3. 246 dəfə oxunub ,   1 şərh   Çap et

İbadətin ruhu ixlasdır. İxlas isə ibadətin sırf əmr olunduğu üçün yerinə yetirilməsidir. Faydalar, hikmətlər ancaq seçim vəsiləsi, vasitəsi ola bilər, səbəb əsla.

Məsələn, bir insan beş vaxt namazı Allahın əmrini yerinə yetirmək və bununla axirətdə məsuliyyətdən xilas olmaq məqsədilə deyil, vücuda müsbət təsirinə görə qılarsa, namazı səhih deyildir.

Ağıl və hikmət də bunu göstərir. Məsələn, hörmət tələb etdiyiniz (siz gələrkən ayağa qalxmasını və s.) xidmətçiniz bunu əmrinizə itaət üçün deyil, öz səhhətinə faydalı olduğu üçün etdiyini, yaxud bir iş üçün göndərdiyiniz xidmətçi tapşırığı yerinə yetirib gəldikdən sonra oraya sizin tapşırığınıza görə deyil, sırf gəzintiyə çıxmaq niyyəti ilə getdiyini söyləsə, vəzifəsini yerinə yetirmiş sayılırmı? Əlbəttə ki, xeyr! O ədəbsizi qapınızda saxlayarsınızmı?! Burada heç bir səmimiyyətdən söhbət gedə bilməz. Xidmətçilərinizin, işçilərinizin belə davranışılarına son dərəcə diqqətli olduğunuz kimi, dostlarınızın da sizə qarşı rəftar və hərəkətlərinə “dostum öz mənafeyini güdür, yoxsa mənim xətrimi əziz tutur?” sualları ilə cavab tapmağa çalışırsınız. Dostluq münasibətlərində ciddiyyət və səmimiyyəti əsas götürürsünüz.

Məhz bu məntiqli və əsaslı səbəblərə görə İslam dinində niyyətin yeri əhəmiyyətlidir. Əgər insan bir dini vəzifəsini yerinə yetirmək istəyirsə, onu mütləq Allah rızası üçün etməlidir. Yəni biz insanlar gördüyümüz işlərə baxmalıyıq; bu işi görərkən Allahın rızasını, yoxsa şəxsi mənfəətimi düşündüm?

Əgər bir işi öz mənfəətimizi düşünərək ediriksə, bu, bizim gizli və ya aşkar bir ehtiyacımızın təmini mənasına gəlir ki, bunu da dini bir ibadət saymaq, yəni Allaha aid etmək olmaz.

Hətta əgər cəhənnəmdən xilas olmaq və cənnətə getmək, yəni axirətə aid məqsədlər dini ibadətlərin bir qayəsi kimi göstərilməsəydi, ibadətlərin yerinə yetirilməsində bu axirət mənfəətlərini məqsəd bilmək də doğru hesab edilməz və ibadətlərin icrasında sırf Allahın rızası və məmnunluğunu, əmr və qadağalara riayəti əsas götürmək lazım gələrdi. Bununla yanaşı, kamil möminlərin nəzərində uxrəvi (axirətə aid) məqsədlər belə dini hökmlərin qayəsi olma baxımından müxtəlif dərəcələrə bölünür.

İbadəti adətdən fərqləndirmək üçün dünya və axirət mənfəətləri bir meyar kimi kifayət edir. Belə ki, ilahi və uxrəvi məqsədlə edilən şeylər ibadət, dünyəvi mənfəət üçün edilənlər isə adət adlanır.

Yemək, içmək, gəzmək, yatmaq, oturmaq, durmaq və s. kimi hər gün etdiyimiz hərəkətlərin hər biri bir vərdişdir. Bütün bu normal qəbul etdiyimiz şeyləri Allah rızası üçün etməyə isə ibadət deyilir. Yəni adətlə ibadətin fərqi, birincinin dünya mənfəətləri üçün, ikincinin isə Allah rızası üçün edilməsidir.

İnsanları dinə, axirətə aid vəzifələrdə belə maddi mənfəət güdməyə alışdırmaq onlara eqoistlik və mənfəətpərəstlik təlqin etmək deməkdir. Halbuki din insanlarda yaradılışdan var olan bu cür mənfi hisləri dəyişdirərək onu maddiyyatdan mənəviyyata, mənfəətpərəstlikdən fədakarlığa yönəldir və kamillik yolunda əzmlə yüksəlişinə xidmət edir.

Dini hökmləri dünyəvi məqsədlərə alət etmək nə əqli və məntiqi cəhətdən, nə də mənəvi baxımdan doğru deyildir. Allah-Təala buyurur: “Biz axirət qazancı istəyənin savabını artırarıq. Dünya mənfəəti istəyənə də dünya malı verərik. Ancaq onun axirətdə heç bir payı yoxdur” (“Şura” surəsi, 42/20).

Kim fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış, (Allahın mərhəmətindən) məhrum edilmiş halda daxil olar! Mömin olub axirəti istəyən və onun uğrunda (canla-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar” (“İsra” surəsi, 17/1819).

Kim dünyanı və onun bər-bəzəyini istəyirsə, biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!” (“Hud” surəsi, 11/1516).

 “Qiyamət günü olunca bir nəfər ucadan: “Allahdan qeyrisi üçün kim nə etmişsə, əməlinin mükafatını ondan istəsin” deyə xitab edər” (Hədisi-şərif).

“Allah axirət niyyətinə görə dünyanı verər, amma dünya niyyətinə görə axirəti verməz” (Hədisi-Şərif).

Buxarinin “Səhih” əsərində birinci verilən hədis “Əməllər niyyətlərə görədir” hədisidir.

İslam hökmlərinin ictimai və maddi faydalarını düşünmək, müəyyən etmək, insanlara anlatmaq və incə hikmətlərini tanıtmaq bir vəzifə kimi elm adamlarımızın çiyninə düşür. Ancaq bundan daha çox İslamın elmdən uzaq olmadığını göstərmək üçün istifadə olunmalıdır. Hərçənd dünyaya aid olan bu gözəllikləri Müsəlmanların da bilməsi faydalı olar, ancaq “bilmək”dən kənara çıxmamalıdır. Çünki sırf bu fayda və mənfəətin əldə edilməsi üçün yerinə yetirilən ibadətlər ibadət deyildir. Deməli, dini vəzifələrdə dünyaya aid nə qədər səbəb və hikmət olurolsun, yenə də bu vəzifələrin (ibadətlərin) yerinə yetirilməsində əsas qayə Allahın əmrlərinə itaət, Onun razılığını və sevgisini qazanmaq və uxrəvi məsuliyyətdən qorxmaq kimi dini niyyət olmalıdır. Dünyaya aid məqsədlər isə yalnız bundan sonra, ikinci dərəcədə götürülə bilər. 



Açar sözləri

Allah rızası ibadət namaz

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


1 şərh yazılıb
  1. nura , 14/09/2014 tarixində, saat 20:09

    Saytınızı çox bəyəndim. Allah əməllərinizin əcrini versin inşallah.

Şərh yaz