Aylıq namaz vaxtları
8. 603 dəfə oxunub ,   0 şərh   Çap et

Elm öyrənməyin bünövrəsini oxumaq və araşdırmaq təşkil edir. Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) peyğəmbərliyin və vəhyin başlanğıcında “oxu” deyə əmr edilməsi də bunu göstərir. Gəlin “Ələq” surəsinin bu ayələrini xatırlayaq:

1. “Yaradan Rəbbinin adı ilə oxu.

2. O, insanı laxtalanmış qandan yaratdı.

3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi.

5. “(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi” (“Ələq” surəsi, 96/1-5).

Ayə əvvəlcə yaradılış möcüzəsinin Allaha iman şüuru ilə oxumasını əmr edir. Sonra da insanın yaradılışına diqqət çəkir və bu yaradılış möcüzəsinin araşdırılmasını istəyir. Növbəti ayənin “oxu” əmrini isə “qələm” “öyrətmək, təlim”, “bilik, elm” kəlmələri izləyir. Bu, başlanğıcdan sonra insana elm verərək onu məxluqatın ən yüksək məqamına çıxarması Allahın ən böyük lütfüdür. Təkcə elmi deyil, yazmağı da öyrədərək əldə etdiyi elmi hər tərəfə yaymasını, bu yolla tərəqqi etməsini və elmi sonrakı nəsillər üçün qoruyub saxlamasını da təmin edir. Əgər Allah ilham yolu ilə insana qələm və kitabın elmini öyrətməsəydi, insanın elmi qabiliyyət və nailiyyətləri, kəşf və ixtiraları yayılmaz, gələcək nəsillərə çatmazdı. Nəticə etibarilə elmi, texniki, mədəni inkişaf da baş verməzdi.

İnsan, əslində, elmsizdir, ancaq Allahın lütfü sayəsində elm əldə edir. İnsana hər mərhələdə elm verilmişdir. Və elm qapıları onun üzünə taybatay açılmışdır. Elmi inkişaf, əslində, Allahın istədiyi zaman hiss etdirmədən insana elm verməsidir. Bu səbəbdən də hər bir elm sahibi verilən elmin əsl mənbəyini bilməli, Allahı öyüb Ona yönəlməli, biliyindən Allahı xoşnud olduğu şəkildə və yerlərdə istifadə etməlidir. Belə bir elm Allahın köməyi və lütfü ilə insanı Rəbbindən uzaqlaşdırmaz, ona Rəbbini unutdurmaz.

İnsanı Rəbbindən uzaqlaşdıran elm əsl qayəsindən uzaqlaşmış sayılır. O, sahibinə və insanlara nə xoşbəxtlik gətirər, nə də bir fayda verər. Belə bir elmin “bəhrəsi” pislikdən, qorxudan, mənəvi böhran və dağıtmaqdan başqa bir şey olmaz. Çünki belə bir bilik qaynağından sapmış, yönünü itirmiş və Allaha gedən yoldan uzaqlaşmış sayılır. Elə isə elm verilən insanlar yadda saxlamalıdır ki, elmi doğru və ya yanlış yolda istifadə etdiklərinə görə Allahın hüzurunda hesab verəcəklər.

Bilik üstünlük səbəblərindən biridir. Çünki Qurani-Kərimdə: “Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir”, (“Bəqərə” surəsi, 2/269) – buyurulur. Burada hikmət faydalı olan bilik deməkdir. İnsanlara faydalı olan bilik, təbii ki, bir üstünlük sayılır. Allah Təala bəyanlarında bilənlərlə bilməyənləri tərəzinin eyni gözünə qoymamışdır: “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Doğrusu, bunu ancaq ağıl sahibləri layiqincə düşünər!”” (“Zumər” surəsi, 39/9). Bununla elmin dərketmə qabiliyyəti olmaqla yanaşı, istifadə edilməsinin zəruriliyinə də işarə olunmuşdur. Çünki elm ağıl kimi nemətdən yanlış istifadə edənlərin əlində dağıdıcı vasitəyə çevrilə bilər. Bu əsas prinsipdən sonra  Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) elmin ədəbinə dair fikirlərinə nəzər yetirək:

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər fürsətdə elmin üstünlüyünü vurğulamışdır. Bir dəfə Əbu Zərə (radiyallahu anh) xitabən belə buyurmuşdur: “Ey Əbu Zər, səhər evindən çıxıb Qurandan bir ayə öyrənmək sənin üçün yüz rükət nafilə namaz qılmaqdan daha xeyirlidir. Yenə səhər evindən çıxıb – əməl edilsə də, edilməsə də – bir hissə elm öyrənmək sənin üçün min rükət nafilə namazdan daha xeyirlidir”.[1]

Rəsulullah (sallallahu əleyhi və səlləm) başqa bir hədisi-şərifində belə buyurur: “Allah kimin üçün xeyir diləyərsə, onu dində fəqih (fiqh alimi) edər”.[2]

Məcburiyyət olmadan biliyi insanlardan gizlətmək də doğru deyildir. Rəsulullah (sallallahu əleyhi və səlləm) xəbərdarlıq edir: “Kimdən bir məsələ (elm) haqda sual soruşsalar, o da (bilə-bilə) gizlədib cavab verməzsə, (qiyamət günü) onun ağzına oddan yüyən taxılar”.[3]

İnsanlara doğru yolu göstərən, onları hidayətə çatdıran dini biliyin hər cür sərvətdən üstün olduğunu Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəyan edir:

“Allaha and olsun, bircə insanın sənin vasitənlə hidayətə çatması qiymətli dəvə sürülərindən daha xeyirlidir”.[4]  O vaxtlar kimin dəvəsi vardısa, varlı sayılırdı. Çox az adamın dəvə sürüsü vardı.  Ona görə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir müqayisə ilə ilahi hidayətin, dolayısilə, hidayətə səbəb olan elmin nə qədər əhəmiyyətli olduğunu vurğulamışdır.

İbn Bələmə deyir: “Ey Allahın Rəsulu! Mən səndən çox hədis eşitdim. Ancaq qorxuram ki, sonradan eşitdiklərim əvvəl eşitdiklərimi unutdurar. Mənə elə bir şey de ki, bütün öyrəndiklərimin yerini tutsun!” Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu: “Bildiklərində Allaha qarşı müttəqi (dürüst) ol, (bu sənə kifayətdir)”.[5]

Böyük səhabə İbn Abbas (radiyallahu anh) elmin ədəbi haqda buyurur: “Camaata həftədə bir dəfə hədis öyrət. Bunu az bilirsənsə, iki dəfə olsun. Daha çox istəyirsənsə, üç dəfə olsun. Amma insanları Qurandan bezdirmə! Camaat bir-biri ilə öz işlərindən danışarkən sənin onların yanına gedib sözlərini kəsərək bir şeylər danışmaqla onları bezdirdiyini görməyim. Onlar danışanda sus və dinlə. Onlar sənin yanına gəlib “Danış!” deyəndə, danışarsan”.[6]

Əxlaqi və ya dini biliyin öyrədilməsində aydın danışmaq çox əhəmiyyətlidir. Bəzi insanlar  özlərini çox bilikli göstərmək üçün üstüörtülü və anlaşılmaz üslubda danışır. Bu cür danışmaq mahiyyətcə yanlış olduğu kimi, məsələlərin anlama səviyyəsinə uyğun çatdırılması metoduna da ziddir. Həzrəti Əli (radiyallahu anh): “İnsanlara başa düşdüyü şeylərdən bəhs edin. Hər halda Allah və Rəsulunun təkzib edilməsini istəməzsiniz!” – deyərək, xüsusilə, dini biliyin insanlara çatdırılmasında aydın və sadə üslub seçilməsinin əhəmiyyətini vurğulamışdır. İbn Məsud (radiyallahu anh) da: “Bir topluma dərk etmədikləri şeylərdən danışsanız, bu, bəziləri üçün fitnə-fəsad olar”.[7]

İslami həyatı yaşamaq və Allah rizası üçün insanlara elm öyrətmək məqsədilə elm öyrənən insan Allah yolundadır və Allahın razı olduğu bir işlə məşğul olur. Kəsir ibn Qeys (radiyallahu anh) nəql edir:

“Mən Şam (Dəməşq) məscidində Əbud-Dərdanın yanında oturmuşdum. Bir adam gəldi və:

– Ey Əbud-Dərda, Peyğəmbərimizin bir hədisi-şərifini öyrənmək üçün Onun şəhəri Mədinəyi-Münəvvərədən gəlmişəm, – dedi. Əbud-Dərda adamın əsas gəliş məqsədinin bu olub-olmadığını öyrənmək üçün ona:

– Bəlkə, Şama ticarət üçün gəlmisən?

Adam:

– Xeyr, elə bir iş üçün gəlməmişəm, – dedi.

Əbud-Dərda:

– Hədis öyrənməkdən başqa bir iş üçün gəlməmisən, eləmi? – deyə soruşdu. Adam:

– Xeyr, Rəsulullahdan bir hədis nəql etdiyini eşitdim, onu dinləməkdən qeyri bir iş üçün gəlməmişəm, – dedi. Əbud-Dərda ancaq belə bir cavabı alandan, yəni adamın, həqiqətən, Allah rizası üçün gəldiyini anlayandan sonra belə söylədi:

– Mən Allahın Peyğəmbərindən eşitdim, belə buyurdu: “Kim elm öyrənmə yolunu seçərsə, Allah onun üçün cənnətə gədən yolu asanlaşdırar. Mələklər elm öyrənənləri qanadları ilə qoruyarlar. Çünki onların bu hərəkətlərindən xoşları gəlir. Göylərdə və yerdə olanlar, hətta sudakı balıqlar elm öyrənən şəxsə Allahdan yardım və bağışlanma diləyərlər. Ay ulduzlardan necə üstündürsə (parlaqdırsa), elm sahibi də abiddən (ibadət edəndən) o qədər üstündür. Alimlər Peyğəmbərlərin varisləridir. Peyğəmbərlər dinar və ya dirhəm deyil, ancaq elmi miras qoydular. Buna görə də o elmi qazanan böyük məqama çatmış sayılır”.[8]

Bu hədisi-şərifdən aşağıdakıları öyrənirik:

a. Elm öyrənmək üçün göstərilən səy və çəkilən əziyyət Allah yolunda göstərilmiş sayılır və insanı cənnətə aparar. Başqa sözlə, elm yolu cənnət yoludur və nə gözəl yoldur. Bu yolun yolçularına  mələklər kömək edər. Təkcə mələklər deyil, yer və göy sakinləri də ona dua edib, Allahdan bağışlanma dilərlər.

b. Ulduzlar ayın yanında necə sönük görünürsə, abid də alimin yanında elə görünür. Çünki bilikli insan biliyi ilə ətrafını işıqlandırır və ətrafına, hətta bütün insanlara yol göstərir. Abidin etdiyi nafilə ibadətlər təqdirəlayiq olsa da, başqasına bir xeyri olmaz, ancaq özünə fayda verər. Elmə üstünlük verən insan isə öyrəndiyi biliklə həm özünə, həm də ətrafına faydalı olar.

c. Alimlər peyğəmbərin varisidir. Peyğəmbərlərdən yalnız elm miras qalmışdır. Alimlər də elm yolunu seçməklə peyğəmbərlərə varislik kimi şərəfli məqama ucalmış olurlar. Əbu Hureyrə (radiyallahu anh), demək olar, Rəsulullahın yanından ayrılmazdı. O, Allah Rəsulunun yanında elm öyrənər, sözlərini, yəni hədisləri diqqətlə dinləyib əzbərləyərdi. Bir gün Mədinədə küçədə olanlara belə səslənmişdi:

– Peyğəmbərimizin mirasını bölüşdürürlər, siz isə burada oturmusunuz. Niyə gedib mirasdan payınızı almırsınız?

Camaat:

– Harada? – deyə soruşmuşdu. Əbu Hureyrə (radiyallahu anh):

– Məsciddə, – deyə cavab vermişdi. Camaat qaça-qaça məscidə axışmışdı. Ancaq az sonra geri qayıtmışdı. Əbu Hureyrə (radiyallahu anh) onların geri qayıtdığını görüb soruşmuşdu:

– Nə oldu?

Onlar da:

– Biz məscidə getdik, amma orada nəyinsə bölüşdürüldüyünü görmədik, – demişdilər. Əbu Hureyrə (radiyallahu anh):

– Siz məsciddə heç kimi görmədiniz? – deyə təkrar soruşmuşdu.

Onlar da:

– Bəli, bir neçə nəfər gördük, kimisi namaz qılır, kimisi Quran oxuyur, kimisi də halal və haram  məsələlərindən danışırdı, – de­mişdi.

Əbu Hureyrə radiyallahu anh:

– Heyif, o, Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bölüşdürülən mirası idi, – demişdi”.[9]

Allah-Təala elm ədəbi ilə əlaqədar buyurur: “Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyiləndə (onlara) yer verin ki, Allah da sizə genişlik versin. Eləcə də sizə: “Qalxın!” – deyiləndə qalxın ki, Allah da sizdən iman gətirənlərin və xüsusilə, elm verilmiş insanların dərəcələrini yüksəltsin. Allah etdiyiniz əməllərdən xəbərdardır!” (“Mücadilə” surəsi, 58/11)

Ayənin bir çox məna qatları var: məclisdə darısqallıq etməyin, ətrafınızdakıları narahat etməyin və genişlənin ki, Allah da sizə genişlik versin. “Qalxın”, yaxud “yuxarı keçin” deyiləndə tez qalxın ki, Allah sizlərdən iman edənləri, yəni həqiqətən imanlı olan və bu əmrlərə də səmimi iman gətirən möminləri ucaltsın. İmanla əmrə itaət etməyin mükafatı olaraq dünyada müvəffəqiyyət və gözəl ad, axirətdə isə yüksək məqamlar versin. Elm verilənləri də dərəcələrlə ucaltsın, xüsusilə, elmlə məşğul olan və elmə layiqincə əməl edən alimlərə də uca məqamlar lütf etsin. Bu ayə elmin fəziləti və alimlərin üstünlüyü haqqında açıq dəlillərdən biridir .

Allah-Təala Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) əmr edir: “(De ki): “Rəbbim, mənim elmimi artır” (Taha, 20/114). Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də bu əmrə əməl edərək: “Allahım, mənə öyrətdiyin elmi mənə faydalı et, mənə faydalı olan elmi ver. Elmimi artır. Allaha sonsuz həmd olsun”,[10] – deyə dua edir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) istəyirdi ki, Allah Onu verdiyi elmdən faydalandırsın. Başqa bir duasında da faydalı olmayan elmdən Rəbbinə sığınır.

İnsan niyə elm öyrənir? Elm sahiblərinin digər insanlardan bu qədər üstün olmasının səbəbi nədir? Bu sualın cavabını yenə Quranı-Kərim verir: “Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar” (Fatir, 35/28). Çünki alimlər Allah-Təalanı daha dərindən dərk edir və peyğəmbərlər vasitəsilə insanlara göndərilən ilahi bəyanları daha yaxşı qavrayır.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur ki, iki insana qibtə etməyə dəyər. Bunlardan biri Allahın lütf etdiyi mal-dövləti Rəbbi yolunda verən insan. Digəri də Allahın hikmət (elm) verdiyi, elmə əməl etməyi və onu başqasına da öyrətməyi nəsib etdiyi insandır.[11] Demək ki, insan elmi layiqincə öyrənməli və başqalarına da öyrətməlidir. Belə insanlara qibtə etmək qəbahət deyildir.

Oxuma, yazma və elm öyrənmək, elmdən faydalanmaq və başqalarını da faydalandırmaq haqqında Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Elm öyrənmək hər bir müsəlmana fərzdir”.[12] Göründüyü kimi, dinimiz oxumağa və elm öyrənməyə böyük əhəmiyyət verir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hədisi də bunu təsdiq edir: “Hikmət və elm möminin itiyidir, onu harada tapsa, götürər”.[13] “Feyzül-Qadir” əsərində belə bir hədisi-şərif vardır: “Elm Çində də (Çin kimi uzaq bir yerdə) olsa, öyrənin”.[14]

Bugünkü texnologiya təbii ki, elmi nailiyyətlərin məhsuludur. Elm və texnologiyanın sürətli inkişafına baxanda dinimizin elm öyrənməyə niyə bu qədər əhəmiyyət verdiyini daha yaxşı başa düşürük. Elmin hər çeşid məhsulundan faydalandığımız halda elmlə məşğul olmamaq nə qədər doğrudur? Biz dinimizin əmr və tövsiyələrinə uyğun olaraq övladlarımızın yaxşı tərbiyə və təhsil alması üçün əlimizdən gələni əsirgəməməli, zərərli axınların təsirinə düşməsinə imkan verməməliyik. Onlara var-dövlət verməkdənsə, o var-dövləti təhsilə xərcləyib elm vermək daha uzaqgörən addım olardı. Həzrəti Əliyə (radiyallahu anh) aid bir söz var: “Elm mal-mülkdən xeyirlidir. Çünki mal-mülkü sən qoruyursan, elm isə səni qoruyur. Elm hakim, mal məhkumdur. Mal xərcləməklə azalır, elm xərcləməklə çoxalır”.[15]  Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur:

“Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol! Amma beşincisi olma (yəni bunlardan kənarda qalma), məhv olarsan”.[16]

Buraya qədər bəhs etdiklərimizə əlavə olaraq elm ədəbi ilə bağlı, ələlxüsus da, gənc tələbələr üçün faydalı olan incəliklərə to­xunaq:

1. Ata-ananın məcburiyyəti ilə deyil, istəyərək oxumaq.

2. İlk müvəffəqiyyətsizliyə görə həvəsdən düşməmək.

3. Dərsə həvəslə və hazırlıqlı getmək.

4. Başa düşülməyən mövzuları təkrar soruşmaq.

5. Müəllimə diqqətlə qulaq asmaq.

6. Savadlı tələbələrlə müvəffəqiyyətin sirləri haqda söhbət et­mək.

7. Həmişə səliqəli və intizamlı olmaq.

8. Dərs oxumaq üçün rahat yer seçmək.

9. Həmişə ən yaxşı olmağa çalışmaq.

10. Dərsi tam başa düşmədən digər mövzulara keçməmək.

11. Öyrənilənlərin  tətbiqi mümkündürsə, tətbiq etmək.

12. İnsanı öyrənməkdən soyudan, elmə düşmənçiliyə sürükləyən şəxslərlə əlaqəni kəsmək.

13. Öyrədənlərə hörmətlə yanaşmaq və təvazökar olmaq.

[1]İbn Macə, Müqəddimə, 16.

[2]Buxari, Elm, 13, İstisam, 10; Müslim, İmarət, 98, (1038), Zəkat, 98.100, (1038); Tirmizi, Elm, 1, (2647).

[3]Əbu Davud, Elm 9, (3653); Tirmizi, Elm, 3, (2651)

 [4]Əbu Davud, Elm 10, (3661); Buxari, Əshabün-Nəbi 9; Müslim, Fədailül-əshab 34, (2046)

[5]Tirmizi, Elm, 19, (2684)

[6]Buxari, Daavat, 20

 [7]Müslim, Müqəddimə 5

 [8]Buxari, Elm, 10; Əbu Davud, Elm, 1; Tirmizi, Elm, 19; İbn Macə, Müqəddimə, 17

 [9]Heysəmi, Məcməüz-zəvaid və mənbəül-fəvaid, c.1, s.123-124

 [10]İbn Macə, Müqəddimə, 23

 [11]Buxari, Elm, 15

 [12]İbn Macə, Müqəddimə, 17

 [13]Tirmizi, Elm, 19

 [14]Münavi, Feyzül-Qadir, 1/542

 [15]Qəzali, Əhyau ülumid-din, 1/7

 [16]Heysəmi, Məcməüz-zəvaid və mənbəül-fəvaid, 1/122



Açar sözləri

elm ədəb

Bənzər məqalələr

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm öyrənənlərə…

Ey elm öyrənməyə qərarlı insan! Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına.

Elmi ilə əsrlərə işıq saçan alim Əl-Həzini

Elmi ilə əsrlərə işıq saçan alim – Əbdürrəhman əl-Həzini

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.


Şərh yaz

*