15. 229 dəfə oxunub ,   0 şərh   Çap et

Cənazə namazının hökmü

Cənazə namazı fərzi-kifayədir. Qadın və ya kişi – sadəcə bircə nəfərin bu namazı qılması ilə fərz yerinə yetirilmiş olur. İbadət və dua niyyəti ilə qılınan bu namazın bəzi məqamları ilə bağlı ictihad və anlayış fərqləri vardır. Digər namazları pozan hallar buna da aiddir, namaz qılınması məkruh olan üç vaxt istisna hər zaman qılına bilər.[1]

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir. Digər namazlardakı şərtlərə (dəstəmazlı olmaq, danışmamaq və s.) də riayət edilir.

Kimlərin cənazə namazı qılınar?

Namazı qılınan mərhum müsəlman olmalı, yuyulub kəfənlənməli, camaatın qarşısında olmalı, bədəninin hamısı və ya yarıdan çoxu, yaxud da başı ilə birlikdə ən azı yarısı olmalıdır.

Diri doğulub sonra ölən uşaq yuyulmalı və namazı qılınmalıdır.

Cənazə namazının qılınmasında məqsəd ölənin qüsurlarının bağışlanmasını Allahdan diləmək, son vəzifəni yerinə yetirməkdir.[2]

Cənazə namazı necə qılınır?

Cənazə yuyulub və kəfənlənib namaz qılınacaq yerə gətirilir, camaatın önünə, müsəllaya qoyulur. İmam (namaz qıldıran) ölünün sinəsinə sarı durur, camaat ayaq üstə və qibləyə doğru, imamın arxasında dayanır. Niyyət ediləndə (imam ilə birlikdə namaz qılmağa deyə niyyət edilir) cənazənin cinsi (kişi, qadın və uşaq) deyilir. Bilməyənlər isə “imamın qılacağı namaza” deyə niyyət edir. Niyyətdən sonra imam ucadan, camaat isə ürəyində ilk təkbiri gətirir. Hamı səssizcə “subhanəkə”ni “va cəllə sənəuk”la birlikdə oxuyur. Şafei məzhəbində ilk təkbirdən sonra “Fatiha” surəsi də oxunur. Sonra əllər qaldırılmadan (Şafei məzhəbində isə təkbir gətiriləndə əllər qaldırılır) imam səsli, camaat isə ürəyində ikinci təkbiri gətirir. Hamı səssizcə “salli-barik” duası oxuyur. Sonra əllər qaldırılmadan üçüncü təkbir gətirilir və canazə namazı duası oxuyurlar. Hz. Peyğəmbərin (s.ə.s) etdiyi dualardan seçilən aşağıdakı duanı etmək daha gözəldir.

Cənazə namazı duası

أللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا وَغاَئِبِنَا وَذَكَرِنَا وَأُنْثَانَا وَصَغيِرِنَا وَكَبيِرِنَا. أللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الْإسْلَامِ وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الْإيِمَانِ وَخُصَّ (هَذِهِ) هَذَا الْمَيِّتَ بِالرَّوْحِ وَالرَّاحَةِ وَالْمَغْفِرَةِ وَالرِّضْوَانِ. أللَّهُمَّ إنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي إحْسَانِهِ وَإنْ كَانَ مُسِيئًا فَتَجَاوَزْ عَنْهُ وَلَقِّهِ الْأمْنَ وَالْبُشْرَى وَالْكَرَامَةَ وَالزُّلْفَى بِرَحْمَتِكَ يَا أرْحَمَ الرَّاحِمِينَ

Mənası: Allahım! Dirimizi, ölümüzü, burada olanımızı, olmayanımızı, kişimizi, qadınımızı, balacamızı, böyüyümüzü bağışla. Allahım! Yaşatdıqlarını İslam inancında yaşat, öldürəcəklərini imanlı olaraq öldür. Bu ölüyə də yüngüllük və rahatlıq ver, onu bağışla. Allahım! Bu şəxs yaxşı bir kimsə idisə sən onun yaxşılığını artır; əgər günahkarlardansırsa onu bağışla. Allahım! Ona rəhmətinlə rahatlıq, müjdə ver və dərgahına yaxınlıq nəsib et, ey mərhəmətlilərin ən mərhəmətlisi![3]
Əgər cənazə qadındırsa “və xussə”dən sonrakı əvəzliklər (zamirlər) qadın cinsində oxunur. “Həzihil meyyitə in kənət muhsinətən fəzid fi ihsənihə və in kənət musiətən fətcəvəz an səyyiətihə və ləqqihəl-əmnə…” kimi.
Bu duanı bilməyən “qunut” dualarını,”Rabbənə atinə…” ayəsini oxuya bilər. Belə də dua etmək olar; “Allahumməğfir li və ləhu vəlil mumininə vəl-muminət” (Allahım! Məni, bu ölünü və bütün möminləri bağışla.).

Ağıl xəstəsi və kiçik uşaqlar üçün istiğfar edilməz. Çünki onların günahı yoxdur. Onlar üçün, cənazə duasının “fə təvəffəhu aləl imən” dən sonrakı yerinə, bu dua əlavə edilir; “Allahummə-calhu lənə fəratən, Allahummə-calhu lənə əcran və züxran, Allahummə-calhu lənə şafiən muşəffəan” (mənası: Allahım! Sən onu bizim üçün əvvəldən göndərilmiş bir səvab vəsiləsi et. Allahım onu bizim üçün axirət sərmayəsi et. Allahım! Onu bizə axirətdə sözü keçən bir şəfaətci et.)

Bundan sonra əllər qaldırılmadan dördüncü təkbir gətirilir və heç nə oxunmadan sağa, sonra sola salam verilir. Beləcə namaz tamamlanır.

Bir neçə cənazə varsa hamısına ayrı-ayrı namaz qılınması daha yaxşıdır. İlk gətirilən cənazənin namazı birinci qılınır. Hamısı birlikdə gətirilmiş isə xalq nəzərində daha fəzilətli olanın namazı əvvəlcə qılınır. Hamısına birlikdə bir namaz qılmaq da kifayət edər. Bu təqdirdə cənazələr sıra ilə düzülür və imam bunlardan birinin sinəsi qarşısında duraraq namaz qıldırır. Yaxud cənazələr tək sıra halında qibləyə tərəf düzülərək uzunlamasına da qoyula bilər.

Sağ doğulub ölən uşağın adı qoyular, yuyulub kəfənlənər və namazı qılınar. Ölü doğan uşağın da adı qoyular, yuyulub bir bezlə sarılar və cənazə namazı qılınmadan dəfn edilər. Ölən hamilə qadının qarınındakı uşaq hərəkət etsə qadının qarını yarılaraq uşaq alınar.

Anasını və ya atasını qəsdən öldürənlərin, terroristlərin, qarşıdurma əsnasında öldürülən quldur və yolkəsənlərin cənazə namazları qılınmaz.

Şəri bir cəzanın tətbiq olunması nəticəsində ölənlərin cənazələri yuyular və namazları qılınar.

İrtidad edərək dindən çıxanın cənazə namazı qılınmaz və müsəlman qəbiristanlığına da basdırılmaz.

İntihar edənin namazı qılınar.

Cənazə namazı qılınma şəkli

Cənazə namazı qılmaq üçün qüsllü və dəstəmazlı olmaq şərtdir.

Nmaza durarkən imkan nisbətində ayaqqabılar çıxarılaraq canamaz, xalça, palaz üzərində durulur. Ancaq şərtlər əlverişsiz olduqda ayaqqabı ilə qılmaq olar, yetər ki, üzərində gözlə görülür nəcasət olmasın.

İmam olacaq şəxs biraz öndə dayanar. Camaat da arxa tərəfdə cərgə(lər) şəklində dayanar. Cərgələr arasında çox məsafə olması şərt deyildir, çünki cənazə namazında rükü və səcdə yoxdur.
Niyyət bu şəkildə edilir: Allah üçün namaza, Peyğəmbər üçün salavata və hazır olan cənazə üçün duaya. İmam isə “camaata imam olaraq” deyər. Camaat isə “uydum hazır olan imama” deyər.

Niyyət gətrildikdən sonra əllər normal namada olduğu kimi “Allahu əkbər” deyilərək qaldırılır və göbək altında bağlanılır. Subanəkə duası oxunur. Ancaq “Təalə caddukə” dedikdən sonra “Cəllə sənaukə” əlavə olaraq oxunur. Sonra əllər qaldırımadan ikinci təkbir alınır. Bu dəfə isə Allahumma salli və Allahumma barik duaları oxunur. Daha sonra Allahu əkbər deyərək əllər qaldırılmadan təkbir gətrilir. Bu təkbirdən sonra bilənlər  yuxarıda qeyd olunan cənazə namazı duasını oxuyar, bilməyənlər Rəbbənə atinə, Rəbbənəğfirli dualarını, onu da bilməyən Allahummağfir ləhu deyər. Bunu da deyə bilməyən səssizcə gözləyər.

Ən son bir dəfə daha əllər qaldırılmadan təkbir gərilir və sağa-sola salam verilərək namazdan çıxılır. Salam verdikdən sonra ölü üçün dua edilir, daha sonra da halallıq istənilir.

Cənazə namazında neçə nəfər olmalıdır?

Cənazə namazında izdihamlı bir camaatın olması şərt deyildir. Yalnız bir kişinin və ya bir qadının bu namazı qılması ilə fərz yerinə yetirilmiş olar. Sadəcə qadınlardan ibarət camaat qılsa, bu da kifayət edər. Cənazədə fərzi-kifayəyə qadınlar da daxil olduğu üçün, onların da kişilər kimi camaata qatılma haqları var. Necə ki, Hz. Osman, İbn Ömər və Əbu Hüreyrənin Mədinədə cənazə namazlarını kişi və qadın camaatları ilə qıldıqları nəql edilmişdir.[4] Belə bir vəziyyətdə, arada bir boşluq buraxılaraq qadınların sağ və ya sol tərəfdə yer alması caizdir. Necə ki, Kəbeyi-Müəzzəmədə qılınan namazlarda, qadınlar ayrı qruplar halında, kişilərin önündə və yan tərəflərində, arada bir boşluq buraxılaraq camaatla namazlarını qılmaqdadırlar.

Cənazə namazında camaatın sayı nə qədər çox olarsa, savabı da çox olar. Hz. Aişə Rəsulullahın (s.ə.s) belə dediyini nəql etmişdir: “Bir cənazənin namazını yüz müsəlman qılaraq hamısı ona şəfaət diləyərsə, özlərinə o kimsə haqqında şəfaət izni verilər.”[5]

İbni Abbas (r.a) Rəsulullahın belə buyurduğunu bildirir: “Bir müsəlman öldüyü zaman, cənazəsində Allaha heç bir şeyi şərik qoşmayan qırx nəfər olarsa, Allah onlara həmin kəs haqqında şəfaət icazəsi verər.”[6]

Cənazə namazının vaxtı

Hənəfi və Şafei məzhəbinə görə cənazə nə vaxt hazır olarsa, namazı da o vaxt qılınır. Bəzi alimlərin fikrincə, kərahət (Namaz qılınması məkruh olan vaxtlar) vaxtlarında qılınması məkruhdur. Hazırlanmış cənazənin namazını  gözlətmədən qılıb dəfn etmək daha uyğundur.

Bununla yanaşı, daha çox camaatın iştirak etməsinə, xüsusən, qohum-əqrəba, dost-tanış və qonum-qonşu kimi haqqı olan insanların xəbər tutub gəlməsinə şərait hazırlamaq üçün cənazə namazının vaxt namazlarından sonra qılınması ənənəyə çevrilmişdir.

[1]İbn Macə, No 1233; Müslim, 1/568 No 831.
[2]Şevkani, “Neylül-Əvtar” IV, 66-67
[3]Əbu Davud, Cənaiz, 54, 56; Nəsai, 38, 77; İbni Macə, Cənaiz, 23.
[4]Malik, Muvatta, Cənaiz, 24.
[5]Müslim, Cənaiz, 59.
[6]Müslim, Cənaiz, 52.

 

 

 




Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz