4. 511 dəfə oxunub ,   0 şərh   Çap et

Cənnəti qazanmaq dünyada əldə edilən hər şeydən önəmlidir. Xalq dili ilə söyləsək, ölüm-dirim məsələsidir. Onun üçün də həm Quran ayələrində, həm də hədisi-şəriflərdə cənnəti qazanma yolları ətraflı şəkildə göstərilir.
Əsas mətləbə keçməmişdən əvvəl iki cəhəti (məsələni) vurğulamaq faydalı olar. Birincisi, bir mömin üçün cənnəti qazanmaq çox önəmli də olsa, əsl hədəf deyil. Əsl hədəf Allah rizasıdır. Şüurlu bir müsəlman bütün ibadətlərində, gördüyü xeyirxah işlərdə, etdiyi yaxşılıqlarda ancaq Allahın razılığını qayə bilir. İkincisi də etdiyimiz ibadətlər Rəbbimizin bizə verdiyi nemətlərin müqabilində bir şükürdür. Peyğəmbərimizin bir hədisində buyurduğu kimi, heç kim əməli ilə cənnəti qazana bilməz.

Bununla yanaşı, bir qul kimi bizim öhdəmizə düşən iş Rəbbi­mizin və Peyğəmbərimizin göstərdiyi istiqamətdə cənnətə aparan yolda yürüməkdir. Bu məqamda bir başlanğıc olsun deyə cənnət yolunun “bələdçiləri” olan bəzi ayə və hədislərin məalı ilə mövzunu davam etdirək:

“Onların içində düzgün (sabitqədəm) bir camaat vardır ki, gecələr Allahın ayələrini oxuyub səcdə edirlər. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyir işlər görməkdə yarışırlar. Onlar əməlisalehlərdəndirlər”. (“Ali-İmran” surəsi, 113-114)

    “O kəslər ki namazı layiqincə (doğru-düzgün, tədili-ərkana riayət edərək) qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar Allah tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da məhz onlardır!” (“Loğman” surəsi, 4-5)

“Sizə verilən hər şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəs­lər üçün ki iman gətirib Allaha təvəkkül edərlər; o kəslər üçün ki böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman qəzəbini udub (onun qüsurunu) bağışlayarlar; o kəslər üçün ki Rəbbinin dəvətini qəbul edib namazı layiqincə qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Və o kəslər üçün ki onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər)”. (“Şura” surəsi, 36-39)

“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! O kəslər ki lüzumsuz şeylərdən üz döndərərlər; o kəslər ki zəkat verərlər; o kəslər ki iffətlərini qoruyurlar…  O möminlər ki əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!” (”Muminun” surəsi, 1-11)

“Muminun” surəsindəki bu ayələrdə cənnətlik mömin­lərin­ başlıca xüsusiyyətləri müfəssəl şəkildə bəyan edilmişdir. Həqi­qətən də, Peyğəmbərimiz: “Mənə on ayə vəhy edildi ki, kim onları yerinə yetirərsə, mütləq cənnətə gedər”, – deyə buyurmuş, sonra da “Möminin” surəsinin bu ilk ayələrini oxumuşdur. (Tirmizi, Təfsirül-Quran: 24)

Yenə “Furqan” surəsinin altmış yeddinci ayəsindən yetmiş altıncı ayəsinədək Allahın razılığını qazanan və cənnətə dəvət edilən pak qulların vəsfləri (cəhətləri) bəyan edilir və insanı cənnətə aparan hallar, davranış və əməllər aydın şəkildə göstərilir:

“Rəhmanın o xas qulları (mallarını) xərclədikdə nə israfçılıq,­ nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Kim bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Kim tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər. O kəslər ki yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz), o kəslər ki Rəbbinin ayələri oxunduğu vaxt onlara qarşı kar və kor olmaz (əksinə, onlara canı dildən qulaq asar): “Ey Rəbbimiz, bizə təmiz həyat yoldaşı və nəsillər nəsib eylə və bizi müttəqilərə imam (rəhbər) et!”– deyərlər. Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. O nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!”

Yuxarıda məalını verdiyimiz ayələrdən də göründüyü kimi, Rəbbimiz sonsuz nemətlərənin əvəzində bizdən elə çox şey istəmir. Hələ üstəlik bizə gücümüz çatmayan məsuliyyəti əsla yükləməyir. Həmçinin Haqq-Təalanın qoyduğu hədlər, müəy­yənləşdirdiyi ölçülər, əmr və qadağalar dünya həyatında da bizim üçün hüzur və xoşbəxtlik mənbəyidir.  Sanki, Rəbbimiz belə buyurur: “Sizi yoxdan var etdim və varlıqlar içində ən şərəfli yaratdım. Sizə ağıl, şüur, iradə, vicdan, sağlamlıq başda olmaqla say­sız-hesabsız nemətlər bəxş etdim. Bunların hamısı sizin olsun. Bütün bunların əvəzində sizdən bircə şey istəyirəm: o da bu nemətləri verən Rəbbi tanımaq, Ona şükür etməkdir. Öz yaxşılığınız üçün Mənə və Rəsuluma itaət edin. Qoyduğum hədlər çərçivəsindən kənara çıxmayın və həddi aşmayın. Xəta edəndə və həddi aşanda da dərhal tövbə ilə Mənə yönəlib əfv və bağışlanma diləyin. Beləcə dünyada həqiqi hüzur və xoşbəxtliyi əldə edəcəksiniz. Üstəlik, qısa dünya həyatında dişinizi dişinizə sıxıb səbir edərək Mənə və Rəsuluma itaət etdiyinizə görə  sizə əlavə olaraq cənnəti vəd edirəm. Ancaq bu qədər nemətə baxmayaraq, Mənə üsyan etsəniz və Şanlı Nəbimi tanımasanız, başqa bir alternativ var, o da cəhənnəmdir. Seçim sizindir”.

Bəli, seçim bizimdir; ya əbədi xoşbəxtlik və Haqqın razılığı, ya da sonsuz cəhənnəm və əzab.

Rəbbimiz bizə daim doğrunu seçdirsin. Üç günlük dünya üçün aldanıb əbədi səadətini itirən bədbəxt qullarından etməsin. İmanın ləzzətini bilməyən, Allahdan, Peyğəmbərdən, İslamdan xəbərsiz yaşayan zavallı qullarına da hidayət versin. Bizləri də hidayətə çatdırdıqdan sonra bir daha zəlalətə salmasın,düz yoldan çıxarmasın. Son nəfəsimizədək ayaqlarımızı gözəl dinimizdə sabit etsin.



Açar sözləri

cənnət mömin

Bənzər məqalələr

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?

Təbliğçinin iki əsas xüsusiyyəti

Yasin surəsinin 21-ci ayəsindəki təbliğ ilə əlaqəli xüsusları necə anlamalıyıq?

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.


Şərh yaz