- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Bərzəx aləmi

Sual:Bərzəx aləmi nədir?

İslam dini, insan ölsə də, ruhunun ölmədiyini, sadəcə fani dünya həyatının sona çatdığını, ruhunun isə xüsusi yerdə yaşadığını bildirir. İnsanın böyük Din və Qiyamət günü yenidən dirilənədək “Bərzəx həyatı” adlanan gözləmə mərhələsində gözləyəcəyini bildirir. Bu müddət ərzində ruhun yaşamasından və bu aləmə aid bəzi xüsusiyyətlərdən bəhs edir. İslamda bu alə­mə axirət həyatının ilk mərhələsi olan “qəbir-bərzəx” deyilir. Qurani-Kərimdə buyurulur: “Axirəti inkar edənlərdən birinin ölümü gəlib çatanda o, belə deyər: “Ey Rəbbim! Nə olar Məni dünyaya geri qaytar! Bəlkə, hədər etdiyim ömrümü faydalı işlərə sərf etdim. Xeyr! Bu, onun dediyi boş (faydasız) bir sözdür. Çünki dünyadan ayrılanların qarşısında yenidən dirilişə qədər bir bərzəx aləmi vardır”.[1]

Allah Rəsulu (s.a.s.) isə: “Qəbir axirət mənzillərinin birincisidir”,[2] – buyuraraq böyük Din günündən əvvəl qəbir həyatının gəldiyini xəbər vermişdir. O, dualarında qəbir fitnəsindən və əzabından Allah-Təalaya sığındığı kimi, bunu əshabına və ümmə­tinə də tövsiyə etmişdir.

Qəbir ölən insanın dəfn olunduğu yerin adıdır. Dilimizdə “qəbir” yerinə “məzar” kəlməsindən də istifadə edilir. Qəbir kəlməsi və ondan törəyən sözlər Qurani-Kərimdə də işlənir. Qəbir həyatına sinonim kimi “bərzəx” istilahından da istifadə olunur. Bərzəx kəlməsinin lüğəvi mənası “iki şeyin arasına girən maneə”, “ayırıcı sərhəd” deməkdir. Bu mənada bərzəx ölümlə həyat, axi­rətlə dünya arasında pərdə, əngəl anlamına gəlir və insan öləndə bərzəxə girmiş olur. Dolayısilə, vəfat edən insanla dünyaya qayıtmaq arasında bir əngəl olur ki, o da bərzəx aləmidir.

[1] “Möminlər” surəsi, 23/99-100

[2] Tirmizi, “Sünən”, 4/553