Aylıq namaz vaxtları
3. 080 dəfə oxunub ,   0 şərh   Çap et

İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara  verməsidir.

 “Bəqərə” surəsində Quranın müttəqilər üçün bir hidayət rəhbəri olduğu deyilir. Daha sonra da müttəqilərin fəzilətindən bəhs edilir: “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəzaqədərə) inanır, (layiqincə) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər[1]. Allah-Təala ayədəki “razəqnə” ifadəsi ilə bildirir ki, infaq etməklə mükəlləf olduğumuz mal-mülkümüzü bizə Rəbbimiz verib. İnsana  hər şeyi lütf edən Uca Allah ondan bircə şey istəyir: Mənim verdiyim nemətləri yenə Mənim yolumda xərcləyin.

Namaz ibadəti bədənin, oruc ruhun, infaq da sahib olduğumuz malın haqqıdır.

İnfaq möminin şüarıdır

Həyat mal-mülk yığmaq üçün deyil, axirət səadətini qazanmaq üçündür. Buradan göndərdiklərimiz orada qarşımıza Cənnət nemətləri şəklində çıxacaqdır. İnsan malı ilə də axirət səadətini qazanmağa səy göstərməlidir. Böyük bir İslam alimi: “Axirətdə səni qurtaracaq bir əsərin (əməlin) olmayandan sonra, fani dünyada qoyub getdiyin əsərlərə də qiymət vermə!” – deyir.

Bir gün Allah dostlarından Səhl ibn Abdullahdan soruşurlar:

– Siz varınızı-yoxunuzu İslama xidmət yolunda sərf edirsiniz, özünüzə heç nə saxlamırsınız. Halbuki, yaşlısınız, bunlara hamıdan çox sizin ehtiyacınız var.

Səhl ibn Abdullah belə cavab verir:

– Elə mən də elə yaşıma uyğun işi tuturam. Mən artıq yola düşmüş bir adamam. Ağıllı yolçular mallarını çıxdıqları yerdə saxlamaz, getdikləri yerə apararlar. Mən də bu cür hərəkət edirəm. Buraya deyil, oraya göndərirəm. Burada səhv başa düşüləsi nə var ki?

İnfaq hərşeydən əvvəl möminin şüarı, inamanın gərəyidir. Çünki artıq onun əxlaq və xarakterinə çevrilmişdir. O, imkanı çatan qədər daima verməyi, yardım etməyi fəzilət bilir. Rəbbimiz Qurani-Kərimdə belə hərəkət edən möminlərə mükafat olaraq Cənnəti vəd edir:

Allah, möminlərdən mallarını və canlarını Cənnət müqabilində satın almışdır”.[2]

Mömin hər şeyi Allah üçün etsə də, infaqın mükafatı yenə özünə qayıdır. Çünki Allah bütün bunların qarşılığını tam şəkildə verəcək. Başqa bir ayədə buna təminat verilir: “Malınızdan sərf etdiyiniz xeyirli bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz![3]

Rəbbimiz möhtac bəndələrinə əl tutan qullarını darda qoymaz. Əl tut ki, Rəbbin əlindən tutsun. Bu həqiqəti Peyğəmbərimiz bir hədisində bu cür dilə gətirir:

Kim bir bəndənin çətinliyini aradan qaldırsa, Allah da onun axirət sıxıntısını yox edər. Kim dara düşmüş bir nəfərə əl uzadarsa, Allah da onu dünya və axirət çətinliklərindən qurtarar. Bəndə nə qədər ki insanlara kömək edib əl tutur, Allah da onu köməksiz qoymaz”.[4]

 “Desinlər”deyə verməməlidir

Mömin malını göstəriş xatirinə verməkdən uzaq durmalıdır. Hədisdə işlənən “sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır” cümləsi infaqın necə gizli verilməsinə işarə edir. Əslində, elə bir insan yoxdur ki, verdiyindən xəbəri olmasın. Burada əsas məsələ insanın verdiyi şeyi unutması, gözündə böyütməməsidir. İnfaqın insanı riyakarlığa sürükləmə ehtimalı da var. Bu cürə riyakarlıq isə insanı kiçik şirk adlı bir yola gətirib çıxara bilər. Riya qarışmış infaq puç olar və onu verən də bu hala düşər:

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”[5]

 İnfaq aşkar, yoxsa gizli edilməlidir?

Qurani-Kərim infaqı həm açıq-aşkar, həm də gizli verməyi möminlərin seçiminə həvalə edir. Mövzu ilə bağlı ayələrə baxaq:

Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbir edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir.”.[6]

Allahın Kitabını oxuyan, namaz qılan, verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…[7]

Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.[8]

Bu ayələrlə yanaşı, infaqın gizlincə verilməsinin daha fəzilətli olduğunu bildirən ayələr də vardır. Məsələn:

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz, sizin üçün daha xeyirli olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır![9]

Sədəqələri aşkar deyil, gizli vermək daha fəzilətlidir. Ancaq əsl mömin digər insanları da təşviq etmək üçün yeri gələndə açıqdan verməli, nəfisnin də özünə pay çıaracağı yerlərdə isə gizlin verməlidir.

Gizli və aşkar yerinə yetirilməkdə seçim sərbəstliyi verilən infaqlar fərz və vacib infaqlarla əlaqədardır. Zəkat və fitrə sədəqəsi kimi. Bunlar onsuz da, möminin borcudur. İnsan borcunu qaytararkən özünü göstərməyə, təkəbbürlənməyə çalışmaz. Bunun kimi fərz ibadətlərin də açıq-aşkar yerinə yetirilməsində özünü başqalarına göstərmək düşüncəsi olmaz. Ciddi bir səbəb yoxdursa, bu cür təhlükələrdən uzaq olmaq üçün hamısını gizlincə vermək daha məqsədəuyğundur.

Sədəqeyi-cariyəyə[10] daxil olan xeyirli bir müəssisəni xalqın istifadəsinə verən bir insanın adı tanınsın, yaxud tanınmasın, adı o müəssisənin girişinə, təsisçilər siyahısına yazılsın, yaxud yazılmasın fərqi yoxdur, o müəssisə nə qədər ki fəaliyyət göstərir, onun əməl dəftərinə savab yazılmaqda davam edir.

Təkcə Allahın razılığını düşünməyib, əliaçıq, xeyirxah insan kimi ad çıxarmaq və yardımsevər görünmək üçün sədəqə vermək, əslində, riyakarlıqdan başqa bir şey deyil. Allah qorusun, bu düşüncələrin dərəcəsi nisbətində zahirən xeyirli görünən əməllər puça çıxa və insan  axirətdə müflis vəziyyətə düşə bilər. Bəli, bir insan bir iş görərəkən – zahirən xeyirli bir əməl kimi görünsə də, – oradan ad-san, şan-şöhrət, ailəsi üçün ehtiram umursa, umduğu qədər də Allah-Təaladan uzaqlaşmış olur”.[11]

 Hər kəs imkanı çərçivəsində infaq etməklə mükəlləfdir!

Demək olar, hər kəs vücuda aid (namaz, oruc) ibadətləri yerinə yetirməklə yanaşı, əlindəki imkanlar səviyyəsində də müəyyən mükəlləfiyyətlər daşıyır. Yəni insanlar gələcəkdə qazanıb infaq edəcəklərinə görə deyil, həmin vaxtda əllərində olan imkanları Allah yolunda səfərbər etməklə məsuldur. Başqa sözlə, hər kəs Allah-Təalanın ona bəxş etdiyi imkanlar və nemətlərlə Ona ibadət etməyə borcludur. Bir manatı olan bir manatla, min manatı olan da min manatla Allahın rizasını qazanmağa və əməlisaleh bəndələrdən olmağa çalışmalıdır.

Allah qatında infaq edilən şeyin miqdarı deyil, niyyətin nə qədər xalis olması  önəmlidir. Məşhur bir söz vardır: “Bir ixlaslı əməl min ixlassız əməldən üstündür.” Deməli, verməklə yanaşı, ixlaslı olmaq da çox önəmlidir.

Bir digər xüsus da insanın ən çox sevdiyi şeylərdən verməsidir. “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir![12] – ayəsi bu həqiqəti ortaya qoyur. Səhabə Ənəs İbn Malik (r.a) nəql edir:

“Əbu Talha ən varlı səhabələrdən idi. Öz mal-mülkü arasında ən çox xoşuna gələn Məscidi-Nəbəvinin qarşısında yerləşən Beyruha adlı bağı idi. Rəsulullah (s.ə.s) oraya girər, təmiz suyundan içərdi. “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız”[13] – ayəsi nazil olduqda Əbu Talha (r.a) Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlib: “Allah kitabında: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız”, – buyurur. Mənim ən çox sevdiyim sərvətim Beyruhadır (Mədinədə xurma baxçası). Mən onu Allah yolunda sədəqə verirəm. Mükafatını da ancaq Allahdan gözləyirəm. Onu istədiyin kimi istifadə et, ya Rəsulallah!” – dedi.

Cavabında Rəsulullah (s.ə.s) buyurdu: “Nə gözəl! Bu, əcri bol, axirətdə mükafat gətirən bir maldır. İnsana (üxrəvi) qazanc gətirən məhz bu cür (verilən) maldır. Dediklərimi eşitdin. Ancaq mənə qalsa, sən onu qohumların arasında bölüşdür”. Və Əbu Talha həmin ərazini qohumları və əmisi oğlanları arasında bölüşdürdü”.[14]

Bəli, buradan göründüyü kimi, mömin çox sevdiyi şeyləri Allah üçün verməklə ilahi riza yoluna girmiş və Rəbbin lütflərinə yaxınlaşmış olur. Bu şəkildə həm Haqq, həm də xalq ondan razı qalır.

Unutmamaq lazımdır ki, infaq etmək həmişə, hər kəsə nəsib olmur. Ona görə də heç vaxt “İmkanım yaxşılaşsın, qazancım artsın, onda verərəm” deyib gözləməməli, nə qədər imkan var, infaqı adət halına gətirməliyik. Unutmayaq ki, Allah insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə yox, məhz həmin an əldə olan imkanlara görə hesaba çəkəcək.


[1]Bəqərə surəsi, 2/2-3
[2]Tövbə surəsi, 9/111
[3]Bəqərə surəsi, 2/272
[4]Əcluni, “Kəşfül-xəfa”, II, 283.
[5]Bəqərə surəsi, 2/264
[6]Rad surəsi, 13/22
[7]Fatir surəsi, 35/29
[8]Bəqərə surəsi, 2/274
[9]Bəqərə surəsi, 2/271
[10]Öləndən sonra da vəfat edənin əməl dəftərinə savab yazdıran sədəqələr, xeyirxah işlərdir. Məscid tikdirmək, yol, su çəkdirmək, ağac əkmək, dəyərli elmi irs qoymaq kimi insanlara faydası dəyən hər cür yaxşı əməllər.
[11]“Ölümsüzlük iksiri”, səh. 135-137.
[12]Ali-İmran surəsi, 3/92.
[13]Ali-İmran surəsi, 3/92.
[14]Müslim, Zəkat, 42, 43.



Bənzər məqalələr

İsraf və qənaət

İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.

İsar nədir?

İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.

Xeyirxahlıq yarışı

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın (lütfü) genişdir”

İsar ruhu

Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.


Şərh yaz

*