Aylıq namaz vaxtları
696 dəfə oxunub ,   0 şərh   Çap et

Quranda keçmişdə yaşamış peyğəmbərlərdən və onların ümmətlərindən bəhs edən qissələr mövcuddur. Bu qissələrin bir çox hikmətləri var. Tarixin dərinliklərində unudulmğa üz tutan və bütün zamanlarda keçərli olan mütləq həqiqətləri özünəxas üsulla insanlara çatdıran Quran qissələrinin əhəmiyyəti böyükdür. Uca Allah Quranda belə buyurur: “Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər. (İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər. Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub məyus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” (Ənkəbut, 29/31-33).

Ayələrin əvvəlində Hz. İbrahimə (ə.s) övlad müjdəsi ilə gələn mələklərdən bəhs olunur. Mələklər Hz. İbrahimə (ə.s) müjdə ilə yanaşı haqq yoldan azmış qövmü həlak etmək üçün göndərilmişdir. Xalqı həlak ediləcək qövm isə Hz. Lutun (ə.s) qövmüdür. Uca Rəbbimiz müqəddəs kitabımız Quranda keçmişdə yaşamış bəzi qövmlərin başına gələnləri ibrət alaq deyə bizə bildirməkdədir. Ayədə belə buyurulur: “Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).” (Həcc, 22/45-46)

Uca Allah yer üzündə azğınlıq, fitnə-fəsad törədən, əmr və qadağalara laqeyd yanaşan, peyğəmbərləri öldürən, əxlaqsızlıqda sərhəd tanımayan Ad və Səmud qövmünü, Eykə və Mədyən xalqını və bir çox millətləri məhv etməklə cəzalandırmışdır. Həmin qövmlərdən biri də Hz. Lutun (ə.s) qövmüdür. Bu qövm Allahın qoyduğu qanunları pozan, əxlaq və həyasını itirən bir qövm idi. Lut qövmündə kişilər qadınlara deyil, öz həmcinslərinə meyl edirdi. Hz. Lut (ə.s) onlara bu hərəkətin yanlış olduğunu bildirmiş, onları dəfələrlə xəbərdar etmişdi. Qövmü isə Hz. Lutun (ə.s) dediklərini dinləməmiş, üstəlik onu məsxərəyə qoymuşdular. Hətta məmləkətindən sürgün eləmək də istəmişdilər.

Buna görə də Allah mələkləri həmin qövmü həlak etmək üçün göndərmişdi. Mələklər bunu Hz. İbrahimə (ə.s) bildirəndə, Hz. İbrahim mələklərə Hz. Luta iman edənlərlə birgə olduğunu söylədi. Mələklər də Hz. Lutu və ailəsini xilas edəcəklərini, yalnız Hz. Lutun həyat yoldaşının həlak ediləcəyini bildirdilər. Çünki Hz. Lutun arvadı onun peyğəmbər olduğuna iman etməmişdi. Nəticədə Allah həmin qövmü əvvəlcə qorxunc səslə, sonra da məmləkətin altını üstünə çevirərək, başlarına daş yağdıraraq həlak etmişdir. Həlak edilənlər içində Hz. Lutun arvadı da vardı. O da Hz. Lutun xəbərdarlığını dinləməmiş, inkar edənlərlə əlbir olmuşdu.

Burada mühüm bir xüsusa da toxunulur. Bu da ondan ibarətdir ki, kimliyindən asılı olmayaraq hətta peyğəmbərin həyat yoldaşı olsa da, hər kəs öz əməllərinə görə cavabdehdir.

Cəmiyyətdə bəzi insanlar “mənim babam hacıdır”, “valideynlərim namaz qılır”, “seyid nəslindənəm” kimi sözlərlə özlərini sığortalamağa və bununla da dini mükəlləfiyyətlərindən boyun qaçırmağa çalışırlar. Bunların bir faydası olacağını güman edirlər. Halbuki bu doğru anlayış deyil. Bir insana babasının hacı, valideynləri namaz əhli və ya seyid nəslindən olmasının heç bir faydası yoxdur. Necə ki, peyğəmbər olan Hz. Lut (s.ə.s) öz həyat yoldaşını xilas edə bilməmiş, o da şəhər əhalisi ilə bərabər həlak edilmişdi. Buna bənzər hadisə Hz. Nuh (ə.s) ilə oğlu arasında da baş vermişdir. Hz. Nuhun oğlu atasının peyğəmbərliyinə və Tufan olacağına inanmayaraq gəmiyə minməmiş və suda boğulanlardan olmuşdu. Hz. Nuh isə oğlunu qurtarmağı çox istəsə də bu mümkün olmamışdır. (Hud, 11/42-47).

Rəsulullah (s.ə.s) da “Və ən yaxın qohumlarını qorxut!” (Şuəra, 26/214) ayəsi nazil olanda bütün qohum-əqrəbalarını Səfa təpəsinə toplayaraq onları Allaha inanmağa çağırmışdı. Bütün qəbilələrin adını çəkib xəbərdarlıq etdikdən və İslama çağırdıqdan sonra öz qızı Fatiməyə səslənərək belə demişdi:

Qızım Fatimə! Sən də nəfsini Cəhənnəmdən xilas etməyə çalış! Çünki axirətdə sizin üçün heç nə edə bilmərəm. Ancaq sizinlə qohum-əqrəba olduğuma görə aramızdakı münasibətləri (bu dünyada) kəsməyəcəyəm”. (Müslim, İman, 348-365).

Nəticə olaraq yuxarıdakı ayələrdə və Rəsulullahın (s.ə.s) hədislərində açıq-aşkar bildirilir ki, peyğəmbər belə öz oğlunu, qızını, həyat yoldaşını qurtara bilmir. Hər kəs öz əməlindən məsuldur. Buna görə qısa ömürümüzü Rəbbimizin və Onun Rəsulunun (s.ə.s) əmr və qadağalarına uyaraq, Onların rizasını qazanmağa çalışaraq keçirməliyik. Çünki hamımız bir gün geri dönülməyən bir səfərə çıxmaq məcburiyyətindəyik. Həmin səfər başlamadan əvvəl səfər üçün yaxşı hazırlıq və bol tədarük görməliyik. Yaxınlaşmaqda olan Ramazan ayı və içərisində olduğumuz Şaban ayı bunun üçün əlimizə düşən bir fürsət sayıla bilər.




Bənzər məqalələr

Mömin məsuliyyət insanıdır

Hər biriniz raisiniz (çoban) və hamınız əlinizin altındakılara cavabdehsiniz: dövlət başçısı bir raidir və rəiyyətinə cavabdehdir. Hər fərd ailəsinin raisidir və rəiyyətinə görə məsuliyyət daşıyır. Qadın ərinin evinin çobanıdır və öhdəsində olan şeylərə cavabdehdir. Xidmətçi ağasının malının raisidir və ona tapşırılanlara cavabdehdir. Hər biriniz raisiniz və hər biriniz rəiyyətinizdən məsulsunuz


Şərh yaz

*