11. 670 dəfə oxunub ,   1 şərh   Çap et

Quran Allah kəlamıdır. Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) vasitəsilə bizə göndərilmişdir. Bəzən elə olur ki, bizim düzgün qiymətləndirmə qabiliyyətimizin zəifliyi və məhdud ağlımızla Quranı başa düşə biləcək səviyyədə olmamağımız onun əsas mahiyyətini anlamağımıza mane olur. Həyatını elmi araşdırmalara həsr edən, həqiqət axtarışında olan, təfəkkür edən insanlar Qurandakı həqiqətləri daha yaxşı başa düşür və anlayırlar. Bu isə onların Qurana qarşı rəğbətini daha da artırır.

Cənabı-Haqq Nəhl surəsində belə buyurur: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”[1]

Allah ayədə “insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar” – buyuraraq, bizə balın əhəmiyyətini bildirmişdir. Biokimyaçı olaraq ayədəki bu ifadə mənim üçün böyük məna kəsb edir. Qüdrəti sonsuz olan Allah bizə baldakı şəfanın onun tərkibində olduğunu bildirir. Balın kimyəvi tərkibinin müxtəlifliyi onun rənglərinə də təsir etmişdir. Kimyəvi tərkibi müxtəlif olduğuna görə müalicəvi təsiri də xəstəlikdən asılı olaraq dəyişir. Elə buna görə də, balın kimyəvi və farmakoloji xüsusiyyətlərini öyrənmək üçün müxtəlif təhlillər (araşdırmalar) aparmağa başaldım. Əsas məqsədim ayədə bildirilən hikməti daha yaxşı anlamaq idi.

Məlumdur ki, bal müxtəlif rənglərdə olur. Balın rəngləri şəffaf rəngdən (akasiya balı) tünd qəhvəyi rəngə (şabalıd balı) qədər dəyişir. Malaziyada ananas və ulduz meyvəsindən (star fruit) alınan bal qızılı rəngdədir. Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, balın müxtəlif rənglərdə olmasının səbəbi tərkibində müxtəlif elementlerin birləşməsidir.

Bal çiçəkli bitkilərin nektarının arı tərəfindən yığılması nəticəsində əmələ gələn maddədir. Balın tərkibində müxtəlif maddələr mövcuddur. Bunlar: fruktoza, qlukoza, maltoza (səməni şəkəri – disaxorid) kimi şəkərlər, şəkərlərlə yanaşı maqnezium, potasium, kalsium, natrium-xlor, kükürd, dəmir, sink, selenium, miss, xrom, maqanez və fosfor kimi minerallar və mineral duzlar, bir çox üzvü turşular, amilaza, katalaza, invertaza kimi fermentlər, vitaminlər, minerallar və s. maddələrdir. Sayılan maddələrin miqdarlarının müxtəlifliyi nəticəsində balın rəngi də dəyişir.

Balın tərkibini və nə üçün müxtəlif rənglərdə olduğunu söylədim. Əsas məsələ balın Quranda ifadə edilən şəfa xüsusiyyətini tapmaq idi. Bal hansı xəstəliyə faydalıdır? Baldan xəstəliyin müalicəsində necə istifadə etmək lazımdır?

Apardığım 25 illik araşdırma nəticəsində məlum oldu ki, əslində bal yaranın sağalması üçün ən yaxşı dərmandır. Bal bu günə qədər yaranın sağalması üçün istifadə olunan bütün dərman preparatlarından üstündür. Tərkibindəki kimyəvi maddələr onun ən yaxşı müalicə vasitəsi olmasına səbəb olmuşdur. Çox mikroblu yaraların belə bal ilə müalicə edildiyi təqdirdə sağaldığı müşahidə olunmuşdur.  Aşağıdakı xüsusiyyətlər də balın şəfa mənbəyi olduğundan xəbər verir:

Antibakterial sistem

Araşdırmalar nəticəsində bu qənaətə gəldim ki, Allahın bizə lütf etdiyi balın bir çox antibakteral xüsusiyyəti var. Bu, sadəcə bir maddənin təsiri ilə yox, bir neçə maddənin qarşılıqlı təsiri nəticəsində baş verir. Balın ilk − heç bir şey qatılmamış halında təxminən 76%  şəkər vardır ki, bu da antibakterial maddə təsiri bağışlayır. Balın təsiri nəticəsində bakteriya hüceyrə suyunu itirir və qurumağa başlayır. İnsan orqanizmindəki mikroblar balın tərkibinə daxil olduqda funksiyalarını itirirlər (zərərsizləşirlər).

Bundan əlavə balın su ilə qarışığı yolu ilə də bakteriyaların çoxalmasına mane olmaq mümkündür. Bu zaman əmələ gələn maddədə, balda daha əvvəl mövcüd olan qlikoza oksid fermenti sonradan əmələ gələn qlükoza ilə birləşərək qlükonat turşusu və hidrogen peroksid (H2O2) əmələ gətirir. Hidrogen peroksid isə çox güclü antibakterial maddədir. Hidrogen peroksidin təsirini gücləndirən balın tərkibindəki C vitaminidir. Balın digər antibakterial özəllikləri tərkibindəki təbii maddələrin çoxluğundan qaynaqlanır. Bu maddələr flavonoidlər, polifenollar və qlikozidlərdir. Maddələrin baldakı miqdarı isə nektara görə dəyişir. Əsasən tünd rəngdə olan balda daha çox antibakterial maddə mövcuddur. Bundan başqa balda yüksək miqdarda kaliumun olması da antibakterial fəaliyyətə öz təsirini göstərir.

Bal antioksidan təsirə malikdir

Araşdırma zamanı balın antioksidan[2] xüsusiyyətə malik olduğunu da kəşf etdim. Bu xüsusiyyət balın ehtiva etdiyi polifenolik birləşmələrin miqdarı ilə birbaşa əlaqəlidir. Buna görə də polifenol miqdarına görə ballar bir-birindən fərqlənir. Aparılan elmi araşdırmalara görə, sağlam həyat tərzi üçün antioksidanlar çox faydalıdır. Qanımızdakı antioksidanlar xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.

Şişlərin aradan qaldırılması

Heyvanlar üzərində apardığım təcrübələr göstərdi ki, bal şişin əmələ gəlməsinə mane olur. Bu xüsusiyyət balın tərkibindəki təbii maddələrdən qaynaqlanır. Balın şişin əmələ gəlməsinin qarşısını alması onun əsas şəfaverici xüsusiyyətlərindəndir.

Ağrıkəsici təsiri

Balın tərkibindəki polifenol və flavonoidlər ağrıkəsici təsirə malikdir. Heyvanlar üzərində apardığım təcrübələr də bunu sübut etdi. Əslində şişin qarşısının alınması və ağrıkəsici təsirinin olması bir-biri ilə əlaqəlidir. Əgər fikir versəniz görərsiniz ki, şişə qarşı olan dərmanların eyni zamanda ağrıkəsici təsiri də var.

Fibroblastların böyüməsinə təsiri

Hüceyrə üzərində apardığımtədqiqatlar zamanı balın fibroblastlara təsir etdiyinin şahidi oldum. Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapilyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroblastların böyüməsinə kömək edir və sağalmağı qoruyan liflərin emalını sürətləndirir. Fibroblastlar yaralarda toxumaların müalicəsi zamanı çox mühüm rolu olan xüsusi hüceyrələrdir.

Bundan əlavə, heyvanlar üzərində apardığım təcrübə nəticəsində aydın oldu ki, bal kiçik kapliyar damarların meydana gəlməsinə də xəbərdaredici təsir edir. Balın xəbərdaredici təsiri nəticəsində yeni toxumaların formalaşma mərhələsində qidalandırıcı damarların meydana gəlməsi sürətlənir. Bu yaranın müalicə prosesi ilə birbaşa əlaqəlidir.

Araşdırma heyəti mikrobioloq, ortopedik cərrah, reabilitasiya mütəxəssisi və xüsusi tibb bacılarıdan mütəşəkkil idi. Heyət balın yara üzərindəki müalicəvi təsirini araşdırmağa çalışırdı. Beş il davam edən təcrübələr Malaziyadakı Malaya universitetinin Tibb mərkəzində aparıldı. Fərqli səbəblərlə ortaya çıxan xronik, sağalmayan yarası olan 102 xəstə olduqca qısa vaxtda balla aparılan müalicə nəticəsində Allahın iznilə şəfa tapdı. Xəstələr arasında 2 ilə qədər yaradan əziyyət çəkənlər də vardı. Həmin xəstələrə müxtəlif dərmanlarla − duzlu su ilə yuma, yodla təmizlədikdən sonra sarğı, daxilə qəbul edilən və damara vurulan antibiotiklərlə müalicə, hətta bəzilərinə ən müasir müalicə üsulları tətbiq edilmişdir. Xəstələrin hamısı şiddətli infeksiyaya yoluxduğundan onların bir çoxuna amputasiya[3] təklif edilmişdi.

Əvvəlcə xəstələrin razılığını alaraq balla müalicəyə başladıq. Həkimlərin bütün cəhdlərinə baxmayaraq müalicənin uğursuz olacağı vəziyyətlər nəzərə alınaraq xəstələrdən məsul həkimlərin də icazəsi alındı. Hər səhər tezdən yaraya gündəlik bal müalicəsi tətbiq etməyə başladıq. Bəzi xəstələrə yaralarının təmizlənməsi üçün kiçik cərrahi müdaxilələr edildi. Bal yaranın üzərini örtəcək miqdarda sürtülürdü. Balın çölə axmasının qarşısını almaq üçün yaranı tənziflə bağlayırdılar. Yarası iltihablı və böyük olan xəstələrə isə bu proses günorta və axşam olmaqla iki dəfə tətbiq olunurdu.

Diqqətçəkən maraqlı məqam isə, bal vurulan yaraların üzərindəki sarğının bir gün sonra asanlıqla yaranın üzərindən qopması idi. Sarğı yaraya yapışmırdı. Müalicə zamanı bu çox vacib idi. Çünki belə olduğu halda yeni əmələ gələn hüceyrələrin sarğı açılarkən zədələnməsinin qarşısı alınmış olurdu. Xəstələr də tibbi təmizləmənin (antiseptik məhlulların yara təmizləyərkən verdiyi) əziyyətindən qurtulmuşdu. Nəticə heyrətamiz idi. Apardığımız təcrübə Tibb mərkəzində o vaxta qədər aparılan və 100% nəticə ilə sona çatan ən yaxşı təcrübə idi. Təcrübə nəticəsində aşağıdakı qənaətə gəldik:

Bal yaraları sürətlə sterilizə edib mikroblardan təmizlədi. Təcrübənin üçüncü həftəsində yaralar tamamilə bakteriyadan təmizlənmişdi. (Hətta metisilin və pensilinə müqavimətli bakteriyalar da məhv olmuşdu).

Bal ölü hüceyrələrin yaradan uzaqlaşdırılmasında çox təsirlidir.

Bal yaradan gələn pis qoxunun qarşısını alır.

Balın şişin azalmasına böyük təsiri var.

Bal yaranı müalicə edərək həmin üzvün kəsilməsinin qarşısını alır.

Bal tez bir zamanda toxuma əmələ gəlməsinə yardım edir.

Bal infeksiyanın çoxalmasının qarşısını alır.

Bal yaranın müalicəsi zamanı lazım olan nəmli mühiti təmin etməyə, əgər açıqdadırsa sümüyün qorunmasına kömək edir.

Bal immun sistemini gücləndirir.

Müxtəlif insanlar üzərində aparılan bal müalicəsi ilə məlum oldu ki, əslində bal yaranı ən tez və xəstəyə ağrı vermədən sağaldan məlhəmdir. Bal digər dərmanlardan daha az əks təsirə malik müalicə vasitəsidir.

Sevgili peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) də bal haqqında: “Hər ay üç gün sabah erkəndən bal yeyən kimsə şiddətli (ağır) xəstəliyə məruz qalmaz.” − buyurmuşdur.[4]

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, təbii bal şəfaverici təsiri çox güclü olan bir qida növüdür.

Nəticə

Apardığım təcrübələr nəticəsində, balın yaraların müalicəsində çox təsirli dərman olduğu qənaətinə gəldim. Ümid edirəm ki, bu müalicə üsulu yaxın gələcəkdə bir çox yerdə tətbiq olunacaq. Bal antiseptik məhlullar və ya digər müasir kimyəvi maddələrə mikrobların öldürülməsindən daha təsirli müalicə vasitəsidir. Hətta yaraların müalicəsində antiseptik məhlulların alternativi ola bilər. Balla müalicə xəstəxana mühitində aparılsa daha yaxşı olar. Lakin bunu ev şəraitində gigiyena qaydalarına əməl edərək də tətbiq etmək mümkündür.

Düşünürəm ki, hələ balın üzə çıxarılmamış daha çox faydaları var. Bunun üçün bütün dünya müsəlmanları çalışmalıdır. Öz elmindən düzgün şəkildə istifadə edib Quranda olan həqiqətləri üzə çıxarmalıdırlar. Bizim uğurumuzun sirri Qurani-Kərimdir. Dünya və axirət səadətimiz Quranın sətirləri arasındadır. Onun mənasını dərindən anlamağa ehtiyacımız var.

Prof. Dr. Kamaruddin Mohd Yusoff

Mikrobioloq

“Yeni Ümit” dərgisi, 97-ci sayı, 2012.


[1] Nəhl, 16/68-69.
[2] Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlər hesab edilir.
[3] Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat.
[4] İbn Macə, Tibb, 7; Beyhaqi, Şuabul-iman, V, 97.


Açar sözləri

arı bal

1 şərh yazılıb
  1. Fikrət , 25/05/2014 tarixində, saat 07:05

    Təşəkkürlər, əla məlumat idi

Şərh yaz