15. 739 dəfə oxunub ,   0 şərh   Çap et

 Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah (c.c.) bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır. Fərqli üslüblarda yazılmış bu iki kitabı mütaliə edən də insandır. Bunlar bir-biri ilə sıx şəkildə münasibətdədirlər, bir-birini izah və şərh edirlər. Nəticədə, bunlar Allahı tanıdan üç kitabdır. Aralarında harmoniya və ahəng vardır.

Elm varlıq və insan kitabını araşdıraraq təcrübələr nəticəsində bəzi həqiqətləri müəyyən edir. Müxtəlif araşdırma və təcrübələr nəticəsində əldə olunan məlumatlar isbat edilirsə, buna elm deyilir. İsbat edilməyənlər isə nəzəriyyə şəklində qalır.

Həqiqi elmlər Allahın kainatdakı icraatından, kainatdakı İlahi qanunlarla əşya və hadisələrin münasibətindən süzülmüş hesabatlardan ibarətdir. Həqiqət bu cür olduğu halda, bunları bir-birindən ayrı düşünmək olarmı, bunlar bir-birini təkzib edərmi?

Müxtəlif sahələrdə inkişaf edən elmlər İslam dini ilə sıx, qarşılıqlı münasibətdədir. Hər nəzəriyyəni İslam dininin əsas mənbəyi olan Quran və Sünnəyə uyğunlaşdırmağa çalışmaq məqsədəuyğun deyil. Çünki bu vəziyyətdə isbat edilməyən hər hansı bir nəzəri fikir əsas götürüləcək, ayə və hədislər də bu fikrə uyğun şərh olunacaq. Əslində, bu tərsinə olmalıdır, yəni elmi nailiyyətlər və məlumatlar Quran, səhih Sünnə işığında şərh olunmalıdır. Çünki isbat edilməyən nəzəriyyələri elmi həqiqət kimi qəbul edib, Allahın bildirdiyi həqiqətləri onlara uyğunlaşdırmağa çalışmaq məqsədəuyğun deyil.

Dinlə doğru elm bir həqiqətin iki fərqli üzü kimidir. Din insanı doğru yollarda gəzdirir və əbədi xoşbəxtliyə doğru aparır. Məqsədi və hədəfi müəyyən olan elm isə bir məşəl kimi bu yollarda onun önünü işıqlandırır.

Allah-Təala insan, varlıq və Yaradan haqqında doğru məlumat vermək üçün peyğəmbərlər göndərmişdir. Fövqəladə və xüsusi fitrətə sahib olan bu müstəsna insanların Qüdrəti Sonsuzla xüsusi münasibətləri vardır. Varlığın pərdə önü, pərdə arxası (görünən və görünməyən aləmlər) məna və mahiyyəti ilə bağlı ən doğru şərhləri və açıqlamaları onlar vermişlər.

Bəli, bu gün müasir elmlərin irəli sürdüyü nə qədər məlumatlar var ki, onları hələ çox əvvəllər xülasə şəklində peyğəmbərlər vəhyə əsaslanıb, batini elm və müstəsna fətanətləri ilə ortaya qoymuşlar. Bu gün müasir laboratoriyalar və inkişaf etmiş texnologiyalarla işləyən araşdırma mərkəzləri peyğəmbərlərin irəli sürdüyü həqiqətləri necə izah etməsindən asılı olmayaraq, milyonlarla insan hər şeyi onların xəbər və şərhləri çərçivəsində qiymətləndirir, xüsusilə, insan-kainat-Allah mövzusunda qeydsiz-şərtsiz onların dediklərini qəbul edir və arxasınca gedir.

İslam dini və elm

İslam dini Quran və Səhih Sünnə ilə elmlərə üfüq açmış, möminləri bu üfüqlərdə qanad açmağa təşviq etmişdir. Peyğəmbərlər dini-mənəvi sahədə olduğu kimi, maddi sahədə də inkişaf yollarına qədəm basan rəhbərlərdir. Mədəniyyət möcüzələrini Cənabi-Allah ilk dəfə onların əli ilə bəşərə hədiyyə etmişdir. Hz. Nuhun (ə.s.) bir möcüzəsi olan gəmi, Hz. Yusifin (ə.s.) bir möcüzəsi olan saat kimi.

Qurani-Kərimdə peyğəmbərlərin möcüzələri vasitəsilə elmin son nailiyyətlərinə işarələr edilmişdir. Məsələn: “Bəqərə” surəsində keçdiyi kimi, Hz. Musa (ə.s.) dövründə ölmüş bir insan müvəqqəti dirildilmişdir.[1] Deməli, tibb elə bir səviyyəyə qədər inkişaf edə biləcək ki, ölümə belə müvəqqəti həyat donu geydirmək imkanında olacaq.[2] Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də bir çox hədislərində elmin son nailiyyətlərinə işarələr etmişdir. Allah Rəsulu təqarübü-zaman (vaxtın sürətli keçməsi) dövrünün yaşanacağını bildirmişdir.[3] Qarşıya qoyulan məqsədlə onu həyata keçirmə arasında olan vaxtın çox daralacağını, məsafələrin qısalacağını, hədəfə daha tez çatılacağını bildirib elmin sürətlə inkişafını bəyan etmişdir. Xüsusilə, rabitə və telekommunikasiya sahəsində güclü inkişafın olacağını əsrlər əvvəl xəbər vermişdir. Başqa bir misal. Peyğəmbərimiz (s.ə.s.) bir nardan bir dəstə insanın yeyib doyacağını xəbər vermişdir.[4] Deməli, əkinçilik sahəsində çox böyük yeniliklər olacaq. Bu yeniliklər sayəsində iyirmi adamın ancaq yeyə biləcəyi narlar olacaq, bir nar qabığının altında bir insan kölgələnə biləcək. Hal-hazırda mövcud olan genetika sahəsinin güclü inkişaf edəcəyini vurğulamışdır. Bunlardan başqa, Quranda və bir çox hədislərdə müasir dövrdə olmasa da, müxtəlif elm sahələrinin gələcəkdə olacaq inkişafına və onun son nailiyyətlərinə işarələr edilmiş, eyni zamanda bu hədəfə çatmaq üçün bəşəriyyət təşviq olunmuşdur. Bunlar baş verəcək və: “Sən Allahın Rəsulusan”, – deyiləcək, Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) olan bağlılıq yenilənəcək və qüvvət qazanacaq. Çünki əsrlər Onu təsdiq edir və dedikləri bir-bir üzə çıxır. Elm maddi aləmin, həyatın və xüsusilə, insanın necə var olduğunu araşdırır. Kainatda cərəyan edən ilahi qanunları tapıb üzə çıxarır. Bu qanunlar bəşəriyyətin elmi, texniki sahədə daha da inkişafına səbəb olur. Din isə kainatın və maddi aləmin nə üçün yaradıldığını və Yaradanın kim olduğunu bildirir. Xüsusilə, insanın məxluqlar arasında xüsusi mövqeyini, yaradılış qayəsini və bu dünyadakı vəzifəsinin mahiyyətini müəyyən edir. Bu da o deməkdir ki, “elm” və “din” varlıq aləminin sirr və müəmma qutularını açan iki fərqli açardır. Biri məxluqatın yaradılış şəklini, maddi mahiyyətini izah edir, digəri də yaradılış səbəbini və qayəsini açıqlayır. Deməli, elmlə din bir-birinə zidd sahə deyil, əksinə, onlar bir-birini tamamlayır. Bundan başqa, din daxili mənbələrinə əsaslanıb yaradılışın başlanğıcı, ölümdən sonrakı həyat kimi elmin izah edə bilməyəcəyi məsələlər haqqında yol göstərən haqq bələdçidir. Elmin inkişafı ilə dinin zəifləyəcəyini zənn edənlər, hesab edirik ki, böyük səhvə yol verirlər. Elmin atdığı hər yeni addım, hər yeni görüş düşünən bəşər övladını dini dəyərlərə daha da yaxınlaşdırmış və Allahın böyüklüyünü bir az da yaxından göstərmişdir. Belə ki, Kainatda mövcud olan qüsursuz nizamın əsaslandığı qanunların kəşfindən və bu qanunlardan istifadə yollarının araşdırılmasından ibarət olan elmlər bu möhtəşəm nizamı quran və işlədən Allahın varlığına ən güclü dəlil və şahidlərdir. O uca Yaradanın varlığını, misilsiz qüdrətini inkar etmək, ancaq gözlə görünən mövcud nizamı inkar etməklə mümkün olar. Nizam-intizam olmasa, elm də olmaz. Digər tərəfdən, elmlər Allahın yaratdığı varlıq aləmini araşdırdıqları üçün yaradılışdakı möcüzələri, incə hesab və ölçüləri üzə çıxardır və istər-istəməz məxluqat üstündə təcəlli edən İlahi isim və sifətlərdən bəhs edir. Bu baxımdan, elmlər Allahın isimlərini göstərən bir güzgüdür və hər bir elm Allahın bir isminə istinad edir. Bu xüsusu əsrimizin böyük İslam alimlərindən biri belə izah edir: “Hər bir mükəməlliyin, hər bir elmin, hər bir inkişafın, hər bir fənnin bir ali həqiqəti var, o həqiqət də bir İlahi ismə əsaslanır. Bir çox pərdələri, növbənöv təcəlliləri və müxtəlif dairələri olan həmin ismə əsaslanan o fənn, o fəzilət, o sənət kamillik zirvəsinə çatar, həqiqət olar. Yarımçıq qalarsa, nöqsanlı kölgədən ibarət olar. Məsələn, həndəsə bir fəndir. Onun həqiqəti və son nöqtəsi Cənabi-Haqqın Adl və Müqəddir isimlərinə əsaslanıb, həndəsə güzgüsündə o ismin hikmətli təcəllilərini bütün təntənəsi ilə müşahidə etməkdir. Məsələn, tibb bir fəndir, bir sənətdir. Onun da son nöqtəsi və həqiqəti Hakimi-Mütləqin Şafi isminə əsaslanıb, böyük əczaxana olan yer üzündə Allahın mərhəmət təcəllilərini müxtəlif vasitələrdə görməklə tibb kamillik zirvəsinə çatar, həqiqət olar. Məsələn, varlıq, həyat həqiqətindən bəhs edən hikmətül-əşya, yəni fəlsəfə elmi də Allahın (cəllə cəlaluhu) Hakim isminin əşyalarda tədbirli, tərbiyəvi böyük təcəllilərini onların mənfəətlərində və yaradılış qayələrində görməklə və o ismə (Hakim) əsaslanmaqla həqiqi hikmət, fəlsəfə ola bilər. Yoxsa ya xurafata çevrilər, mənasız olar və ya təbiət fəlsəfəsi kimi insanı zəlalətə gətirib çıxarar. Üç misalla kifayətlənək, digər elm və fənləri bu üç misal ilə müqayisə et”.[5]



[1]”Bəqərə” surəsi, 2/73

[2] Bax: 20-ci Söz. 2-ci Məqam

[3] Buxari, Fitən, 25; Müslim, 11

[4] Müslim, Fitən, 110; Tirmizi, Fitən, 59

[5] Sözlər. 32-ci Söz. 3-mövqif, 1-ci bəhs



Açar sözləri

din elm

Bənzər məqalələr

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm öyrənənlərə…

Ey elm öyrənməyə qərarlı insan! Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına.

Elmi ilə əsrlərə işıq saçan alim Əl-Həzini

Elmi ilə əsrlərə işıq saçan alim – Əbdürrəhman əl-Həzini


Şərh yaz