13. 091 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Döymə[1] vurdurmağın dinimizdəki yeri nədir? Bədəninə əvvəllər döymə vurdurmuş şəxs nə etməlidir?

Dəridə iynə ilə yazılmış yazı və ya çəkilmiş şəklə döymə və ya tatuirovka deyilir. Döymə bədənin müəyyən yerinə məsələn, əlin üzərinə, biləyə, çiyinə və s. yerlərə müxtəlif naxışların vurulmasıdır. Bu məqsədlə bədənin hər hansı bir üzvünə iynə və ya çuvalduz kimi ucu iti olan hər hansı alətlə qan çıxacaq qədər müdaxilə edilir. Bu zaman dəri altında yaranan boşluğa mürəkkəb, xına, müəyyən boya maddələri yeridilir. Dəri altında quruduğu zaman bir daha çıxmayacaq ləkələr meydana gəlir. Bu yolla bədənlərinə aslan, quş, çiçək və bunlara bənzər şəkillər çəkdirən, sevgilisinin, valideynlərinin adını, doğum tarixini və s. yazdıran insanlar vardır. Bizim cəmiyətimizdə nadir rast gələ biləcəyimiz bir hadisə olsa da bəzi ölkələrdə buna daha çox rast gəlmək mümkündür.

Döymə vurdurmağın hökmü ilə əlaqəli hədislər belədir:

Hz. Əbu Hureyrədən (r.a) gələn rəvayətə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Parik (parçaya tikilmiş süni taxma saç) taxana və taxdırana, bədəninə döymə vurana və vurdurana Allah lənət etsin!” ( Buxari, Libas 86; Müslim, Libas 119)

İbni Abbas (r.a) nəql edir ki: “Parik taxan, taxdıran, qaşlarını alan və aldıran, döymə vuran və vurduran lənətlənmişdir.” (Əbu Davud, Tərəccül, 5)

Əbu Cuheyfə (r.a) nəql edir: “Rəsulullah (s.ə.s) ..döymə vuranı və vurduranı, faiz yeyəni, faiz yedirəni.. ləntlədi.” (Buxari, Büyu, 113; Əbu Davud, Büyu, 65)

Hədislərdən də göründüyü kimi Rəsulullah (s.ə.s) döymə vurmağı və vurdurmağı qadağan etmişdir. Yəni döymə etdirmək Rəsulullahın (s.ə.s) lənətlədiyi əməl olduğuna görə dinimizdə haramdır. Döymə vurdurmaq bir mənada Allahın yaratdığı fitrəti bəyənməyib dəyişdirməkdir. Fitrəti dəyişdirməyə yönəlmiş müdaxilələr dinimizdə haramdır. Çünki gözəlləşmək məqsədilə, dişlərin incəltmək, saç əkdirmə, bədənə döymə vurdurmaq və s. kimi fellər Allahın ən gözəl şəkildə yaratdığı insan təbiətinə, onun fitrətinə sonradan edilən müdaxilələrdir. Şübhəsiz ki, fitrəti dəyişdirmək şeytanın xoşuna gələn əməldir. Çünki Quranda şeytanın insanlara bu istiqamətdə vəsvəsə verəcəyi bildirilmişdir. “Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır..” (Nisa Surəsi, 4/119)

Haram olduğunu bilmədiyimiz vaxtlarda, bədənimizə vurulan döymələri mümkündürsə həmin üzvə xələl gətirmədən təmizlənməsinə çalışılmalıyıq. Bunu edərkən də imkan nisbətində mütəxəssis həkimlərə müraciət edilməlidir. Əgər mümkün olmazsa ciddi şəkildə tövbə edilməlidir. Ümid edilir ki bu hal bağışlanmasına vəsilə olar.

Bundan əlavə nə vaxtsa bədənə vurulan döymə dəstəmaz və qüslə mane olmur. Çünki o, dərinin üstündə deyil, altında yerləşir və bədənin bir hissəsi halına gəlir.

Yapışdırma yolu ilə dəriyə vurulan müvəqqəti döymə isə, suyu dəriyə keçirmədiyinə görə qüsl və dəstəmaza manedir.

[1] Xalq arasında buna nakolka deyirlər.




Bənzər məqalələr

Vücudda döymənin olması dəstəmaza mane olarmı?

Döymə çəkdirmək dinimizə görə caiz deyildir.

Dəstəmaz alırkən suyun dırnaq arasına keçməsi şərtdir?

Dırnaq dəri yerinə keçdiyi üçün suyun dırnağın altına keçməsinə gərək yoxdur.


Şərh yaz