- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İnsana nə vaxt ruh verilir?

Sual: Ana bətnindəki körpəyə nə vaxt ruh verilir?

Cavab: Quranda insanın yaradılışı haqqında belə buyrulur:

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun surəsi, 23/12-14)

İnsana nə vaxt ruhun verilməsi haqqındakı hədislər belədir:

“Sizin yaradılışınız ananızın qarnında qırx gündə formalaşır. İkinci qırx gün ərzində laxta qan formasına düşür. Növbəti qırx gündə isə ətə çevrilir. Bundan sonra Allah bir mələk göndərər və mələk ona ruh üfürər. Mələyə dörd şey – ana bətnindəki canlının ruzisi, əcəli, əməli və yaxşı və yaxud pis insan olacağını yazmaq əmr edilər.” (Buxari, Bədul-xəlq 6, Ənbiya 1. Qədər 1; Müslim, Qədər 1. Əlavə olaraq bax: Əbu Davud, Sünnə 16; Tirmizi, Qədər 4; İbn Macə, Müqəddimə 10) 

“Nütfə ana bətnində qırx və ya qırx beş gecədə yerləşdikdən sonra bir mələk gələrək: “Ey Rəbbim! Bu şaki yoxsa said olacaq?” – deyə soruşar və bu yazılar. Mələk yenidən, “Ey Rəbbim! Erkək yoxsa dişi olacaq?” – deyə soruşar və bu yazılar. Həmçinin əməli, əcəli, ruzisi də yazılar. Sonra yazı tamamlanar. Heç nə dəyişdirilməz və əlavə edilməz”. (Müslim, Səhih, Kitabul-Qədər, 1, Hədis No: 2644, IV/2037; Əhməd ibn Hənbəl, Müsnəd, IV/7.)

“Nütfə ana bətninə düşəndən sonra Allah bir mələk göndərir. Mələk ona surət verər, qulaq, göz, dəri, ət və sümüklərini yaradar. Sonra, “Ey Rəbbim! Erkək yoxsa dişi olacaq?” – deyə soruşar. Rəbbi istədiyini deyər və mələk yazar. Sonra, ruzisini soruşar və onu yazar. Axırda mələk yazılan səhifələrlə çıxar. Əmr edilənlərin üzərinə əlavə heç nə yazılmaz və dəyişdirilməz”.  (Müslim, Səhih, Kitəbul-Qədər, 1, Hədis No: 2645, IV/2037.)

 “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman surəsi, 31/34)

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (Şura surəsi, 42/49-50)

Qırx gündə mələyin gəldiyi, 120-ci gündə də ruh üfləndiyi hədislərdə bildirilir.