Aylıq namaz vaxtları
692 dəfə oxunub ,   0 şərh   Çap et

Əbu Hənifə 699-cu ildə Kufədə dünyaya gəlmiş, 767-ci ildə Bağdadda vəfat etmişdir. “İmamı Əzəm” ünvanı ilə tanınan Əbu Hənifənin əsl adı Numan ibn Sabitdir. Tam adı Əbu Hənifə Numan ibn Sabit əl-Kufidir. Əbu Hənifənin ata-babalarının ərəb olmadığı dəqiq bilinir. Onun fars, yaxud türk əsilli olduğu deyilir.

Əbu Hənifə hələ uşaq olanda Quranı başdan ayağa əzbərləmişdir. Qiraət elmini məşhur yeddi qiraət imamından biri olan İmam Asimdən öyrənmişdir. Kufə və Bəsrə şəhərlərinin tanınmış alimlərindən ərəb dili, ədəbiyyat, hədis, fiqh və s. dərsləri almışdır.

Rəvayətə görə, müsəlmanlar Xorasanı fəth etdikdə o tərəflərin sayılıb seçilənlərindən olan Əbu Hənifənin babası da əsir alınır. İslamiyyəti qəbul etdikdən sonra isə azad edilir və Kufə şəhərində məskunlaşır. Əbu Hənifənin babası və atasının Kufədə Həzrət Əli (r.a.) ilə görüşdüyü nəql olunur. Atası Sabit Allahın ona xeyirli bir övlad verməsi üçün Həzrət Əlidən (r.a.) xeyir-dua almışdır.[1]

Əbu Hənifə 720-ci ildən etibarən düz on səkkiz il məşhur fəqih Həmmad ibn Əbi Süleymandan dərs almış, onun elm məclisinin daimi üzvlərindən olmuşdur. Tələbələr arasında çalışqanlığı, dərin elmi və zəkası ilə seçilən Əbu Hənifə bəzən müəllimi olmayanda onun yerinə dərs deyirdi. İraq fiqh məktəbinin ustadı sayılan Həmmad 738-ci ildə vəfat edəndə o vaxt 40 yaşında olan Əbu Hənifəyə müəlliminin yerinə dərs demək təklif edilir. Əbu Hənifə də bu təklif müəlliminin tələbələrindən ən azı on nəfərin bir il ərzində onun dərslərində iştirak etməsi şərtilə qəbul edir.[2]

Əbu Hənifənin məqsədi həm elmi metod və ənənəni qoruyub saxlamaq, həm də bu elm məclisini ictihad şurasına çevirmək idi.

Son dərəcə təmkinli, təvazökar və bəsirətli bir insan olan Əbu Hənifənin dərslərində ogünkü İslam diyarının hər tərəfindən elm həvəskarları iştirak etmiş və onun rəhbərliyi altında böyük bir məktəb meydana gəlmişdir. Bu məktəbin təxminən 4000 tələbəsi olmuş, qırxa yaxın tələbəsi müctəhid səviyyəsinə çatmışdır.

Əbu Hənifə İbrahim ən-Nəxai, Şabi, Qazi Şüreyh, Əlqamə ibn Qeys, Məsruk ibn əl-Əcda kimi böyük fiqh ustadlarından da fiqh elmini öyrənmiş, biliklərini onların ümman kimi zəngin elmi ilə zənginləşdirmişdir.

Dövrünün alimləri arasında dərin elmi və fəziləti ilə güclü nüfuz qazanan, yeni bir cığır açan, bir çox alimlər yetirən Əbu Hənifə həzrətləri “İmam Əzəm” (böyük imam) ünvanını almışdır.[3] Əbu Hənifə adına gəlincə, onun Hənifə adlı övladı olmamışdır. Əbu Hənifə ümumiyyətlə ailə qurmamışdır. Əbu Hənifə ünvanı ilə bağlı iki ehtimal var:

  1. İraqda “hənif” adlandırılan yazı ləvazimatını həmişə yanında gəzdirdiyi üçün bu adı almışdır.
  2. Doğru yola sadiqliyinə görə, ona “hənif” ünvanı verilmişdir.

Əbu Hənifə qələmə aldığı əsərlərdə əqidə və etiqada dair mühüm məsələlərə toxunmuşdur. Öz dövründə etiqadla bağlı meydana çıxan təhrifləri düzəltmiş, sağlam inanc əsaslarının sonrakı nəsillərə ötürülməsində mühüm rol oynamışdır. Əbu Hənifənin etiqadi fikirlərini özündən sonra gələn İmam Maturidi təsnif edib sistemləşdirmişdir. Əbu Hənifə həzrətləri daha çox fiqh alimi və məzhəb qurucularından biri olaraq tanınsa da, yazdığı “Fiqhul-Əkbər” əsəri ilə kəlam elminin də banilərindən sayılır.

Əbu Hənifə əvvəllər kəlam elmi ilə məşğul olmuş, ancaq sonralar səhabələrin etiqadi məsələlərlə məşğul olmadığını düşünmüş, əməli mövzularda xalqın qarşılaşdığı problemlərin həllini daha əhəmiyyətli saymış və nəticədə fiqh elminə yönəlmişdir.

Əbu Hənifənin hədisə böyük dəyər vermişdir: “Rəsulullahın (s.ə.s) dediklərinin − biz eşitsək də, eşitməsək də başım üstə yeri var. Buna iman edir və Allah Rəsulunun (s.ə.s) dediyinə olduğu kimi şəhadət edirəm.”[4]

Əbu Hənifə Osman əl-Bəttiyə yazdığı risalədə isə: “Bil ki, öyrəndiyin və insanların faydalandığı şeylərin ən fəzilətlisi Sünnədir”, − demişdir.[5]

Əbu Hənifə dini məsələlərdə əvvəlcə Allahın Kitabına, sonra Rəsulunun (s.ə.s.) hədislərinə müraciət edər, sonra da səhabələrin görüşlərindən istədiyini seçərdi.[6]

Bəzi alimlər Əbu Hənifənin bir sıra səhabələri gördüyünü, yeddi səhabədən hədis rəvayət etdiyini desələr də, bu o qədər səhih məlumat deyil. Düzdür, Əbu Hənifənin zamanında səhabələrdən Ənəs ibn Malik, Abdullah ibn Əbu Əvfa, Səhl ibn Sad və Əbut-Tufeyl Amir ibn Vəsilə kimi səhabələr sağ idilər. Ancaq ehtimal ki, Əbu Hənifə müxtəlif şəhərlərdə yaşayan bu dörd səhabədən yalnız Ənəs ibn Maliki kiçik yaşlarında Kufəyə gələndə görmüşdür.[7]

Bəzi hədis alimləri Əbu Hənifənin hədislərə müxalif davranmasını və bu elmdəki zəifliyini tənqid etmişlər. Öz müasirlərindən başlayaraq hicri VIII əsrə qədər davam edən, hətta bu gün də görünən həmin ittihamların əksəriyyəti subyektiv[8] fikirlərə əsaslanır. Bu cür subyektiiv yanaşma ilə istənilən alimi nədəsə təqsirləndirmək olar.[9]

Əbu Hənifə vaxtının çoxunu elmə ayırmaqla yanaşı, ticarətlə də məşğul olmuşdur. Bununla  halal ruzisini qazanır, alim izzətini qoruyurdu. Qazancını tələbələrinin ehtiyaclarına, elm məclislərinə sərf edirdi. Tələbəsi Əbu Yusifin xərcliyi bitməmiş ona kömək əlini uzadır, imkansız tələbələrinin ailə qurmasına yardım edirdi.

Əbu Hənifəni ticarət əxlaqına həssaslığına və sadiqliyinə görə Əbu Bəkrə bənzətmişlər. Əbu Hənifə bir mal satarkən və ya alarkən qarşı tərəfin zərər çəkməsini əsla istəməzdi. Bir gün bir qadın satmaq üçün ipək paltar gətirir. Əbu Hənifə qiymətini soruşur. Qadın “yüz dirhəm” deyir. Əbu Hənifə alıcı gözü ilə baxıb paltarın dəyərinin yüz dirhəmdən çox olduğunu söyləyir. Qadın qiyməti yüz dirhəm artırır. Əbu Hənifə razı olmur. Qadın da   paltarın qiymətini yüz-yüz artıraraq dörd yüzə çatdırır. Əbu Hənifə yenə razı olmur. Qadın da fikirləşir ki, yəqin onu ələ salır. Ən axırda üçüncü bir adamı çağırırlar. O da 500 dirhəm deyir. Əbu Hənifə də ipək paltarı beş yüz dirhəm verib qadından alır.

Əbu Hənifənin qazancına haram və şübhəli şeylər qarışdırmazdı. Bir dəfə ortağı Hafs ibn Əbdürrəhman qüsurlu bir parçanı özü də bilmədən qüsursuz parça qiymətinə satmışdı. Bundan xəbər tutan Əbu Hənifə həmin parça topundan gələn bütün gəliri möhtaclara paylamışdı.

Əbu Hənifə xarici görünüşə əhəmiyyət verir, təmiz geyinir və insanları da təmiz geyinməyə təşviq edərdi. Elmi müzakirələrlə yanaşı ticarətlə də məşğul olması onu daim həyatın və fiqhi məsələlərin içinə çəkmiş, qarşılaşdığı məsələlər və ya verilən suallarla əlaqədar saysız ictihad və hökmlər vermişdir.

Ancaq Əbu Hənifə bu hökm və ictihadlarına, ictihad üsuluna dair bir kitab qələmə almamışdır. Ona istinad edilən əsərlər ümumiyyətlə əqaidlə (etiqadla) əlaqədardır və birbaşa fiqhi məsələlərə aid deyil. Əbu Hənifə fəqih və müctəhid səviyyəsinə çatmış tələbələri ilə müzakirə edər və məsələlərin həll yollarını yazdırardı.

Əbu Hənifənin bu günə qədər gəlib çatan “əl-Fiqhul-əkbər”, “əl-Fiqhul-əbsat”, “ər-Risalə”, “əl-Alim vəl-mutəallim” və “əl-Vəsiyyə” kimi əsərləri var. Bu kitablarla əsasən İslam etiqadı ilə bağlı məsələlər izah olunur.

Fiqhi məzhəblər adətən qurucularının vəfatından çox sonralar müəyyən amillərin təsiri ilə formalaşmışdır. Yəni məzhəb alimlərinin məqsədi hansısa məzhəb qurmaq olmamışdır. Hənəfi məzhəbi də həm Əbu Hənifənin, həm də ilk məşhur tələbələrinin vəfatından sonra “Hənəfi məzhəbi” kimi tanınmışdır. Bu gün “Hənəfi məzhəbi” İslam aləmində geniş yayılmış   məzhəblərdən biridir.[10]

İman haqda görüşləri və İslama xidməti

Əbu Hənifədən əvvəlki dövrlərdə ortaya çıxan xaricilik onun dövründə də var idi. Onlar günah işləyən müsəlmanları kafir elan edir, din adından dindaşlarına qarşı mübarizə aparırdılar. Bu ifrat yanaşmanın nəticəsidir ki, xaricilər Siffin savaşında hökm verməyi hakimlərə həvalə etdiyinə görə Həzrət Əlini, hakimliyi qəbul etdiyi üçün də məşhur səhabə Əbu Musa əl-Əşarini dindən çıxmış elan etmişdilər.

Əbu Hənifə Quran və hədislərə əsaslanaraq cəmiyyəti parçalayan bu cür ifrat fikirlərlə mübarizə aparmışdır. Onun fikrincə, əməl imanın bir hissəsi və ayrılmaz parçası deyil, imandan sonra gələn ayrı bir hissədir. Günah işləmək mömini imandan çıxarmır. Çünki Quranda zina edən və adam öldürən möminin kafir olduğu bəyan edilməmişdir. Həzrət Əli (r.a.) də özü ilə vuruşanları mömin adlandırmışdır. Əgər günah işləmək mömini imandan çıxarmış olsaydı, Həzrət Əli (r.a.) fitnə-fəsadlar zamanı adam öldürən möminləri kafir sayardı.

Əbu Hənifə bir möminin imanlı olduğu halda günah işləməsini nəfsin arzularına məğlub olmaqla izah edir. “Əgər Allah möminə hər şeydən sevimlidirsə, mömin nə üçün günah işləməklə üsyan edir. Sevən sevdiyinin sevmədiyini edərmi?” sualına belə cavab verir: “Bəli uşaq atasını sevsə də, bəzən onun sözündən çıxır. Mömin də belədir. Günah işləsə də, Allahın əmrindən çıxsa da, Allah ona hər şeydən sevimlidir. O, Allaha Onu sevmədiyinə görə deyil, şəhvət hissi və nəfsani arzularına yenildiyinə görə asi olur” cavabını verir.

Əbu Hənifəyə görə, iman nə artır, nə də azalır. Çünki imanın artması küfrün azalması, imanın azalması da küfrün artması mənasına gəlir. Bir şəxsin eyni anda həm mömin, həm də kafir olması mümkün deyil. Mömin, həqiqətən, iman edən, kafir də həqiqətən inkar edən şəxsdir. Uca Allah Quranda: “Onlar həqiqi möminlərdir”[11] və “Bunlar həqiqi kafirlərdir”[12] buyurduğu üçün imanda artıb-azalmağa yer yoxdur. Mömin əməllərində nöqsan və günah etmiş olsa belə mömin sayılır.

Əbu Hənifəyə görə, iman və əməl ayrı-ayrı şeylərdir. Mömin bəzi hallarda müəyyən ibadətləri etməməyə görə, (məsələn, heyz və nifas hallarında namaz qılmayan qadınlar) günahkar sayılmır. Bu da göstərir ki, bəzi hallarda ibadət edilməsə də, mömin günahkar sayılmır və imanını itirmir.

Kasıb zəkatdan mükəlləfi deyil. Bu məqamda “zəkat verə bilmirsə, imanı da yoxdur” demək, əsla doğru deyil. Yəni mömin Allahı inkar etmədən, bir fərzi tərk edərsə, günahkar olar, ancaq dindən çıxmaz. Əgər həm fərzləri yerinə yetirməz, həm də inkar edərsə, küfrə düşmüş olar. Bir müsəlman böyük günahlardan birini halal saymadıqca o günahı işləməklə kafir olmaz.

Əbu Hənifə müsəlmanlığın, dindən çıxıb-çıxmamağın sərhədi və şərtlərini izah edəkən iman-günah-küfr məsələlərinə öz dövrünün alimləri ilə müayisədə daha geniş aspektdən yanaşmış, dinin düzgün başa düşülməsinə, cəmiyyətin birlik və bərabərliyinə böyük töhfələr vermişdir. Onun fikriləri bu gün də aktuallığını saxlayır. Milli və dini müxtəlifliyi nəzərə alaraq birlik və bərabərliyi təmin etmək, radikal düşüncə və davranışlardan uzaq olmaq, müsəlmanlığın düzgün çərçivəsini müəyyənləşdirmək üçün Əbu Hənifənin görüşlərinə bələd olmaq mühüm əhəmiyyət kəsb edir.

Mütəşabeh ayələr haqda fikirləri

Əbu Hənifə həzrətləri Qədəriyyə və Mötəzilənin “Allahın əli Onun qüdrəti və ya nemətidir” kimi fikirlərini qəbul etməmişdir. Onun fikrincə, bunu qəbul etmək burada vurğulanan Allahın sifətini inkar etmək deməkdir. “Fəth” surəsində keçən “Allahın əli onların əllərinin üstündədir”[13] kimi ilahi sifətlərin mahiyyəti bizə məlum deyil. Uca Allah özünü Quranda bu cür vəsf edir. “Allahın qəzəbi” cəzalandırması, “razılığı” da savabıdır demək doğru olmaz.[14] Onun əli, bəndələrinin əlləri üzərindədir; lakin bu əl insanların əlinə bənzəmir. Allahın vəchi (üzü) də yaratdıqlarının üzünə bənzəməz. O, bütün əl, üz və nəfslərin yaradanıdır. Bu səbəbdən Uca Allah: “Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” buyurur.[15] Əbu Hənifə sifətlər və vəsflər mövzusunda Allahı insana xas xüsusiyyətlərlə anılması ilə razılaşmır. O hesab edir ki, Allahın Quran ayələrində keçən “Allahın əli”, “üzü”, “gözü”, “enməsi”, “gəlməsi” kimi sifətləri var. Ancaq bu sifətlərin necə, hansı mahiyyətdə olduğunu bilmək mümkün deyil. Bu sifət və vəsflərə Allah və Rəsulunun (s.ə.s.) bildirdiyindən başqa bir məna vermək onları inkar etmək mənasına gəlir.[16]

Əbu Hənifəyə görə, Allahın göndərdiyi elçilərdən heç biri ümmətinə özündən əvvəllki peyğəmbərlərin dinini (etiqadi hökmləri) tərk etməyi əmr etməmişdir. Çünki etiqad  baxımdan bütün peyğəmbərlərin dini eynidir. Ancaq hər peyğəmbər əməli hökmlərdə insanları öz şəriətinə dəvət etmişdir. Çünki əməl baxımından peyğəmbərlərin şəriətləri arasında fərqlər ola bilər.[17]

Radikal cərəyanlarla mübarizəsi

Əbu Hənifənin yaşadığı dövr, ictimai-siyasi hadisələrin aktiv olduğu dövrdür. Bir yandan hakim dairələr hakimiyyətlərini möhkəmləndirməyə çalışır, bir yanda da fəth olunan ərazilərdə yeni islami firqələr ortaya çıxırdı. Əbu Hənifə bəzi firqə cərəyanların İslamı yanlış izahına, bəzi dairələrin din adı altında təlqin etdiyi düşüncələrə qarşı mübarizə aparmışdır. Onun düzgün və faydalı görüşləri əhəmiyyətini  bu gün də itiməmişdir.

Əbu Hənifənin radikalizmə qarşı mövqeyini onun fiqh anlayışında görmək mümkündür. Əbu Hənifə təfərrüata aid məsələlərdə Quran ayələri və Peyğəmbər (s.ə.s.) hədisləri ilə yanaşı, örf, adət və ənənədən miras qalan, dinin ruhuna, tövhid inancına zidd olmayan dəyərləri də təcrid etmədən fiqh (İslam hüququ) sistemi təsnif etmişdir. Bu baxımdan onun fiqh anlayışı, insanı əsas alan, həyatın bütün sahələrində ona yol göstərən və yaşamasını təmin edən bir mahiyyətdədir.

Əbu Hənifə həqiqət axtarışında son dərəcə səmimi idi. Başqalarının fikirlərini xoşgörü ilə qarşılayar, öz ictihadının mütləq doğru olduğunu düşünməzdi. Elm məclislərində hər kəsin fikir bildirməsinə zəmin hazırlayar, zidd fikirləri dinləyər, tələbələrini öz qənaətini mənimsəməyə məcbur etməzdi. “Mənim qənaətim və gəldiyim ən gözəl nəticə budur. Bundan daha yaxşısını tapan olsa, doğru olan onun fikridir” deyərək digər görüşlərə hörmətlə yanaşar, möminləri elmi araşdırmanı davam etdirməyə çağırardı.

Əbu Hənifə həzrətlərinin həyatı və düşüncə dünyasından görünür ki, alim fərqli fikir və düşüncələrə zənginlik kimi baxmış, onların təqib və təzyiqlərə məruz qoyulmasına qarşı çıxmışdır. Bu dünya görüşü dövrümüzdə müsəlmanlara İslamın fərqli xalq və inanclara çatdırılması və sevdirilməsi üçün geniş imkanlar verir. Onun fikirləri radikal düşüncələrin, qatı və sərt fikirlərin yayılmasının qarşısında sədd kimi dayanır.

Əbu Hənifənin fiqh məktəbinin ən bariz xüsusiyyəti qarşıya çıxan və ya həllini gözləyən məsələlərə Quran və Sünnədə keçən bilgilər əsasında rəy və ictihaddan da faydalanaraq  cavab axtarılması idi.

Rəy və ictihada müraciət etmədən birbaşa hədislər əsasında hökm çıxarma üsulu olan “hədis fiqhi” Əbu Hənifənin yaşadığı dövrdə demək olar ki, yox idi. Əbu Hənifə və tələbələrinin ortaya qoyduğu “rəy fiqhi” isə, Quran və Sünnədə keçən bilgiləri rəy və ictihadla zənginləşdirərək, hədislərlə rəy arasında tarazlığı qoruyaraq yeni hökmlər çıxarırdı.

Əbu Hənifənin həyatına əsərlərinə, fikirlərinə dair bir sıra əsərlər qələmə alınmış, ətraflı araşdırmalar aparılmışdır.

Əbu Hənifə həzrətlərinin qoyduğu böyük elmi irs bu gün milli mənsubiyyətindən asılı olmayaraq milyonlarla müsəlmana yol göstərir.


[1] Əbu Zəhra, Muhamməd Əbu Hənifə, s. 14-16.
[2] Mustafa Uzunpostalcı, “Ebu Hanife”, DİA, X, s. 132.
[3] Mustafa Uzunpostalcı, “Ebu Hanife”, DİA, X, s. 131.
[4] Əbu Hənifə, ən-Numan ibn Sabit, “əl-Alim vəl-mutəallim”, s. 27.
[5] Əbu Hənifə, “Risələ ilə Osman əl-Bətti”, (İmam Əzəmin beş əsəri, Tərc: Mustafa Öz, İstanbul 1981.)
[6] İbn Əbdilbərrr, “əl-İntiqu fi fədailis-sələsətil-əimmətil-fuqaha”, 142.
[7] Mustafa Uzunpostalcı, “Ebu Hanife”, DİA, s. 132, X.
[8] İbn Əbi Xatim ər-Razi, “Kitəbul-Cərh vət-Tədil”, VII, 203.
[9] Bu haqda maraqlananlar Əbdulfəttah Əbu Ğuddənin “İslam alimlərinin gözü ilə hədis elmində Əbu Hənifə” kitabını oxuya bilərlər. Kitab Azərbaycan dilinə tərcümə olunub.
[10] Ali Bardakoğlu, “Hanefi mezhebi”, DİA, XVI, s. 2
[11] Ənfal, 8/4.
[12] Nisa, 4/151.
[13] Fəth, 48/10
[14] Əbu Hənifə. əl-Fiqhul-Əkbər, s. 71.
[15] Şura, 42/11.
[16] Əbu Hənifə. əl-Fiqhul-Əbsat, s. 56; Əbu Hənifə, əl-Fiqhul-Əkbər, s. 302.
[17] Əbu Hənifə. əl-Alim vəl-Mütəallim, s. 16. Bax. Maidə, 5/48; Şura, 42/13.



Şərh yaz

*