2. 921 dəfə oxunub ,   0 şərh   Çap et

Etibar və etimad uşaqlıq çağından peyğəmbərlik verilənədək Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) səciyyələndirən əxlaqi məziyyətlərdir.

Müşriklər belə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “dürüst” və “etibarlı” (əs-Sadiq, əl-Əmin) olduğunu söyləmişlər. İnsanların güvənib etibar etdiyi şəxslər cənnətə gedər.  Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir insanın cənnətə gedəcəyini xəbər vermişdir; Əbu Səid Rəsullulahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Kim halal, təmiz ruzi yeyər və sünnətə uyğun əməllər işləyərsə, xalq da ondan pislik görməyəcəyinə inanıb ona etibar edərsə, o, cənnətə girmiş sayılır.” Bunu eşidən səhabə belə dedi:

– Ey Allahın Rəsulu! Bu gün belələri çoxdur!

Əleyhissalatu Vəssalam isə: “Məndən sonra da olacaq!” – buyurdu.[1]

Bu hədisdən aydın olur ki, etibar qazanmış, bu əxlaqı qəlb və ruhunun dərinliklərinə hopdurmuş, buna paralel ətrafdakı insanların həmişə xeyir gözlədiyi bir Müsəlman “ən xeyirlilər” kateqoriyasında öz yerini tuta bilər. Ancaq pis düşünüb pis əməllər işləməyə çalışan, ətrafındakı insanların güvənmədiyi və etibar etmədiyi insanların “ən şərlilər” kateqoriyasında yer alacağını da Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisində bəyan etmişdir. Əbu Hureyrədən rəvayət olunduğuna görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) bir gün:

– Ən xeyirliniz və ən şərlinizin kim olduğunu sizə xəbər verimmi? – buyurdu və bunu üç dəfə təkrar etdi. Səhabələr:

– Xəbər verin! – dedilər. Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Ən xeyirliniz o kəsdir ki, insanlar ondan xeyir gözləyir və bir zərər gəlməyəcəyinə  arxayın olur. Ən şərliniz isə o kəsdir ki,  insanlar nə ondan xeyir gözləyirlər, nə də bir zərər gəlməyəcəyinə  əmin olurlar!” – buyurdu.[2]

Ətrafındakı insanların güvən və etimadını qazanan və bunu gözəl bir əxlaq kimi mənimsəyən insanın Allaha (cəllə cəlaluhu) yönəlişində bu etimad və etibar hissinin nə dərəcə zəruri olduğunu bir hədisi-şərif açıq-aşkar ortaya qoyur.  Əbu Hureyrə Rəsulullahın belə buyurduğunu nəql edir:

“Cavab veriləcəyinə əminlik hissi ilə Allaha dua edin. Bilin ki, Allah (cəllə cəlaluhu) (bu inancda olmayan, yəni güvənmədən və) qəflətdə olan qəlbin duasını qəbul etməz.”[3]

İnsanların etibar və etimadını qazanmaq, xüsusilə, ticarətlə məş­ğul olanlar üçün böyük əhəmiyyətə malikdir. Bu insanlar ticarətlərində dürüst, etibarlı olsalar, həm halal və bol ruzi qazanar, həm də bu peşələri ilə nicat taparlar. Əbu Səid əl-Xudrinin rəvayətinə görə, Rəsullulah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur.

“Etibarlı və doğru-dürüst ticarət əhli, (ayədə sirati-mustəqim əhli ifadəsi ilə qeyd edilən) peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir.”[4]

Allah-Təala bu hədisi-şərifdə əksini tapan nicat əhli haqqında buyurur:

“Allaha və Rəsuluna itaət edənlər Allahın nemətləri ilə şə­rəf­lə­nən nəbilər, siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər, saleh insanlarla bərabər olacaqdır.

Bunlar necə də gözəl dostdur!

Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər!” (Nisa, 4/69-70)


[1]. Tirmizi, Qiyamət 61, (2522).

[2]. Tirmizi, Fitən, 76, (2264).

 [3]. Tirmizi, Daavat, 66, (3474).

 [4]. Tirmizi, Buyu 4, (1209); İbn Macə, Ticarət 1 (2139).

 



Açar sözləri

etibar əxlaq

Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Mizan və gözəl əxlaq

“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”

Hədislərdə dil əxlaqı

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.

Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.

Rəsulullahın (s.ə.s) əminliyi

Peyğəmbərlərə aid xüsusiyyətlərdən biri də əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub “iman”la eyniköklü sözdür. “Mömin” inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur.


Şərh yaz