15. 377 dəfə oxunub ,   0 şərh   Çap et

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq  məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Dinimiz borc almaq və vemək haqqında nə deyir?

Borc alıb-vemədəki ədəblər nələrdir?

Mövzu ilə bağlı İslam hüququndakı prinsiplər nələrdir?

İslamda borclu və borc verən münasibəti necə tənzimlənir?

Borc verənin məsuliyyəti necə olmalıdır?

Borcu olan şəxs sədəqə verə bilərmi?

Borc verən şəxs ölübsə borclu nə etməlidir?

Borclu olaraq vəfat edənlərin yaxınlarının məsuliyəti nədir?

Borcu olan insanın yalan danışma ehtimalı nə qədərdir?

Borc axtaran insan faizə girərsə ətrafındakıların (ailəsinin, yaxınlarının) üzərində məsuliyyət varmı?

Zərurət halında, borc alacaq kimsə yoxdursa nə etmək olar?

Borclunun oxuyacağı dua varmı?

Dinimiz borc almaq və vemək haqqında nə deyir?

Əvvəlcə borcun nə demək olduğuna nəzər salaq. Borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir. Bununla yanaşı borc sözünün  “vəzifə”,  “haqq”, “minnət” kimi mənaları da var.  

Qurani-Kərim “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib alanda onu yazın!”[2] ayəsi ilə qarşılıqlı borcların qeydə alınmasını buyurur, “Ey iman edənlər! Bağladığınız müqavilənin hökmlərini yerinə yetirin”[3], “Verdiyiniz sözü yerinə yetirin. Çünki verdiyiniz sözə görə məsuliyyət daşıyırsınız”[4] ayələri ilə isə verilən sözlərə və müqavilələrə əməl edilməsini xatırladır.

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq  məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur.[5] Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Peyğəmbərimiz (s.ə.s) qaytarma niyyəti ilə borc alan adama Uca Allahın yardım edəcəyini bildirir: “Kim qaytarmaq niyyəti ilə borc alarsa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim başqasının malını tələf etmək niyyəti ilə alarsa, Allah da onu tələf edər, borcunu qaytara bilməz”.[6]

Borc alıb-vemədəki ədəblər nələrdir?

Borc alıb onu sahibinə qaytarmamaq qul haqqını tapdalamaqdır və sahibi haqqını halal etmədən borclu məsuliyyətdən qurtarmır. Buna görə də Peyğəmbərimiz (s.ə.s) “Borclu adam borcu qaytarmaq niyyəti ilə almamışsa, borcunu vermədən ölərsə, Allah-Təala borc sahiblərinin haqqını ondan alar”[7], – buyurmuşdur.

Allah Rəsulu (s.ə.s) başqa bir hədisində buyurur: “Allahın nəzərində bir qulun qadağan edilən böyük günahlardan sonra özü ilə gətirə biləcəyi ən böyük günahlardan biri də borclu ölməsi və qaytarmağa mal qoymamasıdır”[8].

Rəsulullahdan (s.ə.s) bir adama cənazə namazı qıldırması xahiş olunmuş, Allah Rəsulu da o şəxsin borcunun olub-olmadığını və borcu ödəmək niyyəti ilə qoyduğu mirasın borcu qaytarmağa yetib-yetmədiyini öyrənmək istəmişdi. Bu şəxsin həm borclu olduğunu, həm də qalan mirasın borcu qaytarmağa çatmadığını eşidəndə namazı qıldırmayacağını bildirmişdi. Səhabə Əbu Qatadə (r.a) “Ey Allahın Rəsulu! Onun borcunu öz öhdəmə götürürəm, namazı qıldıra bilərsiniz”, – demiş, Rəsuli-Əkrəm (s.ə.s) də cənazə namazını qıldırmışdı.[9]

Allah Rəsulu bir hədisində buyurur: “Möminin ruhu borcu qaytarılana  qədər həbs edilir (dünyada borcu ödənilmədikcə hesabı bitməz və borcu axirətdə qovuşacağı nemətlərə mane olur. Borcunun qaytarılması ilə sorğu-sualı bitir, yaxud da axirət nemətlərinə qovuşur)”[10]. 

Mövzu ilə bağlı İslam hüququndakı prinsiplər nələrdir?

İslam hüquqşünaslarının əksəriyyətinə görə iki cür borclu vardır:

Birincisi, öz ehtiyacı üçün borc alan şəxs − özü və ailə fərdləri üçün dolanışıq xərcləri, ev, müalicə xərcləri, övladını evləndirmək və bənzəri səbəblərlə borc alanlar bu qrupa daxildir.

İkincisi isə, cəmiyyətin istifadəsi üçün borc alanlardır. Bir-birinə düşmən olan iki qrup arasında sülhü bərqəraretmək üçün müəyyən məbləğdə borcu öz öhdəliyinə götürənlər, başqasına zamin durmaq və ya xeyriyyəçilik məqsədilə borc altına girən və bu səbəblə də möhtac (borclu) vəziyyətə düşənlər məhz bu qrupa daxildirlər.

İslamda borclu və borc verən münasibəti necə tənzimlənir?

Dinimizdə istər borc kimi alınan, istərsə də nisyə maldan əmələ gələn borclar vaxtında verilməlidir. Lakin qərzi-həsənədə (qarşılıqsız verilən borc) borc verən dara düşdüyü təqdirdə, verdiyi borcu vədəsindən əvvəl də istəmək hüququna malikdir. Çünki əksər İslam hüquqşünaslarına görə borcda müddət şərtinə riayət etmək vacib deyil.

Borcunu qaytarmaqda çətinlik çəkən şəxsə lazımi güzəştlər edilməsi barədə Quranda belə buyurulur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır![11] Ayədən də göründüyü kimi borcluya möhlət vermək, onu sıxışdırmamaq dinimizin bizə tövsiyəsidir.

Ancaq verməyə gücü çatdığı halda, borcunu vaxtında verməyən borc verənə zülm etmiş olur. Çünki, hədisdə bildirilir ki, “Varlının borcunu gecikdirməsi bir zülmdür”[12].

Borcunu qaytarmağa imkanı ola-ola min cür oyun, hiylə və yalan sözlərlə borcu verməyib ləngitmək, insanların əməyini və izzətini saymamaq, hədisin ifadəsi ilə, bir zülmdür. Çünki imkanı olduğu halda borcunu ödəməyən şəxs haqsızlıq və ədalətsizlik etmiş olur. Borcun qaytarılma vaxtının çatmasına baxmayaraq, valyuta dəyərinin düşməsini və ya qalxmasını gözləmək kimi niyyətlə insanlara zülm etmək çirkin davranışdır, müsəlman əxlaqına yaraşmaz.

Bir dəfə bir bədəvi Rəsuli-Əkrəmə borc verdiyi dəvəni almağa gəldi. Ancaq alacağını xatırladarkən Peyğəmbərimizə (s.ə.s) hörmət və ədəb çərçivəsindən kənara çıxdı. Səhabələr onun bu ədəbsizliyinə cavab vermək istədi, amma Allah Rəsulu mane oldu və buyurdu: “Ona toxunmayın. Çünki hər bir haqq sahibinin alacağını tələb etmə haqqı vardır, – daha sonra, – ona öz dəvəsi ilə eyni yaşda olan bir dəvə verin!” – deyə əmr etdi.

Səhabələr: “Ya Rəsulallah! Eyni yaşda dəvə tapa bilmirik. Lakin daha yaxşısı var”, – dedikdə Peyğəmbərimiz: “Elə isə onu verin! Çünki sizin ən xeyirliniz borcunu ən xeyirli şəkildə qaytarandır”, – buyurdu.[13]

Bir müsəlman istər ehtiyac səbəbilə, istərsə də sərmayəsini çoxaltmaq və daha da çox mal alaraq pul dövriyyəsini artdırmaq kimi məqsədlərlə borc ala bilər. Qaytara biləcəyi qədər borc götürməkdə hər hansı məhdudiyyət yoxdur.

Borc verən şəxs imkanı olduğu halda borcunu ödəmək istəməyəndən məhkəmə vasitəsi ilə borcunu almaq haqqına da sahibdir. İmkanlı şəxs var-dövlətini gizlədib borcunu gecikdirdiyi təqdirdə bunun cəzası Allaha aiddir.

Qaytarmaq niyyəti ilə borc alan şəxsə Uca Allah da kömək edər. Necə ki, bu haqda hədisdə belə buyurulur: Kim qaytarmaq niyyəti ilə borc alarsa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim başqasının malını tələf etmək niyyəti ilə alarsa, Allah da onu tələf edər, borcunu qaytara bilməz.[14]

Dinimiz borclanmada həddi aşmamağı və maddi imkanın fövqündə borc altına girməməyi tələb edir. Belə ki, peyğəmbərlikdən sonra ən şərəfli dərəcə olan şəhidlikdə, şəhidin bütün günahları bağışlanmasına baxmayaraq, borclarının bundan istisna edilməsi, İslamın insan hüquqlarına nə qədər əhəmiyyət verdiyinə dəlalət edir.

 Borc verənin məsuliyyəti necə olmalıdır?

Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Kim dara düşən borcluya möhlət verər və ya (borcunu) bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heç bir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar”.[15]

İslamiyyət möminlərin həyatın hər sahəsində insanlara kömək, dayaq olmasını, onların düşdüyü çətin vəziyyətini fürsət bilib yıxılana balta çalmamasını istəyir. Çünki hədisin ifadəsi ilə “Allah bir din qardaşının ehtiyacını təmin edən müsəlmandan köməyini əsirgəməz. Kim bir müsəlmanın çətinliyini aradan qaldırarsa, Allah da onun qiyamət günü bir çətinliyini aradan qaldırar”.[16]

Peyğəmbərimiz alacağını istəyəndə müştərini sıxışdırmayanlara “Satanda, alanda və alacağını istəyəndə müsamihəli davranan (müştərilərinin işini asanlaşdıran) şəxslərə Allah mərhəmət etsin”[17] deyə dua etmişdir.

Səhabə Həzrət Qatadə (r.a) (özü nəql edir) borc verdiyi bir nəfəri  axtarır ki, pulunu alsın. Borclu isə ondan gizlənir. Daha sonra onu tapır, ancaq borclu “Vəziyyətim yaxşı deyil, dardayam”, – deyə üzrxahlıq edir. Qatadə də: “Allaha and içərsən?” – deyə soruşur. Borclu: “Vallah”, – deyə and içir. Əbu Qatadə də: “Mən Rəsulullahın (s.ə.s) “Kim qiyamət günü Allahın onu dardan qurtarmağını istəyirsə, darda olana möhlət versin və ya borcunu tamamilə bağışlasın”, – buyurduğunu eşitmişəm”, – deyir.[18]

Digər tərəfdən Peyğəmbərimiz duasının qəbul olunmasını istəyənlərə də borclunun yükünü yüngülləşdirməyi məsləhət görür.[19]

Bundan başqa Allah Rəsulu “Kim borcunu qaytara bilməyənə möhlət verərsə, sədəqə savabı qazanar. Kim borc vaxtı çatsa da, onu almağı təxirə salarsa, hər gün bir sədəqə savabı qazanar”[20], – buyuraraq bu cür əməllərin necə xeyirli iş olduğunu xəbər vermişdir.

Ayə və hədislərdən görünür ki, borcunu qaytarmağa çalışan, amma verə bilməyən dara düşmüş çarəsiz insanlara anlayışla yanaşmaq, möhlət vermək və yardım etmək böyük mükafat və savab gətirən gözəl davranışdır. Əsas məsələ borcunu qaytarmağa imkanı olmayanlara Allah rizasını qazanmaq kimi xoş niyyətlə yaxşı münasibət göstərməkdir.

Borcu olan şəxs sədəqə verə bilərmi?

Allah rizası üçün kasıblara verilən şeylər sədəqə adlanır. Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da çoxu da məqbul sayılır. Bir adamın borcu olsa da ac birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır. Bəklə də həmin insanın duası sayəsində yardım edən şəxs borcdan qurtulacaq.

Bu haqda ayədə belə buyrulur: “Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Bəqərə 2/274)

Borc verən şəxs ölübsə borclu nə etməlidir?

Borc verən axtarıldığı halda tapılmasa və ya vəfat edibsə özündən sonra varisi (həyat yoldaşı, övladları, valideynləri və s.) də yoxdursa bu vəziyyətdə həmin borc onun adından kasıblara, imkansızlara, yetimxanalara, xeyriyyə təşkilatlarına ödənilə bilər. Əgər, vəfat edənin varisləri varsa borc onlara verilməlidir. Çünkü ölənin mirası varisə qalır.

Borclu olaraq vəfat edənlərin yaxınlarının məsuliyəti nədir?

Borclu olaraq vəfat edənin varisləri onun qalan malı varsa ondan, yoxdursa öz mallarından borclunun borcunu ödəməlidirlər. İnsanlar vəfat edən yaxınları üçün hər hansı xeyirxahlıq etməyə can atırlar. Zənnimcə borcu olduğu halda dünyasını dəyişən mərhum üçün ediləcək ən böyük xeyirxahlıq məhz onun borcunu ödəməkdir. Yaxşı olar ki, cənazə namazı qılınmadan və ya həmin əsnada mərhumun yaxın qohumları (atası, qardaşı, oğlu və s.) onun kiməsə borcu olub-olmadığını soruşsun. Əgər varsa bunu ödəməyi öz öhdəsinə götürsün.

Borcu olan insanın yalan danışma ehtimalı nə qədərdir?

Yalan həqiqətə uymayan şeyləri söyləmək, olmuş bir hadisəni olmamış, olmamış bir hadisəni də olmuş kimi göstərmək, başqasının fikrini təhrif etmək, düşündüyünün və bildiyinin əksini söyləməkdir. Yalan bütün şərlərin anası və qaynağı, bütün ruhi xəstəliklərin mənbəyi və müsibətlərin səbəblərindən biridir. Yalanın böyüyü-kiçiyi, ağı-qarası olmaz. Yalan yalandır. Az-az söylənən yalanlar müəyyən müddət sonra insanı yalançı edər. Əvvəlcə kiçik görünüb əhəmiyyət verilməyən yalanlar daha sonra vərdişə çevrilə bilər. Beləliklə bu daha böyük yalanlar söyləməyə yol açar və belə bir insan Allah dərgahında yalançılardan sayılar.

Hədisdə bildirilir: “Yalandan uzaq olun! Yalan insanı fücura (günaha), bataqlığa, o da Cəhənnəmə aparar. İnsan bir dəfə yalana əl atdımı, daima yalan danışar, nəticə olaraq da Allah qatında “yalançı”  kimi qeyd olunar…”[21]

Bunlardan hərəkətlə deyə bilərik ki, borclu şəxsin də yalan danışmaq haqqı yoxdur və əsla yalan danışmamalıdır. Borcu vəd etdiyi tarixdə verə bilməsə də bunu borc sahibinə bildirməli yalandan uzaq durmalıdır.

Borc axtaran insan faizə girərsə ətrafındakıların (ailəsinin, yaxınlarının, qohumlarının, dostlarının) üzərində məsuliyyət varmı?

Əgər bir insan maddi çətinliyə düşübsə imkanı olan qohumların ona kömək elə eləməsi (borc verməsi) daha yaxşıdır. Əks təqdirdə kömək etmədiklərinə (borc istədiyi təqdirdə vermədiyinə) görə həmin şəxs zərurət ucbatından kredit, sələm və ya faizə müraciət edərsə bundan onlar da məsuliyyət daşıyar.

Bu haqda Allah Rəsulu (s.ə.s) buyurur: “Kasıblara verilən sədəqənin bir savabı, kasıb qohumlara verilən sədəqənin isə iki − biri sılayı-rahim, digəri sədəqə savabı var.”[22]

Cəmiyyətdə tez-tez rastlaşdığımız hadisələrdən biri də şadlıqlara, toylara və s. xeyir məclislərinə xərcləmək üçün artıqlaması ilə pul tapı(rıq)lır. Yaxşı olar ki, ehtiyac içərisində olan insanlara ələlxüsus qohumlarımıza həmin çətin anlarında yardım əlimizi uzadaq.

Zərurət halında, borc alacaq kimsə yoxdursa nə etmək olar?

Əvvəlcə zərurət halının nə demək olduğuna nəzər salaq. Zərurət halı insanın vəziyyətdən heç bir çıxış yolunun olmaması və aqibətin ölümlə nəticələnəcəyinin qəti olaraq bilinməsidir.[23]

Sadəcə bir zərurət halında kreditə müraciət oluna bilər. O da bundan ibarətdir ki, bir şəxs ağır xəstədir. Ona borc verəcək və ya borc alacağı heç kim yoxdur. Əgər müalicə olunmasa ölmək təhlükəsi var. Məhz, bu həmin şəxs üçün ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğuna görə zərurət halı sayılır. Bu təqdirdə o, bəlkə də ölməmək üçün kreditə müraciət edə, pul götürə bilər. Bunun xaricində qalan vəziyyətlər (maşın, ev, telefon almaq və s.) zərurət halı sayılmır. Buna görə də hər hansı bir şəxs borca və ya faizə (kreditə) düşmədən də yaşaya bilirsə onun sadalananlardan özünə görə (ev, maşın, telefon və s.) zərurət “uyduraraq” kreditdən istifadəsi əsla caiz (doğru) deyil.

Borclunun oxuyacağı dua varmı?

Peyğəmbərimiz bir dəfə Həzrət Əliyə xitabən: “Sənə bəzi sözləri öyrədəcəyəm. Sabir dağı qədər borcun da olsa, Uca Allah səni o borcdan qurtarar”, – demiş və sonra bu duanı oxumağı məsləhət görmüşdür:

“Allahummək fini bihaləlikə an harəmikə va əğnini bi fadlikə ammən sivək”

“Allahım məni verəcəyin halal ruzi ilə haramdan qoru və fəzlü kərəminlə Səndən başqasına möhtac etmə”.[24]

Bu gün tez-tez rastlaşdığımız kimi, insanlar çox da böyük olmayan borclarından ötəri stress keçirir və hətta bəzən intihara əl atırlar. Belə hallarda taleyi tənqid etməkdən və çətin vəziyyəti daha da gərginləşdirməkdən çəkinmək lazımdır. “Verən də Allah, alan da Allahdır” şüuru ilə hərəkət etsək, nə imkan olanda qürurlanar, nə də yoxsulluq çəkəndə Allaha asi olub Onun rizasına zidd işlər görərik. Duamız: “Mövlam, heç kimi gücü çatmayan imtahanla üz-üzə qoymasın”dır, ancaq həyatın öz-özlüyündə bir imtahan olduğunu da heç vaxt unutmamalıyıq.

[1] Buxari, İstiqraz, 1, Büyu, 14, 33, 37, 88, Sələm, 6, Rehin, 1; Müslim, Müsaqat, 124-126.

[2] “Bəqərə” surəsi, 2/182.

[3] “Maidə” surəsi, 5/1.

[4] “İsra” surəsi, 17/34.

[5] Buxari, İstiqraz, 1, Büyu, 14, 33, 37, 88, Sələm, 6, Rehin, 1; Müslim, Müsaqat, 124-126.

[6] Buxari, Zəkat, 18, İstiqraz, 2; İbn Macə, Sədaqət, 11.

[7] Təbərani, Mücəmül-kəbir, VII, 275.

[8] Əbu Davud, Büyu,  9.

[9] Buxari, Həvalə 3; Kəfalət 3.

[10] Tirmizi, Cənaiz, 74.

[11].Bəqərə, 2/280.

[12] Buxari, Həvalə, 1-2, İstiqraz, 12; Müslim, Müsaqat, 33 Əbu Davud, Büyu, 10; Tirmizi, Büyu, 68.

[13] Buxari, İstiqraz, 4; Müslim, Müsaqat, 120.

[14] Buxari, Zəkat, 18, İstiqraz, 2; İbn Macə, Sədaqət, 11; Əhməd İbn Hənbəl, II, 361.

[15] Müslim, Zühd, 74; Tirmizi, Büyu, 65; İbn Macə, Sədəqə, 14.

[16] Buxari, Məzalim, 3; Müslim, Birr, 58.

[17] Buxari, Büyu, 16.

[18] Müslim, Qəsəmə, 32.

[19] Əhməd ibn Hənbəl, Müsnəd, II, 23.

[20] Buxari, Büyu, 17; Müslim, Zühd, 74.

[21] Buxari, Ədəb 69; Müslim, Birr 103-105.

[22] Nəsai, Zəkat, 82; Tirmizi, Zəkat, 26; İbn Macə, Zəkat, 28.

[23]İnsan həyatını təhdid edən bir aclıq və ya zərurət olduqda, haram olan əməllərin mübah (halal) olacağını və günahın ortadan qalxacağı müxtəlif ayə (Bax. Bəqərə, 2/173; Maidə, 5/3; Ənam, 6/119, 145.) və hədislərlə (Əbu Davud, Ətimə, 36; Əhməd İbn Ənbəl, V, 96, 218.) bildirilmişdir. Belə vəziyyətlərdə, “zərurətlər, normalda qadağan olan şeyləri mübah edər.” prinsipi tətbiq edilir. Yuxarıdakı vəziyyətin isə sadəcə bir zərurəti var.

[24] bax: Tirmizi, Dəavat, 110.



Açar sözləri

borc borc almaq pul

Bənzər məqalələr

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.


Şərh yaz