19. 696 dəfə oxunub ,   0 şərh   Çap et

Günah sözü farsca kəlmədir və dini normaların pozulması, qəbahət sayılan iş (savabın əksi), cəzalanmalı hərəkət, təqsir, nöqsan, çatışmazlıq mənalarındadır. İlahi əmrləri şüurlu şəkildə inkar etmək və ya görməzlikdən gəlmək günah sayılır. Günah işləyən və ya günahı olan insana da günahkar deyilir. Quranda günah sözü daha çox “zənb, ism, fisq, isyan” kəlmələri ifadə edilmişdir.  

“Kəbair” kəlməsi isə böyük günahlar mənasındadır və dinin qadağan etdiyi, haqqında qəti hökm olan, işləyənin həm bu dünyada, həm də axirətdə cəzalandırılacağı bilinən günahlara deyilir. Bunun xaricində qalan günahlar kiçik günahlar sayılır.

Böyük günahların sayı haqqında müxtəlif fikirlər deyilmişdir. Belə ki, müxtəlif hədislərdə böyük günahların sayı üç, yeddi və on olaraq bildirilmişdir. Bəzi alimlər böyük günahların sayının yetmiş olduğun bildirmişlər. Hətta İbn Hacər əl-Heysəmi bu rəqəmin 467 olduğunu  qeyd etmişdir.

Kiçik günahları şüurlu şəkildə işləyəməyə davam edən, bundan çəkinməyənlərin günahları tədricən böyük günaha çevrilir. Quranda böyük günahlardan uzaq qaldıqda, kiçik günahların bağışlanacağı bildirilir: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.[1]

Allaha iman edib, Ona təvəkkül edənlər böyük günah və həyasızlıqdan çəkinərlər.”[2] Ayələrdə, axirətdə-haqq-hesab günündə insanlara veriləcək əməl dəftərinin necəliyindən asılı olmayaraq bütün günahların ortaya töküləcəyi də xəbər verilmişdir.[3]

Hədislərdə bildirilən əsas böyük günahlar bunlardır: “Allaha şərik qoşmaq, adam öldürmək, ana ataya üsyan etmək, yetim malı yemək, faiz, iffətli qadınlara böhtan atmaq, sehr etmək, müharibədən qaçmaq, yalan yerə şahidlik etmək və ödənməsi mümkün olmayan miqdarda borc götürərək ölmək”.[4]

Burda bir xüsusu da qeyd etmək yerinə düşər. İman və əməl bir-birindən ayrıdır. İnsan şirk xaric günah işlədikdə dindən çıxmır, ancaq günahkar (fasiq) sayılır. Çünki Qurani-Kərimdə adam öldürdükdən sonra qisas cəzası tətbiq olunan kimsələrdən mömin olaraq bəhs edilir.[5]

Allahın bağışlamadığı günah – şirk

Ən böyük günah isə Allah şərik qoşmaqdır. Allah Quranda şirk xaric digər günahları bağışlayacağını bəyan edir. “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”.[6]

Kiçik günahlar

Kiçik günahlara harama baxmağı, bir müsəlmanla üç gündən artıq küsülü qalmağı və s.-ni misal göstərmək olar.

Hədislərdə kiçik günahlar belə bildirilir:

Kiçik günahlardan çəkinin! Kiçik günahları işləyən insanın halı bu bənzətmədəki kimidir, bir qrup insan səhrada gecələmək üçün bir yerdə dayanır. Yemək bişirmək üçün hər biri odun toplamağa başlayır və xeyli odun toplanır. Baxın belə, kiçik kimi görülən günahlar da, toplanınca sahibini həlaka aparır”. (Buxari)

İşlənən hər xəta qəlbdə bir iz buraxır, tövbə və istiğfar edəndə həmin ləkə itir, qəlb cilalanır. Edilən xətaya  davam edilsə, o qara nöqtə böyüyərək bütün qəlbi əhatə edir.” (Tirmizi)

Quran və Sünnədə şəxsin günah etdikdən sonra dərhal tövbə etməyinin lüzumu, səmimi edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi bildirilmişdir. Həta heç bir günahı olmadığını düşünənin də tövbə etməsi lazımdır. “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.[7]İnsan əməlinə çox da arxayın olmamalı, Allahdan həmişə bağışlanma diləyərək Onun mərhəmətinə sığınmalıdır. Allahın rəhmətindən əsla ümidimizi kəsməməliyik. Bu haqda ayədə buyrulur:

“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de:“Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir![8]

Günahları işləyib sonra da onlardan bir-bir uzaqlaşmaqdansa, ən doğru yol günaha gedən yolları bağlayıb günah işləməməkdir.


[1] Nisa, 4/31.

[2] Şura, 42/36-37.

[3] Bax: Kəhf,  18/49.

[4] Əhməd ibn Hənbəl, Müsnəd, 2/201, 214; 4/392; 5/413; Müslim, iman, 143-146.

[5] Bəqərə, 2/178.

[6] Nisa, 4/48.

[7] Mumin, 40/60.

[8] Zümər, 53.




Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz