- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İmanın növləri

İslam alimləri imanı icmali və təfsili olmaqla iki qismə ayırmışlar.

İcmali iman

İcmali iman – Peyğəmbərimizin (s.ə.s) Rəbbimizdən vəhylə alıb bizlərə çatdırdığı hər şeyə ümumilikdə inanmaqdır. Yəni bir insan mənasını bilərək və anlayaraq “Lə iləhə illəllah, Muhammədən Rasulullah” deyib kəlimeyi-tövhidi söyləsə, icmali iman etmiş sayılır. İcmali iman imanın birinci dərəcəsi və İslamın ilk təməl sütunudur. Qeyd edək ki, bir adamın mömin sayılması üçün icmali iman etməsi kifayətdir, ancaq o, İslamın digər hökmlərini və zəruri əsaslarını bir-bir öyrənməyə borcludur.

Təfsili iman

Təfsili iman: Peyğəmbərimizin (s.ə.s) Allah-Təaladan alıb təbliğ etdiyi əsasların hər birini konkret və təfsilatlı şəkildə, dəlilləri ilə birlikdə bilmək və onlara iman gətirməkdir. Yəni altı iman əsasını, namaz, oruc, həcc və zəkat kimi fərz buyurulan ibadətləri, içki, qumar və adam öldürmək kimi qadağaları bilib təsdiq etməkdir. Bir müsəlman fərzi fərz, haramı haram kimi öyrənib bilməli və bu inancını əməlinə əks etdirməyə çalışmalıdır.

Müsəlman olmayan bir insan icmali iman gətirməklə İslama girmiş sayılır. Bu cür imanla ölən bir mömin Cənnətə gedə bilər. Təfsili iman isə imanı qüvvətləndirmək, yetkinləşdirmək, kamilləşdirmək və möhkəm özüllərə oturtmaq deməkdir.

Məsələni daha yaxşı anlamaq üçün bir misal verək:

Fərz edək ki, bir bazara möhtərəm bir zatın müxtəlif növ malları gətirilib. Həmin malların o möhtərəm insana aid olmasını iki üsulla anlaya bilərik: birincisi, icmali bilməklə, yəni “Bu qədər çox və qiymətli mallar yalnız həmin adama məxsus ola bilər. Başqası bu qədər mala sahib ola bilməz” kimi düşünməklə. Ancaq bu, insanı şübhə və tərəddüddən tamamilə xilas etmir. Bir adam gəlib: “Bazara gələn həmin mallar sənin düşündüyün şəxsin deyil, filankəsindir”, − desə, şübhəyə düşüb inana bilər.

İkincisi isə, təfsili şəkildə bilməkdir. Yəni gedib həmin qumaşın, parçanın üzərində o şəxsin möhrünü, markasını görməkdir. Bu cür bilgi isə şübhə və tərəddüdə imkan vermir. Bunu öz gözləri ilə görən adam kimsənin sözünə inanmaz. Bir adam gəlib: “O mallar filankəsin yox, bəhmənkəsinkidir” − desə, o saat etiraz edər: “Yox, o mallar bəhmənkəsin deyil, məhz filankəsindir. Mən gedib hər bir malın üstündə filankəsin möhrünü, markasını öz gözlərimlə görmüşəm”.

İcmali imanla təfsili iman da belədir. İcmali iman sahibi: “Bu kainatı, bu varlığı ancaq Allah yarada bilər. Allahdan başqa heç kimdə bu cür qüdrət ola bilməz” − deyir. Misalda göstərildiyi kimi, bir nəfər gəlib: “Kainatı Allah yaratmayıb” − desə və bir az da ordan-burdan danışıb fikrini isbat eləməyə çalışsa, onun imanı təhlükəyə düşə bilər.

Təfsili iman edən insan isə hər məxluqun üzərində Allahın varlığını, birliyini, onun Allaha aid olduğunu isbat edən möhürü görər. O, elə qüvvətli imana sahibdir ki, ateistlə qarşılaşsa belə, sarsılmaz, şübhə və vəsvəsələrə qapılmaz.