Aylıq namaz vaxtları
1. 160 dəfə oxunub ,   0 şərh   Çap et

İbrahimin (ə.) duası, İsanın (ə.) müjdəsi

Tövratın müjdələri

       Faran dağları

       Həzrət İsmailin soyundan

       Digər xüsusiyyətləri

İncilin müjdələri

Faraqlid

Aləmin rəisi

 

İbrahimin (ə.) duası, İsanın (ə.) müjdəsi

Bir gün bir səhabə Allah Rəsuluna: “Ya Rəsulullah, bir az özünüzdən danışarsınız?” – deyə xahiş edir. Allah Rəsulu özündən bəhs edib belə buyurur:

“Mən İbrahimin duası, Həzrət İsanın müjdəsiyəm”.[1]

Bu məsələyə Qurani-Kərimin iki ayəsində də toxunulur:

1) Həzrət İbrahim (ə.) belə dua edir:

“Ey Rəbbimiz! Onlara öz içlərindən elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.[2]

2) Həzrət İsanın (ə.) müjdəsi:

“Xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərin (sizə) müjdəsini verən Allahın elçisiyəm!” Sonra o, onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər”.[3]

Bəli, Allah Rəsulu (s.a.s.) gözlənilməz şəkildə zühur etmiş bir insan deyildir. O, təşrifi gəlişindən əsrlərlə əvvəl xəbər verilən və zühuru bütün cahan tərəfindən gözlənilən bir nəbidir.

Onun peyğəmbərliyinin ən böyük dəlili əbədi möcüzə olan Qurani-Kərimdir. Bəli, Qurani-Möcizül-Bəyanın yüzlərlə ayəsi İki Cahan Sərvərinin haqq peyğəmbər olduğunu hayqırır. Quranı bütünlüklə inkar edə bilməyən bir insanın Peyğəmbərimizin risalətini də təkzib etməsi mümkün deyildir. Ancaq bu məsələ müstəqil tədqiqatın mövzusudur, hələlik ona toxunmayacağıq. Onsuz da, yeri gəldikcə dəlil göstərilən ayələrin şərhində bu mövzu da qismən izah edilmiş olacaq.

Tövratın müjdələri

Biz bu hissədə dəfələrlə təhrif edilməsinə baxmayaraq, hələ də Allah Rəsuluna dair işarə və müjdələri ehtiva edən Tövrat, İncil və Zəburdan bəzi qisimləri vermək istəyirik. Məsələnin təfsilatını bu mövzuda yazılmış müstəqil əsərlərə, xüsusilə də, Hüseyn əl-Cisrinin “Risaleyi-Hamidiyyə”sinə həvalə edərək burada ancaq mühüm bildiyimiz bəzi yerlərilərini ərz edəcəyik.

Faran dağları

1944-cü ildə Londonda nəşr edilən Tövratın ərəbcə tərcüməsindən bir ayə:

“Allah insanlığa Sinada gəldi. Sairdə təcəlli buyurdu. Faran dağlarında zühur edib kamalıyla ortaya çıxdı”.[4]

Yəni Allah (c.c.) rəhmətini və insanlığa mərhəmətini, ehsanını Həzrət Musa (ə.) ilə mükalimə  etdiyi (danışdığı) yerdə – Sinada göstərmişdir. Bu mərhəmət, bu lütf o dövrdə Həzrət Musaya verilən peyğəmbərlikdir. Sair Fələstindir. Orada Allahın rəhməti vəhy yolu ilə gəlib Həzrət İsanı və ətrafındakıları sarmışdır. Eyni zamanda Həzrət Məsih Rəbbin təcəllilərinə layiq görülmüş böyük peyğəmbərdir. Çoxları təcəlli ilə zühuru bir-biri ilə qarışdırdıqlarına görə bu məsələdə də qarışıqlığa yol verirlər. Bəli, onda təcəlli edən ilahi ruhdur. Faran dağlarında isə Allah əhadiyyət sirri və fərdiyyət məqamı ilə zühur etmişdir. Faran Məkkədir. Çünki Tövratın başqa bir yerində Həzrət İbrahimin oğlu İsmaili Faranda qoyması nəql edilir. Elə isə Tövratda keçən Faran sözü ilə Məkkə nəzərdə tutulur. Bu ayədə üç peyğəmbərdən bəhs olunur. Birincisi Həzrət Musa (ə.), ikincisi Həzrət İsa (ə.), üçüncüsü isə son Peyğəmbər, İki Cahan Sərvəri Həzrət Məhəmməd Mustafadır (s.a.s.).

Tövratdakı ayə bu ifadələrlə davam edir: “Onun yanında tərtəmiz, almaz kimi minlərlə dəyərli səhabələri olacaq. Və sağ əlində oddan ikiağızlı balta olacaq”. Bu ayələr Onun cihad vəzifəsi ilə göndərildiyini göstərir.

Məlumdur ki, Allah Rəsulu, vəhy gəlməyə başlayanda Hira dağında bir mağaraya çəkilir və orada təfəkkür və ibadətlə məşğul olurdu. İlk vəhy bu dağda nazil olmuşdu.[5] Faran Məkkədir, çünki başqa heç bir yerdə İslam dini kimi bir din zühur edib şərq və qərbə yayılmamışdır. Dünyada belə bir yer mövcud olmadığına görə Tövratda keçən “Faran” sözü Məkkəyə işarədir. Bundan başqa yuxarıda da qeyd etdiyimiz kimi, Təkvinin 21-ci ayəsində keçən və Həzrət İsmailin məskən saldığı yeri bildirən “Faranda məskunlaşdı” ifadəsi bunu isbat edən mühüm dəlildir. Heç kim bunun əksini iddia edə bilməz. Edilən etirazlar elmilikdən uzaq, əsassız şəxsi mülahizələrdən başqa bir şey deyildir. Üstəlik ayənin sonunda səhabələrə və cihad vəzifəsinə işarə edən qismlər birbaşa Həzrət Məhəmməd Mustafanı göstərir.

Həzrət İsmailin soyundan

Tövratdan ikinci ayə: “Onlar üçün (İsrail oğullarının) qardaşları arasında sənin kimi bir peyğəmbər çıxaracağam, sözlərimi Onun ağzına qoyacağam və Ona əmr etdiyim hər şeyi onlara çatdıracaq”.[6]

19-cu ayə də mahiyyətcə bunu tamamlayır:

“Mənim adımdan söylədiyi sözlərə itaət etməyənlərdən də Özüm intiqam alacağam”.

Bu ayədə işlənən “İsrail oğullarının qardaşı” ifadəsi ilə Həzrət İsmailin nəslindən gələcək bir peyğəmbərə işarə edilir ki, Həzrət İsmailin soyundan gəldiyi məlum olan yeganə peyğəmbər Həzrət Məhəmməd Mustafadır. Həmçinin O da Həzrət Musa (ə.) kimi şəriət gətirəcəkdir. Digər tərəfdən, bu ayə gələcək peyğəmbərin “ümmi” olacağına işarə edir.

İtaət etməyənlərdən alınan intiqam isə dinə aid müəyyidat* və uqubatdır[7] ki, bu da ancaq İslamda mövcuddur.

Tövratda bəhs olunan bu peyğəmbərin Həzrət İsa və Həzrət Yuşa (ə.) olma ehtimalları isə qətiyyən mümkün deyil. Çünki bu peyğəmbərlər İsrail oğullarındandır. Həm də bir çox məsələdə Həzrət İsa (ə.) yeni hökm gətirməmiş, sadəcə Həzrət Musaya (ə.) tabe olmuşdur. Həzrət Yuşa da yeni şəriətlə gəlməmişdir. Halbuki:

“Həqiqətən, Biz Firona peyğəmbər göndərdiyimiz kimi, sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik”[8] ayəsi də Həzrət Musa ilə Peyğəmbərimizin bənzərliyini bəyan edir. Əslində, bundan artıq dəlilə ehtiyac da yoxdur.

Digər xüsusiyyətləri

Tövratdan üçüncü ayə: qədim kitabların bilicisi kimi şöhrət qazanan Abdullah b. Amr b. As, Abdullah b. Salam və Kabül-Əxbar (r.a.) ogünkü qədər təhrif edilməmiş Tövratda belə bir ayənin varlığından danışırlar:

“Ey Nəbi! Biz səni şahid, müjdələyən, xəbərdar edən və ümmilərə sığınacaq (arxa) olaraq göndərdik. Sən Mənim qulum və elçimsən. Sənə “Mütəvəkkil” adını verdim. O, sərt və kobud deyil. Bazarlarda ucadan qışqırıb bağırmaz. Pisliyə pisliklə cavab verməz. Bağışlayar, əfv edər. Allah Onun vasitəsilə əyri bir millətə “Lə iləhə illəllah” dedirdib düzəldənəcən Onun ruhunu almaz”.[9]

İndi düşünək: Tövratdakı bu xitab kimədir? Dərin təhlilə ehtiyac yoxdur, ayənin zahiri mənası bu xitabın gələcək bir peyğəmbərə və peyğəmbərlər arasında birbaşa Həzrət Məhəmmədə (s.a.s.) aid olduğunu göstərir. O, bütün insanlığa göndərilmiş bir peyğəmbərdir. Və sanki ayə Ona belə səslənir:

“Səni bütün insanlığa doğru yolun müjdəsini verən və onları əyri yolun aqibətindən çəkindirən bir bəşir[10] və nəzir[11] olaraq göndərdim. Sən pisliklərə sinə gərəcək və insanların Cəhənnəm quyularına yuvarlanmasına mane olacaqsan. Eyni zamanda bu əyri-üyrü, dolambaclı yollarda qaranlıq içində qalanlara bir məşəl olacaq və onların əllərindən tutub Cənnətə və Camalullaha qovuşduracaqsan.

Səni cahiliyyə dövrünün ümmi insanlarına bir qoruyucu, bir sığınacaq olaraq göndərdim. Səni tanımaqla, Sənə inanmaqla hifz ediləcəklər və yenə Sənə itaət etdikləri qədər var olacaqlar.

Sən Mənim qulum və rəsulumsan – bəli, bizlər də daima əttəhiyyatda Onun Allahın qulu olduğunu və risalətini dilə gətiririk  – Mən sənə “Mütəvəkkil” adını verdim. Bütün cahan düşmən kəsilib qarşına çıxsa və sən də onlarla əlbəyaxa olmaq məcburiyyətində qalsan, yenə zərrə qədər sarsılmazsan. Bəli, hər peyğəmbərin öz təvəkkül üfüqü vardır. Amma sənin yerin bambaşqadır. Ona görə də Mən sənə “Mütəvəkkil” adını verdim”.

Bunun ardınca ayə qeyb aləmindən bəhs edir ki, buna da “iltifat” deyirik:

“O, qəzəbli, öfkəli deyil, insanların qəlbini qırmaqla nifrət oyatmır. Əksinə, O, ədəb, ciddiyyət və təmkin timsalıdır. O, küçələrdə qışqırıb bağırmaz. Çünki bu cür diqqət çəkməyə çalışmaq zəiflik və qürur əlamətidir. O isə belə pis xilsətlərdən  pak və uzaqdır”.

Pisliyə əsla pisliklə cavab verməz. Bir bədəvi gəlir, cübbəsindən tutub dartır və ədəbiszcəsinə: “Haqqımı ver!” – deyir. Bu hərəkət səhabələri qəzəbləndirsə də, o şəfqət abidəsi təbəssümlə qarşılayır, “Bu adam nə istəyirsə, verin!” – buyurur.[12] Bəli O, ən bağışlanmaz qüsurları belə bağışlayırdı. Təki o mövzuda şəriətin əmrlərinə zidd bir şey olmasın. Bir təsəvvür edin, şəxsinə və müsəlmanlara hər cür pisliyi rəva görən məkkəlilərə üstəlik də Məkkənin fəthi günü, yəni onlara hakim ola-ola: “Gedin, hamınız azadsınız!”– demişdi.[13]

Əyri yolda olan və cahiliyyə həyatını yaşayan insanlar Onunla göndərilən nurun işığında Haqqa yönəlmədikcə Allah (c.c.) Həbibini hüzuruna aparmayacaqdı və aparmadı da. O, din tamamlanıb vəzifəsi sona çatanda Rəfiqi-Alaya (Uca Dosta) yüksələcəkdi. Əshabı Onu layiqincə təmsil edəcək səviyyəyə gələndə O da insanlar arasından ayrılıb Həqiqi Dostun hüzuruna gedəcəkdi. Çünki dünyaya aid vəzifəsi ancaq o vaxt sona çatmış olacaqdı.

Bəli, Tövrat Onu belə anladır, O da bənzərsiz həyatı ilə bunu təmsil edirdi. Orada deyilənlər Allah Rəsulunun həyat tərzi ilə üst-üstə düşür. Elə isə Tövratın bəhs etdiyi bu Uca Nəbi kim idi? Tarixdə bu cür həyat yaşamış başqa bir insan varmı? Əlbəttə ki, xeyr. Elə isə haqqında danışılan peyğəmbər yalnız və yalnız Həzrət Məhəmməd Mustafa idi.

İncilin müjdələri

Faraqlid

Yuhanna İncilindən bir ayə: “Məsih: “Mən mənim və sizin Rəbbinizə gedirəm. Ta ki sizə Təvili gətirəcək Faraqlidi göndərsin”, – dedi”.[14]

Faraqlid “Haqqın ruhu”, “haqq ilə batili bir-birindən tamamilə ayıran” mənalarına gəlir. Bəli, Allah Rəsulu haqqın ruhudur, çünki ölü qəlblər ancaq Onun gətirdiyi haqq ilə cana gəlmişlər. O, insanların hidayətə çatması üçün fədakarcasına mübarizə aparmış, haqla batil də ancaq belə bir mübarizə və mücahidə nəticəsində bir-birindən ayrılmışdır. Demək, Həzrət Məsihin xəbər verdiyi Faraqlid yer üzünə gəlmişdir. O, Allahın (c.c.) son elçisi İki Cahan Günəşi Həzrət Məhəmməd Mustafadır (s.a.s.).

Yuhanna İncili 14-cü bab, 15 və 16-cı ayələrdə belə deyilir:

“Əgər məni sevirsinizsə, əmrlərimi yerinə yetirəcəksiniz. Mən Rəbbə yalvaracağam və O, sizə təsəlli verən başqa bir həqiqət ruhunu (Faraqlidi) göndərəcəkdir ki, daim sizinlə birlikdə olsun”.

İndi də bu ayələrə ardıcıllıqla baxaq:

“Faraqlid elə bir Müqəddəs Ruhdur ki, Rəbb Onu mənim adımla (yəni peyğəmbər olaraq) göndərəcək. O, sizə hər şeyi öyrədəcək və mənim sizə söylədiklərimi də təkrar xatırladacaq”.[15]

“Faraqlid gələndə mənim üçün şahidlik edəcək və siz də mənə şahidlik edərsiniz”.[16]

“Mən sizə haqqı söyləyirəm. Mənim getməyim sizin üçün xeyirlidir. Çünki mən getməsəm, Faraqlid sizə gəlməz. Amma mən getsəm, Onu göndərərəm”.[17]

“Faraqlid gələndə bütün aləmi xətalarına görə onlara xəbərdarlıq və onları tərbiyə edər”.[18]

İncil ibranicə nazil olmuşdur. Daha sonra yunan dilinə tərcümə edilmişdir. Bizim əlimizdəki ərəbcə tərcümələr isə yunan dilindən edilən tərcümələrdir. İncilin yunan dilinə ilk tərcümələrində  “Faraqlid” adı işlənir, amma bu sözün ibranicə orijinal İncildə hansı sözlə ifadə olunduğunu bilmirik. Faraqlid yunanca İncildə işlənmiş adın ərəbcədəki qarşılığıdır. Yəni tərib (ərəbcələşmə) yolu ilə ərəb dilinə girmişdir. Ancaq biz məsələni  təkcə bu sözə istinadən izah etməyəcəyik. Əksinə İncildə müjdələnən nəbiyə aid bütün xüsusiyyətlərin Peyğəmbərimizdə olduğunu göstərməyə çalışacağam:

Peyğəmbər aşiqi Mövlananın sözlərini sərlövhə edək. Nə gözəl söyləyir o böyük insan:

Mustafanın (s.a.s.) vəsfləri İncildə vardı,

O, peyğəmbərlərin rəisi, bir səfa dəryasıydı.

Gözəl vəsfləri, şəmaili, qəzvələri, orucu və yeməsi,

Hamısı bir-bir İncildə yazılmaqdaydı.

Aləmin rəisi

Yuhanna İncili 14-cü bab, 30-cu ayədə belə deyilir:

“Məsih belə dedi: “Artıq mən sizinlə çox danışmayacağam. Çünki bu aləmin rəisi gəlir. Məndə əsla Onun heç bir şeyi yoxdur”.

Zəbur, 72-ci bab, 8-ci ayə və ardı belədir:

“O, dənizdən dənizə və dəryalardan yer üzünün ən ucqar nöqtəsinə qədər hakim olacaq. Səhra əhalisi Onun hüzurunda diz çökəcək, düşmənləri torpağı öpəcək. Tarşişin və Adaların hökmdarları bac, Səba və Seva hökmdarları bəxşiş gətirəcək. Cümlə hökmdarlar Ona səcdə və hər tayfa da qulluq edəcək. Çünki O, fəryad edən kasıba, biçarəyə, köməksizə kömək olacaq. Möhtac və kasıblara mərhəmət edib fəqirlərin canını xilas edəcək. Onların canını zülm və zorakılıqdan qurtaracaq, Onun gözündə bunların qanı dəyərli olacaq. Yaşayacaq və Ona Səba qızılından verilcək. Və Ona daim dua və səna ediləcək. Adı əbədi olub, günəş durduqca əbədi qalacaq və insanlar Onunla xoşbəxt olacaqlar. Bütün millətlər Ona “Bəxtiyar” deyəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, biz bu mövzuya fikrimizi əsaslandırmaq üçün və səthi şəkildə girdik. Məsələnin təfsilatına toxunmasaq da, bir-iki cümlə əlavə etmədən keçə bilməyəcəyik:

Həsəd və kini iliklərinə qədər işləmiş bəzi Yəhudi və Xristianların təhrif məqsədilə bu günədək göstərdiyi bütün səy və cəhdlərə baxmayaraq, yenə də mövcud Tövrat və İncildə Allah Rəsulunun peyğəmbərliyinə dair bir xeyli işarə və müjdə tapmaq mümkündür. İnşallah, irəlidə bəxtiyar tarixçilərimizin səyi ilə Tövrat, İncil və Zəburun təhrifə ən az məruz qalmış nüsxələri tapılsa, zənnimcə, ən kor insanlar belə heç bir izah və təfsirə ehtiyac duymadan bu kitablarda Allah Rəsuluna aid açıq-aşkar işarələr olduğunu görəcəklər. Bəlkə də, Xristianlığın saflaşacağını xəbər verən hədislərdə[19] bu mənaya da işarələr vardır.

Digər tərəfdən, Tövrat və İncildə şəxsən Allah Rəsulu və Onun səhabələrindən bəhs edilməsini Kitab və Sünnə də təsdiqləyir.[20] Nəticə etibarilə, bunu inkara cəhd göstərmək sapqınlıq və küfrdür.


[1]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/262; Təbərani, əl-Mücəmül-kəbir, 8/175; Hakim, əl-Müstədrək, 2/656.

[2]Bəqərə surəsi, 2/129

[3]Saff surəsi, 61/6

[4]Təsniyə, Bab: 33, Ayə: 2.

[5]Buxari, Bədül-vəhy 3.

[6]Təsniyə Bab: 18, ayə: 18.

[7]Bəzi günahların müqabilində dünyada tətbiq edilən hədlər, cəzalar

[8]Müzzəmmil surəsi, 73/15.

[9]Buxari, Büyu 50; Təfsir (48) 3; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/174.

[10]Müjdəçi

[11]Xəbərdarlıq edən

[12]Buxari, Fərzül-xumus 19; Ədəb 68; Müslim, Zəkat 44.

[13]İbn Hişam, əs-Siyratun nəbəviyyə, 5/74; Təbəri, Tarixul üməm vəl-mülük, 2/161; Beyhaqi, əs-Sünənül-kübra, 9/118.

[14]Bab, 14

[15]Yuhanna, Bab: 14, Ayə: 26

[16]Yuhanna, Bab: 15, Ayə: 26-27

[17] Yuhanna, Bab: 16, Ayə: 7.

[18]Yuhanna, Bab: 16, Ayə: 8.

[19] Nümunə olaraq baxın: Buxari, Ənbiya 49; Müslim, İman  244, 245, 246, 247.

[20]O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar”. (Əraf surəsi, 7/157) Məhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbehi) kafirləri qəzəbləndirər. Onlardan iman gətirib yaxşı əməl işləyənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (Fəth surəsi, 48/29) Həmçinin baxın.: Buxari, Büyu 50; Təfsir (48) 3; Əhməd b. Hənbəl, Müsnəd, 2/174. Təfsilat üçün baxın: Süyuti, əl-Xasaisül-kübra, 1/26-44.

 




Şərh yaz

*