51. 143 dəfə oxunub ,   3 şərh   Çap et

Həzrət Əli və Həzrət Fatimənin ikinci övladı olan Həzrət Hüseyn hicri 4-cü il şaban ayının 5-də (miladi 10 yanvar 626-cı ildə) Mədinədə dünyaya gəlmişdir.[1]

Həzrət Hüseyn “şəhid” ləqəbi ilə tanınır.

Həzrət Hüseyn anadan olanda Cəbrail (ə.s) Peyğəmbərimizin (s.ə.s) yanına gələrək: “Ey Məhəmməd! Rəbbinin Sənə salamı var. Oğluna[2] Harunun oğlunun adını qoy”, − dedi.

Allah Rəsulu: “Harunun oğlunun adı nədir?” − deyə soruşdu. Cəbaril “Şəbir” deyəndə Hz. Peyğəmbər: “Mənim dilim ərəb dilidir”, – dedi. Cəbrail (ə.s) “Onda bu sözün ərəbcəsi olan Hüseyn adını qoy”, – dedi.[3]

Rəsulullah (s.ə.s) nəvəsinin qulağına əzan oxuyaraq, ona, o vaxtadək ərəblərdə olmayan Hüseyn adını qoydu. Anadan olandan yeddi gün sonra isə, nəsiqə (əqiqə) qurbanı kəsdirdi. Həzrət Fatiməyə kasıblara uşağın saçı ağırlığında gümüş paylamağı tapşırdı. Həzrət Hüseyn qardaşı Həsənlə birlikdə Əbu Əbdürrəhman əs-Süləmidən qiraət öyrəndi.[4]

İlk iki xəlifənin dövründə qardaşı Həzrət Həsən kimi Həzrət Hüseynin fəaliyyəti haqqında da məlumat çox azdır. Həzrət Osmanın xəlifəliyi dövründə isə Sad ibn Asın başçılığı ilə Kufədən Xorasana təşkil olunan hərbi səfərdə qardaşı ilə bərabər iştirak etdi.

Həzrət Osmanın şəhid edilməsi ilə nəticələnən hadisələrdə Həzrət Əli onları (Həsən və Hüseyni) evi üsyançılar tərəfindən mühasirəyə alınan Həzrət Osmanı qorumağa və evinə su daşımağa göndərdi.

Həzrət Hüseyn atasının xəlifəliyi dövründə Kufəyə gedərək bütün səfərlərdə iştirak etdi. Atasının şəhadətindən sonra isə onun vəsiyyətinə uyğun olaraq qardaşına tabe oldu. Həzrət Həsən hakimiyyəti Müaviyəyə buraxanda qardaşına etiraz etdi. Lakin onun etirazı qəbul edilmədi və qardaşı ilə birlikdə Mədinəyə getdi.[5] Daima qardaşının yanında oldu. Həzrət Həsənin vəfatından (49/669) sonra I Yezidin hakimiyyətə gəlməsinə qədər ibadətlə məşğul olmağa, zöhd və təqvalı həyat yaşamağa üstünlük verdi.

Müaviyə ömrünün sonlarına yaxın oğlu Yezidi özünə vəliəhd seçəcəyini və hakimiyyəti özündən sonra ona verəcəyini bildirdi. Bu hadisə bütün müsəlmanlar kimi Həzrət Hüseyni də narahat etməyə başladı.

Mədinə valisi Mərvanın Müaviyənin göndərdiyi məktubu Məscidi-Nəbəvidə oxuması xalqın qəzəb və etirazlara səbəb oldu. Müaviyə məktubda mədinəlilərdən öz yerinə xələf təyin etdiyi oğlu Yezidə beyət edib tabe olmağı tələb edirdi. Əbdürrəhman ibn Əbu Bəkir Mərvana onun və Müaviyənin yalan söylədiyini, Bizansdakı kimi hakimiyyəti atadan oğula ötürmək istədiklərini deyərək qarşı çıxdı. Abdullah ibn Ömər Yezidin fasiqliyini, Abdullah ibn Zübeyr isə Allaha qarşı çıxana itaət etməyin caiz olmadığını iddia edərək açıq şəkildə etirazlarını bildirdilər. Həzrət Hüseyn də onlarla həmfikir idi. Mərvan Müaviyəni vəziyyətdən xəbərdar elədi. Müaviyə də dərhal Mədinəyə gələrək müxtəlif təhdidlərlə etiraz edənləri yola gətirməyə  çalışsa da, buna nail ola bilmədi. Müaviyə hicri 60, miladi 680-ci ildə xəstələndi. Oğlu Yezidə Həzrət Hüseynlə yaxşı davranmağı, Həzrət Zübeyrin oğlu Abdullahı isə qarşı gəldiyi təqdirdə aman verməməyi vəsiyyət elədi.

Atasının ölümündən sonra Yezid hakimiyyətə gəldi. Bu əsnada Vəlid ibn Ütbə Mədinədə, Yəhya ibn Hakim Məkkədə, Übeydullah ibn Ziyad Bəsrədə, Bəşir ibn Numan da Kufədə vali idilər.[6]

Yezid Həzrət Hüseyn, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyrdən beyət almaq üçün hərəkətə keçdi. Mədinə valisi Vəlid ibn Ütbəyə məktub yazaraq adı çəkilən şəxslərin beyət etdirilməsini istədi.[7] Vəlid ibn Ütbə isə məsləhətləşmək üçün sabiq Mədinə valisi, Həzrət Osmanın katibi olmuş Mərvan ibn Hakəmi çağırdı. Mərvan isə:

Üçünü də çağır və Yezidə beyət etdir. Əgər etməslər, hamısının boynunu vur! dedi.[8]

Vəlid də onun məsləhətinə uyğun olaraq onları çağırdı. Vəlidin yanına gələn Həzrət Hüseyn onu bir az dinlədikdən sonra otaqdan çıxmaq istədi. Haşimoğullarının qatı düşməni olan Mərvan:

Hüseyn indi beyət etmədən gedərsə, hər iki tərəfdən bir çox adam ölüdürlmədikcə onu ələ keçirə bilməzsən. Beyət etməsə, onu öldür,  dedi.

Həzrət Hüseyn otaqdan çıxdı. Vəlid ibn Ütbə isə Mərvanın bu sözünə cavab olaraq:

Ey Mərvan! And içirəm ki, bütün dünyanı mənə versələr, Hüseyni öldürə bilmərəm. Allaha and içirəm ki, sabah Haqq divanında Hüseynin qanının hesabı verən adamın halı yamandır, ‒ dedi.[9]

Abdullah ibn Ömər isə: “Xalq beyət edərsə, mən də edərəm”, ‒ cavabını verdi. Onu çox təhlükəli görmədikləri üçün bu şərtinə heç nə demədilər.

Abdullah ibn Zübeyr Vəlidin dəvətinə getmədi. Dəvətdən bir gün sonra (hicrtətin 60-cı ili rəcəb ayının 25-də) qardaşı Cəfər ibn Zübeyrlə birlidkə gizlincə Məkkəyə tərəf hərəkət elədi. Ertəsi gün Vəlid onun dalınca adam yollasa da, tapa bilmədi və Məkkəyə getdiyini öyrəndi.[10]

Həzrət Hüseyn də qardaşı Məhəmməd ibn Hənəfiyyənin məsləhətinə əməl edərək ondan bir gün sonra bacıları Ümmü Gülsüm, Zeynəb, qardaşları Əbu Bəkir, Cəfər, Abbas və ailəsi ilə bərabər Məkkəyə getdi. Qardaşı Məhəmməd ibn Hənəfiyyə isə Mədinədə qaldı. Abdullah ibn Abbas da bir neçə gün əvvəl Məkkəyə getmişdi.[11] Hz. Hüseyn yolda Mədinədən qayıdan Abdullah ibn Muti ilə qarşılaşdı. Abdullah ibn Muti ona Məkkəyə çatandan sonra Kufəyə dəvət olunarsa, ora getməməyi tövsiyə etdi və: “Ora əsla ayaq basma! Çünki ora çox uğursuz bir yerdir. Atanı orda şəhid etdilər. Qardaşını orda tək qoydular. Sən Məkkədən ayrılma”, ‒ dedi. Hüseyn (ə.) isə: “Allah nə istəyirsə, o da olacaq”, ‒ deyib yoluna davam etdi.[12]

Yezid Vəlidin Həzrət Hüseynlə mülayim rəftarından ötrü onu vəzifəsindən kənarlaşdırıb yerinə Amr ibn Səidi Mədinə valisi təyin etdi. Amr ibn Səid Həzrət Zübeyrin digər oğlu Amrı iki min nəfərlik orduyla qardaşı Abdullahın üzərinə Məkkəyə göndərdi. Abdullah qardaşına qalib gələrək onu həbs elədi. Buna görə də Hicazda şöhrəti artdı.

Həzrət Hüseyn Məkkədə olarkən kufəlilər onu Kufəyə dəvət etdilər. Gələrsə, təhlükəsizliyini təmin edib onu qoruyacaqlarına söz verdilər. Dalbadal bir neçə dəvət məktubu göndərdilər.[13]

Həzrət Hüseyn onların atası və qardaşına necə davrandıqlarını yaxşı bildiyi üçün əvvəlcə tərəddüd etdi. Çünki Məkkəyə gələndə yolda qarşılaşdığı Abdullah ibn Muti də kufəlilərə etibar etməməyi, Məkkədən çıxmamağı məsləhət görmüşdü. Amma Hz. Hüseyn əmizadəsi Müslim ibn Aqili özünün vəkili kimi Kufəyə göndərdi.[14] Müslim Kufəyə çatdıqda Muxtar ibn Əbu Übeyd əs-Səqafinin evinə getdi. Əhli-beyt tərəfdarı olan kufəlilər Müslimin gəldiyini eşidib oraya toplandılar. Müslim onlara Hz. Hüseynin məktubu oxudu.[15] Hz. Hüseynin məktubu oxunarkən ağlayan kufəlilər onu müdafiə edib qoruyacaqlarına bir daha söz verdilər. Bunu eşidən Kufə valisi Numan ibn Bəşir minbərə çıxaraq xalqı fitnə və təfriqədən uzaq olmağa çağırdı. Numan ibn Bəşir xasiyyətcə həlim, sülhsevər və ibadətə əhəmiyyət verən insan idi. Yezidin Kufədəki xəfiyyələri[16] ona məktub yazaraq Müslim ibn Aqilin Kufəyə gəlib kufəliləri Həzrət Hüseynə tabe olmağa çağırdığını, Numan ibn Bəşirin fərasətsiz olduğunu və onun yerinə təcili başqa bir adamın göndərilməsini bildirdilər.[17]

Bu xəbər Şama çatanda Kufə valisi Numan ibn Bəşir vəzifəsindən azad edildi. Onun yerinə Bəsrə valisi Übeydullah ibn Ziyad təyin edildi.[18]

Übeydullah ibn Ziyad camaatı Bəsrə mərkəzi məscidinə yığaraq Kufəyə gedəcəyini və qardaşını yerinə vəkil təyin etdiyini, kim onun sözündən çıxar və itaətsizlik edərsə, şiddətlə cəzalandıracağını bildirdi.[19] Übeydullah ibn Ziyad çox keçşmədən Kufəyə gəldi və xalqı (hədələyərək) Yezidə itaət etməyə çağırdı. Müslim ibn Aqil Übeydullah ibn Ziyadın Kufəyə gəlib xalqı hədələdiyini, sabiq vali Numan ibn Bişrin də Şama getdiyini öyrənən kimi qaldığı yerdən (Muxtarın evindən) çıxaraq kufənin nüfuzlu adamlarından sayılan Hani ibn Ürvənin evinə üz tutdu. Əhli-beyt tərəfdarları da oraya toplaşmağa başladılar. Bəsrədə şöhrət qazanmış Şərik ibn Avər Haninin evində xəstə yatırdı. Onu ziyarətə gələn Übeydullah ibn Ziyadı öldürmək üçün plan qursalar da, bu, baş tutmadı.[20]

Müslim ibn Aqil on səkkiz min nəfərdən gizlicə beyət aldı.[21] İbn Ziyad bir müddət Müslimin harda olduğunu öyrənə bilmədi. Köləsi Maqilə üç min dirhəm verdi ki, Müslimin yanındakılara versin və beləcə onların içərisinə girərək bir xəbər gətirsin. Maqil özünü Əhli-Beyt tərəfdarı kimi göstərərək məsciddə Müslim ibn Əsvəcə ilə tanış oldu və onunla bərabər Müslim ibn Aqilin qaldığı yerə getdi. Beləcə Müslim ibn Aqilin bütün işlərini öyrənib İbn Ziyada çatdırdı. İbn Ziyad Hanini cəzalandıraraq zindana saldırdı. Haninin həbsindən sonra xalqı məscidə toplayaraq onları hədələdi. İbn Ziyad minbərdən enəndə Müslim və tərəfdarları hərəkətə keçdi. İbn Ziyad sarayına çəkilərək qapıları bağlatdırdı. İbn Ziyad gördüyü tədbirlər nəticəsində xalqın əksəriyyətini Müslimdən uzaqlaşdırmağa müvəffəq oldu. Hətta Müslimin yanındakı beş yüz nəfər azalaraq üç yüz, sonra da otuz nəfər oldu.[22] Çox keçməmiş bu otuz nəfər də Müslimi tərk elədi. Tək-tənha qalan Müslim Kində məhəlləsi tərəfdə Tava adlı bir qadının evinə sığındı. İbn Ziyadın adamları Müslimin yerini öyrəndilər və onu tutaraq valiyə  təslim etdilər. İbn Ziyad da Müslim ibn Aqili öldürtdü.[23]

Müslim ibn Aqil Haninin evində on səkkiz min kufəlinin beyətini alanda Hz. Hüseynə məktub göndərmişdi.[24]

Həzrət Hüseyn Müslimin məktubunu alıb yol hazırlıqlarına başladı. Bunu eşidən Abdullah ibn Abbas Hz. Hüseynin yanına gələrək onun Kufəyə getməsinin təhlükəli olduğunu, atasının başına gələnlərin onun da başına gələ biləcəyini söylədi. Həzrət Hüseyn: “Ey əmimin oğlu! Dediklərini nəzərə alaram. Mən Allahdan xeyirlisini istəyirəm”, ‒ dedi.[25]

Abdullah ibn Zübeyr də Həzrət Hüseyni fikrindən döndərməyə çalışdı. Lakin israrları heç bir nəticə vermədi.

Qardaşı Məhəmməd ibn Hənəfiyyə isə Məkkəyə gəlib Həzrət Hüseyndən Kufəyə getməməsini xahiş etdi. İbn Abbas ertəsi gün yenə Həzrət Hüseyni fikrindən döndərmək üçün gəldi. Ancaq bütün cəhdlərinin heç bir nəticə vermədiyini görüb israrından əl çəkdi.[26]

Abdullah ibn Ömər də Kufəyə getməyə hazırlaşan Həzrət Hüseyni bu fikrindən daşındırmaq üçün əlindən gələni elədi. Hətta ona məktub da yazdı. Həzrət Hüseyn isə İbn Ömərin məktubunu oxuyandan sonra: “Əlbəttə mən şəhid ediləcəyim yerə gedirəm”,− dedi.[27]

Əbu Səid əl-Xudri də Həzrət Hüseyni Kufəyə getməməyə çağırdı.[28] Lakin bütün bu məsləhət və tövsiyələr, xahişlər, yalvarışlar Həzrət Hüseyni yolundan döndərə bilmədi.

Müslimin edamından və baş verənlərdən xəbərsiz olan Hz. Hüseyn hicri 60-cı il zilhiccə ayının 8-də (9 sentyabr 680-cı il, şənbə günü) ümrəsini tamamladıqdan sonra bütün ailəsi, qohumları və bəzi tərəfdarları ilə birlikdə Məkkədən Kufəyə yola düşdü.[29] Onun qafiləsinə ərəblərdən qatılanlar da oldu.

Mədinədə olan Məhəmməd ibn Hənəfiyyə Hz. Hüseynin Məkkədən çıxması xəbərini eşidəndə göz yaşlarını saxlaya bilmədi.[30]

Abdullah ibn Cəfər və Məkkə valisi Amr ibn Səid ibn As məktub yazaraq Hz. Hüseyni geri qayıtmağı çağırsalar da, yenə bir nəticə vermədi.[31]

Yolda şair Fərəzdəq onunla qarşılaşdı. Hz. Hüseyn iraqlılar haqqında soruşduqda Fərəzdəq:

Xalqın qəlbi səninlə, fəqət qılıncı Ümeyyəoğulları ilədir. Allah istədiyini edər[32]  cavabını verdi.

Hz. Hüseyn də:

‒  Düz deyirsən, Allahın dilədiyi olacaq. Bizə zəfər nəsib olarsa, nemətlərindən ötrü Allaha şükür edərik. O, şükür edənləri darda qoymaz. Əgər qədərin hökmü başqa cür çıxarsa, yenə də təslim olarıq, ‒  deyərək yoluna davam etdi.[33]

Hz. Hüseyn Rummə vadisinə çatanda kufəlilərə məktub yazaraq tezliklə onlarla görüşmək istədiyini və dayandığı mənzilin yerini bildirdi. Rummədən Kufəyə sarı hərəkət edərkən İraqdan qayıdan Abdullah ibn Muti ilə qarşılaşdı. Abdullah ibn Muti Hz. Hüseyni fikrindən döndərib geri qaytarmağa çalışdı. Kufəyə gedərsə, öldürlüəcəyini söylədi. Hz. Hüseyn isə bütün deyilənləri dinlədikdən sonra: “Başımıza gələn hər şey Allahın hökmü ilədir. Onun hökmü olmadan heç nə baş verməz” , ‒ deyərək yoluna davam elədi.[34]

Nəhayət Zerod adlı yerə çatdıqda Əsədi qəbiləsindən iki nəfərlə qarşılaşdılar. Həmin şəxslər Hz. Hüseynə Müslim ibn Aqil və Hani ibn Ürvənin öldürüldüyünü, tərəfdarlarıının  da dağıldığını söylədilər. Zübalə adlı yerə tərəf irəlilədilər. Bu vaxt İyas ibn Asəl adlı elçi eyni xəbərlə gəldi. Hz. Hüseyn elçidən məktubu alaraq oxudu və eşitdiklərinin doğru olduğunu biləndə çox kədərlənərək “Allah nəyə hökm edirsə, mütləq olur. Biz özümüz üçün Allah qatındakı mükafatı istəyirik”, − dedi.[35]

Hz. Hüseyn Zübalədə olanda Müslim ibn Aqilin yanına göndərdiyi süd qardaşı Abdullah ibn Bukturun da ölüm xəbəri gəldi. Məktubu yanındakılara oxuyandan sonra  “Kim istəyirsə, geri dönsün” dedi. Ona sonradan qoşulanlar dağıldılar. Mədinədən onunla birlikdə yola çıxanlar isə yerlərindən tərpənmədilər. Hz. Hüseyn qafiləsi ilə birlikdə Əqiq vadisinə qədər irəlilədi.

Übeydullah ibn Ziyad Hz. Hüseyni tutmaq üçün Hürr ibn Yezid adlı sərkərdəsini min nəfərlik ordu ilə ona qarşı göndərdi.[36] Qadisiyyə istiqamətindən gələn Hürr Hz. Hüseynin qafiləsi ilə Siraf adlı yerdə qarşılaşdı. Hz. Hüseyn oraya dəvətlə gəldiyini, əgər sözlərindən dönmüşlərsə, geri qayıdacağını söylədi. Fəqət Hürr onları Kufəyə, Übeydullahın hüzuruna aparmaq üçün gəldiyini bildirdi. Hz. Hüseyn “Ölüm bundan yaxşıdır”[37],− deyib geri dönmək istədi, amma Hürr ona mane oldu. Birlikdə Uzeyb adlı yerə tərəf getməyə başladılar.

Yolda rastlaşdığı insanlardan Kufədəki vəziyyəti soruşdu. Hz. Hüseynə: “Məmurlar çoxlu rüşvət alaraq kisələrini doldurdular. Hamısı Sənin əleyhinədir. Onların qəlbləri səninlə olsa da, qılıncları sabah Sənə qarşı sıyrılacaqdır”, dedilər.[38]

Ertəsi gün məhərrəmin ikisi, cümə axşamı idi. Hz. Hüseyn və tərəfdarları geri qayıtmaq istəsələr də, Hürr onların üzünü Kufəyə tərəf çevirdi.[39]

Kərbəlada mühasirədə olduqları əsnada Übeydullahdan bir məktub gəldi. Məktubda: “Bu məktubu harda alsan, Hz. Hüseyni orada, susuz və kimsəsiz bir yerdə saxla”, yazılmışdı.[40]

Hz. Hüseyn yaxınlıqda yerləşən kənddə qalmaq istəsə də, Hürr Übeydullahdan qorxduğu üçün bu təklifi rədd etdi və onu susuz bir yerdə saxladı. Hz. Hüseyn bu yerin adının Kərbəla olduğunu öyrəndikdə: “Bura Kərb və Bəla yeridir. Çox qəribədir ki, atam Siffinə gedəndı mən də yanında idim. Bura gəlib çatanda “Bu yerin adı nədir?” deyə soruşdu. “Kərbəla” cavabını alanda “Allahın hökmü belədir ki, Hz. Məhəmmədin soyundan bir dəstə adam bu yerə enəcək və müsibətlə üzləşəcək” demişdi”, dedi.[41] Uca Allahın hökmünə boyun əydi.

Übeydullah ibn Ziyad Ömər ibn Sadı Reyə vali təyin etmişdi. Hz. Hüseyn mühasirəyə alınanda onu geri çağırdı və Hz. Hüseynin üstünə getməyi əmr elədi. Ömər ibn Sad getməmək üçün çox xahiş etdi. Übeydullah isə getmədiyi təqdirdə Rey valiliyindən azad ediləcəyini və ailəsi ilə birlikdə öldürüləcəyini bildirdi.[42] Ömər ibn Sad istəməyərək təklifi qəbul etməli oldu.

Kufədən Ömər ibn Sadın başçılığı ilə əlavə dörd min süvari gəldi. Übeydullah ibn Ziyad bu ordunu da Hz. Hüseyni ələ keçirmək üçün göndərmişdi. O da Hz. Hüseynin geri qayıtmaq istəyinə razı olmadı. Übeydullah Hz. Hüseynin geri dönmək istədiyini biləndə əvvəlcə onu sərbəst buraxmaq istədi. Lakin Şimrin məsləhəti ilə bu fikrindən daşındı. Son və qəti qərar verən Übeydullah: “Hüseyn bizim əlimizə düşəndən sonra qurtulmaq istəyir? Sən ona təklif et. Yezidə beyət etsin. Bundan sonra bir çarə qılaram. Əgər beyət etməsə, su vermə”, şəklində məktub yazıb Ömər ibn Sada göndərdi.[43]

Ömər ibn Sadın göndərdiyi beş yüz nəfər süvari Hz. Hüseynin dəstəsi ilə çayın arasında dayandı. Bu atlılardan biri Abdullah ibn Əzdi:

– Ey Hüseyn! Uzaqdan suya baxarsan, fəqət susuzluqdan ölənədək bir udum su içə bilməzsən”, deyə qışqırdı.

Hz. Hüseyn bu sözə çox təəssüflənərək:

Ya Rəbbim! Onu susuzluqla öldür!   deyə Allaha yalvardı.

Bir müddət sonra o zalım ağır xəstəliyə tutulub susuzluqdan öldü.[44]

Hz. Hüseyn yenə geri dönmək üçün gecələr Ömər ibn Sadla danışıqlar apardı.[45] Ömər ibn Sad Hz. Hüseynin geri dönmək istəyini məktubla Übeydullaha bildirdikdə o, Şimr adlı qəddar bir şəxsi Ömər ibn Sadın yanına göndərdi. Yolladığı məktubda da: “Hüseyn və adamları təslim olsalar, yanıma göndər. Əgər təslim olmasalar, onlarla döyüş və onları atların ayaqları altında əz. Əgər əmrimi yerinə yetirməsən, sərkərdəlikdən əl çək və ordunu Şimrə təhvil ver” deyə əmr edirdi.[46]

Übeydullahın məktubundan xəbərdar olan Hz. Hüseyn qardaşı Abbası göndərərək ertəsi günə qədər düşünmək üçün möhlət istədi. Ömər ibn Sad da sərkərdələri ilə məsləhətləşəndən sonra möhlət verdi. Hz. Hüseyn tərəfdarlarına yanından ayrılaraq canlarını qurtarmağı təklif etdi. Ancaq heç kim onu düşmənlə düşmən qarşısında tək qoyub getmədi.[47]

Hz. Hüseyn tərəfdarlarının qətiyyətini gördükdən sonra müdafiə tədbirlərinə başladı. Bu  məqsədlə çadırları sıxlaşdırdı, ətrafına odun və qamış yığdırdı ki, düşmən yaxınlaşanda ona od vurub özlərini müdafiə etsinlər.[48]

Ertəsi gün səhər 6 minlik əməvi ordusu hərəkətə keçdi. Rəsulullahın nəvəsi və əhli-beytin dirəyi olan Hz. Hüseynin isə 32 süvari və 40 piyadası vardı. Cəmi yetmiş iki nəfər idilər. 6 min nəfərə qarşı 72-i nəfər.

Əvvəlcədən hazırlanmış qamış və odunu qalaqlarını yandıraraq yan və arxa cinahları təhlükəsiz hala gətirdilər. Hz. Hüseyn isə  dəvəsinə minib meydana çıxdı və üstlərinə gələn gözlərini qəzəb tutmuş insanlara belə səsləndi:

“Ey əhali! Mənim kim olduğumu düşünün. Sonra vicdanla qərar verin. Ondan sonra baxın  mənim qanım sizə halaldımı? Mən sizin Peyğəmbərinizin qızının oğlu deyiləmmi? Peyğəmbərin əmisi oğlunun oğlu deyiləmmi? Peyğəmbərin bu hədisini eşitmədinizmi? Qardaşımla mənim haqqımda: “Siz cənnət gənclərinin rəhbərlərisiniz və əhli-sünnənin gözünün nurusunuz”demədimi? Əgər mənə inanmırsınızsa, aranızda bunu bilənlər var. Abdullahın oğlu Cabirdən, Əbu Səidə və Ərqamın oğlu Zeyddən soruşun. Onlar Peyğəmbərdən bu hədisi eşitdiklərini sizə deyərlər. Məndən nə istəyirsiniz? Yoxsa hansınızınsa canına qıymışam? Yaxud kiminsə malını zorla qəsb etmişəm? Ey filankəslər! Məktub göndərib məni buraya dəvət etmədinizmi? Əgər məni istəmirsinizsə, buraxın, geriyə, öz məmləkətimə dönüm,”− dedi.[49]

Ömər ibn Sad: “Əgər iş məndən asılı olsaydı, təkliflərini qəbul edərdim”,− dedi.

Hz. Hüseynin bu xitabından sonra, əməvi ordusunda qarışıqlıq düşdü. Ömər ibn Sad orduya hərəkət əmri verirdi ki, sərkərdə Hürr ona:

– Mən səndə bir qəribəlik görürəm. Heç bir döyüşdə səni bu qəribə görməmişəm. “Kufəlilərin ən qəhramanı kimdir?” deyə soruşsaydılar, səni göstərərdim. And içirəm ki, öz nəfsimi cənnətlə-cəhənnəm arasında sərbəst buraxaraq cənnəti üstün tuturam.”− dedikdən sonra, silahını  götürərək Hz. Hüseynin yanına gəldi və ona:

Allah məni sənə fəda etsin. Ey  Rəsulullahın oğlu! Sənin qayıtmağına mane olan və səni burda saxlayan mənəm, − deyərək üzr istədi. Hz. Hüseyn Hürrü bağışladığını bildirdikdən sonra Hürr öz yoldaşlarına tərəf getdi və onlara belə xitab etdi:

-“Ey insanlar! Hüseynin təkliflərindən birini qəbul edin ki, Allah da sizi bağışlasın. Ey Kufəlilər! Hüseyni siz çağırdınız, “Canımız yoluna fəda olsun!” dediniz, sonra da öldürməyə niyyətlənərək mühasirəyə aldınız. İndi burada mühasirədədir. Onu xristianların, yəhudilərin içdiyi Fəratın suyundan məhrum etdiniz. Ailəsi ilə birlikdə susuzluqdan əziyyət çəkirlər. Hz. Məhəmmədin ailəsindən olan bir adamla necə də pis rəftar edirsiniz. Əgər tövbə edib fikrinizdən dönməsəniz, susuzluq günü Allah da sizə su verməz”[50]  

Lakin Hürrün sözlərinə oxlarla cavab verdilər. Piyadalar hücuma keçməyə başladılar.

Hz. Hüseynin tərəfdarları mətanət və qəhrəmanlıqla vuruşurdular. Məsələn: Abdullah ibn Umeyri əl-Kəlbi qarşısına çıxan iki düşməni öldürdükdən və barmaqları kəsildikdən sonra, onun yanına gələn xanımı: “Anam, atam sənə fəda olsun! Fatimənin övladı yolunda döyüş!” dedi və əlinə bir dəyənək alaraq əriylə birlikdə vurşmağa başladı. Ancaq Hz. Hüseynin əmri ilə döyüş meydanından çıxmalı oldu.[51]

Təkbətək çarpışmalarda Hz. Hüseynin tərəfdarlarının üstün gəldiyini görən düşmənlər dəstə şəklində hücuma keçdilər. Bu hücumlar zamanı Peyğəmbər soyuna yaxınlığı və igidliyi ilə tanınan Müslim ibn Əvsəcə ölümcül yaralandı. Hz. Hüseynin sol cinah qüvvələrinin başçısı Həbib onun yanına gedərək:

“Sənin yaralanmağın mənə çox kədərləndirdi. İnşallah, cənnətə gedərsən. Nə vəsiyyət edirsən, de, yerinə yetirim”− dedikdə Müslim əli ilə Hz. Hüseyni işarə edərək:

“Bax onun uğrunda canının fəda et, sənə vəsiyyətim budur”, −deyərək son nəfəsini verdi.[52]

Hürr də qəhrəmanlıqla döyüşürdü. Süvarilərlə çarpışmada məğlub olan Yezidin tərəfdarları beş yüz oxçu ilə Hz. Hüseynin dəstəsini ox yağışına tutdu. Ancaq Hz. Hüseynin tərəfdarları böyük fədakarlıq və rəşadətlə döyüşü davam etdirdilər. Bu dəfə əməvi ordusu arxadan hücum etməyə başladı. Bəziləri çadırları yağmaladılar, içində əhli-beytin olduğu alaçıqları yandırdılar. Bu əsnada şəhid olan Abdullah ibn Ümeyrin cənazəsinin başında “İnşallah, Cənnətə qovuşdun!” deyib ağlayan zövcəsini Şimrin əmri ilə öldürdülər. Ürəyi qoyumayan Şimr Hz. Hüseynin böyük çadırını xanımı və uşaqları ilə birlikdə yandırmağa cəhd etdi. Ancaq yanındakılar onu bu fikrindən güc-bəla ilə döndərə bildilər.[53]

Günorta namazı vaxtı Əbu Səmamətüs-Saidi:

“Ey Hüseyn! Sənə canım fəda olsun! Düşmən sənə yaxınlaşdı. And içirəm ki, mən yolunda canımı vermədikcə heç kəs səni öldürə bilməz. Amma bu namazı da sənin arxanda qılaraq Allaha qovuşmaq istəyirəm.”−dedi. Hz. Hüseyn ona xeyir-dua verdikdən sonra namaz qılmaq üçün döyüşün dayandırılmasını təklif etdi.

Yezidin tərəfdarı Hüsayn ibn Numeyr:

-“Sizin namazınız qəbul olmaz”−dedikdə. Həbib ibn Müzahir:

-“Rəsulullahın soyunun namazı qəbul olmayıb səninki olacaq?”−deyə ona layiq olduğu cavabı verdi. Az sonra bu igid də şəhid oldu. Namaz fasiləsi ilə bağlı təklif isə qəbul edilmədi.[54]

Yeni hücumda Hz. Hüseynin yanındakılar qəhrəmancasına şəhid oldular. Hürr, Züheyr ibn Qayn, Nafi ibn Hilal bu ilk hücumda şəhid olanlardandır. Ömər ibn Sadın Hz. Hüseynə hücum etmək fikrində olmadığını görən Şimr Übeydullah ibn Ziyadın göstərişinə əsasən orduya komandirliyi ələ keçirdi. 

Şimr növbəti dəfə hücuma keçəndə Hz. Hüseynin yanındakılar Rəsulullahın əvvəl Allaha, sonra da möminlərə əmanət etdiyi əhli-beytini qorumaq və onun uğrunda ölmək üçün bir-biri ilə yarışmağa başladılar.

Ömər ibn Sad ordusunda olan Ürvətul Ğifarinin iki oğlu, Hanzalə, Abis ibn Əbi Şəbib və köləsi Şəvzəb Hz. Hüseynin yanına gələrək Rəsulullahın nəvəsinin ətrafında bir-bir şəhid oldular.

Həmin gün əhli-beytdən ilk şəhid olan Hz. Əlinin oğlu Əliyyi-Əkbərdir. O, qəhrəmanlıqla vuruşaraq şəhidlik şərbətini içdi. Sonra Hz. Hüseynin oğlu Abullah, Hz. Həsənin oğulları Əbu Bəkir və Qasım, Hz. Əlinin digər oğulları – Abbas, Cəfər, Abdullah, Osman, Məhəmməd və Əbu Bəkir ilə Mutə döyüşündə şəhid olan Abdullah ibn Cəfərin iki oğlu-Avn və Məhəmməd, Aqilin oğulları – Cəfər, Əbdürrəhman, Abdullah və Aqilin nəvəsi Müslimin oğlu Abdullah və digərləri qəhrəmanlıqla vuruşaraq şəhid oldular.[55]

Hz. Hüseynə zərbə vurmağa cəsarət edə bilməyən düşmən onun ətrafında fırlanırdı. Kiçik oğlu Abdullah Hz. Hüseynin yanında idi. O da aldığı ox zərbəsi ilə şəhid oldu. Hz Hüseyn göz yaşları ilə düşmənlərinə bəddua etdi. Sonra su içmək üçün Fərata yaxınlaşdı. Lakin düşmənlər Onu ox yağışına tutaraq su içməyinə imkan vermədilər. Sifətindən dəyən oxla yaralandı. Hz. Hüseyn üzündən axan qanları silərkən yenə onlara bəddua elədi.[56]

Şimr Hz Hüseynin qadın və uşaqlarını öldürmək, yəni əhli-beyti yox etmək fikrində idi. Hz. Hüseyn misilsiz bir qəhrəmanlıqla döyüşürdü. Şimr əsgərləri Hz. Hüseynin üstünə göndərdi. Züra ibn Şəriki-Təmimi Hz. Hüseynin sol əlini, başqa bir adam da sol ayağını qılıncla yaraladı. Hz. Hüseyn yerə yıxılanda Sinan ibn Ənəs adlı bir nəfər nizasını ona sancdı. Havli Əshabi-Yezid bu şanlı şəhidin başını kəsməyə cəhd elədi. Lakin gördüyü işin dəhşətindən əlləri titrədiyinə görə, Sinan atından enərək Hz. Hüseynin mübarək başını kəsib  Havliyə verdi.[57]

Sonra da mübarək şəhidin paltar və silahını öz aralarında bölüşdürdülər. Bundan sonra çadırları yağmalayaraq qadınların üstündəki zinət əşyalarını da götürdülər.

Hz. Hüseyn hicri 61-ci il, məhərrəm ayının 10-da (10 oktyabr 680-cı ildə), cümə günü günortadan sonra şəhid edildi.[58]

Hz. Hüseyn şəhid ediləndə əlli yeddi yaşında idi. Bədənində çoxlu ox yarası, 33 mizraq, 34 qılınc izi var idi.[59]

Bu faciədə Hz. Hüseynin yalnız iki oğlu – xəstə yatan iyirmi üç yaşlı Əliyyi-Əsğər və dörd yaşlı Ömər sağ qaldı.[60] Hz. Hüseynin Fatimə və Səkinə adlı iki qızı isə əsirlər arasında idi.

Hz. Hüseynin soyundan gələnlər seyid adlanır.

Yezid Hz. Hüseynin şəhid edilməsinə və əhli-beytə verilən işgəncələrə kədərləndiyini bildirsə də, heç birini vəzifədən kənarlaşdırmaması, cəzalandırmaması sözlərində səmimi olmadığını göstərməkdədir.[61] Kərbəla hadisəsi İslam dünyasını hüznə qərq elədi.

Allah Rəsulunun (s.ə.s) Həzrət Hüseyn haqqında hədisləri

Hz. Peyğəmbər (s.ə.s.) Həsən və Hüseynə baxıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev!” deyərək dua etmişdir.[62] Yenə Rəsulullah (s.ə.s.): “Həsən və Hüseyni sevən məni sevmiş, onlara kin saxlayan mənə kin tutmuş olar!”[63] “Həsən və Hüseyn cənnət gənclərinin   rəhbəridir!”[64]buyurmuşdur.

Allah Rəsulu yenə Hz. Həsən və Hz. Hüseyn haqqında: “Bunlar mənim oğullarım və qızımın oğullarıdır.”[65] “Allahım, mən onları sevirəm, Sən də onları sev![66] Onları sevəni də sev!”, demiş və üç dəfə təkrar etmişdir.[67]

Əbu Əyyub Ənsari (r.a.) nəql edir ki: “Bir gün Allahın Elçisinin yanına getmişdim. Hz. Həsən və Hz. Hüseyn onun qabağında oynayırdılar.

Ya Rəsulullah, sən onları çox sevirsən?”, deyə soruşdum.

Hz. Peyğəmbər: 

Necə sevməyim ki? Onlar mənim dünyada öpüb iylədiyim iki ətirli güldür”, buyurdu.[68]

Hz. Abbas (r.a.) Rəsulullah xəstələnəndə onun yanına gəlmişdi. Ondan sonra Hz. Əli, Hz. Fatimə, Hz. Həsən və Hz. Hüseyn də içəri girdilər. Hz. Abbas: “Ya Rəsulallah, bunlar sənin oğullarındır!”, dedi. Allah Rəsulu: “Bəli, əmi! Onlar sənin də oğullarındır!”, buyurdu. Hz. Abbas: “Mən onları çox istəyirəm” dedi. Hz. Peyğəmbər: “Sən onları sevdiyin kimi, Allah da səni sevsin!buyurdu.[69]

  Hz. Ənəsdən (r.a.) rəvayət edildiyinə görə, Rəsulullaha (s.ə.s.) “Əhli-beytdən ən çox kimi  istəyirsən?” -deyə soruşulmuş və O da: “Həsən və Hüseyni “ deyə cavab vermişdi.[70]

[1] Təbəri, Tarix, III, 29.
[2] Ərəb adətlərində nəvəyə “oğul” deyilir.
[3] Diyarbəkri, Əl-Xamis, I, 471.
[4] Zəhəbi, Siyərü Aləmin Nübəla,  III, 280, IV, 268.
[5] Dinəvəri, Kitabul Əxbar, 218, 224-225.
[6] M. Asım Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 39.
[7] Bəlazuri, Ənsabul Əşaraf, IV, 12; Təbəri, Tarix, VI, 188.
[8] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 41.
[9] Bəlazuri, Ənsabul Əşaraf, IV, 15; Təbəri, Tarix, VI, 190.
[10] Bəlazuri, Ənsabul Əşaraf, IV, 13; Dinəvəri, Kitabul Əxbar, 288.
[11] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 45.
[12] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 46.
[13] Təbəri, Tarix, VI, 197-221.
[14] Təbəri, Tarix, VI, 197-198.
[15] Dinəvəri, Kitabul Əxbar, 230-231.
[16] Abdullah ibn Müslim və Ümarə ibn Üqbə Yezidin Kufədəki rəsmi cəsusu idi. (Dinəvəri, Kitabul Əxbar,231.)
[17] Təbəri, Tarix, VI, 199; Dinəvəri, Kitabul Əxbar,231.
[18] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 55-56.
[19] Təbəri, Tarix, VI, 200.
[20] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 62-64.
[21] Dinəvəri, Kitabul Əxbar,235.
[22] Təbəri, Tarix, VI, 208.
[23] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 89-90.
[24] Təbəri, Tarix, VI, 231.
[25] Təbəri, Tarix, VI, 216; Dinəvəri, Kitabul Əxbar, 243.
[26] Dinəvəri, Kitabul Əxbar, 244.
[27] Zəhəbi, Siyərü Aləmin Nübəla, III, 66.
[28] Zəhəbi, Siyərü Aləmin Nübəla, III, 197.
[29] Təbəri, II, 272; İbn Əsir, IV, 39.
[30] Təbəri, Tarix, VI, 217-218.
[31] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 108-110.
[32] Dinəvəri, Kitabul Əxbar, 245.
[33] Təbəri, Tarix, VI, 218.
[34] Dinəvəri, Kitabul Əxbar, 246; Təbəri, Tarix, VI, 224.
[35] Dinəvəri, Kitabul Əxbar, 247-248; Təbəri, Tarix, VI, 211.
[36] Dinəvəri, Kitabul Əxbar, 248-249; Təbəri, Tarix, VI, 227.
[37] Təbəri, Tarix, VI, 228.
[38] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 129.
[39] Təbəri, Tarix, VI, 231-232.
[40] Təbəri, Tarix, VI, 232; Dinəvəri, Kitabul Əxbar, 251.
[41] Dinəvəri, Kitabul Əxbar, 249.
[42] Təbəri, Tarix, VI, 232-233; Zəhəbi, Siyəri Aləmün-nübəla, III, 202.
[43] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 144. (Ayrıca bax: Təbəri, Tarix, VI, 234; Zəhəbi, Siyəri Aləmün-nübəla, III, 202.)
[44] Təbəri, Tarix, VI, 234.
[45] Üç və ya dörd dəfə onunla görüşdüyü bildirilir.
[46] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 148-149.
[47] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 156-158.
[48] Dinəvəri, Kitabul Əxbar, 256.
[49] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 164-169. (Ayrıca bax: Təbəri, Tarix, VI, 240-243; Zəhəbi, Siyəri Aləmün-nübəla, III, 203)
[50] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 173-175. (Ayrıca bax: Təbəri, Tarix, VI, 244-245)
[51] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 177-178.
[52] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 183.
[53] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 184-188.
[54] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 188-189.
[55] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 196-201.
[56] M. A. Köksal, Hz. Hüseyin ve Kerbela Faciası, 200-203.
[57] Dinəvəri, Kitabul Əxbar, 258.
[58] Musabuz-Zübeyri, Nəsəbi Qureyş, 40.
[59] Təbəri, Tarix, VI, 260.
[60] Musabuz-Zübeyri, Nəsəbi Qureyş, 40; Dinəvəri, Kitabul Əxbar, 259.
[61] Peyğəmbərin ovucundakı Kərbəla torpağı: Peyğəmbərin xanımlarından Ümmü Sələmə nəql edir: ”Rəsulullah bir gün sağ böyrü üstə yatdı. Bir müddət sonra kədərli halda oyandı. Bir az keçmiş yenə yatdı. Bir qədər sonra o kədərli halda gözlərini açdı. Bu, üç dəfə təkrarlandı. Ovucunda qırmızı bir torpaq var idi. Onu öpə-öpə dururdu. “Nədir bu, ya Rəsulullah?” ‒ deyə soruşdum. Cəbrail yuxuda mənə Hüseynin İraq torpaqlarında şəhid ediləcəyini xəbər verib “Bu da onun torpağıdır” dedi. (Zəhəbi, Siyəri Aləmün nübəla, III, 194-195) Cəbrail, Hz. Hüseynin şəhid ediləcəyi Kərbəla torpağından bir ovuc götürüb Peyğəmbərə gətirmişdi. Hz. Peyğəmbərin (s.ə.s) bu yeri kərb və bəla (üzüntü və kədər)deyə adlandırdığı bildirilir. (Zəhəbi, Siyəri Aləmün nübəla, III, 194). Ənəs ibn Malik rəvayət edir: “Hz. Cəbrail Peyğəmbərimizin (s.ə.s) yanına gəlir. Peyğəmbərimiz (s.ə.s) “Ey Ümmü Sələmə! Qapını bağla və içəri heç kimi buraxma!”  deyir. Bu vaxt Hz. Hüseyn qaçaraq gəlir. Ümmü Sələmə onu içəri buraxmaq istəmir. Lakin Hz. Hüseyn qapını zorla itələyib içəri daxil olur. Özünü sevimli babasının. qucağına atır. Hz. Peyğəmbər onu çiyninə alaraq öpüb-oxşayır. Mələk Peyğəmbərimizə (s.ə.s) “Onu çox sevirsən?” deyə soruşur. Hz. Peyğəmbər “Bəli” cavabını verir. Mələk: “Amma ümmətin onun canına qıyacaq”, deyir. (Əhməd ibn Hənbəl, Müsnəd, III, 242) Hz. Peyğəmbər “Deməli, onu möminlər öldürəcək, eləmi?” deyə sual edir. Mələk “Bəli elədir! İstəyirsən, onun öldürüləcəyi yeri Sənə göstərim?” deyir. Hz. Peyğəmbər “Hə, göstər” dedikdə, mələk gətirdiyi bir ovuc yaş və qırmızı torpağı Peyğəmbərimizə göstərdi. Hz. Ümmü Sələmə torpağı götürüb ətəyinə qoyur. (Əhməd ibn Hənbəl, Müsnəd, III, 242; Zəhəbi, “Siyəri-aləmün nübəla”, III, 10). Hz. Peyğəmbər Ümmü Sələməyə torpağı verərkən “Bu torpaq qana dönəndə Hüseyn şəhid ediləcək” deyir. Hz. Ümmü Sələmə həmin torpağı bir qabın içərisində saxlayır. Hz. Hüseynin şəhid edildiyi gün torpağın qan şəklinə düşdüyünü gördü. (İbn Əsir, Kamil, IV, 48)
[62] Tirmizî, Mənaqib, 31
[63] İbn Hənbəl, Müsnəd, II, 249-331.
[64] Tirmizi, Mənaqib, 31; İbn Hənbəl, Müsnəd, III, 3.
[65] Tirmizi, Mənaqib, 46.
[66] İbn Hənbəl, Müsnəd, V-VI, 369.
[67] İbn Hənbəl, Müsnəd, I-II, 331.
[68] İbn Hənbəl, Müsnəd, I-II, 85.
[69] Təbərani, Mücəmüs-Sağir, I, 90.
[70] Tirmizi, Mənaqib, 46.


Açar sözləri

aşura Hüseyn kərbəla

Bənzər məqalələr

Məhərrəm ayı və aşura günü

Məhərrəm ayı və aşura günü nə deməkdir?

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.

Aşura günü baş verən hadisələr

Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı-məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır…


3 şərh yazılıb
  1. Namiq BABAŞLI , 04/11/2014 tarixində, saat 07:11

    Cənabı Allah onu sevənlərə mənəvi, mənalı ömür nəsib etsin, axirətini Cənnəti-məkan nəsib etsin İnşallah. Allah sevgisini birilərinə qazandırmaq üçün əməyi olan hər kəsdən Allah razı olsun, xeyirli dualar onlarla olsun.

  2. Abdullah Mamedov , 09/11/2014 tarixində, saat 12:11

    Allah razi olsun melumat ucun

  3. Metin Elabbaszade , 29/10/2015 tarixində, saat 20:10

    MEN cox axtarirdim bu melumati Allah razi olsun ki, deqiq tam anlasiqli bir sekildi hadiselerin nece bas verdiyini oyrene bildik

Şərh yaz