- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Düşüncə qabiliyyəti və oruc

İnsanın mükəmməl və ən heyrətamiz orqanı beyindir. Beyini təşkil edən hüceyrə və molekullar vücudun ən həssas və sistemli  hissəsidir. Bu toxuma və hüceyrələr bədənin bütün sinirləri ilə əlaqəlidir.

Hər bir beyin hüceyrəsinin bədənin müəyyən orqan və hissələri ilə bağlı funksiyası var, hər biri öz funksiyasını yerinə yetirir. Allah bunlara digər hüceyrələrlə müqayisədə daha çox iş və dözüm vermişdir.

Beyin hüceyrələri digər hüceyrələrə nisbətən bir neçə dəfə çox işlədiyi üçün təbii olaraq daha artıq qan tələb edir. Beyinin çəkisi və həcmi kiçik görünsə də, qanla doymur. Bədəndəki qanın dörddə biri arterial damarlarla beyinə ötürülür.

Beyin zehni fəaliyyətlə çox məşğul olduqda, bədən əzələləri sakitləşir, mədədəki qida həzm olunur və aclıq hissi özünü büruzə verməyə başlayır. Çünki beyin fəaliyyəti çoxlu qida tələb edir.

Canlılar arasında zəka və düşüncə qabiliyyəti yalnız insana bəxş edildiyinə görə insan beyni digər canlıların beynindən forma və tərkibcə fərqlidir. İnsan beynində düşünməyə səbəb və vasitə olan sinir hüceyrələrinin sayı insanların sayından çoxdur.

İnsanlara bəxş edilən bu dəyərli orqanın zəka və düşüncə qabiliyyəti, işləmə mexanizmi ona gələn qanın miqdarından asılıdır. Yəni beyinə gedən qanın miqdarı və axını nə qədər çox olarsa, işləmə mexanizmi də bir o qədər fəal olar. Qan az getdikdə əzginlik və zəiflik başlayır.

Həzm orqanları qida ilə dolu olanda bütün qan bu orqanların fəaliyyətinə sərf olunur və beyinə gedən qanın miqdarı azalır. Bu halda da kifayət qədər qan ala bilməyən beyinin aktivliyi azalır və beyin hüceyrələri normal fəaliyyətini davam etdirə bilmir, bu da vücuda mənfi təsir edir. Məhz buna görə də yeməklərdən sonra beyində zehni durğunluq, düşüncə və şüurda bulanıqlıq əmələ gəlir, vücudda tənbəllik və yuxuya meyillilik hiss edilir. Həddən artıq və tez-tez yeyənlərdə, bir qida həzm olunmamış o birini mədəsinə ötürənlərdə bu ağırlıq daha çox müşahidə olunur.

Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.

Bəli, şəhvət beyini kütləşdirdiyi kimi, çox yemək də onu “yoxsullaşdırır” və təfəkkür qabiliyyətini azaldır.

Çətin və kompleks problemləri həll etmək, zehni enerji tələb edən hallar və ağır imtahanlardan müvəffəqiyyətlə çıxmaqda oruc əvəzsizdir. İmtahan günü oruc tutan tələbə daha dərin düşünə və problemləri daha tez həll edə bilir, hafizəsi və zehni əvvəlkindən yaxşı işləyir, məsələləri daha tez qavrayır.