla heç bir əlaqəsi yoxdur. Bu qədər məsumun qanını tökən insanın o biri tərəfdə vay halına. Şübhəsiz, əgər bu cinayətin ortaqları tövbə və istiğfarla Allaha yönəlsə, Cənabi Haqq onu bağışlaya bilər. Ancaq Allah bilir, axirətdə ona necə münasibət göstərəcəklər.

Digər tərəfdən belə cinayətlər İslamın nurlu çöhrəsini qaraldır, İslamın o pak çöhrəsinə ləkə yaxır. Çünki İslamın mahiyyətindən bixəbərlər müsəlman simasıyla və din adı ilə törədilən bu cinayətləri dərhal İslamın üstünə yıxırlar. Dolayısilə, bu yanlış düşüncəni düzəltmək xeyli zəhmət ətələb edir. Bəli, İslam haqqında bu yanlış düşüncəni dəyişdirmək üçün illərlə zəhmət çəkmək lazımdır. İntiharı kim edir-etsin, kamikadzelik qat-qat böyük bir cinayətdir. Burada İslamı yaxından tanımayan bir neçə nəfər mənə sual verdi ki: “Müsəlmanları kamikadzeliyə sövq edən Cənnət arzusudur?” Onlara belə cavab verdim: “Əgər bu insanlar belə düşünürlərsə, səhv düşünürlər. Çünki bu cinayəti törədən Cənnətə deyil, guppultu ilə Cəhənnəmə düşər”.

Xülasə, kamikadze adlanan bu qorxunc cinayəti dinin üstünə yıxmaq məsələni daha da təhlükəli hala gətirir. Bir də təkrar edək ki, bu vəhşət hansı niyyətlə törədilir-törədilsin, Allahın sevmədiyi və razı olmadığı bir əməldir və İslamla heç bir əlaqəsi yoxdur.

***




Şərh yaz


(gərəkli)