Aylıq namaz vaxtları
55 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (s.a.s.) zövcələrindən həyatı haqqında ən çox məlumat olan Həzrət Aişədir. O, Allah Rəsulunun yaxın dostu Əbu Bəkrin qızıdır.[1] Anası Ümmü Ruman künyəsi ilə tanınan Zeynəb binti Amirdir. Valideynləri Rəsulullaha (s.a.s.) ilk iman edənlərdəndir.

Həzrət Aişənin doğulduğu il dəqiq bilinmir. Nəql olunur ki, o, peyğəmbərliyin 4 və ya 5-ci ilində dünyaya gəlib.

Ailə üzvləri ilə birlikdə Mədinəyə hicrət edən Aişə anamız bir müddət Bənil-Haris İbnil-Xəzrəc məhəlləsində, ata evində qalmışdır.[2]

Rəsulullahla (s.a.s.) Həzrət Aişənin izdivacı hicrətdən il yarım[3] sonra şəvval[4] ayında baş tutmuşdur. Allah Rəsulu (s.a.s.) bu izdivac üçün şəvval ayını əbəs yerə seçməmişdi. Belə ki, o dövrdə belə bir yanlış adət var idi: guya şəvval ayında qurulan ailələr uğursuz olur, ər-arvad bir-biri ilə yola getmir, dolayısilə, bu nikahların ömrü çox çəkmir.[5] Rəsulullah (s.a.s.) da məhz bu batil adəti aradan qaldırmaq üçün şəvval ayını seçmişdi.

Allah Rəsulu (s.a.s.) Həzrət Aişəyə dörd yüz dirhəm mehr vermişdir.[6] Həzrət Əbu Bəkir də yeni ailə quran qızı və Rəsulullah (s.a.s.) üçün Məscidi-Nəbəviyə bitişik bir otaq tikdirmişdi. Aişə anamız bu balaca otaqda yaşamışdır.  

Rəsulullah (s.a.s.) Həzrət Aişə ilə ailə quranda Fatimədən savayı digər qızları köçmüşdülər. O, bir müddət Fatimə ilə eyni evdə yaşamışdır. Fatimə hər dərdini onunla bölüşürdü.[7]

Həzrət Aişənin həyatında diqqəti çəkən hadisələrdən biri İfq[8] (böhtan) hadisəsidir. Uca Allah birbaşa vəhylə[9] onun təmiz olduğunu bildirmişdir.

Həzrət Aişə Həzrət Osman şəhid ediləndən sonra baş verən Cəməl hadisəsində iştirak etmişdir. Bu hadisədən sonra siyasi işlərə qarışmamışdır.

Rəsulullahın (s.a.s.) qız olaraq evləndiyi yeganə xanımı Həzrət Aişədir.[10] Gənc yaşda gəlin köçən Həzrət Aişə Mədinə dövrünü görmüş, Uhud, Xəndək, Bəni-Qüreyzə, Bəni-Müstəliq, Hüdeybiyyə və Məkkənin fəthi kimi mühüm səfər və hadisələrə şahid olmuşdur.[11]

Həzrət Aişə Allah Rəsulunun digər xanımları arasında elmi və zəkası ilə daha çox seçilmişdir. Digər insanlar Peyğəmbərimizin yalnız çöl-bayırdakı hal və davranışlarına şahid olurdularsa, o, Rəsulullahın həm insanlarla oturuş-duruşuna, həm də evdə ən məhrəm (gizli) hal və davranışlarına vaqif olurdu. Çox keçmədən güclü yaddaşı, iti ağlı və qüvvətli məntiqi ilə Quranın tərcümanına, hədis elminin dəyərli müəlliminə çevrilmiş, dinin əsas məsələlərini dərindən bilməsi ilə insanlar arasında ən mümtaz məqama ucalmışdı. Xüsusən qadınların dini məsələləri Rəsulullahdan soruşub öyrənmələrində Aişə anamız mühüm rol oynamışdır.

O, Cəbrail əleyhissəlamı iki dəfə öz gözü ilə görmüş və Rəsulullahın (s.a.s.) vəsiləsi ilə onun salamı ilə şərəflənmişdir. Rəsulullahın zövcələri arasında bəzi məziyyətlərdə onun qədər üstün olan ikinci bir xanım yoxdu.[12]Bu və digər səbəblərə görə, Rəsulullah Həzrət Aişəyə olan sevgisini

Kişilər arasında kamillik mərtəbəsinə çıxanların sayı çox olsa da, qadınlar içərisində İmranın qızı Məryəm və Fironun xanımı Asiyədən başqa bu məqama heç kim yüksəlməmişdir. Qadınlardan Aişənin fəzilətinə gəlincə, o, digər yeməklərlə müqayisədə tirit[13] kimidir[14]

hədisi ilə dilə gətirmişdir. Bir hədisində də onun dünyada və Cənnətdə həyat yoldaşı olacağını bildirmişdir.[15]

Rəsulullahın Həzrət Aişəyə olan sevgisini yaxşı bilən səhabələr çalışırdılar ki, Ona Həzrət Aişənin evində olduğu gün hədiyyələr gətirsinlər.[16] Bu sevgi Rəsulullahın digər xanımlarının da gözündən qaçmırdı. Hətta Həzrət Aişəyə buna görə qibtə edirdilər.

Bir gün Ümmü Sələmə[17] vasitəsilə bunu Rəsulullaha (s.a.s.) bildirdilər. Rəsulullah (s.a.s.) Ümmü Sələməyə:

− Ey Ümmü Sələmə! Aişə barəsində Məni narahat etməyin! – deyərək bu sevginin təməlində yatan səbəbi belə açıqladı, – Aişə də daxil olmaqla sizin hamınıza gün ayırıram, ancaq təkcə onun yanında Mənə vəhy gəlir![18]

Ümmü Sələmə illər sonra Aişə anamızın vəfat etdiyini eşidincə kədərlənmiş və bu üzüntüsünü belə dilə gətirmişdir: “And olsun ki, Rəsulullahın gözündə Əbu Bəkirdən sonra ən sevimli insan vəfat elədi!”[19]

Rəsulullah haqqa qovuşduğu gün Həzrət Aişənin hücrəsində idi. Aişə anamız sonralar belə demişdir:

− O, mənim evimdə vəfat etdi. Həmin gün mənim növbəm idi. Allah Onun ruhunu alanda mübarək başı dizimin üstündə idi.[20]

Aişə anamız sadə həyat yaşamışdır. Əlində olanları möhtaclara paylamağı sevərdi. Bacısı oğlu Həzrət Ürvə onun fəzilətini bu sözlərlə dilə gətirir: “Mən onun əynində yamaqlı paltar ola-ola yetmiş min dirhəm sədəqə verdiyini gördüm.[21]

Kimsəsizlərə, yetimlərə, yoxsullara əl tutmağı sevən, yeri gələndə onların ailə qurmasına kömək edən Həzrət Aişə bir neçə kölə[22] və cariyə də azad etmişdir.

Aişə anamız müxtəlif elmləri dərindən bilməklə yanaşı, bu elmləri başqalarına da öyrədirdi. Böyüdüb tərbiyə verəsi uşağı olmamışdı, ancaq o, hamının anası idi. Bu baxımdan harada bir yetim və ya istedadlı bir uşaq görsə, onu himayəsinə götürər və cəmiyyətə faydalı bir fərd kimi yetişdirməyə çalışardı. Bu uşaqların təkcə maddi ehtiyaclarını təmin etməklə kifayətlənməz, onlara elmin incəliklərini öyrədərdi.[23] Ənsardan bir qız uşağını yanına götürüb gəlin köçürmüşdü.[24] Qardaşı Məhəmmədin qızlarını da öz himayəsinə götürmüş, boya-başa çatdırıb ərə vermişdi.[25]

Tabeun nəslindən 150-yə yaxın insanın ondan dərs aldığı bildirilir. Ondan dərs alan qadınların ümumi sayı isə əlliyə yaxındır.

 “Müstədrək” əsərinin müəllifi Hakim kimi böyük alimlər dinə aid elmlərin dörddən birinin Aişə anamız vasitəsilə bizə çatdığını söyləyirlər.[26]

Həzrət Aişənin ən xas tələbəsi Həzrət Ürvə onun elminin dərinliyindən belə bəhs edir:

Mən Quranı, fərzlər başda olmaqla bütün dini hökmləri, halal və haramı, fiqhi, şeiri, tibbi, ərəblər haqqında bilgini və nəsəb elmini möminlərin anası Aişədən daha çox bilən bir adam görməmişəm![27]

Vəfatına qədər bir çox insan onun elmindən faydalanmışdır. Ən çox hədis nəql edən səhabələrdəndir. Hədis elmində xüsusi yeri vardır. Həzrət Aişə Allah Rəsulundan 2210 hədis nəql etmişdir.

14 iyul 678-ci ildə (h. 17 ramazan 58-ci il)[28] 65 yaşında Mədinədə vitr namazını qılandan sonra vəfat etmişdir.[29]


[1] Ahmet Arpa, “Ümmehatül-Müminin”, ŞİA, VI, 268.

[2] Buxari, “Fəzailüs-səhabə”, 73 (3681); Əbu Davud, “Ədəb”, 63 (4937); Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/210; Darimi, “Sünən”, 2/212 (2261)

[3] Bu evliliyin hicrətdən altı, ya səkkiz ay, yaxud da il yarım sonra Bədir döyüşünün ardınca gerçəkləşdiyini bildirən rəvayətlər var. Bax: İbn Sad, “Təbəqat”, 8/58; İbn Əbdülbərr, “İstiab”, 4/1881; Nədəvi, “Sirətüs-seyyidəti Aişə”, tədq.: Məhəmməd Rəhmətullah Hafiz ən-Nədəvi, 40, 49

[4] “Rəsulullah mənimlə şəvval ayında nişanlandı, şəvval ayında da nikahımız kəsildi”. (Müslim, “Nikah” 73 (1423))

[5] İbn Sad, “Təbəqat” 8/60, 61.

[6] Bax: Nəsayi, “Nikah”, 66 (3350); Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/427 (27448)

[7] Bax: Buxari, “Xüms”, 6 (2945); “Nəfəqə”, 7 (5047); Müslim, “Zikr və Dua”, 80 (2727)

[8] İfq hadisəsi hicrətin beşinci ili Bəni-Müstəliq qəzvəsindən qayıdarkən olmuşdur. Belə ki, Rəsulullah və səhabələr dincəlmək üçün bir yerdə dayandılar. Bir qədər nəfəslərini dərdikdən sonra Mədinəyə doğru sürətlə irəliləməyə başladılar. Yola düşərkən Həzrət Aişənin kəcavəsini (səhra şəraitində, xüsusən, qadınların rahat yol getmələri üçün dəvənin üstünə qoyulan örtülü yer) dəvənin belinə qoydular. Elə bildilər ki, Həzrət Aişə içəridədir. Həzrət Aişə bədəncə çox zəif olduğuna görə kəcavədə olmadığını hiss etmədilər. O, bu zaman təbii ehtiyacını dəf etmək üçün oradan bir qədər uzaqlaşmış və həmin yerdə də bacısı Əsmanın ona əmanət etdiyi boyunbağını itirmişdi. Boyunbağını axtarmaqla məşğuldu. Geri dönəndə isə ordunun çıxıb getdiyini gördü. Əvvəlcə qorxu içərisində ətrafına səslənməyə başladı. Səsinə səs verən olmadı. Bu vaxt itirdiyi boyunbağını tapdı. Əlacı kəsilən Həzrət Aişə örtüyünə bərk-bərk bürünüb oturdu və gözləməyə başladı. Onun yoxluğundan xəbər tutan kimi arxasınca adam göndərəcəklərinə ümid edirdi. Aradan çox keçməmiş səhabələrdən Safvan ibn Muattal gəlib çıxdı. Ola bilsin, o da əsgərlərdən geri qalmış, ya da ona arxada bir şeyin qalıb-qalmadığını yoxlamaq tapşırılmışdı. Uzaqdan bir qaraltı görən Həzrət Safvan ona doğru yaxınlaşanda Həzrət Aişə olduğunu gördü. Onu dəvəsinə mindirib orduya çatdı.

İbn Səlul kimi bəzi münafiqlərin bunu fürsət bildilər. Onlar möminlərin anası Həzrət Aişəyə iftira atdılar. Məqsəd iffət abidəsi Həzrət Aişəni ləkələmək və bu yolla Rəsulullahı gözdən salmaqdı. Mədinəyə gəlib çatdılar. Bir aylıq səfərin çətinliyi zəif vücudlu Həzrət Aişəni əldən salmış, xəstələndirmişdi. İstirahətə çəkilmişdi, baş verənlərdən, barəsində danışılanlardan hələ xəbəri yoxdu. Münafiqlər də bir yandan iftiralarını yaymaqda davam edirdilər. İyirmi günə ancaq yaxşılaşıb, özünə gəldi. Amma hələ də çöldə-bayırda gəzən şayiələrdən xəbərsizdi.

Tez-tez ona baş çəkməyə gələnlər olurdu. Bir axşam onlara qonaq gələn qohumu Ümmü Mistahla çölə çıxmışdı. İşi vardı. Birdən Ümmü Mistahın ayağı nəyəsə ilişib səndələdi, az qala yıxılacaqdı. Birtəhər özünü saxladı. Əsəbi halda oğlunun adını çəkib ona lənət oxuyanda Həzrət Aişə bunu səbəbini soruşdu. O da camaat arasında onun haqqında söz-söhbət gəzdiyini, oğlunun da belə şeylər danışdığını dedi. Həzrət Aişə məsələdən məhz bu vaxt hali oldu. (İbn Hişam, “Sirə” 4/464). Huşunu itirib özündən getdi. Evə birtəhər gəldi.

Bu iftiranı yayan münafiqlər idi. Səhabələrin böyük əksəriyyəti: “Sübhənallah! Bu, böyük iftiradır!” – deyib belə bir şeyin olmasını qeyri-mümkün sayırdılar. Bu hadisənin üstündən bir müddət keçəndən sonra Peyğəmbərimiz Əbu Bəkir ailəsinin yanına gəldi. Bəni Müstəliqdən dönəli ilk dəfə idi ki, onlara gəlirdi. Bu zaman Həzrət Aişə və anası Ümmü Ruman bir küncə çəkilib barələrində haqsız yerdə uydurulan böhtanlara görə, dua edib ağlayırdılar. Bir müddət sonra Allah Rəsulu üzünü Həzrət Aişəyə tutub belə buyurdu: Müjdələr olsun sənə, ey Aişə! Allah nazil etdiyi ayə ilə sənin təmiz və pak olduğunu bildirdi! Qalx və Allaha həmd et! Həzrət Aişənin gözləri güldü. Allaha şükür edərək “Əlhəmdulillah” dedi. Nazil olan ayələrdə Allah onun pak olduğunu bildirir, gələcəkdə ona məğfirət və bol ruzi vəd edirdi. Allah Rəsulu nazil olan ayələri səhabələrinə də oxudu: “Həqiqətən, o iftiranı çıxaranlar öz içərinizdən kiçik bir dəstədir…” (“Nur” surəsi, 24/11)

[9] Nur, 24/11

[10] Mevlana Niyaz, Kadın Sahabiler, 48.

[11] İmam Nədəvi onun Bədirdə də iştirak etdiyini deyir. Bax: Nədəvi, “Sirətüs-seyyidətü  Aişə” 170

[12] Bunlara misal olaraq; Əzvaci-tahirat arasında təkcə onun Rəsulullahdan əvvəl heç kimlə ailə qurmaması, vəhyin gəlişinə şahidlik etməsi, onun pak iffətini təsdiq edən ayələrin gəlməsi, Allah Rəsulunun ömrünün son anlarını onun evində keçirməsi və başı Aişə anamızın dizinin üstündə olarkən Haqqa qovuşması və s. nümunə göstərmək olar. Bax: Buxari, “Fəzailüs-səhabə” 30; Müslim, “Fəzailüs-səhabə” 90 (2447); Tirmizi, “Mənaqib”  63 (3879); Nəsayi, “İşrətün-Nisa” 3 (3949, 3950); Hakim, “Müstədrək” 4/11 (6729, 6730); İbn Əbi Şeybə, “Müsənnəf” 6/389 (32278); Heysəmi, “Məcməüz-zəvaid” 9/241; Zəhəbi, “Siyər” 2/191; Təbərani, “əl-Mücəmül-kəbir” 23/31 (77); İbn Sad, “Təbəqat”  8/63, 64

[13] Ət suyuna qızardılmış çörək qatılaraq hazırlanan yemək çeşidi. O dövrün ən sevilən yemək çeşidlərindən biridir.

[14] Buxari, “Əhadisül-ənbiya” 33 (3230); “Fəzailüs-səhabə” 30 (3558); Müslim, “Fəzailüs-səhabə” 70 (2431); Tirmizi, “Ətimə” 31 (1834); İbn Macə, “Ətimə” 14 (3280)

[15] Buxari, Fədailu Əshabin-Nəbi, 26; Tirmizi, Mənaqib, 46.

[16] Buxari, “Hibə” 6,7 (2435, 2441); “Fəzailüs-səhabə”, 30 (3564); Müslim, “Fəzailüs-səhabə”, 82 (2441); Tirmizi, “Mənaqib”  63 (3879); Nəsayi, “İşrətün-nisa” 3 (3950)

[17] Başqa rəvayətdə isə, Həzrət Fatimənin göndərildiyi və Rəsulullahın ona: “Qızım, sən heç mənim sevdiyim adamı sevməməzlik edərsən? deyə soruşmuş, o, da “Əlbəttə sevərəm” cavabını vermişdir. Rəsulullah: “Elə isə Aişəni də sev”, – demişdir. (Tirmizi, Mənaqib, 46; İbn Kəsir, el-Bidayə, VIII, 162.

[18] Buxari, “Hibə”, 7 (2442); “Fəzailüs-səhabə”, 30 (3564); Nəsayi, “İşrətün-nisa”, 3 (3950); Tirmizi, “Mənaqib”,  63 (3879)

[19] Hakim, “Müstədrək” 4/15 (6746); Əbu Nuaym, “Hilyətül-övliya”,  2/44; İbnül-Əsir, “Üsdül-ğabə”,  1/1395

[20] Buxari, “Cənaiz” 94 (1323); Müslim, “Fəzailüs-səhabə” 84 (2443)

[21] İbn Sad, “Təbəqat” 8/67; Zəhəbi, “Siyər” 2/187; Hənnad, “Zöhd” 1/337 (617)

[22] Onun 7 kölə azad etdiyi bildirilir. Sanani, “Sübülüs-səlam” 4/139

[23] Həzrət Aişə Məsrük ibn Əcdanı uşaqlığında himayəsinə götürmüş və onu tabeunun böyük alimi kimi yetişdirmişdi. Hər dəfə Aişə anamızdan bir hədis rəvayət edəndə sözlərinə: “Mənə bunu Siddiqə binti Siddiq, Həbibullahın Məhbubu və paklığı Allahın ayəsi ilə təsdiq olunan anamız rəvayət etdi!” – deyə başlardı. Başqa bir tələbəsi olan Həzrət Amra əl-Ənsariyyə mədinəli olmasına baxmayaraq, Həzrət Aişədən bəhs edərkən həmişə ona “xalam” deyərdi. Bax: Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/241 (26086); Beyhaqi, “Sünən”, 2/458 (4193); Əbu Nuaym, “Müsnədi Əbu Hənifə”, 1/54; Təbərani, “əl-Mücəmül-övsat”, 5/314 (5411); “Kəbir”, 23/181 (289); Tayalisi, “Müsnəd”, 1/197 (1382); Zəhəbi, “Siyər”, 4/67; İshaq ibn Rahuyə, “Müsnəd”, 3/813 (1452)

[24] Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/269 (26356); İbn Hibban, “Səhih”, 13/185 (5875); Heysəmi, “Məvaridüz-zaman”, 1/494 (2016); Təbərani, “əl-Mücəmül-övsat”, 5/352 (5527)

[25] Bax: Malik, “Zəkat”, 5 (586)

[26] Təhməz, “əs-Seyyidətü Aişə”, 174

[27] Bax: Hakim, “Müstədrək”, 4/12 (6733); Əbu Nuaym, “Hilyətül-övliya”, 2/49; İbn Cövzi, “Sifətüs-safvə”, 2/32

[28] Onun hicri 55, 56, 57, 58 və ya 59-cu illərdə (İbn Əbdülbərr, “İstiab”, 2/108; “Təhzibül-kəmal”, 16/560) 65, 66, 67 və ya 74 (Bax: İbn Sad, “Təbəqat”, 8/75; Nədəvi, “Sirətüs-seyyidəti Aişə”, 202) yaşlarında dünyadan köçdüyü bildirilir. Bu isə doğum tarixi kimi vəfat tarixi haqqında da yekun qənaətin olmadığını göstərir. Hicri 58-ci ildə 74 yaşında vəfat etdiyini bildirən rəvayətdə ramazan ayının on yeddinci gününün çərşənbə gecəsi dünyadan köçməsi, vəsiyyətinə əsasən Cənnətül-Baqidə gecə vaxtı dəfn edilməsi, həmçinin vəsiyyətinə görə namazını Həzrət Əbu Hüreyrənin qıldırması, məzarına da bacısı Həzrət Əsmanın iki oğlu Abdullah və Ürvə, qardaşı Məhəmmədin iki oğlu Qasım və Abdullah, eləcə də digər qardaşı Əbdürrəhmanın oğlu Abdullahın endirməsi kimi təfərrüatın olması (İbn Əbdülbərr, “İstiab”, 2/108; Doğrul, “Asrı saadet”, 2/142) digərləri ilə müqayisədə bu rəvayətin daha səhih olduğunu göstərir.

[29] İbrahim Canan, Peygamber yıldızları sahabe dünyası, 61.




Şərh yaz

*