- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Günahın növləri

Sual: Günahlar neçə növdür?

Günahlar böyük və kiçik olaraq iki qismə ayrılır. Qurani-Kərimdə: “Əgər günahların böyüklərindən uzaqlaşsanız, sizin kiçik günahlarınızı örtüb bağışlayar və sizi dəyərli məqamlara yüksəldərik!”[1] – buyurulur. İslam alimləri böyük günahlar haqqında kitablar yazmış, sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər dörd yüzə qədər böyük günahın adını çəkmişdir. Peyğəmbərimiz  bir hədisində böyük günahları belə sıralayır:

1.   Allaha şərik qoşmaq

2.   Sehrlə məşğul olmaq

3.   İnsan öldürmək

4.   Faiz almaq

5.   Yetim malı yemək

6.   Döyüşdən qaçmaq

7.   Namuslu qadına iftira atmaq[2]

Əslində, kiçik günah yoxdur. İnsanın tutduğu mövqe və mə­nəvi səviyyə baxımından işlədiyi kiçik bir günah, bəlkə də, böyük günah sayılır. Məşhur bir təsbit var: “Əbrarın[3] yaxşı əməlləri müqərrəbinlər (Allaha yaxınlaşmış möminlər) üçün günah ola bilər”. Buna görə də “Müntəzəm işlənən  günah kiçik günah deyildir, tövbəsi edilmiş günah da böyük günah deyildir” – demişlər.[4] Böyük günahlara gedən yol kiçik günahlardan keçir. “Bu kiçik yalanı söyləsəm, nə olacaq” deyirik, sonra da böyük yalanlar danışmağa başlayırıq. Çünki kiçik günahlar işlənə-işlənə ruhu qaraldır və insanı tövbədən uzaqlaşdırır.


[1] “Nisa” surəsi, 4/31

[2] Müslim, “Səhih”, 1, 244

[3] Əbrar – bütün yaxşı cəhətləri şəxsində toplayan, sağlam etiqada malik,
doğ­ru sözlü, ibadətlərində səmimi olan bəndələr.

[4] “İthaf”, 2, 396