2. 261 dəfə oxunub ,   0 şərh   Çap et

Varlı insanların maddi imkanına uyğun geyinməsi heç də qürur və təkəbbür mənasına gəlmir. Hətta unutmayaq ki, maddi vəziyyətə görə geyinmək Allahın (cəllə cəlaluhu) insanların üstündə bir haqqıdır.

Səhabə  Avf  ibn Malik atasından nəql edir:

Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmişdim.  Əy­nim­də adi bir paltar vardı. Mənə:

– Sənin malın-dövlətin yoxdur? – deyə soruşdu.

– Bəli, var! – deyə cavab verdim.

– Necə mal-dövlət? – deyə soruşdu.

– Allah mənə hər cür mal-dövlət verib. Dəvə, iribuynuzlu, davar, at, kölə, – hamısından var, – dedim. “Elə isə Allah-Təalanın sənə verdiyi bu nemətin əlaməti və fəziləti sənin üstündə gö­rün­məlidir!” – buyurdu.[1]

Hədislər Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) kaftan[2] geyindiyini xəbər verir.[3]

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) kaftan geyinməklə yanaşı, zolaqlı qumaşdan tikilmiş paltarları daha çox xoşlayırdı. Hz.  Ənəs (radiyallahu anh) rəvayət edir:

– Rəsulullah (sallallahu əleyhi və səlləm) ən çox hibərə[4] geyinməyimizi xoşlayırdı.”[5]

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) ən gözəl paltarlardan geyinməsi də rəvayət edilir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) bu davranışı səhabənin sonrakı dövrlərdə geyim tərzində də əks olunmuşdur. Bir hadisə təmsil vəzifəsini yerinə yetirənlərin yaxşı və gözəl paltar geyinməsinin zəruriliyinə toxunur.

İbn Abbas nəql edir:

“Xaricilər ortaya çıxanda Həzrəti Əlinin (radiyallahu anh) yanına gəldim. Mənə: “Get, bu adamlarla görüş!” – dedi. Mən də bazarda olan ən gözəl Yəmən hulləsindən[6] geyindim. Xaricilərin yanına getdim. Mənə: “Xoş gəldin, ey İbn Abbas! Bu, nə geyimdir?” – dedilər. Mən: “Bunu eyib sayırsınız? Mən Rəsulullahın (sallallahu əleyhi və səlləm) ən gözəl paltarları geyindiyini gördüm!”  – dedim. [7]

Təzə paltar geyinməyin bir ədəbi də dua etməkdir. İnsan bu dua ilə Allahın hifzi və himayəsinə pənah aparmış olur. Əbu Üma­mə nəql edir:

“İbn Ömər (radiyallahu anh) təzə paltar geyinmişdi və belə dua etdi: “Məhrəm yerlərimi örtən və gözəl göstərən bir paltar yetirən Allaha həmd olsun.” Sonra belə dedi: “Mən Rəsulullahdan (sallallahu əleyhi və səlləm) eşitdim: “Kim təzə bir paltar geyər, belə söyləyər, daha sonra da köhnələn paltarını sədəqə verərsə, sağlığında da, öləndən sonra da Allah onu örtər, himayə və hifz edər”. [8]

Hədislərdən aydın olur ki, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sarı paltardan xoşu gəlməmişdir. Hətta Rəsulullah Hz. Əliyə (radiyallahu anh) sarı rəngli paltarı qadağan etmişdir. Ancaq qeyd edək ki, bu qadağan ümumi deyil, xüsusidir. Hz. Əli (radiyallahu anh) də bu məqamı vurğulamışdır: “Rəsulullah (sallallahu əleyhi və səlləm) mənə qızıl üzük taxmağı, sarı paltar geyməyi qadağan etdi.” Əbu Davudun rəvayətində Hz. Əli: “”Bunları sizə də qadağan etdi” de­mirəm” – deyir[9]. Ancaq buradan görünür ki, Rəsulullahın (sal­la­llahu əleyhi və səlləm) bu xüsusi qadağası bəzi səhabələrə də aid ol­muşdur.  Əmr b. As (radiyallahu anh) nəql edir:

“Rəsulullah (sallallahu əleyhi və səlləm) əynimə geyindiyim sarıya boyanmış iki paltarı gördü və:

– Bunu sənə ananmı tapşırdı? –  dedi. Mən:

– Onları (rəngi getsin deyə) yuyaram – dedim. Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Hətta onları yandır! – buyurdu. [10]

Başqa hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Bunlar qeyri-müsəlmanların geyimidir, onları geyinmə!” buyurur.[11]

İmam Qəzali, “Əhya ülumud-din” kitabında uşaqların geyindiyi paltarlar haqqında yazır: “Oğlan uşaqlarına ipək və rəngli deyil, ağ paltarları sevdirin! Sözügedən paltarları qadınların və qadın kimi davranan kişilərin geyindiyini, kişilərin bundan çəkindiyini və bunun məkruh (edilməsi xoş qarşılanmayan hal) olduğunu uşaqlara izah etmək lazımdır. Bununla uşaq bahalı paltarlar geyinməyə alışmış digər uşaqlardan qorunar”.

İpək paltar müsəlman kişilərə haram buyurulmuşdur. Həzrəti Əli (radiyallahu anh) nəql edir:

“Rəsulullah (sallallahu əleyhi və səlləm) sağ əlinə ipək, sol əlinə qızıl götürüb belə buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haramdır”. (Tirmizi və Nəsayinin kitablarında Əbu Musadan nəql olunan rəvayətdə “Ümətimin kişilərinə ipək paltar və qızıl haram oldu, qadınlara halal oldu” buyurulur.)[12]

Ancaq Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bəzi istisna hallarda ipək paltar geyinməyə icazə vermişdir. Bir hədisdə deyilir:­ “Rə­sulullaha (sallallahu əleyhi və səlləm) bitdən şikayət etdilər. Əleyhissalatu vəssəlam onların döyüşə gedərkən ipək paltar geyinməsinə izin verdi.[13]

Səhabələr oğlan uşaqlarının ipək paltar geyinməməsinə də diqqət yetirmişlər. Abdullah ibn Yəzid nəql edir:

“Abdullah ibn Məsudun yanında idik. Elə bu vaxt ipək paltar geyinmiş bir oğlan uşağı yanımıza gəldi. Abdullah ibn Məsud: “Bunu sənə kim geyindirdi?” – deyə uşaqdan soruşdu. Uşaq: “Anam geyindirdi” – dedi. Bunu eşidən Abdullah ibn Məsud köynəyi iki yerə böldü və: “Anana söylə, sənə başqa köynək geydirsin!”–  dedi.[14]

İmam Kasani kişilərə ipək paltarın haram olması ilə bağlı deyir: “Kişi üçün ipək paltarın haramlığı məsələsində kiçik oğlan uşaqları ilə həddi-büluğa çatmış kişilər arasında fərq yoxdur, yəni hər ikisinə aiddir. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “İpəklə qızıl ümətimin kişilərinə haramdır” buyuraraq bu hökmün kişilərə aid olduğunu bildirmişdir. Ancaq ipək geyinən kiçik uşağın günahı özünə deyil, geydirənə aiddir. Çünki uşaq məsuliyyət və mükəlləfiyyət daşımır. Belə ki, spirtli içkini içən uşaq deyil, içkini verən günah qazanır. Paltar məsələsi də bunun kimidir.[15]

[1] Nəsayi, Zinət, 83, (8, 196); Tirmizi, Birr 63, (2007).

[2]Qumaşdan hazırlanan uzun, bəzəkli və yüngül geyim

[3]Buxari, Fərzul-Xumus 11, Libas 12; Müslim, Zəkat 129, (1058); Əbu Davud, Libas 4, (4028); Tirmizi, Ədəb 53, (2819); Nəsayi, Zinət 100, (7, 205).

 [4Yəməndə hazırlanan zolaqlı qumaş

 [5]Buxari, Libas, 18, Müslim, Libas, 32, (2079); Əbu Davud, Libas, 15, (4060); Tirmizi, Libas, 45, (1788);  Nəsayi, Zinət, 95, (8, 293).

 [6]Beldən aşağı və beldən yuxarı olmaqla iki hissəli paltar

 [7] Əbu Davud, Libas 8, (4037).

 [8] Tirmizi, Daavat 119, (3555); İbn Macə, Libas 2, (3557).

 [9]Müslim, Libas 31, (2078); Muvatta, 28, (1, 80); Əbu Davud, Libas, 11, (4044, 4045, 4046, 4060), Xatim, 4, (4225).

 [10] Müslim, Libas, 28.

 [11]Müslim, Libas 27-ci mövzu ilə əlaqəli digər hədis və tətbiqləri də nəzərə alan Əbu Hənifə və  əksər alimlər sarı rəngli paltarın mübah olduğunu qəbul etmişdir.

 [12] Əbu Davud, Libas 14, (4057); Nəsayi, Zinət 40, (8, 160).

 [13] Buxari, Libas 29, Cihad, 91; Müslim, Libas, 25; Tirmizi, Libas, 2, (1722); Əbu Davud, Libas, 13, (4056); Nəsayi, Zinət 93, (8, 202).

 [14] Heysəmi, Məcməüz-zəvad, 5/144.

[15]  Kasani, Bədaius-Sanai, 5/131.

 



Açar sözləri

geyim ədəbi

Bənzər məqalələr

Geyim ədəbi

  يَا بَنيِ آدَمَ قَدْ أَنْزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَار۪ي سَوْآتِكُمْ وَر۪يشًا، وَلِبَاسُ التَّقْوٰى ذٰلِكَ خَيْرٌ Ey Adəm oğulları! Sizə ədəb yerlərinizi örtəcək bir geyim və bir də bəzənəcəyiniz libas nazil etdik. Amma unutmayın ki, ən gözəl libas təqva libasıdır. {“Əraf” surəsi, 7/26} وَجَعَلَ لَكُمْ سَرَاب۪يلَ تَق۪يكُمُ الْحَرَّ، وَسَرَاب۪يلَ تَق۪يكُمْ بَأْسَكُمْ Allah ..sizi istidən və soyuqdan […]


Şərh yaz