1. 659 dəfə oxunub ,   1 şərh   Çap et

İki yol

(hekayə)

Bir zamanlar uzaq diyarların birində hündür qarlı dağların qoynunda, kiçik bir kənddə Səncər və Sənan adında iki cavan yaşayırdı. Kiçik kəndlərinə sığmayan bu cavanlar günlərin bir günü hökmdarın ordusuna qoşuldu. Hökmdarın əmri ilə uzaq bir şəhərə yola düşdülər. Bir müddət gedəndən sonra yolun ikiyə ayrıldığını gördülər, lakin hansı yolla gedəcəklərini qərarlaşdıra bilmədilər. Yolayrıcında oturmuş qəribə bir adamdan soruşdular:

− Bu yollar hara gedir?

− İkisi də eyni şəhərə gedir.

− Hansı yol qısadır?

− Eyni uzunluqdadır.

İki gənc təəccüblə bir-birinin üzünə baxdı. Bu yerlərə yaxşı bələd olan qəribə adama yenidən sual verdilər:

− Hansı yol yaxşıdır?

Adam onları təpədən dırnağacan süzüb aramla danışmağa başladı:

− Birinci yol xətasız-bəlasızdır. Bu yolla gedənlərin onda doqquzu təhlükələrlə üzləşmir, səfərləri də qazanclı olur. İkinci yolla gedən on yolçudan doqquzu təhlükə ilə qarşılaşır və zərər çəkir!

Bu sözlərdən sonra gənclərin təəccübü bir qədər də artdı. “O halda ikinci yolu kim seçər ki?!” deyə düşündülər.

Qəribə adam elə bil gənclərin fikrini oxudu. Sözünə belə davam etdi:

− Sözümü hələ qurtarmamışam. Birinci yoldan hökmdarın əsgərləri istifadə edir. Bu yolu seçənlər silah və ağır heybələrini daşımağa məcburdur. İkinci yoldan isə hökmdara tabe olmayanlar istifadə edir. Bu yolçulara silah və heybələrini aparmaq məcburi deyil. Ona görə də bu yolla səfər etmək zahirən rahat görünür.

Səncər həmin adama təşəkkür etdi, çantasını belinə atdı, silahını çiyninə keçirib birinci yolla getməyə başladı. Ağır silah-sursatını qoyub getmək niyyətində deyildi. Hər şeyini özü ilə apardı, ona görə də qəlbində zərrə qədər narahatlıq yoxdu.

Ancaq əmr altında yaşamaqdan və heybəsinin ağırlığından yorulacağını güman edən Sənan ikinci yolu seçdi. Səncərlə vidalaşdı. Ağır çantasını və silahını bir kənara atıb azadlıqdan zövq almaq arzusu ilə yola düzəldi.

Səncər uzun yolu başa vurub şəhərə çatdı. Tapşırılan vəzifəni layiqincə yerinə yetirdikdən sonra sərkərdəni tapdı. Sərkərdə Səncəri müxtəlif hədiyyələrlə mükafatlandırdı.

Sənan isə mahnı oxuya-oxuya yol gedirdi. Özünü azad quşlar kimi hissi edirdi. Xeyli yol aldıqdan sonra acdığını hiss edib bir ağacın kölgəsinə çəkildi. Ancaq ətrafda nə yeməyə bir şey, nə də içməyə su vardı. Heybəsini də yol ayırıcında tullamışdı. Çar-naçar qalıb ağacın nazik pöhrələrini qırıb yeməyə başladı.

Bu vaxt qara bir bəbirin qəzəblə ona tərəf gəldiyini gördü. Hardan çıxdı, hardan peyda oldu, bilmədi. Silahsız Sənan ağacların arası ilə qorxu içərisində qaçmağa başladı. Xeyli qaçdı. Nəfəsi kəsilmiş, dizlərində taqət qalmamışdı.

Ayaq saxlayıb ətrafa göz gəzdirdi. Heç nə görünmürdü. Qara bəbirin pəncəsindən canını qurtardığını düşünüb rahatca nəfəs aldı. Amma sevinci çox çəkmədi. Baltakəsməz meşədə azmışdı.

Bir yönə doğru saatlarla addımladı. Yorulub əldən düşdü. Ağaca söykənib yuxuya getdi. Soyuq gecənin ardınca günəşin ilıq şəfəqlərini üzündə hiss edib oyandı. Əlisilahlı adamlar başının üstünü kəsdirmişdi. Bunlar, güman ki, sərhədi keçən düşmən əsgərləri idi.

Sıldırımlı dağlarda aylarla əsir qaldıqdan sonra fürsət tapıb qaçmağı bacardı və bitab halda şəhərə çatdı. Sərkərdənin qarşısına çıxmağa cəsarəti çatmadı. Qorxu içində və aclıqdan titrəyə-titrəyə küçələrin birində bir küncdə büzüşdü. Sənanı görən əsgərlər şübhələnib onu sorğu-suala tutdular. Vəzifəsinə səhlənkar yanaşdığına, silah və çantasını özü ilə gətirmədiyinə görə onu müqəssir bilib zindana atdılar. Sənan yol boyu başına gələnləri gözünün qabağına gətirib zindana salınmağa layiq olduğunu düşündü.

Bir müddətdən sonra zindanın qapısı açıldı. Sənan içəri girən əsgəri tanıdı. Bu, Səncər idi. İki dost göz yaşları içində görüşüb-qucaqlaşdıqdan sonra Səncər Sənana dedi:

− Başına gələnlərdən xəbərim var. Səndən ötrü sərkərdə ilə görüşmüşəm. Məhkəmədə tutduğun işə görə peşman olduğunu desən, əfv edilərsən.

Bir neçə gündən sonra azadlığa çıxan Sənan sevincindən az qala uçurdu. Səncəri arayıb-axtardı. Nəhayət, onun bir yerdə ibadət etdiyini gördü.

− Həmişəki kimi vəzifəni də, ibadətlərini də yerinə yetirirsən, – dedi.

Səncər:

− Bu da Allaha aid vəzifəmizdir, – dedi, − səfərdə başımıza gələnlərlə həyatımız bir-birinə bənzəmir?

Sənan təəccüblə cavab verdi:

− Nə demək istədiyini başa düşmədim.

Səncər onun gözlərinə baxıb sözlərinə davam elədi:

Bu səfəri həyat səfərimiz kimi təsəvvür elə. Ruhlar aləmindən gəlir, qəbirdən keçib axirətə gedirik. İbadətlər bu səfər boyu çiyindən asdığımız çanta və silahdır. Çətin və ağır gəlsə də, qəlbə rahatlıq gətirir, insanı təhlükələrdən qoruyur.

− Necə rahatlıq gətirir? – deyə Sənan soruşdu.

Səncərin cavabı gecikmədi:

İbadət edən insan bilir və anlayır ki, Allahdan başqa ilah yoxdur. Hər şey onun əlindədir və Onun hər işində bir hikmət var. Üstəlik, lütfü və mərhəməti də çoxdur. Buna görə də dara düşəndə Allaha sığınır, iman və ibadətindən güc alır. Dünyadan köçüb axirətə qovuşanda da vəzifəsini layiqincə yerinə yetirmiş bir əsgər kimi mükafatlandırılır.

− İndi anlayıram, – dedi Sənan, – Mənim kimi qafillər də qəflət içində yaşayır. Arzularının və əməllərinin sərhədsiz olduğunu, gücünün hər şeyə yetmədiyini unudur. Allaha ibadət etmir. Bunun da nəticəsində bəzən bəndələrə kölə olur, bəzən ona-buna əl açır. Axirət mənzilinə çatanda isə vəzifəsini yerinə yetirməyən əsgər kimi cəzalandırılır! Hə, düzgün başa düşmüşəm?…

 




Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.


1 şərh yazılıb
  1. elşad abdullayev , 20/08/2020 tarixində, saat 03:08

    Çox gözəl hekayədir, əla düzülüb-qoşulub! Allah razı olsun!

Şərh yaz