Aylıq namaz vaxtları
4. 714 dəfə oxunub ,   1 şərh   Çap et

Sual:İnsanın görmədiyi, bilmədiyi hadisələr haqqında danışması doğrudur?

Cavab:İnsan yaradılış baxımından ictimai varlıqdır; cəmiyyətdə yaşayır, toplumun bir fərdi kimi, vəzifəsini yerinə yetirərək həm öz həyatını davam etdirir, həm də başqaları üçün faydalı olur. Qurani-Kərimin: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və xalqlara ayırdıq”[1] məallı  ayəsi insanın ictimai varlıq olduğuna işarə edir. İnsanı dünyaya gətirən ailə həyatı da onun ictimai varlıq olduğunu göstərir.

Cəmiyyət həyatının bir sıra tələbləri vardır. Məsələn, ətrafdakı insanlar haqqında gözəl düşünmək. Buna hüsnü-zənn etmək də deyilir. İnsan hüsnü-zənn etməyə, gözəl düşünməyə borcludur. Bədbin və şəkkak (skeptik) insanlar hər kəsə və hər şeyə şübhə ilə baxırlar. Bu cür adamlar maddi mənafeyini təmin etmək, yerini, vəzifəsini qorumaq naminə başqaları haqqında görmədiyi, bilmədiyi şeyləri danışmaqdan utanmırlar. Hətta kiminsə arxasınca danışmağı öz mövqeyini möhkəmlətmək üçün fürsət bilirlər. Qurani-Kərim: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”,[2] – buyurur. Bir məsələ haqqında dəqiq məlumatımız yoxdursa, sui-zənlə qərar verməməli, bu düşüncə ilə insanların şəxsi həyatını araşdırmamalıyıq. Qurani-Kərimdə: “Ey iman edənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın”,[3] – buyurulur. Peyğəmbərimiz də: “Hər kəs Allaha hüsnü-zənn  bəsləsin”,[4]– buyurur.

Ayə və hədislərdən göründüyü kimi, bir insanın başqaları haqqında gözəl düşünməsi, görmədiyi və bilmədiyi mövzularda danışmaması onun əngin əxlaq və fəzilətindən xəbər verir. İctimai həyatın təməllərini sarsıdan əməllərdən biri də insanların arxasınca pis şeylər danışmaqdır. Bu iradəni ortaya qoymaqla insan Allah qatında mükafat qazanır..

Pis vərdişə yoluxmuş bir adam hamıya bu gözlə baxır, elə bilir ki, ətrafdakı insanlar da onun kimidir. Məsələn, işi-gücü oğurluq olan bir adam bir qapı gördümü, dərhal onu necə açacağı haqda fikirləşir. Yolda gəzərkən bir dükanın qapısına gözucu baxan bir nəfəri görən kimi onun oğru olduğunu düşünür. Çünki onun işi-peşəsi ev yarıb oğurluq etməkdir, başqa şey düşünə bilmir, ona görə də insanları da özü kimi oğru sanır.

Bir lətifə var: İki kor birlikdə səhər yeməyi yeyərkən biri o birinə: “Zeytunları iki-iki yemə”, – deyir.

O biri  kor da:

‒ Haradan bildin, iki-iki yeyirəm? – deyə soruşur.

‒ Çünki mən də iki-iki yeyirəm.

Qəlbində mərəz olanlar da belədir; hər kölgəni əsl hesab edir, hər ehtimalı həqiqət sanırlar. Görüb eşitdikləri ən xırda şeyləri böyüdüb, şişirdib qarışqadan fil düzəldirlər. Qulaqla eşidib, gözlə gördükləri şeyləri qəlb qazanında əridib fərqli qəliblərə tökür və bunları dəqiq məlumat kimi dəyərləndirib onların əsasında hökmlər verirlər. Sonra da bu yanlış hökmlərlə insanları ittiham edirlər.

Halbuki Allah Rəsulu: “Zəndən çəkinin. Çünki zənn sözlərin ən yalanıdır. Bir-birinizin şəxsi həyatı ilə məşğul olmayın, bir-birinizin sözlərinə xəlvətcə qulaq asmayın, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə paxıllıq etməyin, bir-birinizə kin bəsləməyin və əlaqələri kəsməyin, ey Allahın qulları, qardaş olun!”[5] – buyurmuş, başqalarının əməllərini araşdırmaqdan, sui-zəndən və qardaşlığa kölgə salan hər cür hərəkət və davranışdan uzaq durmağı tövsiyə etmişdir.

Zəmanəmizin ən mühüm mənəvi-əxlaqi mərəzlərindən biri də sui-zəndir. Hətta sui-zənn inanclı insanların belə rahatlıqla işlədiyi günahdır. Bəzi insanlar elə sanır ki, barələrində pis danışılırsa və qeybətləri edilirsə, buna cavab verməyə haqları var. Bilmirlər ki, günah günahdır. İnsanların çoxunun eyni günahı işləməsi həmin əməlin mahiyyətini dəyişmir və onu işləməyə əsas vermir. Qurani-Kərimdə: “Bir topluluğun sizə etdiyi zülm, bəslədiyi kin və nifrətə qarşı sizin də içinizdə böyütdüyünüz nifrət sizi ədalətsizliyə sövq etməsin”,[6] – buyurulmuşdur.


[1] “Hucurat” surəsi, 49/13

[2] “İsra” surəsi, 17/36

 [3] “Hucurat” surəsi, 49/12

 [4] Əbu Davud, “Sünən”, 13, 176

 [5] Buxari, “Səhih”, 19, 11

 [6] “Maidə”  surəsi, 5/8



Açar sözləri

günah haqq

Bənzər məqalələr

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?

İntihar

“Boğazı kəsmək” mənasını verən intihar sözü “bir insanın öz canına qəsd edərək həyatına son qoyması” deməkdir.

Tövbə nədir?

Tövbə vicdanən peşman olmaq və bu peşmançılıq içində iztirab çəkməkdir. Tövbəni  dillə söyləmək isə qəlbin tövbəsinə sadəcə tərcümanlıq etməkdir.

Günah psixologiyası

Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.


1 şərh yazılıb
  1. ISA RUFET , 01/05/2014 tarixində, saat 14:05

    Salam Aleykum,Bir Müsəlman, digər müsəlmana qarşı yuxarıdakı sadalanan əməllərə riayet etsə, Vallahi bu həm o,müsəlmanın əxlaqını gözəlləşdirər,həmdə ki imanını gücləndirər.İnşallah bu əməllərə riayət edənlərdən olarıq.

Şərh yaz

*