3. 781 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın iki yönü biri iman , digeri onunhəyatda təzahürü-əməl 

 – Mən Allaha inanıram. Amma namaz qılmıram, oruc da tutmuram.

– Nə üçün?

– Məncə, namaz qılmaq, oruc tutmaq… bütün bunlar üçün vaxt lazımdır. Bugünkü həyat tərzi bunlara imkan vermir. Bir də ki əsas qəlbin təmiz olmasıdır. Mən heç kəsə pislik etmirəm, hamıya yaxşılıq edirəm. Əlsiz-ayaqsızlara əl tuturam.

– Amma namaz qılmağı, oruc tutmağı, kasıba əl tutmağı, insanlarla yaxşı rəftar etməyi Allah əmr etmişdir. Məgər dinimizin əmrləri içində “Sən bunları et, bəsdir. Başqası  da o biri əmrimi icra etsin” kimi bir “vəzifə” bölgüsü varmı? Bizə belə bir seçim etmək haqqını kim verib?

Əziz oxucu! Bu dialoq xəyalın məhsulu deyil, mənim, sənin, onun – hər kəsin tez-tez eşitdiyi sözlərdən biridir.

“Uca Allahım! Səni qəbul edirəm, Sən varsan, hər şeyi yaradan da Sənsən, amma mənim işimə qarışma, qoy necə istəyirəm, elə də yaşayım” demək cəsarətini bizə kim verib? İşlədiyimiz müəssisələrdə müdirlərə, rəhbərlərə belə deyə bilmədiyimiz halda, Xaliqimizə, Rəbbimizə, Rəzzaqımıza (Allahın isimlərindən biri. “Ruzi verən” deməkdir) belə münasibət bəsləmək nə deməkdir? Bunun adı nədir?” qəbuldurmu, inkardırmı, tabe olmaqdırmı, asi olmaqdırmı, tərbiyədirmi, yoxsa?

“Mən inanıram” deyən adam inandığını göstərməlidir, yoxsa bu, ən azı “riyakarlıq”dır.

Bu qısa müqəddimədən sonra iman – ibadət bütövlüyünə nəzər salaq.

İman və ibadət

İslamın biri inanc, digəri də əməl olmaqla iki yönü vardır. Bunlar bir bütövün ayrılmaz parçalarıdır. İnanc, yaxud etiqad Allaha, peyğəmbərlərə, ən başda da Həzrəti Məhəmmədə (əleyhissalatu vəssalam), Qurana, mələklərə, axirətə, o cümlədən də cənnət və­ cəhənnəmə, qəza və qədərə şəksiz-şübhəsiz inanmaq, iman gə­tir­mək deməkdir.

İbadət etmək mənasında əmələ, iş görməyə gəlincə bu, Mü­qəd­dəs Kitabımızda daha çox “saleh əməl” termini ilə ifadə olunur. İnsan sırf Allah rizasını qazanmaq üçün Onun əmrlərini, ən başda da ibadətin əsasları olan namaz, oruc, zəkatı və imkanı varsa, həcci qüsursuz, nöqsansız yerinə yetirirsə, Uca Rəbbinə ibadət etmiş olur. İbadət bu qaydalara müvafiq gəlməsə, ona ibadət demək olmaz. Bu baxımdan ibadət İslamda imanla yanaşı durur, onunla qoşa addımlayır, onu tamamlayır, onu zəifləməkdən, tibb dili ilə desək, kənar, yad viruslara yoluxmaqdan qoruyur, möhkəmləndirir. Bu baxımdan ibadət iman qədər əhəmiyyətlidir. Ona görə də  “Allaha inanıram” deməklə yanaşı, bu inancın nə qədər sağlam olub-olmadığını da ciddi düşünməliyik.

İnsan həm mənəvi, həm də maddi varlıqdır: iman onun mənəvi, ibadət isə maddi yönünü bir bütöv halına gətirir, insanı insan olaraq tamamlayır. Buna görə də imanla bağlı əsasların hamısına iman etmək insanı ilk növbədə əqidə məsələsində lazımi səviyyəyə yüksəldir, imanla doldurur, onu fikri və əqli baxımdan xoşbəxtliyə aparır və bəxtiyar edir.

Bundan sonra ikinci, həlledici mərhələ gəlir. Bu mərhələdə insanın səadətinə mane olan ünsürlər iradi olaraq dəf edilir. Məhz bu prosesdə ibadətlərin icrası öz həlledici rolunu oynayır və onların yerinə yetirilməsi ilə məna və əməl vəhdəti, başqa sözlə, kamil insan meydana çıxır.

Digər tərəfdən də ibadətlər insanda etiqadın inkişafına xidmət edir. İbadət artdıqca iman kamilliyə yüksəlir. İbadət olmasa, dünya və axirət həyatını itirmək labüd olar. Bəli, insanın yoldan azmaması və inancını qoruyub saxlaması ancaq ibadətlə mümkündür. Bu baxımdan qəti şəkildə demək olar ki, imanın könüllərdə həmişə təzə, təravətli qalması ibadətdən asılıdır.

İman ibadət sayəsində heç köhnəlmədən təzə qala bilər. Yoxsa ibadətsiz insanda imanın son ana qədər qərar tutub-tutmaması məchuldur. İnsan bu və ya başqa səbəbdən Allahın inayət və lütfünə layiq ola bilər, “hə, doğrudan da, Allahın olmaması mümkün deyildir, Allah, doğrudan da, vardır” qənaətinə gələrək Allaha iman edə bilər. Amma bu, tam, mükəmməl iman yox, nəzəri iman sayılır. Nəzəri imanın həqiqi, əməli imana çevrilməsi və lazımi səviyyəyə yüksəlməsi üçün dövrəyə ibadət girir, iman ibadəti, ibadət imanı kamilləşdirə-kamilləşdirə insanı mələklərdən də uca məqamlara yetişdirir. Başqa sözlə, insan bu yolla öz həqiqi mahiyyətini kəsb etmiş olur.

Bu baxımdan, “inanıram, amma içki də içirəm, və ya namaz qıla bilmirəm” deyən insanların imanı təmin edən lətifələrində (qəlbin, ruhun incə, həssas duyğuları) nəsə çatışmır, yaxud sıradan çıxıb. Bəli, bu adamlar sözlərində sadiqdirsə, imana əməllə dəstək verməli, əməllə tamamlamalı, ibadətləri yerinə yetirməklə Haqq qapısının azad qulları olmalıdır ki, həqiqi mənada iman etmiş olsunlar.

İmandan, başqa sözlə, insanın kamilliyindən danışarkən böyük İslam alimi, məşhur təfsirçi Almalılı Məhəmməd Həmdi Yazır həzrətləri[1]“Haqq dini – “Quran dili” adlı möhtəşəm əsərində yazır:

“1. İslam dini təkcə iman məsələsindən ibarət deyildir, imanla əməllərin (ibadətlərin – N.Ə.) məcmusudur. Yoxsa əməli bir kənara atıb dindən feyz gözləmək təhlükəlidir.

2. Belə olmaqla bərabər iman hələ əməl (ibadət – N.Ə.) demək deyildir. Əməlin fərz olmasına inanmaqla imanla əməl etmək bir-birindən çox fərqlidir. Müsəlman əməl etdiyi üçün mömin olmur, iman etdiyi üçün əməl edərsə, mömin sayılır. Buna görə də insan əməl etmədiyi, yaxud əməllərə lazımi qədər əhəmiyyət vermədiyi üçün kafir olmur.

Göründüyü kimi, inanmaq və tətbiq etmək arasında bir fərq var. Lakin bu vəziyyət, təkrar edək ki, ən son həddir. Həqiqətdə isə imanla əməl bir-biri ilə yaxından bağlıdır. Bir insan məhz ibadətləri ilə müsəlman kimi qəbul edilir.

Məlum olduğu kimi, müsəlman cəmiyyətində bir sıra hökmlər “zahirə baxaraq hökm vermə” qaydasına uyğun tətbiq edilir. Bir insan əgər Müsəlman olduğunu göstərən bir əməl ortaya qoymursa, əlbəttə, o, müsəlman kimi qəbul edilə bilməz. Çünki sonsuz bir güc və qüvvət qaynağı olan iman İslamı dil ilə ifadə, qəlb ilə təsdiq etməkdən ibarət olsa da, ondan istənilən səmərəni və arzu edilən nəticəni əldə etmək üçün imanın əməllə gücləndirilməsi başlıca şərtdir.

ardı var..

 “Yaradılışın qayəsi” kitabından


[1]. Almalılı Məhəmməd Həmdi Yazır (H. 1297-1360) – Türkiyənin Antalya vilayətinin Almalı qəzasında anadan olmuşdur. Məşhur “Haqq dini Quran dili” adlı əsəri türkcə yazılmış ən sanballı təfsir hesab edilir.




Şərh yaz