- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Əbdülmüttəlib oğlunu niyə qurban kəsmək istəyirdi?

Əbdülmüttəlib doğma oğlu Abdullahı, yəni Peyğəmbərimizin atasını niyə qurban kəsmək istəyirdi?

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) babası Əbdülmüttəlib: “On oğlum olsa və böyüyüb həddi-büluğa çatdıqlarını görsəm, birini Allah yolunda qurban edərəm”,– deyə əhd etmişdi.
Bəlkə də, bu ənənə Hz. İbrahimdən (əleyhissalam) qalmış adətin təh­rif edilmiş şəkli idi. Belə ki, Hz. İbrahim də oğlu olarsa, qurban kəsəcəyini söz vermişdi. Lakin Uca Allah Hz. İsmailin (əleyhissalam) yerinə bir qoç göndərməklə belə bir adəti də aradan qaldırmışdı. Peyğəmbərimizin babalarından olan Hz. İsmail qoçla xilas olmuşdu. Peyğəmbərimizin atası Abdullah da dəvələrlə xilas olacaqdı. Uca Allah Əbdülmüttəlibə on oğul övladı nəsib etmişdi. Əbdülmüttəlib oğlanlarını götürüb Kəbəyə getdi. Həmişə Kəbədə qalan və orada dua edən şəxsə:

–  Oğullarım arasında püşk at, görək kimə düşür,– dedi.

Püşk Abdullaha düşdü. Onları da götürüb qurbangaha getdi. Lakin qureyişlilər Abdullahın qurban kəsilməsinə etiraz edib belə bir təklif irəli sürdülər: “Əvəzinə on dəvə qurban kəs və oğlunu burax!” Bunu eşidən Əbdülmüttəlib Kəbədə qalan şəxsə: “Abdullahla on dəvə arasında püşk at!” – dedi. Püşk yenə də Abdullaha düşdü. Bu dəfə Əbdülmüttəlib on dəvəni iyirmi elədi. Ancaq püşk yenə Abdullahı göstərirdi. Hər dəfə on-on artırılan dəvələrin sayı yüzə çatanda püşk dəvələrə düşdü. Beləliklə, Abdullah xilas oldu.