- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Bürclərə inanmaq

Sual: Bürclərə inanmaq olarmı?

Cavab: Bürc kəlməsi ərəb dilində “ulduz” deməkdir. Bürc sözünə eyni zamanda Qurani-Kərimdə də rast gəlirik. Belə ki, Quranın 85-ci surəsinin ilk ayəsi belədir: “And olsun o bürclərlə dolu göyə”.

Bürc astronomik olaraq, göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Qədimdə insanlar ulduz topasını bürc adlandırmışlar. Bürclərin adlandırılması səmadakı ulduzların insanlar tərəfindən xəyali xətlərlə birləşdirilməsindən ortaya çıxıb. Bürclərin hərəsinə ayrı-ayrılıqda nəzər salanda heç də həmin xəyali fiqurun alınmadığını görürük. Elm və texnologiya inkişaf elədikcə ulduzlar daha yaxından öyrənilmiş bir çox təsəvvürlərin doğru olmadığı ortaya çıxmışdır. Bəzi bürcləri əmələ gətirən ulduzlar içərisində dünyadan minlərlə işıq ili uzaqlıqda olanlar var. Məsələn, dolça bürcünün ən parlaq iki ulduzu 1359 və 2174 işıq ili uzaqlıqda yerləşir.

Bürclər doğum günü günəşin dünyaya görə keçməkdə olduğu ulduz qrupuna əsasən təyin olunur. Məsələn, Noyabr ayı hər il Əqrəb bürcündə olur və bu günlərdə dünyaya gələnlər həmin bürcdən sayılır. Yəni bir mənada bu günlərdə dünyaya gələnlərə həmin bürcün təsirinin olduğu qəbul edilir. Halbuki, günəş həmin bürcdə olarkən, o bürc dünyaya ən uzaq məsafədə olur.

Bundan əlavə yerdən baxanda bir-birinə çox yaxın görünən ulduzlar arasında minlərlə işıq ili məsafə olduğu da sübuta yetirilmişdir. Məsələn, əqrəb bürcündə bir-birinə çox yaxın görünən Alfa və Siqma ulduzları arasında minimum 1277 işıq ili məsafə var.  Halbuki, insanlar min illərdir bu ulduzları qonşu hesab edirdilər.

Yenə ən böyük xətalardan biri keçmişdə yaşayan şəxsiyyətlərin bürclərinin hesablanması zamanı baş verir. Dünyanın iyirmi altı min ildə bir tamamlanan dönmə hərəkəti var ki, bu da hər 2300 ildə bir dəfə bürclərin bir pillə irləliləməsinə səbəb olur. Məsələn, 1 yanvar 2015-ci ildə dünyaya gələn uşaq oğlaq, ancaq e.ə. 1 yanvar 300-cü ildə doğulan uşaq isə dolça bürcündəndir.

Tarixi mənbələrdə “sivilizasiyaların beşiyi” adlandırılan Mesopotomiyada yaşayan şumerlər də bir çox ilahlara inanırdılar. Bürclərə inamın formalaşmasında ta o dövrdən qalan inancların da təsiri olmuşdur.

Bürclər astrologiya elminə aiddir. Əvvəllər astrologiya ilə astronomiya qarışdırılırdı. Astrologiya göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial münasibətləri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və inancların bütünlükdə adıdır. Astrologiya şərqdə “elmi-nücum”, “ulduz falı” və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.

Dinimizə görə, ulduzların səmadakı müxtəlif düzülüşünün insanın qədəri ilə heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsini, taleyini müəyyən etmək iqtidarında deyil. Bizi və digər varlıqları yaradan Allahdır.

Belə ki, üzümüzü səmaya tutub uzaqdan-uzağa göz vurub təbəssüm edən ulduzlarla bəzədilmiş göy üzünə baxanda planetimizdən, bəlkə də, min dəfə böyük, yer üzündəki qum dənələrindən çox olan göy cisimlərini zərrəcə nöqsansız hərəkət etdirən, öz orbitləri ətrafında ahənglə döndərən Allahın qüdrətini müşahidə edirik. Bu prizmadan nəzər yetirəndə elektronikadan kosmologiyaya, atom fizikasından radiologiyaya qədər hər şeyə hökm edən Allah-Təalanı görür, ulduzların, günəşlərin, qalaktikaların, kosmik buludların, hətta ən kiçik meteoritlərin öz dilləri ilə: “Allah vardır. Bizi fəza boşluğunda saxlayıb bir-birimizlə toqquşmadan gəzdirən, ahənglə dolaşdıran Odur” − dediklərini eşidirik. Kainata baxanda atomdan kiçik hissəcikdən tutmuş planetlərə qədər hər şeyin Allahın əmrini dinlədiyini, Onun əmrlərinə müntəzir olduğunu, zərrə və cisimlərin o böyük Yaradanın əmri ilə hərəkət etdiyini görür, Uca Allahın hər şeyə istədiyi nizamı verdiyini müşahidə edirik.

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.” (Nisa, 4/126).

Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar...” (Ənam, 6/73).

Allah insanı da ən mükəmməl şəkildə yaratmışdır. Qədər planında xarakterlərdə  müəyyən eyniliyin olması mümkündür. Və ya müəyyən fəsildə doğulanların xarakterində oxşarlıqların olması da təbiidir. Amma bu mütləq, elm və din tərəfindən qəbul olunan bir qayda deyil.  Həmin oxşarlıqları tamamilə bürclərə aid eləmək və bürclərdən olduğuna inanmaq Allahın qüdrətindən şübhə etmək demək, qədərə “daş atmaq” deməkdir və bu şirk sayılır.

Nəticə etibarı ilə deyə bilərik ki, həyatımıza Allahdan başqa heç bir varlığın təsirindən söhbət gedə bilməz. Qeybi Allahdan başqa bilən olmadığı kimi, onun bəndələrini yaradarkən bəxş elədiyi xarakter və qabiliyyətləri də ulduzlarla izah eləməyə çalışmaq doğru deyil. Dünyada bir-birinin eyni iki insan yoxdur. Hətta eyni zaman və məkanda eyni anadan dünyaya gələn yumurta əkizlərinin belə özlərinə xas xarakterlər var. Qardaşlıqdan əlavə bu əkizləri bir-birinə bağlayan genetik quruluşları da daxil olmaqla minlərlə səbəb olduğu halda niyə xarakterləri müxtəlifdir? Əgər xarakter və qədərimizə ulduzlar təsir eləsəydi həmin əkizlər eyni xüsusiyyətlərə malik olmalı idilər. Həqiqətdə xarakterimiz və hisslərimiz ruhumuzla əlaqəlidir. Ruhumuz isə ulduzlardan əvvəl yaradılıb. Göyə baxarkən gördüyümüz mükəmməllik isə Yaradıcının güc və qüdrətindən xəbər verir.