Aylıq namaz vaxtları
4. 320 dəfə oxunub ,   0 şərh   Çap et

Təkbaşına hərəkət etmək İslam dinində məqbul davranış sayılmır. Dinimizin insanlara aşıladığı əsas əxlaqi fəzilətlərdən biri də “başqaları üçün yaşamaq, başqasının ehtiyaclarını özündən üstün tutmaq”dır. Buna “isar” deyilir. Bu fəziləti möminə aşılayan başlıca ibadətlərdən biri də namazdır.

Gündə beş dəfə çiyin-çiyinə dayanıb eyni qibləyə yönələn insanlar dinin gözəlliklərini bölüşməklə yanaşı, çətinliklərə birgə sinə gərməyi də öyrənirlər. Belə bir camaatın bir nəfərini 1 rəqəmi kimi təsəvvür etsək, yan-yana gələn iki 1 birgə hərəkət etməyin bərəkəti ilə 11-ə çevrilir. Bunlara daha bir nəfər qoşulanda bu say 111 olur. Yəni 3 nəfər birlikdə hərəkət edərsə, 111 nəfərə bərabər olar.

Bir nəfərin gücü ilə 11 nəfərin gücü-qüvvəsi arasında ən azı on qat fərq var. Bu səbəbdəndir ki, tək-tək ağaclardan meydana gələn meşələr yağış buludlarını özlərinə cəlb edir. Gündə beş dəfə çiyin-çiyinə dayanıb şeytanın aralarına girməsinə imkan verməyən möminlər də bir-birinə pərçimlənmiş kərpiclər kimi İslam binasını inşa edirlər.

Allahın hüzurunda toplu döyünən ürəkləri toplar belə sarsıda bilməz, şeytan onların arasına ayrılıq toxumları səpə bilməz. Camaat namazı möminlərin məfkurə birliyinə yiyələnməsinə, bir-biriləri ilə dərdlərini bölüşməsinə, bir-birinin sevincinə sevinməsinə səbəb olur. Möminlər maddi və mənəvi baxımdan kollektiv şüurla hərəkət edirlər. Bu birlik ruhu da onlara feyz və bərəkət gətirir. İnşallah, bu birlik və bərabərliyin feyzini axirətdə də görəcəklər.

Məscidlər möminlərin evi kimidir. Möminlərlə ucalacaq vicdan mədəniyyətinin çəyirdəkləri bu mübarək məkanların köksündə yatır. Bir məscidin qoynunda nə qədər şüurlu müsəlman varsa, – yaxşılıqlar, gözəlliklər və saleh əməllər o qədər vəsilə olacaq..

Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar Cənnəti və bütün diləklərinə çatmağı arzulaya bilərlər![1]– ayəsində də buyurulduğu kimi məscidlər möminlərin Allahın razılığını qazanmaq niyyəti ilə əl-ələ verdikləri məkanlardır. Bəsirətli və fərasətli möminlər bu mübarək məkanlarda əl-ələ verərək o yerlərə sevinc gətirir, abad etdikləri məscidlərin və oralarda gördükləri bütün xeyirli işlərin savabını yalnız Allahdan gözləyib dünya və axirətdə arzularına çatırlar.

Qiyamət günü Allah-Təala 7 zümrəni ərşin kölgəsinə daxil edəcəkdir ki, onlardan biri də məscidlərə qəlbən bağlı olan möminlərdir[2]. Allah-Təala gecənin qaranlığında məscidə gedənlərə qiyamət günü par-par parıldayan nur ehsan edəcəkdir[3]. Məscidlərə könül vermiş bəndələr axirətin qızmar istisində məxsusi müamilə (rəftar) görəcək və o günün şərindən qorunacaqlar. Allah-Təala məscid aşiqlərini o çətin gündə tək qoymayacaq və onları əziz qonaqları kimi qarşılayacaq.

Azanı eşidəcək qədər məscidin yaxınlığında yaşayan, ancaq üzrlü səbəb olmadan namazlarını məsciddə qılmayanlar namazın mənasını həqiqətən dərk edə bilməyənlərdir. Belələri namazın əsil feyz və bərəkətindən məhrum olurlar[4].

Məscidə namazın vaxtından əvvəl gəlib namazı gözləyənlər dəstəmazları pozulmadığı müddətcə namaz qılmış kimi əcr və mükafat qazanırlar[5]. Səid ibn Müsəyyəb düz otuz il bu savabdan məhrum olmamaq üçün hər vaxtın azanını məsciddə dinləmişdir[6]. Eyni zamanda o, qırx il boyunca camaat namazını tərk etməmiş və iyirmi il ərzində heç vaxt ikinci səfdə namaz qılmamışdı. Çünki ya imam olmuş, ya da ilk səfdə dayanmışdı[7].

İmam Buxari və İmam Müslimin müəllimlərindən olan Abdullah əl-Qarariri (radiyallahu anh) başına gələn bir əhvalatı nəql edir:

“Mən camaat namazını heç vaxt buraxmazdım. Camaatla namaz qılmaq üçün bütün işlərimi təxirə salırdım. Uşaqlığımdan bəri camaatla namaz qılmağa davam edirdim. Bir gün bir neçə dostum qonaq gəldi. Onlar üçün əlimdən gələni elədim. Bilmirəm, necə oldusa, başım onlara qarışdı, məscidə gedib işa namazını camaatla qıla bilmədim. Qonaqlarımı yola salandan sonra Bəsrədə nə qədər məscid varsa, hamısını bir-bir gəzdim. Dedim, bəlkə, hansısa məsciddə namaz qılınmamış olar. Amma hədər imiş. Namaz qılınmışdı. Bütün məscidlərin qapısı bağlı idi. Evə qayıtmalı oldum. Evə gələndə Peyğəmbərimizin: “Camaatla qılınan namazın savabı təklikdə qılınan namazdan iyirmi yeddi dəfə çoxdur” hədisi yadıma düşdü. O gün işa namazını düz iyirmi yeddi dəfə qıldım. Sonra yatdım. Yuxuda yarışan atlıları gördüm. Mən də yarışanlar arasında idim. Atımı nə qədər mahmızlasam da, qaçmırdı. Atını dördnala çapanlardan biri üzünü mənə tutub dedi:

– Atını nahaq yerə yorma, onsuz da bizə çata bilməzsən.

– Nə üçün? – deyə soruşdum.

– Biz işa namazını camaatla qılanlardanıq. Sən isə tək qıldın, – dedi.

Yuxudan oyandım. Çox üzgün idim. Yuxu hər dəfə yadıma düşəndə çox kədərlənirəm”[8].

Səhabələr camaatla namazın nə qədər önəmli olduğunu bu sözlərlə ifadə edirlər: “Biz camaat namazına gəlməyənlərin ancaq nifaqı məlum münafiqlər olduğunu bilirik. Hətta xəstə olan adam iki nəfərin köməyi ilə namaza – ilk səfə gələrdi”[9].

Camaatla namaz qılmağın əhəmiyyəti ilə bağlı aşağıdakı xüsusları qeyd etmək yerinə düşər:

1. Camaatla namaz qılmaq Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və əshabının yolu ilə getməkdir ki, bu da möminləri onlar kimi birlik və bərabərliyə sövq edir. Onların yolu ilə addımlamaq arzu və istəyini artırır. İmam namaz qıldırdığına görə Peyğəmbərimizin məqamını, arxasında namaza duran camaat isə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) arxasında dayanan səhabələri xatırladır.

2. Camaatla qılınan namaz Allahın (c.c.) uca adını cahanın hər yerinə hayqırmaq üçün canla-başla səy göstərən insanları xatırlatmaqla yanaşı, insanların bir-biri ilə tanış olmasına, kasıb insanlara yardım əli uzadılmasına, xəstələrin ziyarət edilməsinə də vəsilə olur.

3. Namazların camaatla qılınması möminləri qiraətlərini yaxşılaşdırmağa və daha gözəl Quran oxumağa həvəsləndirir.

4 Camaatla qılınan namazlarda bazar-dükanda, evdə, iş yerində bəzən tərk edilən sünnət namazlar da əda edilir.

5. Camaatla qılınan namazlar insanlar arasında sevgi və ülfət bağlarının meydana gəlməsinə vəsilə olur.

6. Möminlər ilk cərgədə durmaqla,[10] səfləri düzgün tutmaq və səflər arasındakı boşluqları doldurmaqla[11], namaz qılmaq üçün evdən çıxıb məscidə getməklə[12] savab qazanırlar. Bunun da səbəbkarı əsasən namazları camaatla qılmaq istəyidir. Allah məscidlərə ürəkdən bağlı olan möminləri qiyamət günü öz kölgəsi ilə hifz edəcək[13]. Bu nemət də camaat namazında iştirak etməklə əldə edilir.

7. İşa və sübh namazlarını camaatla qılan mömin “gecənin yarısını və ya bütününü əhya etmiş, ibadətlə keçirmiş” olur[14]. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sübh namazını camaatla qılan bir möminin Allahın (c.c.) hifz və himayəsinə daxil olduğunu bildirir[15]. İnsanı Cəhənnəmdən qoruyan və münafiq olmaqdan qurtaran namaz da qırx gün müddətincə ilk təkbiri qaçırmadan camaatla qılınan namazdır[16].

8. Məscidə erkən gəlmək çoxlu savab qazandırır[17]. Məsciddə namazı gözləyən insan namaz qılırmış kimi savab qazanır,[18] səccadəsi üzərində oturduğu müddətcə mələklər ona dua edir,[19] namazı gözləyən sərhəddə keşik çəkən əsgərlə eyni savabı qazanır və günahları silinib dərəcələri yüksəldilir[20]. Bunlarla yanaşı, iməkləyərək və ya püşk ataraq da olsa, namazın ilk səfində dayanmağın dəyərini və önəmini ərz edən hədis,[21] azanla iqamə arasında edilən duanın cavabsız qalmaması,[22] möminləri səkinə[23] və təmkinlə – bu da ancaq məscidə vaxtında gəlməklə mümkün olur – məscidə girməyə təşviq edən hədis[24] kimi müjdə dolu xüsusları da sadalamaq olar.

[1]“Tövbə” surəsi, 9/18.

[2]Bax.: Buxari, “Zəkat”, 16, “Riqaq”, 24; “Hüdud”, 19; Müslim, “Zəkat”, 91.

[3]Bax.: Təbərani, “Mücəmül-əvsat”, I, 257; “Mücəmül-kəbir”, V, 86; Küzai, “Müsnədüş-şihab”, I, 440 (754)

[4]Bax.: Əbdürrəzzaq, “Müsənnəf”, I, 497; İbn Əbi Şeybə, “Müsənnəf”, I, 345.

[5]Bax.: Buxari, “Vüdu”, 34.

[6]Əbu Nuaym, “Hilyətül-övliya”, II, 162

[7]Bax.: Əbdülhəlim Mahmud, “İmamüt-tabein”, s. 46 (“Darül-Maarif”, Qahirə, 1996)

[8]Mizzi, “Təhzibül-kamal”, XIX, 134. Oxşar hadisələr üçün bax.: Əbu Nuaym, “Hilyətül-övliya”, VI, 184-185.

[9]Müslim, “Məsacid”, 256.

[10]Bax: İbn Macə, “İqamətüs-salət”, 51.

[11]Bax.: İbn Macə, “İqamətüs-salət”, 50.

[12]Bax.: Buxari, “Camaat”, 9.

[13]Bax.: Buxari, “Zəkat”, 15.

[14]Bax.: Müslim, “Məsacid”, 260.

[15]Mübarəkfuri, “Töhfətül-əhvəzi”, 6.

[16]Bax.: Tirmizi, “Salət”, 178.

[17] Bu hal hədislərdə “intizarüs-salət” şəklində keçir. Məsələn, bax.: Müslim, “Təharət”, 14.

[18]Müslim, “Məsacid”, 275

[19]Buxari, “Məsacid”, 28

[20]Müslim, “Təharət”, 14

[21]Buxari, “Azan”, 9, “Camaat”, 4.

[22]Əbu Davud, “Salət”, 35.

[23]Səkinə – mənəvi rahatlıq, hüzur, sakitlik

[24]Buxari, “Azan”, 20.



Açar sözləri

camaat namaz

Bənzər məqalələr

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Nə üçün zikr etməliyik?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.


Şərh yaz

*