- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İdğamın növləri

Hərflərin bir-birlərinə idğam edilib edilməyəcəyi, məxrəcləri və sifətlərinin bir-birlərinə yaxınlığı ilə əlaqəlidir. Başqa bir ifadə ilə; məxrəc və sifətləri yönündən bir-birinə yaxın olan hərflər idğam edilir. Məxrəc yönündən bir-birinə uzaq olan hərflər və sifətləri yönündən bir əlaqəsi olmayan hərflər isə ızharlı oxunurlar. Bu mövzunu gələcək bölmələrdə izah edəcəyik.

Bu əsaslardan yola çıxaraq idğamları “idğami-misleyn, idğami-mütəcaniseyn və idğami- mütəqaribeyn” olmaq üzərə üç qisimdə izah edəcəyik.

1. İdğami-Misleyn (  إدغام المثلَين )

Mövzuya keçmədən öncə misleyn hərfini tərif edək.

Hərfi-misleyn ( misleyn hərf) مااتَّحدا مخرَجاً و صفةً “məxrəcləri və sifətləri eyni olan iki hərfə” deyilir.

İdğami-misleyn isə, məxrəcləri və sifətləri eyni olan iki hərf birincisi sakin, ikincisi isə hərəkəli olaraq yan-yana gələrsə, sakin olan birinci hərfin hərəkəli olan ikinci hərfə idğamına deyilir.

İdğami-misleyndə, müdğam ilə müdğamün fih eyni kəlmələrdə ola biləcəyi kimi ayrı-ayrı kəlmələrdə də ola bilər. Eynı kəlmədə olsalar tək hərf ilə şəddəli şəkildə yazılır.      الحُرُّ  بالحُرِّ  –  اَشَدُّ  حُباً  –  كُرسِيُّهُ

Bir-birinə bitişik ayrı kəlmələrdə olsalar, ayrı-ayrı yazılırlar. عَنْ نَفْسٍِ  –  وقُلْ لَهُمْ –  و قَدْ دَخلوُا. Müdğamün fih əgər zəmir isə yenə eyni kəlmə içərisində yazılır. Məsələn: ومَنْ يُكْرِهْهُنَّ  –  يُدْرِكْكُمْ

İdğami- misleyn iki qismə ayrılır:

1) Qünnəli idğami-misleyn: Sakin “nun” hərfindən sonra hərəkəli “nun”, sakin “mim” hərfindən sonra hərəkəli “mim” hərfi gəldiyində qünnəli idğami-misleyn olur.[1]

Məsələn:  وَمَنْ نُعَمِّرْهُ  –  مِنْ ناَرٍ –  مَنْ نَشاَءُ

فَأَماَّ –  وَهُمْ مِنْ  –  عَلَيهِمْ مُؤْصَدَة

“Mim və nun” hərflərinin idğamında qünnə sifəti olduğundan bunların idğamında  qünnənin ortaya çıxması üçün, digər hərflərin idğamına nəzərən biraz daha çox tutulmalıdır.

2) Qünnəsiz idğami-misleyn: “Nun və mim” hərflərindən başqa digər hərlərin eyni şərtlər altındakı idğamına deyilir.  Misal: بَلْ لَجُّوا- قَدْ دَخَلُوا kimi. Bu növ idğamda qünnə olmadığı üçün gənizdən səsin gəlməməsinə diqqət etmək lazımdır. Bunun ən gözəl ölçüsü də bu növ hərfləri idğam ilə oxuyarkən burnu tutmaqdır. Əgər burundan səs gəlirsə qünnəli idğam olur. Halbuki bu növ hərfləri idğamlı oxuyarkən səs sadəcə ağızdan gəlməlidir.

2. İdğami-Mütəcaniseyn ( إدغام المتجانثين )

Mütəcaniseyn hərf; ما اتحدا مَخْرَجاً و اخْتَلفا صِفَةً  tərifdə də qeyd edildiyi kimi məxrəcləri bir, fəqət sifətləri fərqli olan iki hərf deməkdir.

İdğami-mütəcaniseyn isə, mütəcanis ( yəni məxrəcləri bir sifətləri fərqli olan) iki hərfdən birincisi sakin, ikincisi isə hərəkəli olduğu halda yan-yana gəlməsilə meydana gələn idğama deyilir.

Burada onu da qeyd etmək lazımdır ki, məxrəcləri bir olan hərflərin bir-birlərinə idğam edilib edilməməsi, qiraət imamları arasında ixtilaflı bir mövzudur. Biz burada sadəcə Asim qiraətinin Həfs rəvayətindən bəhs edəcəyik.

Asim qiraətinin Həfs rivayətinə görə mütəcaniseyn hərflər üç qrupa ayrılır.

1)   ت د  ـ   – طـ

Bu üç hərf öz aralarında idğam olunurlar.   ماَ عَبَدْتُمْ  /  أَثْقَلَتْ دَعَوَ اللهُ və وَدَّتْ طائِفَةٌ misallarında bu hərflər bir-birlərinə idğam edilmişdir. Burada eyni zamanda tam idğam vardır. Müdğamın qalın hərf olduğu    اَحَطْتُ – بَسَطْتkimi kəlmələrdə də görüldüyü üzərə ط hərfinin itbəq və istila sifətlərini göstərmək üçün, idğama mane olan qəlqələ sifətini tərk etmək mövzusunda qiraət alimlərinin ittifaqı vardır. Yəni bu kəlmələrdəki ط hərfi üzərində əsla qəlqələ edilməz. Burada naqis idğam olur.

2) ظ    ـ    ذ ـ   ث

Bu üç hərf də öz aralarında idğam olunur.  ذ hərfinin ظ  hərfinə idğamı اِذْ ظَلَمُوا (Nisə 64) və إذْظَلَمْتُمْ (Züxruf 39) misallarında keçir. Bu iki hərfin, bir-birinə tam idğamla idğam edilməsində ittifaq vardır. ذ  hərfinin ث hərfinə idğamına aid Quranda hər hansı bir nümunə yoxdur. ث hərfinin ذ  hərfinə idğam edilməsinin Qurandakı tək misalı əl-Əraf Surəsinin 176-cı ayəsində keçən  يَلهثْ ذلك ifadəsidir.[2]

3) ب  və   م

Bu hərflərin idğam ola bilməsi üçün ب hərfinin öncə, م hərfinin isə daha sonra gəlməsi lazımdır. Belə olduqda idğami-mütəcaniseyn olur.  Bu iki hərflə olan mütacaniseyn idğam sadəcə Hüd surəsinin 42-ci ayəsində keçən اِرْكَبْ معَنا. kəlməsindədir. Bu kəlmədə ب hərfi م  hərfinə idğam edilmişdir. Bundan dolayı da bu kəlmə yuxarıdakı şəkildə yazıldığı halda oxunuşu اِرْكَمْ مَعَناَ şəklindədir. Yəni müdğam olan sakin hərf, müdğamün fih olan hərəkəli hərfin cinsinə çevrilir və müdğamün fih şəddəli kimi oxunur.

Əgər bunun ziddi olarsa, yəni م hərfi ب hərfindən daha öncə gələrsə idğami-mütəcaniseyn deyil, ixfai-şəfəvi (dodaq ixfası) olur. Bunu ixfa mövzusunda izah etmişdik.

3. İdğami-Mütəqaribeyn ( اِدْغام المُتَقارِبَين )

Tərifi, ما تَقارباَ مَخْرَجاً او صِفَةً او مخرجاً و صِفَةً məxrəcləri və ya sifətləri ya da həm məxrəcləri, həm də sifətləri bir-birinə yaxın olan iki hərfin yan-yana gəldikləri zaman, sakin olan birinci hərfin hərəkəli olan ikinci hərfə idğam edilməsinə deyilir.

Tərifdən də başa düşüldüyü kimi müdğam ilə müdğamün fih arasında məxrəc və ya sifət ya da hər iki cəhətdən bir yaxınlığın olması şərtdir. İmam Asimə görə mütəqaribeyn olan hərfləri iki qrupda toplaya bilərik.

1) ل  –  ر

Bu iki hərf arasında həm məxrəc, həm də sifət baxımından yaxınlıq var. Hər ikisinin də məxrəcləri bir-birinə yaxın olmaqla yanaşı, sifət yönündən də cəhr, beyyinə, infitah, istifalə və tərqiq sifətlərində müştərəklik vardır. Lakin bu iki hərfin mütəqaribeyn idğam ola bilməsi üçün öncə ل hərfinin, sonra da ر hərfinin gəlməsi lazımdır. قُلْ رَبِّ         –       بَلْ رَفَعَهُ الله ُkəlmələrini misal vermək olar. Bu kəlmələr idğamlı olaraq belə oxunur: قُرََّبِّ  –      ُ بَرَّفَعَهُ الله Əks təqdirdə yəni ر öncə , ل sonra gələrsə Quranda nümunəsi olsa da idğam edilməz. Çünki burada şərt yoxdur.

رَبَّناَ اغْفِرْليِ        –      فاَغْفِرْ لَناَmisallarında göründüyü kimi.

QEYD: İdğami-mütəqaribeyndə Mütəffifin surəsində olduğu kimi öncə ل sakin sonra ر gəldiyində, eyni kəlmədə səktə olarsa idğam düşər. Səktə tətbiq edilər. Yəni səktə gəldiyində idğam edilməz. كَلاَّ بَلْ سكته راَنَ misalında olduğu kimi.

2) ق   –   ك

Bu hərflərlə edilən idğamın nümunəsi sadəcə əl-Mürsələt surəsinin 20-ci ayəsində keçən أَلَمْ نَخْلُقْكُمْ kəlməsidir. Buradakı ق hərfinin ك hərfinə idğamı xüsusunda qiraət alimləri ittifaq etmişlər. Fəqət bu idğamın tammı, naqismi olduğu xüsusunda ixtilaf edilmişdir. Naqis idğam edilməsi caiz görülməklə yanaşı tam idğam edilməsi daha fəzilətli sayılmışdır.



[1] Nun sakin Nuna rastlayarsa həm idğam misleyn, həm də idğam məal-ğünnə olur. Səbəbi isə idğam misleyn babının qaydasının idğam məal-ğünnə babının qaydası ilə nunda üst-üstə düşməsidir. Bunun üçün sakin nun hərəkəli nuna rastladığı zaman iki babın hökmünə birdən girir. Bundan dolayı nunun misleyninə həm idğam misleyn, həm də idğam məal-ğünnə deyirik.

[2] يَلهثْ ذلك kəlməsi Asim rəvayətində həm idğamlı, həm də izharlı olaraq rəvayət edilmişdir. Fəqət idğamla rəvayəti və oxunması daha çox məşhurdur.

 

Sənan Quliyev & Laçın Quliyev