- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Dini mükəlləfiyət

Dini mükələfiyət nə deməkdir  ?

İslam dini ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadınlara Allahın əmrlərini yerinə yetirməyi, qadağalarından çəkinməyi əmr edir. Bu əmr və qadağalara “təklif ”, əmr və qadağalara riayət edən müsəlmanlara da “mükəlləf ” deyilir. Mükəlləf olanların yerinə yetirməli olduğu əməllərə isə “əfali-mükəlləfin” (yerinə yetirilməsi və ya yetirilməməsi zəruri olan əməllər) deyilir.

 Dini mükəlləfiyətlər nə zaman başlayır

   Fərd dini hökmlərə görə mükəlləfiyyət daşımaq üçün əqli cəhətdən sağlam olmalı və həddi-büluğa çatmalıdır.

   Din ağıl və şüur sahiblərinə xitab edir, onları öz iradə və seçimləri ilə dünyəvi və üxrəvi (axirətə xas) xeyrə yönəldir. Bu yola yönələnlərə də əbədi səadət vəd edir.

   Buna görə də mükəlləfiyyətin birinci şərti ağıllı olmaqdır. Ağıllı olmaq insanın nə etdiyini bilməsi, pislə yaxşını ayırd etməyi bacarmasıdır. Mükəlləfiyyətin digər şərti isə həddi-büluğa çatmaqdır.

 Həddi-büluğa çatmaq nə deməkdir?

   Həddi-büluğa çatmaq,  insanda cinsi hiss və xüsusiyyətlərin formalaşmağa başladığı dönəmə girməkdir.

 Həddi-büluğa çatmaq vaxtı və əlamətləri

   İslam alimlərinin əksəriyyətinə görə, həddi-büluğ çağı qızlarda 9-15, oğlanlarda 12-15 yaşları arasındadır. Fərdin həddi-büluğa çatması oğlanlarda ilk dəfə “ihtilam” (harada və necəliyindən asılı olmayaraq spermanın  xaric olması) adlanan cinsi boşalmanın olması, qızlarda isə “heyz”lə (“aybaşı”) başlayır. Buna təbii buluğ deyilir. Bəzən oğlan və ya qızlar yaş həddi-büluğ yaşına girdikləri halda, ihtilam və aybaşı halları müşahidə edilmir. Belə yeniyetmələr üçün “hökmü-büluğ” əsas götürülür. Hökmü-büluğa görə, yeniyetməlik yaşına çatanlarda feli buluğ əlamətləri (ihtilam və heyz) olmasa belə onlar həddi-buluğa çatmış kimi qəbul edilməlidir.

    Hökmü-büluğ yaşı həm oğlan, həm də qızlar üçün 15 yaşdır.

    Həddi-büluğ çağına çatan fərd əqli cəhətdən yetkin sayıldığı üçün – bunun əksini göstərən bir əlamət olmadıqca – mükəlləf olur.

    Dini terminologiyada buna “aqil və baliğ olmaq” deyilir. Yəni fərdin haqlarından istifadə etmə, şifahi, yazılı, əməli, hüquqi fəaliyyətləri bilavasitə yerinə yetirmə, dini və ictimai mükəlləfiyyətlərə görə məsuliyyət daşıma çağına çatmasıdır.

 Yetkinlik yaşına çatanların dini mükəlləfiyətləri

 Həddi-büluğ çağına çatan hər bir müsəlman müəyyən dini mükəlləfiyyətlər daşıyır. Buna fiqh və elmihal kitablarında “mükəlləf olanların vəzifələri” mənasında “əfali-mükəlləfin” deyilir.

 Dini mükəlləfiyyətlər

    Dini mükəlləfiyyətlər səkkiz yerə ayrılır; fərz, vacib, sünnət,müstəhəb, mübah, məkruh, müfsid və haram.

   1. Fərz qəti dəlil ilə sabit olan hökmlərdir və iki qismə bölünür: fərzi-ayn, fərzi-kifayə.

   Fərzi-ayn hər bir mükəlləf müsəlmanın fərdi şəkildə yerinə yetirilməli olduğu ibadətlərdir. Beş vaxt namaz və oruc kimi.

   Fərzi-kifayə elə ibadətlərdir ki, bəzi müsəlmanların yerinə yetirməsi ilə digər müsəlmanlar məsuliyyətdən azad olur. Cənazə namazı və salam almaq kimi. Əgər belə bir fərzi heç bir Müsəlman yerinə yetirməsə, mükəlləf olan müsəlmanların hamısı buna görə məsuliyyət daşıyır.

   2. Vacib fərz qədər qəti olmayan dəlillə sabit olan hökmlərdir. Vitr və bayram namazları kimi.

   3. Sünnət Peyğəmbərimizin sözləri, davranışları və başqa insanlarda xoş qarşıladığı əməllərdir. Sünnət də öz növbəsində iki qismə ayrılır: sünnəti-müəkkədə, sünnəti-qeyri-müəkkədə.

   Sünnəti-müəkkədə (Qüvvətli sünnət) Peyğəmbərimizin (s.ə.s.) davamlı olaraq etdiyi, nadir hallarda yerinə yetirmədiyi sünnətlərdir.Sübh və günorta namazının sünnəti kimi. Azan, iqamə, camaatla (toplu) ibadət kimi İslamın prinsiplərindən hesab edilən sünnətlər də sünnəti-müəkkədədir. Bunlara “sünnəti-Huda” da deyilir.

Sünnəti-qeyri-müəkkədə isə Peyğəmbərimizin (s.ə.s.) bəzən yerinə yetirdiyi, bəzən də tərk etdiyi sünnətdir. İkindi namazının sünnəti və işa namazının ilk sünnəti kimi. Peyğəmbərimizin (s.ə.s.)yeyib-içmək, geyinib-keçinmək, oturub-qalxmaq kimi gündəlik

davranışları və ədəbi sünnəti-qeyri-müəkkədəyə daxildir. Bunlar “sünnəti-zəvaid” adlanır.

   4. Müstəhəb – Peyğəmbərimizin (s.ə.s.) bəzən etdiyi əməllərdir, sədəqə vermək və nafilə oruc tutmaq kimi.

   5. Mübah əməl – dinə görə, edilib-edilməməsi caiz (icazə verilən) olan şeylər. Bu əməlləri nə yerinə yetirmək, nə də yetirməmək günah sayılır. Oturmaq, qalxmaq, yemək, içmək kimi.

   6. Məkruh isə xoş qarşılanmayan, sevilməyən və ibadətlərin savabını azaldan əməllərdir. Məsələn, namaz qılarkən ətrafa baxmaq.

   Məkruh iki qismə ayrılır:

a.Təhrimən məkruh – harama yaxın məkruh. Məsələn, dəstəmaz alarkən suyu israf etmək. Təhrimən məkruh əməllərdən uzaq olmaq savab qazandırır. Belə əməlləri işləmək isə axirətdə əzabı ilə nəticələnə bilər.

   b.Tənzihən məkruh – halala yaxın məkruh. Məsələn, burunu sağ əllə təmizləmək. Tənzihən məkruh əməllərin işlənməsinə görə əzab yoxdur. Amma onları etməmək insana savab qazandırır. Məkruhları halal hesab etmək xəta olsa da, insanı dindən çıxartmır.

    7. Müfsid – ibadəti pozan hallar. Dəstəmazlı olarkən vücuddan qan və ya irin çıxması, namazda gülmək və oruclu-oruclu bir şey yemək və s.

    8. Haram qəti dəlillə qadağan edilən əməllərdir. Məsələn: spirtli içki içmək, ana-ataya üsyan etmək, zina etmək və s.