5. 121 dəfə oxunub ,   0 şərh   Çap et

Duanın əhəmiyyəti

Könüldən gəlməyən dua, yaxşı bil,

Mənasız bir işdir, ibadət deyil.

Sidq ilə ibadət eləsə insan

Naümid qayıtmaz haqq dərgahından.[1]

 

Dua nədir?

Dua bir ibadət,[2] dua qulluğun əsası,[3] dua Rəbbə dönüş və yönəlişin adıdır. Qulluqdan danışılan yerdə duadan bəhs etməmək mümkün deyil. Allah da: (De ki) “Duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar[4] və “Dua edin qəbul edim[5] deyə buyurmurmu?

Dua Allahla qul arasında qüvvətli bir teldir. Başqa sözlə, qulun düşüncəsinin Rəbbə təqdim edilmə şəklidir dua. Qul gücü çatmayan hər şeyini mütləq qüdrət sahibi Qadiri-Mütləqdən istəyir. Elə dua da bu istəyin adıdır. O, ta ərşə qədər quldan uzanan, Rəbbə ucalan şirin bir nəğmədir.

Hal-hazırda yalnız beş vaxt namazın və ya müəyyən ibadətlərin sonuna sıxışdırılaraq kiçildilən dua əslində həyatın və axirətin böyük zərurətidir. Həyatı duasız düşünmək mümkün deyil. Yaşadığımız həyat başdan ayağa duadan ibarətdir. Dua Allah rizasının və Cənnət yurdunun açarıdır. Yenə dua quldan Rəbbə yüksələn qulluq nişanı, Rəbdən qula enən rəhmət rəmzidir. Daha doğrusu o, Allahla qul arasında münasibətin tam mərkəz nöqtəsidir. Dua həm ibadət,  həm də imkan aləmi (dünya) ilə lahut (ilahi) aləmini birləşdirən ülvi bir meracdır. İnsanı pillə-pillə Haqqa ucaldan müqəddəs bir merac..!

Rəhmət əlinin üzərimizdə gəzməsi dua sayəsindədir. Dua eyni zamanda qəzəbdən də qoruyur. Bəli, rəhmət və rizanı cəlb, qəzəbi dəf edən təsirli bir ibadətdir dua. Çox vaxt bəşər imkanının tükəndiyi nöqtədə dua şüuru kaş lap əvvəldən olaydı! Əslində onun başlanğıc və bitiş nöqtəsini müəyyən etmək qeyri-mümkündür. Çünki elə bir an yoxdur ki, insanın duaya ehtiyacı olmasın. O halda qul özündə aramsız təcəlli edən Rəbbinə hər an dua etməlidir. Çünki insan Rəbbin qapısına dua ilə yönəlir, o qapıda dua ilə danışır. İlahi mərhəməti yağış kimi yağdıran da duadır.

Dua istəməkdir. Biz maddi-mənəvi ehtiyaclarımızı Rəbbimizdən istəyirik. Amma çox vaxt istədiyimiz şeyi də, istəmə şəklini də bilmir və ədəbdən kənara çıxırıq Allahın hüzurunda. Mütləq İradə sahibi Allah bizim üçün nə diləyir, bunu düşünmür, arzularımızı olduğu kimi yerinə yetməsini israrla istəyirik. Buna görə də hər diləyimizin tezliklə olmasını istəyir, yerinə yetirilməyən arzularımızın da rədd edildiyini düşünərək məyus oluruq. Daha açıq ifadə ilə desək, mütləq iradəni öz cüzi iradəmizin peyki kimi görmək istəyərik. Bütün bunlar duanın ədəbinə ziddir. Bu niyyətlə edilən dualar Allahla qul arasında əlaqə deyildir. Duanın ədəb və ərkanına riayət etmək isə ona cavab verilməsinə vəsilə olan şərtlərdən biri, hətta birincisidir.

Dua bəzən ciddi istək və iştiyaq halında sırf düşüncə kimi ürəkdən yüksəlir. Bu vəziyyətdə qul heç bir şey söyləmir. Hətta dodaqları da qımıldamır, amma Əllamül-Ğüyubun onun halından agah olduğunu bilərək tam təvəkkül içində olmağa çalışır və bu duası cavabsız qalmır. Eyni Həzrət İbrahimin oda atılanda keçirdiyi hislər kimi… Bütün səbəblərin susduğu bu anda, artıq bəşəri çarələrin tükəndiyi bir vaxtda: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)””[6] ilahi fərmanı onun dadına çatmışdır.

Qəlbdəki duyğuların dillə Rəbbə çatdırılması duanın ikinci şəklidir. Burada qul yalnız halını ərz edir, lakin istəyini dilə gətirmir. Bəzən də, həm halını ərz edir, həm də istəyini dilə gətirir. Quranda peyğəmbər duaları arasında hər ikisinə rast gəlinir, birinciyə Həzrət Eyyubun: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən![7] duasıyla, Həzrət Yunusun: “Səndən başqa heç bir ilah yoxdur! Mən isə, həqiqətən, zalımlar­dan olmuşam[8] duası, ikinciyə Həzrət Zəkəriyyanın “Ey Rəbbim! Mənə uca qatından təmiz bir nəsil bağışla. Şübhəsiz ki Sən duaları eşidənsən[9] duasını nümunə vermək olar.

Digər tərəfdən, Qurani-Kərimin dua mövzusunu[10] israrla vurğulaması və Peyğəmbərimizə duaları öyrətməsi bu ibadətin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Belə olmasaydı, Qurani-Kərim, yüzlərlə ayədə dua məsələsinə toxunardımı? Bundan başqa Peyğəmbərimizdən rəvayət edilən yüzlərlə, hətta minlərlə hədisi-şərif də həm duanın əhəmiyyətindən xəbər verir, həm də həyatın hər mərhələsinə aid duaları ümmətə öyrədir. İnsan duyğu və düşüncələrini Allaha ərz edərkən onları ən gözəl şəkildə dilə gətirmək və az sözlə çox məna ifadə etmək istəyir ki, bu mə­sələdə də ona ən böyük köməkçi birinci Qurani-Kərim, ikinci isə hədisi-şəriflərdə öyrədilən dualardır.

Allah Rəsulunun dua dünyası

Bizə istəmək hissini verən Zat bu dualarda necə istəməyi də öyrədir. Ən gözəl və ən təsirli dualar da, şübhəsiz ki Allah Rəsuluna öyrədilmişdir. Çünki dua ilə qapısı döyülən Zatı ən yaxşı bilib tanıyan Odur.

Gecə-gündüzü Haqqa münacat və yalvarışla keçən bir ömür görmək istəyən Rəsulullahın həyatına baxsın! İnsanlıq duanın nə demək olduğunu, ədəbini və insana maddi-mənəvi faydalarını görsün və ibrət alsın.

Allah Rəsulu dualarını həyatının içinə səpələmişdir. Dua Onun dodaqlarından əskik olmayan virdi (zikr), könlündə alovlanan ahu-əfqanı idi. O, bircə anını da duasız keçirməmiş, dodaqlarını isladan bu kövsər dolu qədəh heç vaxt əlindən düşməmişdi. Bir liderdi, səfərlərə başçılıq edirdi, İslamın hökmlərini açıqlayırdı, eyni zamanda ibadət və duada tayı-bərabəri yox idi.

Bir insan ibadətdən başqa hansı işləri görür? Yeyir-içir.. yatır qalxır.. gülür-ağlayır.. kədərlənir-sevinir.. evlənir, övlad sahibi olur.. təzə paltar geyinir.. səfərə çıxır və ya səfərdən dönür.. cihad edir, döyüşür, döyüşdən qayıdır.. bəd və ya xoş xəbər alır.. yaxın dostuyla qarşılaşır.. xəstələnir, sağalır.. yatır.. yaxşı və ya pis  yuxu görür və bu kimi yüzlərlə iş görür, yüzlərlə haldan keçir. Allah Rəsulu belə vəziyyətlərin hər birində ona uyğun dua oxuyur və bəşəriliyini beləcə lahutiləşdirirdi.

Bundan başqa insanın iradəsi xaricində cərəyan edən hadisələr vardır. Bu hadisələr onunla bilvasitə bağlıdır. Məsələn, qıtlıq, quraqlıq, yanğın, sel, qasırğa kimi bütün fəlakətlər birbaşa şəxsə zərər verməsə belə, yenə zərərdir.

Bütün böyüklərin virdi, duası olan Cövşən… bəli, Cövşənə baxan bir insan Allah Rəsulunun duadakı dərinliyini daha aydın görə bilər.

Bəli, təsdiq edir, inanır və iman edirik ki, heç bir fəzilətdə Onun tayı-bərabəri yoxdur. Və O, bütün ali vəsflərin ən zirvəsindədir.

Ömrünün hər anını Rəbbə yönəlməklə nurlandıran bu uca Zatın həyatında qaranlıq və zülmətə yer yoxdur. Onun həyatı başdan-başa dua və yalvarışlarla süslənmişdir. Doğulduğu gün “Ümmətim, ümmətim!” demiş, məhşərdə də yenə “Ümmətim” deyəcək.[11] Bəli, Onun bütün dərdi “Ümməti”dir.

Dua haqqında bəzi hədislər

Müsəlmanın müsəlman qardaşı üçün qiyabən, yəni ondan xəbərsiz etdiyi dua qəbul olunar. Dua edənin başı üstündə ona vəkil olan bir mələk var. Müsəlman qardaşı üçün xeyir dua etdikcə bu mələk “Amin, istədiyin şeyin bir misli də sənə olsun”.[12]

Üç nəfər var ki, onların duası qəbul edilər. Adil imamın (ədalətli müsəlman dövlət başçısı), oruclunun iftar açarkən etdiyi dua və zülmə məruz qalan məzlumun duası”.[13]

Allah hər hansı bir günah işləməyi və ya qohum-əqraba ilə əlaqəni kəsməyi istəməmək şərtilə dua edən müsəlmanın duasına üç şeydən birini verər: ya onun duasını dərhal qəbul edər, ya duasının qarşılığını axirətə saxlayar, ya da duası nisbətində onun başına gələcək şərin qarşısını alar”. Söhbətdə olanlar: “Elə isə çox dua edək,” – deyəndə Allah Rəsulu: “Bəli, Allah duanı çox qəbul edəndir”.[14]

Həmişə dua etmək

Çox vaxt dara düşəndə və çarəsiz qalanda əl açıb “Ya Rəbbi!…” deyirik. Başqa vaxtlarda elə hərəkət edirik, elə davranırıq ki, sanki, Allaha ehtiyacımız yoxdur. Halbuki ömrün elə bir anı, elə bir saniyəsi yoxdur ki, Allaha möhtac olmayaq. Qəribədir ki, insan yalnız darda qalanda, çətinliyə düşəndə Allaha möhtac olduğunu hiss edir. Halbuki o hər an bu ehtiyacın şüurunda olmalıdır. Bu həqiqəti dərk edən insan həyatının bir anını da duasız keçirməz. Duanın eyni zamanda ibadət və qulluqdur. Qulluq isə mütəmadidir. Elə isə dua yalnız dara, çətinliyə düşəndə edilməməlidir. “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”[15]. Hər şey yerli-yerində olarkən etdiyimiz dualar dara düşəndə edəcəyimiz duaların qəbulunu asanlaşdırar. Bir hədisi-şərifdə belə buyurulur:

Kim dar və çətin zamanlarda duaların qəbul olunmasını istəyirsə, rahat vaxtlarında çox dua etsin”.[16]

Duada xeyirlisini istəmək

Digər ibadətlərdə olduğu kimi, duada da ixlas, səmimiyyət çox önəmlidir. Yəni dua təmənnasız, dərhal dünyəvi bir nəticə gözlənilmədən edilməlidir. İnsan dünyəvi istəklər üçün israrla dua etməməlidir. Amma Haqqın dərgahına dualarla yönələndə qərarlı olmalıdır. Şər əməllərdən Allaha sığınmaqdan və daima Ondan diləməkdən bir an da əl çəkməməlidir. Daima ən xeyirli olan nədirsə, onu istəməlidir. Günahları yarpaq kimi bir-bir tökən, fəzilət və insani keyfiyyətləri artıran o dərgahın qapısına sadiq olmağa çalışmalıdır. Arzular dərhal həyata keçməsə də, imtahan dünyasında yaşadığımızı unutmadan daim dua etmək və bəhrəsini axirət yurdunda gözləmək səmimi qulluğun əsas tələbidir.

Ümidsizliyə düşməmək və tələsməmək

Allaha dua etməkdən qəti usanmamaq, ümidsizliyə düşməmək və duanın mütləq bir gün qəbul olunacağına inanmaq lazımdır. Unutmamaq lazımdır ki, heç kəs Allahı bir iş görməyə məcbur edə bilməz. Allahdan dəfələrlə, təkrar-təkrar israrla istəmək isə istəkdə ortaya qoyulan qərarlılıqdır, qətiyyətdir, məcburetmə deyildir.

Allaha səmimi qəlbdən, əmin olaraq, dualarımızı qəbul edəcəyinə şəkk-şübhə etmədən dua etməliyik. Duanın qəbuluna şübhə edənin duası qəbul olunmaz. Başqa sözlə desək, məhz duasının qəbul olunacağına zərrə qədər şübhəsi olmayan insanın duası qəbul olunar.

Allaha Onun duanıza cavab verəcəyindən əmin olaraq dua edin. Unutmayın ki, (Allah) dualarının qəbul olunacağına inanmayan, qəflətə düşən  və başqa şeylərlə məşğul olan qəlbin duasını qəbul etməz”.[17]

Əlbəttə ki, bu işdə səbir də böyük əhəmiyyət kəsb edir.

Nə qədər ki tələsmirsiniz, heç birinizin duası cavabsız qalmaz. Ancaq tələsib: “Mən Rəbbimə dua etdim, lakin duamı qəbul etmədi,” – deyənlər var”.[18]

Bir başqa hədisdə: “Allah Ona dua edən hər kəsə cavab verər (duasını qəbul edib istəyini verər). Ya dünyada dərhal arzusunu yerinə yetirər, ya əvəzini axirətə saxlayar, ya da duası qədər günahlarını bağışlayar. Əsas odur ki, duasında günah sayılan bir şey və ya qohumluq əlaqələrinin pozulmasını istəməsin, ya da tələsməsin,[19] – buyurmuşdur.

Bu hədisə görə duanın üsulu belə olmalıdır:

  1. Allahdan günah və ya haram bir şey istəməmək.
  2. Qohumluq əlaqələrinin kəsilməsi ilə bağlı bir şey istəməmək.
  3. “Duam qəbul olunmadı” deyə tələskənlik edərək Allahdan insanlara şikayət etməmək və ümidsizliyə düşməmək.

Yuxarıdakı şərtlərə uyğun qəlb və dilin vəhdəti ilə edilən duaların qəbul olunmasına heç bir maneə yoxdur. Bir hədisi-şərifdə: “Rəbbiniz çox həyalıdır, kərimdir. O, əllərini qaldırıb dua edən qulunu  boş qaytarmaqdan həya edər”.[20]

Bəzən duanın cavabı gecikə bilər, ancaq duada istənilən şey günah və ya haram olmadığı müddətcə istəklər qətiyyən rədd edilmir. Bir hədisdə möminlərin duasının gec qəbul olunması Allahın onların sevməsi ilə, kafir və ya münafiqlərin arzusunun dərhal gerçəkləşməsi isə Allahın onların səsini eşitmək istəməməsi ilə izah olunur .

Qəbul olacağına inanmaq

Duanın qəbul olunmadığını düşünmək qətiyyən doğru deyildir. Dua əgər şərtlərinə əməl olunmaqla edilirsə, mütləq qəbul olunur. Ancaq bəzən bizim istədiyimiz kimi qəbul olunmur. Bəzən arzu-istəklərimiz bizə zərərli olduğuna görə Allah-Təala mərhəmət göstərərək istədiyimizi deyil, istəməli olduğumuzu lütf edir. Bəzən isə duamız axirətimizin xeyrinə qəbul edilir, mükafatı axirətə saxlanılır. Buna görə də “dualar mütləq qəbul olunur” düşüncəsi ilə tam inanaraq dua etmək lazımdır.

Bununla yanaşı, bir insan nə qədər səmimi və qərarlı dua etsə də, onun Allahın nəzərində hər yöndən tam, mükəmməl bir iman və qulluq dərəcəsinə sahib olduğunu düşünərək istəklərinin şəkk-şübhəsiz qəbul olunacağını zənn etməsi doğru deyildir. Çünki Allah heç kəsin duasını qəbul etmək məcburiyyətində deyil. Duaların qəbulu mövzusunda qorxu və ümid hisləri (xövf və rica) arasında olmaq qulluq ədəbinin və mənəvi inkişafın tələbidir. Buna görə də “Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin”[21] buyurulmuşdur.

Nə istədiyini bilmək

İnsan duasında nə istədiyini bilməli və bunu qısa və aydın şəkildə ifadə etməlidir. Şübhə və tərəddüdlər içində nə istədiyini bilməmək, bununla yanaşı, “istəsəm, olarmı, olmazmı, görəsən, səhv etmirəm ki?” kimi düşüncələrlə edilən dualar qəbuldan uzaq dualardır. “Heç kim dua edərkən “Ya Rəbbi! Diləyirsən, məni bağışla! Ya Rəbbi, diləyirsən, mənə mərhəmət et!” deməsin. Əksinə, əzmlə (qəti dillə) istəsin, belə ki, heç kəs Allahı məcbur edə bilməz”.[22]

Allah-Təala istəməyə hüdud qoymamışdır, çünki müraciət edilən yer çox ali məqamdır və bu ali məqamın sahibi istənilən hər şeyi yerinə yetirməyə qadirdir. Buna görə ağlımıza gələn ən çox və ən böyük şey nədirsə – buna cənnət və Allah rizası da daxil – istəməkdən çəkinməməli, davamlı istəməliyik. İstəklər bilavasitə açıq və qəti şəkildə dilə gətirilməlidir. İstənilən şeyin böyük və ya kiçik, az və ya çox olması önəmli deyil; Allaha hər şeyə qadirdir. Onun üçün çoxu vermək azı vermək qədər asandır.

Müsibət zamanı dua etmək

Müsibət gələn zaman xüsusi oxunan dualar var. Bu dualar müsibət aradan qalxana qədər aramsız oxunmalıdır. Bu cür dualarda ən önəmli şey müsəlmanlardakı dua həyəcanıdır. Müsibət zamanı hər kəs ayrı-ayrılıqda, müxtəlif məkanlarda dua edə bilər, amma bir məkanda toplu şəkildə dua etmək daha faydalı hesab olunmuşdur. Çünki dua edən bəzi insanların tərtəmiz duyğuları digərlərinə sirayət edir və beləcə qəlblərin hüzura qərq olmasına səbəb olur. Bu da həmin məclisdə olanları duaya qarşı daha da diqqətli və ciddi olmağa sövq edir.

Dua hansı dildə edilməlidir?

Duanın ərəb dilində olması şərt deyil. Ana dili ərəb dili olmayan müsəlmanlar ərəb dilində dua etmək məcburiyyətində deyillər. Çünki dua insanın Allaha öz halını və ehtiyaclarını bildirməsidir. Buna görə insan duada nə dediyini, nə üçün dua etdiyini, nə istədiyini bilməlidir.

Hikmət damlaları

  • Quran varlığın tərcüməsi, hadisələrin tərcümanı, gözlə görünməyən aləmlərdən kəhkəşana qədər hər yerdən xəbər verən, bu dünyada görünməz aləmlərin dili, İslamiyyətin mahiyyəti, əsası, nuru, axirət aləminin xəritəsi və ona inananların xoşbəxtlik vəsiləsi olduğu kimi, eyni zamanda gizli-aşkar, bilavasitə və ya bilvasitə bir dua toplusudur.
  • Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir. Həyatın məqsədini dərk etmək, onu nizama salmaq, gələcəyə hazırlanmaq, din yolunda əzmli olmaq, özünü toplamaq və nöqsanları aradan qaldırmaqdır.
  • Dua Allahdan aramsız, fasiləsiz istəməkdir. Bu, müsəlmanlığın vəsfi, həyatın hədəfidir. O, kamil mömin olmaq üçün Allahın bitməz-tükənməz xəzinələrini istər, onların lütf edilməsi üçün niyaz edər.
  • Duada əsas məqsəd Allaha ərz və niyaz olduğuna görə dua qulla Allah arasında bir dialoq mənasını daşıyır. Əvvəla, Allah insanı Öz varlığından xəbərdar etmiş, insan da dərk etdiyi bu Qüdrətə ehtiram və ümidlə baxmış, özündən üstün olan Yaradanla münasibət qurmaq ehtiyacını duymuşdur. Dua belə bir irtibatla qurulan dialoqdur. Bu dialoqda məqsəd bir tərəfdən ehtiyacların təmini və qüsurların düzəldilməsi, bağışlanması, digər tərəfdən də mənən yüksəlməkdir. Başqa sözlə, dua fani və aciz olan varlıqla hüdudsuz və sonsuz qüdrət Sahibi arasında qurulan körpüdür. Buna görə də insan tarix boyu duadan uzaq olmamışdır.
  • Allah-Təala möminlərə namazda ən az gündə 40 dəfə “Fatihə” surəsini oxudaraq “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”[23] ayəsini təkrarladır. Bu ayə göstərir ki, Allah yalnız Ona qulluq edilməsini, yalnız Ona dua edilməsini istəyir və əmr edir.
  • Fəlakət girdabında boğulanda bu canım,

Bir Allaha güvəndim, ona gəldi gümanım:

Uca Rəbbim, yanında xəcalətəm mən sənin,

Günahını bağışla üzüqara bəndənin.

Hökmünə, fərmanına baxmamışam çox zaman,

Aman yoxdur kimsədən, özün aman ver, aman!

Ya cəza tonqalında yanmağa göndər məni,

Ya da mərhəmətinlə bəndəyə döndər məni.[24]

Uşaq və dua

(hekayə)

Balaca uşaq sahildə oturmuş, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Artıq bir saat idi ki, dənizə baxırdı. Onun bu vəziyyəti sahildə balıqçıları gözləyən qocanın da diqqətini cəlb etmişdi. Qoca yavaş-yavaş ona yaxınlaşdı:

– Hər vaxtın xeyir, igid! – dedi, – Bu gün dəniz çox gözəldir, elə deyilmi?

Uşaq dalğın nəzərlərlə dənizə baxmaqda davam edirdi. Ona görə də, başını qaldırmadan:

– Ancaq çox külək var. Topum dənizə düşən kimi alıb apardı.

Qoca uşağın yanında oturdu:

– Əgər bir az gənc olsaydım, üzüb onu gətirərdim. Ancaq indi güclə yeriyirəm.

Uşaq ona cavab vermədi. Sahildən uzaqlaşan topunu daha yaxşı görmək üçün daşın üstünə çıxdı. Qoca sakit bir səslə:

– Heç vaxt ümidini itirmə! Məncə dua etsən, daha yaxşı olar, – dedi.

Birdən sanki uşağın gözünə işıq gəldi. Böyük bir sevinclə:

– Dua etsəm, topum qayıdar? – deyə soruşdu.

Qoca:

– Allah istəsə, əlbəttə qayıdar, – deyə cavab verdi.

Uşaq bir az düşündükdən sonra babasından öyrəndiyi duaları oxumağa başladı. Sonra da topunun qayıtması üçün Allaha yalvardı. Topunu heç cür unuda bilmirdi. Çünki onu aylarla yığdığı pula almışdı.

Axşamüstü hava bir az da pisləşdi. Günəş batmağa üz tutmuşdu. Ancaq uşaq evə getmək istəmirdi. Ona görə də, bir qədər qoca ilə qalmağı qərara aldı. Elə bu vaxt dənizdəki balıqçılar da qayıdırdılar. Qoca həmişə balıq aldığı balıqçıya yaxınlaşaraq soruşdu:

– Ovunuz necə keçdi? Balıq tuta bildinizmi?

Balıqçı qayığın içindəki balıqları göstərərək:

– Ancaq bu qədər tuta bildim, – dedi, – Elə bil dənizdə balıq qalmayıb.

Bayaqdan onları dinləyən uşaq:

– Heç dua etdinizmi? – deyə dilləndi.

Balıqçı birdən sanki illərdən bəri unutduğu bir şeyi – duaları xatırladı. Uşağın saçlarını oxşayaraq:

– Onda çox balıq tutaram? – deyə soruşdu.

Uşaq:

– Allah istəsə, əlbəttə tutarsınız, – deyə cavab verdi.

Balıqçı sanki belə bir şeyi ilk dəfə idi ki, eşidirdi. Başını yelləyərək:

– Bu gün də yeni bir şey öyrəndim! – deyə gülümsədi, – Üstəlik, balaca bir müəllimdən… dedi.

Bu sözlər uşağın çox xoşuna gəldi. Artıq topunun dənizə düşməyinə də heyifsilənmirdi. Bu vaxt balıqçı qayığa yaxınlaşıb köhnə toru açdı. Orada bir top var idi. Yaş olduğu üçün par-par parıldayırdı. Balıqçı onu uşağa uzadıb:

– Müəllimlərin haqqını heç vaxt ödəmək olmaz. Ancaq bir az əvvəl bunu dənizdən tapdım.

Bunlar uşağa yuxu kimi gəlirdi. Tez ətrafa baxdı. Yox, bu yuxu deyildi. Topu tez balıqçıdan alıb bağrına basdı. Onu möhkəm-möhkəm qucaqlayaraq:

– Bir daha məndən icazəsiz heç yerə getmə! Dua etməsəydim, indi halın necə olardı? – dedi…

[1] Nizami Gəncəvi, İsgəndərnamə (İqbalnamə), Bakı, Lider nəşriyyat, 2004, s. 38.
[2] Tirmizi, Təfsir (2) 16; Əbu Davud, Vitr 23.
[3] Tirmizi, Dua 1.
[4] Furqan surəsi, 25/77.
[5] Mömin surəsi, 40/60.
[6] Ənbiya surəsi, 21/69.
[7] Ənbiya surəsi, 21/83 ayəsindən iqtibas.
[8] Ənbiya surəsi, 21/87.
[9] Ali İmran surəsi, 3/38
[10] Təqribən 200-ə yaxın ayə bilavasitə dua ilə bağlıdır.
[11] Buxari, Tövhid 36; Fitən 1; Müslim, İman 326, 327.
[12] Müslim, Zikir 86-884; Əbu Davud, Salat 364; Tirmizi, Birr 50
[13] Tirmizi, Sıfatul-Cənnət 2
[14] Müslim, Zikr 92.
[15] “Hicr” surəsi, 15/99
[16]  Tirmizi, Daavat, 9
[17] Tirmizi Dəavat 66.
[18] Buhari Dəavat 22; Müslim Zikir 92.
[19] Müslim Zikir 92; Tirmizi Dəavat 116.
[20] Əbu Davud, Salat 358.
[21] “Əraf” surəsi, 7/56.
[22] Buhari, Dəavat 21; Müslim, Zikir 7-8.
[23] “Fatihə” surəsi, 1/5
[24] Nizami Gəncəvi, Sirlər Xəzinəsi



Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


Şərh yaz