- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İnsanları günaha çəkən varlıqlar − şeytanlar

“Şeytan” sözünün lüğəvi mənası haqqında iki fərqli fikir mövcuddur. Birinci fikrə görə, “ş-t-n” kökündən əmələ gəlib, “uzaq olmaq, müxalifət etmək”, ikinci fikrə görə isə, “ş-y-t” kökündəndir, “qəzəblə yanmaq” mənasını verir. İslami ədəbiyyatda isə şeytan vəsvəsələri ilə daima insanları yoldan azdırmağa çalışan, oddan yaradılmış, azğın və təkkəbbürlü varlıqlara verilən addır.

Quranda ilk şeytandan “İblis” deyə bəhs edilir və “O (yəni iblis), cinlərdən (cin tayfasından) idi. O, Rəbbinin əmrindən çıxdı”[1] buyurularaq, əslində, onun bir cin olduğu bildirilir. İblisin cin olduğunu göstərən başqa bir dəlil isə onun da digər cinlər kimi oddan yaradıldığının bəyan edilməsidir[2].

Bir zamanlar mələklərin içərisində yer alan bu ilk və ən böyük şeytan − İblis sonradan təkəbbürünə məğlub olub Allaha asi çıxmışdır. “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, təkəbbürlənərək (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”[3] ayəsi bu həqiqəti göstərir.

Şeytan məntiqsizlik “məntiq”i ilə Allah-Təalanın “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” sualına “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”[4] şəklində cavab vermişdir. Buradan belə qənaət hasil olur ki, İblisin yaradılması onun iradəsi xaricində, şeytanlaşması isə öz iradəsi və xətası ilə olmuşdur.

Şeytanın yaradılmasında məqsəd nədir?

Əlbəttə, heç bir dəyəri və qiyməti olmayan bu lənətlənmiş varlığı Allah-Təala hikmətsiz və səbəbsiz yaratmamışdır. Bu səbəblərdən biri, bəlkə də, ən birincisi onun cinlərin və insanların mənəvi yüksəliş, və ya tənəzzülündə oynadığı roldur.

Uca Yaradan şeytanı insanın səbəblər dünyasında mənən yüksəlib tərəqqi etməsi və kamilləşməsinə bir vəsilə etmişdir. İnsan fitrətindəki bir çox duyğuların inkişafı şeytanla mücadilədən asılıdır. Bu da bir həqiqətdir ki, mücadilə və mübarizə olmayan yerdə irəliləyiş də olmaz. Belə ki, şeytanlarla mücadilə xüsusiyyəti daşımayan mələklərin məqamı sabitdir, onların mənəvi yüksəlişindən söz gedə bilməz.

Sərçənin arxasınca düşən qırğı istər-istəməz onun daha sürətli uçmağı öyrənməsinə səbəb olduğu kimi, şeytanlar da özləri istəməsələr belə, insanların mənəvi yüksəlişinə bir növ səbəb olurlar. İnsanlar şeytanla apardıqları mücadilələrdə əldə etdikləri uğurların sayəsində və təbii ki, Allahın inayəti ilə mənən kamilləşib Cənnəti qazanırlar. Allahın verdiyi istedad və qabiliyyəti şeytanın təlqin və istəklərinə uyğun işlədənlər isə Cəhənnəmə layiq olurlar.

Nə inkarçıların, nə də inananların “şeytan niyə yaradılıb?”, yaxud “şeytan yaradılmasa idi, daha yaxşı olmazdımı?” deyə etiraz etmək haqları vardır. Birincisi, Yaradana və Onun (c.c.) bəyanlarına inanmayan bir insan inanmadığı şeylərə etiraz etməkdə haqlı deyil. İnanan insan isə Onun (c.c.) hökmünə canla-başla təslim olar. Bu kainat kimi yoxdan var edilən biz insanların Uca Yaradandan haqq tələb etməyə haqqı yoxdur. Çünki biz Ona (cəllə cəlaluhu) bir şey verməmişik ki, Ondan bir şey istəməyə də haqqımız çatsın. Elə isə bizim vəzifəmiz Rəbbimizin əmr və qadağalarına riayət eləmək, saysız-hesabsız nemətlərin əvəzində həmd-səna və şükürlə ilahi dərgaha yönəlməkdir.

İnsi və cinni şeytanlar

İnsanları İblis kimi haqq yoldan azdırmağa çalışan digər kafir cinlərə də şeytan deyilir. Hətta Qurani-Kərim insanları inkara sövq etmək və hər bir batil düşüncəni təlqin etmək kimi ortaq xüsusiyyətinə görə şeytanları insi və cinni olmaqla iki qrupa ayırır. Məsələn: bir ayədə belə buyurulur: “Beləcə, Biz hər peyğəmbər üçün ins və cin şeytanlarından düşmənlər yaratdıq”[5]. Fərq ondadır ki, insi şeytanlar bizi Allahdan və Onun hökmlərindən aşkar surətdə uzaqlaşdırmağa çalışır, cinni şeytanlar isə vəsvəsə və təlqinlərini görmədiyimiz yerlərdən yeritməyə cəhd edirlər. Bir ayədə İblis və onun həmcinslərini − şeytanları bir yerdə görürük:

“Şübhəsiz ki, o və onun tayfası sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik”[6].

Bir İslam alimi bu ayəni mükəmməl şərh edir:

“Şeytan və onun tayfası elə hey insanların zəif cəhətləri ilə məşğul olur və onları Allahdan uzaqlaşdırmağa çalışır. Şeytanın insanı azdırmaq üçün istifadə etdiyi ən kəsə yol, məsələn, şəhvət oxudur. Çünki şəhvət insanın iradəsini zəiflədən və onu şeytanın oyuncağına çevirən ən təhlükəli silahdır. O, insanlara başqa hiylələrlə də yaxınlaşır, ancaq insanlar bir çox hallarda bunu görə və sezə bilmirlər. Çünki şeytan insanlara onu görmədikləri yerlərdən, yəni onların zəif cəhətlərindən, xarakterlərindəki boşluqlardan izləyir. İnsanlar onun tayfasını da görə və sezə bilmir. Çünki şeytanın tayfası elə yerlərdə pusqu qurub ki, onları görüb hiss etmək müşkül məsələdir. Gözlənilməz bir anda insana öldürücü zərbə endirə bilərlər. Bu ayədə həmçinin: “Biz şeytanları iman gətirməyənlərin dostları etdik” deyə buyurulur, yəni insanın imanı nə qədər qüvvətlidirsə, şeytanla o qədər güclü mübarizə apara, şeytani təlqinlərə o qədər müqavimət göstərə bilir. Əksinə, inanc zəiflədikcə şeytanla dostluq bağları möhkəmlənir”.


[1] “Kəhf” surəsi, 18/50.

[2] “Əraf” surəsi, 7/12.

[3] “Bəqərə” surəsi, 2/34.

[4] “Əraf” surəsi, 7/12.

[5] “Ənam” surəsi, 6/112.

[6] “Əraf” surəsi, 7/27.