Aylıq namaz vaxtları
1. 236 dəfə oxunub ,   0 şərh   Çap et

Həcc ibadətinin iki yönü var: fərdi və ictimai. Fərdi yönü xüsusilə mühümdür. Çünki həcc ibadəti əslində hər kəs üçün bir ibadət, bir qulluqdur. Necə ki bir nəfər bayram kimi xüsusi günlərdə bir vəzirin, bir padşahın təbrikinə gedəndə ondan iltifat görür, eləcə də bir hacı sadə insanlardan olsa da, məqamlar keçmiş və ən yüksək mərtəbəyə ucalmış bir Allah dostu kimi Aləmlərin Rəbbinə yönəlir, külli ibadətlə şərəflənir. Təbii ki, həcc açarları ilə açılan külli Rububiyyət mərtəbələri, həcc durbini ilə gözünə görünən ilahi əzəmətin üfüqləri və şüarı ilə qəlb və xəyalında getdikcə genişlənən ibadət halqaları, böyüklük mərtəbələri və təcəlli üfüqünün oyatdığı hərarət, heyrət və dəhşət “Allahu Əkbər, Allahu Əkbər!” sədaları ilə təskinlik tapa bilər.

Həccin ikinci yönü müsəlmanların ictimai, siyasi və iqtisadi həyatı ilə bağlıdır. Bu mövzuda bir neçə xüsusa toxunaq:

  1. İslamın meydana çıxıb yayıldığı, genişləndiyi bu torpaqları ziyarət etməklə Rəsulullahın (s.ə.s) və şanlı Əshabının haqq dini uğrunda apardığı əzmkar mübarizələr gözlərimiz önündə canlanır və dini həyatımıza yeni bir ruh, yeni bir nəfəs gətirir. Minlərlə müqəddəs xatirə və Allah Rəsulunun (s.ə.s) mübarək qoxusu hopmuş o müqəddəs diyarın hər qarış torpağında İlahi aləmin gizli sirləri mövcuddur.
  2. Quran bəyanlarını canlı şəkildə həclə təfsir (izah) etmək mümkündür.

Yadına sal ki, Rəbbin o zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşdu: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə! İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan gələn yorğun-arğın dəvələr üstündə gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanlardan qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsula da yedirdin. Sonra həcc əməllərini (dırnaq kəsmək, saç qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər, nəzirlərini yerinə yetirsinlər və qədim evi (Kəbəni) təvaf etsinlər”. (“Həcc” surəsi, 22/26-29).

Əsrlər sonra Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) “Vida Həcci”ndə ayənin bildirdiyi həcci insanlara çatdırır…

Bu dəvətlər yetişib oyanan toxumlar, fidanlar kimi insanların qəlbində cücərib boy atır və bu ilahi buyuruqların şirin sədası ilə möminlər də o səslər gələn tərəfə yönəlir və Allahın həcc əmrlərinə tabe olurlar…

  1. İnsan fitrət etibarilə ictimai varlıqdır. Məhz həcc zamanı inanc və düşüncəsində tək olmadığını, onun imanını dəstəkləyən bu qədər dəlillərin varlığını öz gözləri ilə görür. Dünyanın hər tərəfindən gəlmiş, müxtəlif dillərdə danışan, fərqli irq, millət və təbəqələrdən olan, ancaq eyni inancı daşıyan bu qədər insanın ağappaq ehramlar[1] içində eyni zikr, dua və ibadətləri birlikdə etməsinə şahid olur. Bütün bu insanlarla bərabər Kəbə qarşısında da eyni hüzur və xüşunu qəlbinin dərinliklərində hiss edir.

Bu duyğular bizim ictimai tərəfimizlə əlaqədardır və onlar sanki zəvvarların sayı qədər imanımızın qüvvətlənməsinə səbəb olur.

Məhz bunun əhəmiyyətini dərk edən insanlar öz davalarını beş-on nəfərə inandıran kimi nümayiş etməyə cəhd göstərirlər. Bununla öz ideyalarında möhkəmlənmək, qüvvətlənmək istəyirlər. Batil inanc və ideyalar uğrunda belə ittifaqlar qurulursa, haqq davasında, dünya və axirət səadəti uğrunda insanların birlik və bərabərlik içində hərəkət etməsinin nə qədər vacib olduğunu bir daha düşünməliyik.

Diqqət etsək, görərik ki, insanın heç bir tərəfini nəzərdən qaçırmayan İslamiyyət beş vaxt namazını da birlikdə (camaatla) qılmağı təkidlə tövsiyə edir. Hətta həftədə bir dəfə  Müsəlmanların bir yerə toplaşmasını təmin edən cümə namazını ayrıca fərz kimi əmr edir. İldə iki dəfə qılınan bayram namazları da müsəlmanları bir yerə toplayır. Həcdə isə bu birlik və bərabərlik kulminasiya nöqtəsinə çatır.

  1. Bütün müsəlmanların qardaş olduğunu elan edən Qurani-Kərim bu qardaşlığı həcc vasitəsilə bariz şəkildə əyaniləşdirir. Qurani-Kərimdı belə buyrulur:

“… Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə,) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, sizə mərhəmət edilsin” (“Hucurat” surəsi, 49/9-10).

  1. Həcc ibadəti millətindən, irq və ölkəsindən asılı olmayaraq bütün müsəlmanların iman bağlılığını ortaya qoyub onları bir araya gətirməklə İslami birliyi təsis edəcəkdir. Çünki dünyanın hər tərəfindən gələn müsəlmanlar anlayacaqdır ki: “Hamımızın Yaradanımız bir, Malikimiz bir, Məbudumuz bir, Ruzi Verənimiz bir… bir, bir, minə qədər bir, bir… Həmçinin Peyğəmbərimiz bir, dinimiz bir, qibləmiz bir… bir, bir… yüzə qədər bir, bir. Bu qədər “bir”lər ittifaqı, məhəbbəti və qardaşlığı tələb edir. Bəli, bütün bunlar kainatı və planetləri bir-birinə bağlayan mənəvi zəncirlər kimi İslam dünyasının fərd və ölkələrini bir-birinə bağlayan birlik telləridir!”

Həcc İslam qardaşlığını əyani surətdə nümayiş etdirir. Bəli, hər bir müsəlman həcc ibadətində dünyanın hər yerindən gələn bütün müsəlmanların qardaşı olduğunu öz gözləri ilə görmüş olur. (Amerikalı siyasi xadim və qara dərililərin hüquqlarının müdafiəçisi X. Malcolmun həcdə gördüyü mənzərələr onu əvvəlki yanlış düşüncələrindən uzaqlaşdırmışdır).

  1. Həcc müsəlman xalqlar arasında bərabərliyin praktik göstəricisidir. Çünki bütün müsəlmanlar: varlı-kasıb, təhsilli-təhsilsiz, müəllim-şagird, komandir-əsgər, idarə edənlər və edilənlər – hər kəs ağ ehramlara büründüyü kimi, bütün dünyəvi məqamlardan da tamamilə sıyrılıb digər müsəlman qardaşları ilə eyni səviyyədə dayanır və artıq onları bir-birindən seçmək mümkün olmur. İnsanın ağ kəfənə bürünməsi və məhşərdə məzardan qalxacağı kimi.
  2. Allah-Təala “Hucurat” surəsinin 13-cü ayəsində belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. Yəni sizi tayfa-tayfa, millət-millət, qəbilə-qəbilə yaratdım, ta ki bir-birinizi tanıyasınız, bir-birinizin ictimai həyata münasibətinizi biləsiniz, bir-birinizə kömək edəsiniz. Yoxsa sizi biri-birinizə yad gözlə baxmaq, düşmən kəsilmək üçün qəbilələrə, xalqlara ayırmadım.

Bu ayənin işarə etdiyi “tanıma və yardımlaşma düsturu”nu belə izah edə bilərik: belə ki, ordu briqadalara, briqadalar alaylara, alaylar taborlara, bölüklərə, nəhayət, tağım və manqalara bölünür. Burada məqsəd odur ki, hər kəsin vəzifəsi bilsin və tanınsın. Və həmçinin o ordunun hər bir əsgəri yardımlaşma düsturu ilə həqiqi vəzifəsini yerinə yetirsin və cəmiyyəti düşmənin hücumundan qorusun. Yoxsa məqsəd bölüklərin bir-biri ilə rəqabət aparması, bir-biri ilə düşmənçilik etməsi, bir-birinə zidd hərəkət etməsi deyildir. Bütün müsəlmanların ictimai həyatı qövm və tayfalara ayrılmış böyük bir ordunu xatırladır. Lakin minlərlə müştərək cəhətləri vardır. Deməli, ordunun bu cür bölüklərə ayrılması kimi, möminlərin də xalq və tayfalara ayrılması biri-birini tanıması və  yardımlaşması üçündür. Məhz həcc ibadəti müsəlmanların bir-birini tanıması və  qaynayıb qarışmasında böyük rol oynayır.

  1. Həcc müsəlmanlar üçün bir məktəbdir. Bu məktəbdə səbir və səy göstərmək tədris edilir. Bu həcc məktəbi ibadət edə-edə nəfsani meyil və istəklərin cilovunu çəkərək müsəlman qardaşlarla daha mülayim və yumşaq davranmağı öyrədir. Bu səfərdə təmənnasız pul xərcləmə, Allah yolunda hər şeyi fəda etmə hissi aşılanır. Yaxşılar və pislər simvollaşdırılır, Allahın dostları və düşmənləri göz önünə gətirilir. Şeytan daşlayarkən, Kəbəni təvaf edərkən, Mədinəni gəzərkən, Həcərül-Əsvədi salamlarkən bu mənalar silinməz naxışlar kimi qəlb və beynimizə, könlümüzün dərinliklərinə nəqş olunur.
  2. Müsəlmanların qəlbində bir çox gözəl duyğular həcc vasitəsilə canlanır. O torpaqlar ilk müsəlmanları vəhyi cazibəsi ilə məst edən və hər birindən canlı unudulmaz xatirələr saxlayan diyarlardır. Həcdə bütün bu duyğular gözlərdə və könüllərdə dirilir və zəvvarlara bir nümunə olur.
  3. Həcc əbədiləşən ilahi xatirələrin yad edilməsidir. Həcc ibadəti Hz. İbrahim (ə.s) və oğlu İsmailin (ə.s) ibrətli həyatını, Son Peyğəmbər Hz. Muhammədin (s.ə.s) səmanı tamaşaya cəlb edən şərəfli ömrünü, ilk müsəlman səhabələrin iman uğrunda çəkdiyi məşəqqətləri gözlərimiz önünə sərir. Həcc bizlərə bütün çətinliklərə baxmayaraq Allah rızası üçün qucağında körpə yollara düşən ailəni, Allah yolunda ruhunu fəda etməyə gözünü qırpmadan razı olan peyğəmbər övladını, oğlunu Allahın əmri ilə qurban etməyə hazır olan atanı və müstəsna bir itaətlə həyat yoldaşına təslim olan ananı xatırladır.
  4. Həcc müsəlman ölkələri arasında iqtisadi münasibətlərin qurulmasına və inkişafına da müsbət təsir göstərir.
  5. Şanlı Peyğəmbərimizin (s.ə.s) “Səyahət edin, sağlam olun” (Əhməd ibn Hənbəl, III, 280) tövsiyəsində ifadə etdiyi kimi, həcc niyyəti ilə edilən səyahətlərdə bir çox maddi-mənəvi xəstəliklərdən uzaqlaşma imkanı vardır.

Müxtəlif cəmiyyətlərin yaşayış və anlayışda yol verdiyi səhvləri, bəzən zərərli olan ənənəvi adətləri, ailə qaydaları, ictimai fədakarlıq anlayışında qüsurları və s. kimi problemlər həcc zamanı müxtəlif İslam diyarlarından gələn təmsilçilər arasında qurulan dostluq münasibətilə öz həllini tapacaq. Batil düşüncə ilə həccə gələrək həqiqi İslam prinsiplərini öyrənib qəbul edən X. Malkolmun macərası hələ xatirələrdən silinməmişdir.

[1] Həcc paltarı               



Açar sözləri

fayda hecc hikmət ibadet

Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Orucun tibbi hikmətləri

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.


Şərh yaz

*