6. 463 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Dinə gəlməkdə bir məcburiyyət yoxdur. Bəs dindəki qadağalar necə izah olunur?

Hər sistem kimi İslamın da əmr və qadağaları vardır. Bunlara əməl etmək dində məcburiyyət kimi götürülməməlidir. İslam dinini qəbul edənlər – Müsəlmanlar bəzi şeyləri etməli, bəzi əməllərdən çəkinməlidir. Bunun da məcburiyyətlə heç bir əlaqəsi yoxdur. İnsana və cəmiyyətə açıq-aşkar zərərli olan içkinin İslam dini tərəfindən qadağan olunması, yaxud da bəzi heyvanların yeyilməsinin yasaqlanması dini qadağaların insanların xeyrinə olmasına ən bariz nümunədir. İslam dini cismə, mənəviyyata və cəmiyyətə, nəhayət, axirətə faydalı olan bu əmr və qadağalara riayətin əvəzində üstəlik cənnəti də vəd edir. Bu mükafat insanları cani-dildən çalışmağa həvəsləndirir. Demək ki, bunu məcburiyyət kimi qəbul etmək haqsızlıqdır.

İndi də Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyatına baxaq. Məkkədə təxminən on üç il aşkar-gizli xalqı Allaha inanmağa və İslamın yüksək anlayışına dəvət etdi. Daha sonra dəvətini Məkkədən kənarda – Taif və Mədinədə davam etdirdi. Onun bu dəvət və təbliğ səsinə birinci Mədinədən cavab gəldi, daha doğrusu, birinci olaraq Mədinə camaatı toplu şəkildə İslamla şərəfləndi, İslamiyyəti qəbul etdi. Və çox qısa zaman kəsiyində İslamiyyətin ilk paytaxtı və İslam mədəniyyətinin beşiyi sayılan Mədinədə, demək olar, hər ev İslamın çırağı ilə işıqlandı… O günə qədər İslamın nurunun yayılmasında nə bir məcburiyyətə, nə bir təzyiqə, nə də silaha əl atıldı. Hər kəs din­lədi, araşdırdı, düşündü və nurlu yolu öz iradəsi ilə seçdi.

Tətbiq üsullarında olduğu kimi, dinin ruhunda da məcburiyyət yoxdur. Çətin görünən şeylər, əslində, maddi və mənəvi rahatlığa aparan yollardır. Məsələn, səfər müddətində dörd rükətlik namazın iki rükət qılınması, ibadət etmək üçün su olmayanda təyəmmüm edilməsi və s. Hətta insanın unudaraq etdiyi xətalar bağışlanır. Allah Rəsulu ramazanda unudaraq yemək yeyildiyi­ halda orucun pozulmadığını bildirmiş, hətta yaşlı bir adamın oruclu olduğunu yaddan çıxarıb yediyini görəndə xatırlatmağı məsləhət görməmiş, bunun (unutmağın) Allahın mərhəməti olduğunu bəyan etmişdir.

Peyğəmbərimiz: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin”[1],buyurmuşsa, İslamiyyətdə məcburiyyətdən danışmağa dəyərmi?



[1]. Buxari, Ədəb, 80



Açar sözləri

dindəki qadağalar

Şərh yaz