- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.(“Tövbə” surəsi, 9/60)

Nisab miqdarı mala malik şəxslərə fitrə vermək olmaz. Müsəlmanın baxmaqla mükəlləf olduğu ana, ata, həyat yoldaşı, uşaq, nəvə, baba və nənə kimi yaxınlarına fitrə verməsi caiz deyil. Çünki verdiyi fitrənin mənfəəti dolayı yolla özünə qayıdır.

Düzdür, fitrəni zəkat verilən hər adama vermək olar. Ancaq fiqh alimləri bir şeydə həmfikirdirlər ki, fitrəni çalışıb kasıba vermək daha məqsədəuyğundur. Çünki fitrə kasıbların ehtiyaclarını qarşılamaq üçün əmr edilmişdir. Peyğəmbərimiz (s.a.s.) zəkat haqqında: “zənginlərdən alınır, kasıblara verilir”[1] — buyurmuşdur. Dolayısilə, bu məsələdə kasıblara üstünlük verilməlidir.

Fitrə verən şəxs fitrəsini yaşadığı yerdə yaxın-uzaq qohum və qonşularından başlayaraq ehtiyacı olanlara paylamalıdır. Əgər orada möhtac insanlar yoxdursa, başqa yerdə yaşayan saleh möminlərə verməlidir.

Fitrə verilən şəxslər arasında qazancı xərcinə çatmayan gözəl əxlaqlı əməlisaleh möminlərə və ya ürəkləri İslam eşqi və şövqü ilə döyünən tələbələrə üstünlük verilməlidir.

Hənəfilərə görə, bir şəxs həm özünün, həm də əhli-əyalının fitrəsini yığıb bir yoxsula verməlidir ki, onunla bir ehtiyacı aradan qaldırmaq mümkün olsun. Bu fitrələri birdən çox yoxsul arasında bölüşdürmək caiz olsa da, ən fəzilətlisi bir yoxsula verməkdir.

Fitrə verərkən mütləq niyyət etmək lazımdır. Fitrə üçün mal və ya pulu müəyyən edərkən  niyyətlənmək də olar. Fitrə verilən adama bunun fitrə olduğunu demək vacib deyil.


[1]  Buxari, “Zəkat” 1.